Bakıda eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən AzE Estetik Mərkəz MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ü.İlyasova üç il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, üç il iki ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, bu il aprel ayının 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.
İstintaqla AzE Estetik Mərkəz MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mərhum Səbirə Vəliyeva Ü.İlyasovanın eltisidir.
Həmçinin səhiyyə naziri Teymur Musayev parlamentin iclasında bildirmişdi ki, ölən şəxs mətbəxdə əməliyyat olunub.