Yuxarı

“Aclıq elan edib, toyuq hinində gizləndim”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aclıq elan edib, toyuq hinində gizləndim”

Axar.az sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış qiraətçi Məleykə Alıqızı ilə söhbəti təqdim edir.

- Məleykə xanım, zənnimcə, səhnəmizin ilk Məleykəsi siz olmusunuz.

- Ad zahiri olduğu qədər də batinidir və hər nəsnədən öndə gəlir, xarakter ondan şirə çəkir, cilalanır. Can Tanrıdan, ad isə valideynlərdən insana qalan mirasdır: həm dəyərli, həm də müqəddəs miras! Fikrimcə, insan öncə bu mirasa sahib çıxmalı, sonra da onun müqəddəsliyini qoruyub saxlamağa can atmalıdır. Bu, mənəviyyat məsələsidir və hər kəsdə olmaz...

O ki qaldı "səhnəmizin ilk Məleykəsi" ifadəsinə, deyim ki, fikirlə razı deyiləm. Heç vaxt belə iddiam olmayıb. Sənətkarlıq sənətkarın adı ilə bağlı olmur, onun yaratdığı dəyərlərlə ölçülür. Əsas məsələ nəyi yaratmaq deyil, necə yaratmaqdır!

Teatrdan televiziyaya...

- Teatrla yanaşı, televiziyaya da marağınız var...

- Səhnəyə iddialı olduğum üçün teatr təhsili almağa qərar verdim. Sonra isə televiziya məni öz ağuşuna aldı. Televiziya kamerasının önündə dayanaraq, milyonlarla tamaşaçıya səslənməyim olduqca böyük məsuliyyət tələb etdiyindən həyəcanlanır, eyni zamanda, məxsusi zövq alırdım. Bəlkə də elə bu səbəbdən sənətə olan sevgimi, enerjimi bütünlüklə efirə xərcləməli oldum. S.Rzayev, M.Sadıqova, M.Mirzə, Ə.Yusifqızı və H.Əbluçdan sonra qiraət sənətində biz - Nadir Hüseynov və mən görünməyə başladıq.

- İlk dəfə hansı verilişdə çıxış etdiniz?

- İlk dəfə efirdə "Ozan" folklor toplusu ilə 1984-cü ildə çıxışım oldu. N.Hüseynov İncəsənət Universitetində müəllim idi, mən isə hələ tələbə idim. Füzulişünas Məmmədəli Əsgərov, teatrşünas İslam İbrahimov, rejissor Fikrət Sultanov, mədəniyyətşünas Adil Adilov, ədəbiyyatşünas Validə Abbasova kimi görkəmli pedaqoqlardan dərs alırdım.

- Televiziya sahəsində kifayət qədər aparıcılıq təcrübəniz olduğu halda, indi kənardan sadə tamaşaçı kimi seyr etmək sizdə necə hiss yaradır?

- Mərhum yazıçımız Firudin Ağayev o vaxtlar televiziyada mənə aparıcılıq təklif etdikdə, ilk televiziya rejissorum Əmirhüseyin Məcidov buna etiraz etmişdi. Məhluqə Sadıqova ilə bağlı aparıcısı olduğum ilk verilişdən sonra Ə.Məcidovun "Sən yalnız əsl qiraətçi kimi özünü təsdiq etdikdən sonra o xəyala düşə bilərsən" ifadəsindən sonra bu fikrimdən daşındım. Sonralar el-oba şənlikləri və dövlət tədbirlərində, hətta ölkəmizdən kənarda keçirilən bir çox tədbirlərdə aparıcı qismində iştirak etsəm də, qiraətçi olduğumu heç vaxt unutmadım.

Valideynlərim narahat olmağa başladılar

- Televiziya ilə bağlı yeni ideyalarınız varmı?

- Əlbəttə, var. Yaxın zamanda bədii qiraət ustası Həlimət Sultanla birlikdə Günaz TV-də "Vətən desin" adlı proqramla tamaşaçıların hüzuruna çıxacağıq. Bu tip verilişlərə Azərbaycanımızın da ehtiyacı böyükdür. Lakin televiziyalarımız qızıldan qiymətli zamanı bəzən gərəksiz mövzulara ayırır.

- Müsahibələrinizdə dəfələrlə qeyd etmisiniz ki, heç kəs sizin aktrisa olacağınıza inanmırdı. Bu gözlənilməz hal necə baş verdi?

- Atam ali təhsilli kənd təsərrüfatı mütəxəssisi idi. Anam isə o zamankı qadağalara görə təhsildən uzaq qalmışdı, lakin bununla belə, savadlı xanım idi. O, arzusunu məhz qız övladlarına ali təhsil verməklə reallaşdırmağa çalışırdı. Bu işdə atam ona dəstək oldu. Ailədə 11 uşaq idik: 8 qız, 3 oğlan. Mən ikinci övlad və qızların böyüyü sayılırdım. Sənətə marağı məndə anam oyadıb. O, bizə şeir, bayatı, alqışlar, nağıllar söyləyərdi. Aşağı siniflərdə ingilis dilinə maraq göstərirdim. Yuxarı siniflərdə dram dərnəyində iştirakımdan sonra sənətə tərəf istiqamət aldım. Əvvəl kənddə, sonra isə rayonda tanındım, valideynlərim bundan narahat olmağa başladılar.

- Valideynlər dərnəkdə iştirakınıza mane olmağa çalışdılarmı?

- Bəli. Lakin mən günlərlə aclıq elan etdim, gecələr evdən qaçdım, toyuq hinində gecələdim. Atam çətin adam idi. O, mənim hüquqşünas və ya jurnalist olmağımı istəyirdi, arzuma məhəl qoymurdu. Mənimsə qərarım qəti idi. Orta məktəbi bitirdikdən iki il sonra İncəsənət Universitetinə qəbul oldum. Nailiyyətimə elə ilk sevinən də atam oldu. Artıq mənə bütün işlərimdə dəstək olurdu.

