Tanınmış şair Rüstəm Behrudi
bir müddət əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub. Onunla
səhhəti və yaradıcılıq fəaliyyəti ilə bağlı söhbətləşdik. Rüstəm
Behrudi bizimlə söhbətində həm yaradıcılığından, həm də dünyada
gedən siyasi proseslərdən danışdı.
Axar.az tanınmış şair Rüstəm Behrudi ilə müsahibəni
təqdim edir:
Mən Tanrıya çox yaxınlaşmışdım...
- Rüstəm müəllim, keçmiş olsun, əməliyyat uğurla başa
çatdı. İndi səhhətiniz necədir? Həkimlər sizə səhhətinizlə bağlı nə
dedilər?
- Mənim həyatım üçün narahat olduğunuza və səhhətimlə
maraqlandığınıza görə sizə təşəkkür edirəm. Mən dostların, həm də
heç tanımadığım minlərlə adamın mənim üçün bu qədər narahat
olacağını ağlıma gətirməzdim. Bir daha anladım ki, bu uzun, üzücü,
əzablı illəri boşuna yaşamamışam. Həmişə düşünmüşəm ki, ömür
illüziyadan başqa bir şey deyil. Yəni biz real həyatda deyil, bizi
sevənlərin sevgisində yaşayırıq. Daha doğrusu, bizim ömrümüz bizi
sevənlərin ömrü qədərdir. Bu mənada mən xoşbəxt adamam. Bir də bu
xəstəlik mənim üçün gözlənilməz deyildi. Bilirəm ki, Tanrı ona daha
çox yaxınlaşmaq cəsarətini göstərən adamları cəzalandırır və mən
Tanrıya çox yaxınlaşmışdım...Qaldı həkimlərin nə dediyinə, yaxın
illərdə mənim üçün ürək sarıdan ölüm-itim yoxdur. Deyəsən, ölümü bu
dəfə də aldatmışam.
- Yazı masasında poeziya hər şeyin fövqündə görünür,
bəs, əməliyyat masasında necə?
- Poeziyanın hər şeyin fövqündə dayandığı düşüncəsi danılmaz bir
həqiqətdir. Musa üçün Tövrat, İsa üçün İncil, Məhəmməd üçün Quran
nədirsə, şeir mənim üçün həmin şeydir. Göy üzü ilə yer üzü
arasındakı boşluğu dolduran nədirsə, şeirdə Tanrı ilə bəndə
arasındakı boşluğu dolduran həmin şeydir. Mən Tanrı ilə bəndə
arasındakı boşluğu doldurmağa çalışan bir adamam. Mən elə-belə
əcəllə ölən biri deyiləm. İncildə "Başlanğıcda söz var idi, söz
Allahın nəzdində idi və söz (kəlam) Allah idi" fikri, zənnimcə,
şeir haqda deyilib. Mən incəsənətin üç ilahi məqamını tanıyıram-
söz (şeir), musiqi (ifa sənəti bura daxil deyil) və rəssamlıq
(Rembrandt, Da Vinçi, Pikasso, Dali, Səttar Bəhlulzadə). Məncə, bu
üçünün də ən ilahisi şeirdir...
Mənim əməliyyat masasında belə ağlımda adamlar deyil, söz var
idi və öz-özümə içimdə mənə hüzur gətirən aşağıdakı misraları
pıçıldamışdım:
Yorulmuşam, ilahi,
Məndən bezib bu can da.
Dadı qaçıb şirindi,
Çəkdiyim acının da.
Göz dağıdı pəncərəm,
Qapı deyil qapım da,
Kimim var ki, itirim,
Nəyim var ki, tapım da.
- Sizin şeirləriniz mələk-şeytan personajları ilə
zəngindir. Bəs, əməliyyat masasında sizə hansı daha yaxın idi?
Gözünüzə hansı göründü?
