Səhər erkəndən ənənə üzrə futbola yola düşəndə radionu
açıb yol boyu musiqi dinləmək istədim. İnsafən xoş ovqat yaradan
musiqilər idi. Ancaq bir məqam diqqətimi çəkdi ki, bizdə həyatımız
necədirsə, şeirimiz, musiqimiz də elədir: formanın xatirinə
mahiyyəti öldürmək.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
mahnı mətnlərinin mənasız olması barədə qeyd edib. F.Mustafanın
fikrincə, Azərbaycanda təfəkkür yanlışlığının addımbaşı şahidi
oluruq:
"Müəllifini bilmirəm, ancaq mahnını sözlərinə diqqət edin:
"Təbiətin hökmü olsaydı məndə, Qanqalın ömrünü gülə verərdim!"
Yaxşı ki, təbiətin hökmünü bizim şairlərə verməyiblər, yoxsa
qanqalın təmiz kökünü kəsərdi və bütün kimsəsiz uzunqulaqlar ac
qalardı. Digər tərəfdən bir şeyin ömrünü başqasına vermək ənənəsi
yaransaydı, ölkədə ədalətsizliklər daha da baş alıb gedərdi.
Ardınca ikinci mahnının sözləri gəlir: "Bir cənnətə bərabərdir,
bu yerlərin çölü, düzü..." İlahi mesajın ən maraqlı atributu olan
Cənnətin Azərbaycan qədər maddiləşdirildiyi ikinci bir ölkə tapmaq
çətindir. Ötən günlərdə Türkiyədə gözüm hər tərəfi axtarırdı ki,
Cənnət adına restoran, kafe, otel görəsən tapa biləcəyəmmi? Bəlkə
də var, ancaq hər halda, bizdəki qədər populyar deyil, şəxsən mən
bu adda bir ictimai iaşə obyektinə rast gəlməmişəm. İndi də bizim
şair özünü əziyyətə salmadan xoşuna gələn çölü, düzü dərhal kəsə
yolla Cənnətə bərabərləşdirir. Biri də götürüb sabah yazacaq ki,
Kürdəmirin, Zərdabın şoranlaşmış torpaqlarındakı duz qatı elə
Cənnətin duzudur. Forma, yəni qafiyə düzəlsin, mənanın nə olması
artıq dinləyicinin problemi sayılır. Bunlar əslində Cənnət-Cəhənnəm
motivli anekdot, məsxərə mətnlərinin zəngin olduğu bir məkanda adi
hal kimi də qarşılana bilər. Mən hər halda bunu cəmiyyətimizin
ciddiyyyətsizliyinin, Allah-insan münasibətlərinə lağlağı ilə
yanaşmasının bir göstəricisi kimi baxıram. Elə bunları düşünərkən
işıqforda dayandığım vaxt maşınımın azca açıq qalmış pəncərəsindən
bir kağız parçasını azyaşlı bir qız uşağı içəri göndərdi; hələ
yaşıl işığa 25 saniyə qaldığını nəzərə alaraq bu reklam kağızına
göz gəzdirdim. Yazılmışdı: "Cənnət" masaj salonu sizə aşağıdakı
xidmətləri təklif edir... Bir, iki və sairə.
Düşündüm ki, salonun adı cənnətdirsə, o zaman xidmət
göstərənlərə də avtomatik olaraq mələklər deyirlər...
Və sonda da mahnılar davam edirdi: "Cənnətim Qarabağ!" Biz
mahnısını oxuduğumuz Qarabağ adlanan cənnətdə indi ermənilər
yaşayır. Onlar belə mahnılar oxumurlar. Sadəcə ona görə orada
yaşayırlar ki, Allahın və təbiətin qanunlarını adam kimi öyrənirlər
və məsxərəyə qoymurlar..."