- Bəs qohumlar necə, onların arasında etiraz edənlər oldumu?

- Qohumların narazılığı bir başqa idi. Uşaqlıqdan əmim oğluna sözlü olduğumdan onlar daha sərt şəkildə etirazlarını bildirdilər. Bir gün isə atam bir diplomat pulu qarşıma qoyaraq: "İstədiyim fakültədə oxuyacaqsan", - dedi. Mənim atama qətiyyətlə "sən mənim arzularımı pul ilə satın ala bilməzsən" - deməyim atamı məndən daha da uzaqlaşdırdı. Amma universitetə qəbul olundum, aktrisa da oldum, məşhurlaşdım da.

Həqiqət öz çılpaq ifadəsini tapmalıdır

- Yəqin, valideynləriniz bu şad xəbəri eşidəndə məyus oldular.

- Ali məktəbə qəbul olunmağımla bağlı sənədi əlimə alan gün sevincimi evdəkilərlə paylaşmağa tələsirdim. Mən perrona çatanda qatar yerindən tərpəndi. Taksiyə minib sürücüdən məni Biləcəriyə aparmağı xahiş etdim. Hansı sürətlə yol getdiyimi xatırlamıram. Bircə onu bilirəm ki, mən Biləcəriyə çatar-çatmaz qatar fit çalaraq yenidən yola düşdü. Çox pərt olmuşdum. O gecə səhərə qədər gözümə yuxu getmədi. Səhəri gün atam bu xəbəri məndən alınca xoşbəxtlikdən uçurdu. Valideyni xoşbəxt edə bilmək həzzini mən ilk dəfə o gün aldım...

- Teatr tamaşalarında və yaxud seriallarda görünməməyinizin səbəbi nədir?

- Tələbə vaxtı Aleksandr Gelmanın "Hamı ilə təkbətək" və Maksim Qorkinin "Vassa Jeleznyova" tamaşalarına quruluş vermiş, eyni zamanda, saysız-hesabsız tələbə tamaşalarında müxtəlif xarakterli obrazlarda yer almışam. Universitetdə yenicə işə başlayan ərəfədə xalq artisti Lütfi Məmmədbəyov müxtəlif vaxtlarda məni "İtkin gəlin" və "Dodaqdan qəlbə" televiziya tamaşalarında əsas rollara dəvət etdi. Təkliflər ürəyimcə olsa da, ailədə narazılıq yaranmasın deyə, bu dəvətlərdən boyun qaçırmalı oldum. Sonralar bu dəvətləri dəyərləndirmədiyim üçün çox üzüldüm.

- Müasir seriallarda yer almaq istərdinizmi?

- Seriallara çəkilmək fikrindən çox uzağam. Bu gün səhnəyə qoyulan əsərlərin mövzusu çox bəsitdir. Əslində, mövzular dərin qatlara əsaslanmalıdır. Elə qatlara ki, bu laylara endikcə gərək dərinliyə varasan, düşünə biləsən. İnsanın daxili dünyası bu mövzuların fonunda açıldıqca açılmalıdır. Mövzularda həyat həqiqəti öz çılpaq ifadəsini tapmalıdır.

Ən böyük qorxum...

- Sənətdən usandığınız zamanlar olubmu?

- Qətiyyən! Sənət onu sevənlər üçün doyulmaz bir nəsnədir. Poeziyasız bir ölüyəm mən. Şeir ruhumun qidasıdır. Mənim ən böyük həmdəmim odur. Şeirlə həmahəng olanda bütövləşirəm.

- Hazırda dərs dediyiniz universitetdə tələbələr arasında şeir söyləməyə və sırf qiraətə marağı olan varmı?

- Qiraət müsabiqələrinə hazırladığım bir çox tələbələr olub. Onlar bu müsabiqələrdə birinci yerə qədər gedib çıxsalar da, sonradan görünməz olublar, səsləri nədənsə eşidilməz olub. Qiraət çətin sənətdir. Hər şeir deyən qiraətçi sayılmaz. Görünüş, səs, tələffüz, diksiya, ruh, ürək bu sənəti şərtləndirən əsas keyfiyyətlərdən sayılır.

- Sənəti, işi və gözəl ailəsi olan Məleykə xanım xoşbəxtdirmi?

- Xoşbəxtlik nisbi anlayışdır. İnsan həyatında bir məqamdır. Tam xoşbəxtlik deyilən bir şey yoxdur. Bu mənada mən də özümü tam xoşbəxt saymıram.

- Maraqlıdır, nəyə görə?

- Vətəndə vətənsiz olmağı heç kimə arzulamazdım. Mən illərdir Qarabağsız yaşayıram.

- Dəfələrlə döyüş bölgələrinə səfərləriniz olub. Ən yaddaqalan hadisəni bizə söyləməyinizi istərdim.

- Müdafiə Nazirliyinin xətti ilə hərbi hissələrdə çox olmuşam. Unuda bilməyəcəyim çox məqamlar var. Bir dəfə Horadizdə olarkən kəndimizin qoxusunu duydum. Horadizin ortasından keçən dəmir yolu xəttinin izinə düşüb doğma kəndimizə getmək istədim.

- Məleykə xanım həyatda nədən ehtiyat edir, nədən qorxur?

- Qarabağı görmədən o dünyaya köç etməkdən, atamın, anamın qəbrini ziyarət etmədən bu dünyanı tərk etməkdən qorxuram. Ən böyük qorxum vətəndə vətənsiz ölməkdir.

Tarix
2015.12.21 / 09:27
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla