İlqar Türkoğlu vaxtilə hüquq mühafizə orqanlarında
çalışıb. Ədəbi yaradıcılıqla məşğul olur, şairdir. Səs-sorağı
tez-tez ölkə xaricindən gəlir. Bu günlərdə onunla həmsöhbət
oldum:
- İlqar Türkoğlunun işinin adı nədir?
- Dəyərli dostlarla bərabər, Azərbaycanın, eləcə də türk
dünyasının birliyi naminə, cahilliyə, cəhalətə qarşı apardığım
mübarizə əsas işimdir. Hazırda İntellektual Hüquq Mərkəzinin
təsisçisi və direktoru vəzifəsində çalışıram.
- Yəni nə iş görürsünüz?
- Bu sahədə işimiz əsasən, mülki, inzibati, cinayət, müəlliflik
və əlaqəli hüquqlar, eləcə də vergi, audit xidmətlərinin
göstərilməsindən ibarətdir. Burada da işimin adı xarakterinə uyğun
olaraq hər zaman haqqın yanında olub, ədalətin qələbəsi üçün
canı-dildən mübarizə aparmaqdır.
Belə tədbirlərdən mənəvi zövq alıram
- Səni tez-tez Azərbaycanda, Türkiyədə ədəbi tədbirlərdə
görürük. Yorulmursan ki?
- Əksinə, yorulmaq yox, belə tədbirlərdən mənəvi zövq alıram.
Ədəbi tədbirlərə tez-tez qatılmağımın əsas səbəbi dostlarımın demək
olar ki, çoxunun ədəbiyyat və sənət insanları olmasından irəli
gəlir. Doğrudur, mən tez-tez Türkiyədə keçirilən istər ədəbi,
istərsə də siyasi tədbirlərə dəvətli olaraq qatılıram. Bu tədbirlər
içərisində ara-sıra siyasi müzakirə xarakterli görüşlər də olur.
Dövlət təşkilatı olaraq Türkiyə Milli Düşüncə Mərkəzinin keçirdiyi
tədbirlər daha çox siyasi xarakter daşıyır.
- Elə isə de, bir də görürsən ki, bir dəstə yazı-pozu
adamı süvar oldu və səsləri Türkiyənin ayrı-ayrı şəhərlərindən
gəldi. İçərilərində sənin kimi ciddi qələm adamları da olur, imzası
heç yerdə tanınmayan da. Görürsən, müşahidə edirsən, de görək o
yazarlar bizim ədəbiyyatı necə təbliğ edir?
- Doğrudur, son iki onillikdə tez-tez Azərbaycandan Türkiyədə
keçirilən Uluslararası Türk Dünyası Şeir, Sənət və Musiqi
festivallarına, eləcə də müxtəlif tədbirlərə sənət adamları,
müxtəlif qələm sahibləri qatılır. Son dərəcə yüksək səviyyədə
təşkil olunan bu tədbirlərin əsas məqsədi və məramı Türk Dünyasını,
türk insanlarını bir araya gətirməklə ədəbiyyat və sənət sahəsində
əlaqələrin möhkəmləndirilməsi, ümumtürk dil birliyinin
yaradılmasına xidmət edir. Bu əlaqələrin yaranmasında uzun illər
təmənnasız və fədakarcasına zəhmət çəkən insanların xidmətləri
əvəzsizdir. Bütün bunlara rəğmən, son zamanlar nəinki şeirdən,
elementar yazı qaydalarından xəbərsiz, adicə tərcümeyi-halını
düz-əməlli yaza bilməyənlər "Ana Vətən, doğma diyar, Üstündə
yetişir pomidor, xiyar" qafiyəli misralarla şairliklərini sübut
etmək, əllərində bayraq yellətməklə Türkiyədə daha çox gündəmə
gəlməyə, özlərini reklam etməyə çalışırlar. Təəssüflər olsun ki,
belə "fəallıqları" ilə seçilənlər sırasında qadınlarımız çoxluq
təşkil edir. Halbuki bu insanlar Azərbaycanda ictimaiyyət
tərəfindən nə tanınır, nə də qəbul edilir... Poetiklikdən uzaq olsa
da, bu şeiri də belələri üçün yazmışdım...
Yazar, yoxsa bazar?
Soyunu bilməyən diyardan yazır,
Çəkər ayağından, qazar adamı.
Arada vəsf edib xiyardan yazır,
Şair olub indi bazar adamı!
Mənə nə düşürsə acıdan düşür,
Yaltağın payına ucadan düşür,
Qapıdan qovursan, bacadan düşür,
Peşəsidir azar-bezar adamı!
Özgə hesabına kölgədə yatmaq,
Gizlədib üzünü, daldada yatmaq.
Çoxdan peşəsidir, aldadıb-atmaq,
Utanmaz, qızarmaz, üzər adamı.
Ədəbiyyatda yaltaqların zühur etməsi
- İlqar, bax, bu günlərdə Bakıda şeir bayramı keçirildi,
mayın 31 də isə Sabir Poeziya günləri oldu. Çox vaxtda belə
tədbirlərə eyni şairlər dəvətli olur. Bu da qruplaşmadır, yoxsa hər
kəsin öz "kruq"u?
- Bu qəbildən olan tədbirlərə dəyərli dostlarım ara-sıra məni də
dəvət edir. Doğrusu, ədəbi camedə baş verən neqativlər
istər-istəməz cəmiyyətə də sirayət edir. Axı, ədəbiyyat cəmiyyətin
güzgüsü olaraq bir ədəb, əxlaq nümunəsi kimi bütün zamanlarda əsas
rol oynayıb. Sadə insanların belə münasibətlərdən dolayı
üzüntülərini təsəvvür etmək belə çox çətindir. Siyasətdən fərqli
olaraq, ədəbiyyat sahəsində öz insani keyfiyyətləri, mövqeyi,
çəkisi ilə cəmiyyətdə xüsusi yeri olanların yanında yaltaqların
zühur etməsi mümkünsüz görünsə də, qapıdan qovulanların bacadan
"girməklə" masa başına "çəkilmələri" bu dəyərləri də gözdən salıb.
Bu gün "hər kəsin öz kruqu"ndan daha çox, hər kəsin "kruq"una bir
"legionçu" yeritmək daha vacib hesab edilir.
- Bu günlərdə Ankarada idin. Anar müəllimin kitabının
təqdimetmə mərasiminə dəvətli idin, yoxsa bir təsadüf
idi?
- Demək olar ki, hər il Ankarada keçirilən 1-2 tədbirə
qatılıram. İki ildən artıq olar ki, İLESAM, TYB, İraq Türkmən
Yazarlar Birliyinin üzvüyəm. Başqan Məhməd Nuri Barmaqsızla
görüşümdə o, məni İLESAM-ın təşkilatçılığı ilə keçirilməsi nəzərdə
tutulan AYB sədri Anarın "Yaşamak hakkı" və gənc yazar Pərvin
Nurəliyevanın "Sevdim seni" adlı (hər iki kitab Türkiyə türkcəsinə
çevrilib) kitablarının təqdimat mərasiminə dəvət etdi. Mən də bu
dəvəti məmnuniyyətlə qəbul etdim. Bu, mənim səfərimlə üst-üstə
düşən sırf bir təsadüf idi.
- Tənqidimiz nə yerdədir? Tənqidçilərimizin atəşinə tuş
gəlməmisən ki?
- Bəri başdan deyim ki, bu gün Azərbaycanda tənqidin mahiyyəti
və ünvanı demək olar ki, dəyişib. O ki qaldı tənqidə tuş gəlməyimə,
elə ciddi və fundamental əsərlər yazmamışam ki, onlar da tənqid
obyekti olsun. Yazdıqlarım üçün də, özüm özümün ən dürüst
tənqidçisi olmuşam.
Bu, ən gözəl dost hədiyyəsi oldu
- Ümumiyyətlə, bizdə tənqidçilər tənqid edə bilirmi?
Yoxsa hamısı tərif yazır?
- Bu günümüzün ictimai-siyasi mənzərəsini özündə əks etdirən
dəyərli əsərlərin təhlili, mahiyyəti əvəzinə, kimlərəsə həsr
edilmiş mədhnamələr üçün müzakirələr açılır, yeni-yeni mədhnamələr
söylənilib, tərif edilir. Sovetlərdən fərqli olaraq, indi əsl
tənqidçilərimizin sayı da barmaqla sayılacaq qədərdir.
- Sözlərinə mahnılar yazılıb. Bəstəkarlarla işbirliyin
nə yerdədir?
- Doğrusu, heç vaxt düşünməmişdim ki, mənim də şeirlərimə mahnı
bəstələnəcək. Bu günə kimi də heç bir bəstəkarla işbirliyində
olmamışam. Sadəcə olaraq, dəyərli dostum, şair-bəstəkar Hüseyn
Sözlünün iki şeirimə bəstələdiyi mahnı mənim üçün həm gözlənilməz,
həm də ən gözəl dost hədiyyəsi oldu…