- Doğrusu, mən bizim şairlərin uydurduğu mələkləri heç vaxt
görməmişəm. Mələklərin, ilham pərisinin şeir yazdırdığı fikrini
uyduran şairləri yalançı, fırıldaqçı kimi tanıyıram. Hərdən gecələr
yuxularımda uçuram. Elə anlarımda həmişə düşünürəm ki, insan elə
mələkdir. Şeytanı isə yuxularımda tez-tez görürəm. Özü də həmişə
eyni cür, eyni ucalıqda.
Şeir nəfəs almağı unudan adamdır
- Rüstəm müəllim, bilirik ki, ədəbiyyat adamlarının
həyatı maraqlı, qəribə, gülməli xatirələrlə dolu olur, bu xatirələr
də oxuculara maraqlıdır. Məsələn, sizin Ramiz Rövşən, Vaqif
Səmədoğlu, Musa Yaqub, Vaqif Bayatlıkimi şairlərlə bağlı maraqlı
xatirələriniz var...
- Aqşin, heç vaxt həyatımda "dost" deyə biləcəyim adamlar
olmadı. Mən ömrüm boyu tək yaşadım. Azərbaycanın bütün böyük sənət
adamları ilə isti münasibətlərim oldu. Ancaq heç biri sənin dediyin
o böyük dostluq səviyyəsinə ucala bilmədi. Bu, bəlkə də mənim
günahımdır. Heç kimlə sona qədər yol gedə bilmədim. Bəlkə də düz 25
ildir qəzet səhifələrindəki "Tək adam" rubrikası buna görə mənim
adımla bağlıdır və ağlım kəsəndən mən təkbaşına bir adamam.
Bu sualın mənə bir şeyi xatırlatdı. 1979-cu ildə rəhmətlik
Əbülfəz Elçibəy Kələkidə öz toyunda məni çox sevdiyim Vaqif
Cəbrayılzadə (şair Vaqif Bayatlı Odər nəzərdə tutulur – red.) ilə
tanış elədi. Vaqif mənim ilk şeirlərimi "Ulduz" jurnalında çap
etdi. Tale elə gətirdi ki, mən də uzun illərdən sonra onun ilk
kitabını redaktor kimi hazırlayıb çap elədim. Adını da mən qoydum-
"Unudulacaq bütün sevdalar". Qəribə deyilmi? O, mənim ilk şeirimi,
mən onun ilk kitabını...
- Şeir demişkən, sizin "Salam, dar ağacı" şeiriniz böyük
ideologiya yükü daşıyır. Bu şeir Azərbaycan tarixində mühüm rol
oynayıb, yəni nəyisə dəyişə bilib. Bəs, sizcə, poeziyanın belə bir
missiyası varmı? Yəni hər şeir mütləq nəyisə
dəyişməlidirmi?
- Aqşin, sən özün də şair olduğun üçün bilirsən ki, şairlik tale
məsələsidir. Mən "Salam, dar ağacı" kitabından əvvəl də türk
dünyasında məşhur olan "Şaman duaları" kitabını yazmışdım. Ancaq
"Salam, dar ağacı" mənim şair taleyimə çevrildi. Bu yaxınlarda türk
dərgilərinin birində oxudum ki, bu şeir nə vaxtsa qurulacaq Turan
dövlətinin himni olacaq. Olacaq, ya olmayacaq – bu, gələcəyin
işidir. Ancaqhəqiqətdir ki, bu şeir 300 milyonluq bir millətin
dillər əzbəridir.
Sizə bir həqiqət də deyim. Axı mən bu kitabdan daha gözəl
kitablar yazdım. Nədənsə, hamısı bu şeirin kölgəsində qaldı. Ancaq
inanıram ki, nə vaxtsa dar ağacına ehtiyac qalmayanda, mənim qalan
kitablarım o şeirin əsarətindən qurtulub, əsil qiymətini
alacaq.
Mənə elə gəlir ki, ən ilahi şeir belə nəyisə dəyişmək gücündə
deyil və bu şeirin missiyası ola bilməz. Şeirin əsil missiyası
nəyinsə üstünə düşmüş kölgəni qaldırmaq, öləziyən şamı yenidən
alovlandırmaqdır. Şeir nə şamdır, nə ondan gələn alov. Şeir şamın,
alovun üstündən əsib keçən ruzigardır - doğum və ölüm yeri bəlli
olmayan ruzigar. Şairlər belə hərdən onun nə zaman, haradan əsib
keçdiyini bilməzlər. Şeir nəfəs almağı unudan adamdır. Nəfəs almağı
unudan adam nəyi dəyişə bilər ki?!
Türkiyəyə qarşı oyun oynamaq istəyirlər
- Hazırda ədəbi fəaliyyətiniz hansı məcraya yönəlib? Nə
yazırsınız?
- Son vaxtlar şeir yaza bilmədiyim vaxtlarda ünvansız fəlsəfi
məktublar yazıram. Hərdən mənə elə gəlir ki, şeirdə deyə bilmədiyim
çox şeyi bu məktublarda demişəm. Bu yazılar məni qiyamçı olmaqdan
qoruyur.
15-20 ildir bir tamaşa üzərində işləyirəm. Tam sağalan kimi
Səmərqəndə gedəcəyəm. Mənim yazdığım əsərdə (Əmir Teymur
haqqındadır) oradan başlayan bir yol var. Mən də əsərin sonunda
oradan başlayan yolun özünü anlatmaq istəyirəm. Ondan sonra o əsəri
bitirmək üçün mənə bircə həftə vaxt lazımdır. Bu, süjet xətti,
obrazları olmayan psixoloji bir poemadır. Mən sonradan onu
səhnələşdirəcəyəm. Obrazları olmayan bir əsəri səhnələşdirmək, sənə
gülməli gələ bilər, ancaq bunu mütləq edəcəyəm.
- Elə hazırda da dünyada, demək olar ki, obrazları
olmayan III Dünya Müharibəsi gedir. Müəyyən müddət siyasətin içində
olmuş adam kimi bu prosesləri necə dəyərləndirirsiniz? Dünyada nə
baş verir?
- Aqşin, yəqin, sən də bilirsən ki, hətta güllələrin susduğu
zamanlarda belə yer üzündə müharibə gedib. Sadəcə olaraq, illərlə
davam edən sükutun səsi indi-indi səsə, atəşə çevrilib. Böyük
güclər dünyanın xəritəsini öz maraqlarına uyğun formada yenidən
şəkilləndirmək istəyirlər.
Böyük təbii sərvətlərə malik orta şərq bu savaşın ən zəif
halqasıdır. İslam, islami dəyərlərin eybəcərləşdirilməsi buna rəvac
verən ən böyük amildir. Düz 1400 ildir öz doğulduğu ərazini xilas
edə bilməyən İslam dini dünyanın xilasedicisi rolunda çıxış etmək
istəyir. Özü də eybəcər bir formada- İŞİD-in formasında. Bundan
istifadə eləyən Qərb və Amerika, İran, Rusiya öz əbədi
düşmənlərinə- Türkiyəyə oyun oynamaq istəyirlər.
Bu hay-küy çox mətləbdən xəbər verir
- Son vaxtlar elə qardaş ölkə Türkiyə də bu proseslərin
içində müəyyən mənada yer alır...
- Bildiyimiz kimi, 2023-cü ildə Türkiyənin əl-qolunu bağlayan
Lozanna anlaşmasının müddəti sona çatır. Böyük güclər Türkiyəni
əl-qolu açılmamışbölmək, parçalamaq istəyirlər. Osmanlı
imperiyasının başına gətirilənləri Türkiyənin başına gətirmək
istəyirlər. Türkiyə federallaşmaq təhlükəsi qarşısındadır. Bu,
qorxulu bir oyundur.
- Rüstəm müəllim, illər keçdikcə insan yeni ağrılarla
tanış olur. Bəs, hansı ağrı sizi daim narahat edir?
- Ən böyük dərdimdir - min il sonra da ruhumun şəklini
çəkməyəcəklər.