Orta əsrlərdə ornamentallıq
tekst prinsipi kimi
Ortaçağ müsəlman mədəniyyətinin bir çox bölgələrində, məsələn,
fəlsəfədə, dində, incəsənətdə tekstdüzəldici prinsiplər kimi
naxışlandırmanın, bəzəməyin bəzi əlamətləri özünü göstərir. Bu
əlamətlər hansılardır? Birincisi, parıltı, parlaq boyalarla
dolğunluq. Miniatür sənətinə, xalçaçılığa, zərgərliyə baxın, bunu
aydın görəcəksiniz. Dini götürsək, görəcəyik ki, Allah müsəvvirdir
(rəssamdır), qələmi ilə Yer üzünü lövhə kimi çəkib-bəzəyir.
Daha sonra. Allahın işıq simvollarında qavranılması, varlığın
ayrı-ayrı qatlarına Tanrının dürlü dərəcədə təcəllisi kimi
baxılması və s. Fəlsəfədə nəsnələrin mahiyyəti "gövhər", "cövhər"
sözləri ilə bildirilir, onlar həm də daş-qaşın ilkin nurunu
canlandırırlar. Bəs, fəlsəfədə dolğunluq? Ortaçağ müsəlman
filosofları Aristotelin təsiri ilə hər hansı bir məsələni
açıqlayanda, onun bütün "əmmalarını", bütün dürlərini (növlərini)
sadalamağı, naxış-naxış vurmağı sevirdilər.
Bədii ədəbiyyat. Başdan-ayağa yaz-yay simvolları ilə doludur.
Ortaçağ müsəlman şairlərində, demək olar ki, qış mənzərəsinə
bir-iki yerdə rast gəlmək olar. Əvəzində gül-çiçək, bağ-bağat,
günəş-işıq metaforaları ilə boldur.
Naxışlandırmanın (ornamentləşdirmənin) müsəlman
Doğusunda ikinci xarakterik cəhəti
Ortaçağ sənətkarı naxışı, bəzəyi nəsnələrin içində, özündə
gizlənəni üzə çıxarmaq kimi yaratmırdı (halbuki yaponlar çox vaxt
belə edirdilər). Bizim Orta əsrlərimiz üçün naxış vurmaq olanların
üstünə nələrisə artırmaq idi. Sənətkar öz qutundan (ruhundan)
çıxardıqlarını, öz dühası ilə tapdıqlarını nəsnəyə artırırdı.
Nəsnədə özünün nələrə qadir olduğunu nümayiş etdirirdi. Maddə onun
əlinin altında, Nizami demişkən, muma çevrilməliydi: bunu
memarlıqda görürük.
Ancaq söylədiklərimi başqa sənət növlərində də görə bilərik.
Rəssamın çəkdiyi şəkillərdə nəsnələrin ağırlığı, köntöylüyü,
yöndəmsizliyi, qaranlığı onların əlindən alınırdı. Hər nəsnə nəcib,
nəfis bir yüngüllük, fəzavarilik qazanırdı.
Ortaçağ müsəlman nəqqaşlığının üçüncü
əlaməti
Nəqqaş elə naxış vurmalıydı ki, onun əlinin bu bacarığı misilsiz
görünsün. Hamının bəzədiyi kimi bəzəməyi o özünə yaraşdırmırdı.
Nəqqaş elə "dəhşətli" məharətlə, əlçatmaz zərifliklə işləməli idi
ki, hamı ona baxıb afərin desin, ya da barmağını dişləsin
(təəccübün jesti). Nəqqaş təəccüb doğurmalıydı, heyran etməliydi.
Eyni sözləri miniatürləri çəkən rəssamlara da aid etmək olar. Onlar
misilsiz şəkil çəkmək, boya vurmaq bacarığını göstərib hamını
heyran etməliydilər. Fırça ilə belə napnazik, dümdüz,
qıvırcıq-qıvırcıq, süzə-süzə dalğalanan cizgiləri çəkmək yalnız
onların əlindən gəlməliydi.
Eyni ilə Ortaçağ filosofu, kəlamçısı (teoloqu), şairi öz işində
misilsiz bacarıq göstərib hamını mat qoymalıydı. Onun incəliklərə,
qıvırcıqlara varan, nəsnələrin, düşüncə hədəflərinin "qıvırcıqları"
ilə incə-incə, ustuf-ustuf yeriyən, gəzən deyimləri, söyləmləri,
beləcə, heyranedci, ornamental olmalı idi.
Ortaçağ bilgəsinin ornamental oyunları
Ortaçağ müsəlman müdrikinin öz tipolojisi var. O da heyranedici,
misilsiz adam olmalıydı. Hər hadisə, problem vəziyyətlə bağlı
haşiyə çıxıb şeiri deməyi, ibrətamiz əhvalatı söyləməyi
bacarmalıydı. Ortaçağ müsəlman müdriki hikmət dalınca mədəniyyətin
istənilən bölgəsinə səyahətə çıxmağı bacaran adam idi (ona görə də
burada səyyah görkü çox sevimli, çox urvatlı idi). O, hikmət
dalınca fikrən Hində də, Sində də səyahət edirdi. Ortaçağ
nağıllarına baxın. Əsas süjet qalır bir yanda, onun hər gedişi
haşiyələrə qıvrılıb, naxışlanır. Bərbəzəkli, dürlü boyalı parça
yığnağının gözəlliyi rəvayətlərdə yamsılanılır. Hər haşiyə, hər
hikmət bir parçadır. "Alabəzək" sözünün indi mənası pisdir. Onda
isə… onda isə, məsələn, moləmma həm alabəzək parça idi, həm də
dürlü dillərdən olan fraqmentlərlə bəzənmiş şeir.
Ortaçağ müdriki bütün bunları yaradan idi. Belənçi bacarığına
görə də misilsiz idi. Misilsizlik, heyrətamizlik möcüzə
parametrlərinə malikdir. Möcüzəli misilsizlik Ortaçağda əsl
tekstlərdən (şeir, memarlıq tikilisi, fəlsəfi-dini traktat) umulan
göstəricilər idi. Ortaçağ müdriki "ordan-burdan" danışmaq prinsipi
ilə işləyirdi. Ancaq "ordan-burdan" danışmaq yöndəmsizliklə nə
gəldi bir-birinə yapışdırmaq deyil. İki ayrıca olay, deyim arasında
incə, ornamental bağlantını, səsləşməni tapıb onları
birləşdirməkdir. Bir nəsnədən o birisinə rəssamın fırçası kimi
nəcibliklə, qayğısızcasına süzüb keçməkdir.
Postmodernizmin Ortaçağ oxşartıları
Ortaçağda müsəlman filosofları mütəkəllimlər Allahın varlıq
üzərində gücünü belə sübut edirdilər. Hər nəsnə atomlardan qurulub.
Ancaq bu atomları hər an Allah var edir, etməyəndə atom sönüb yox
olur. Məsələn, dağ ona görə olduğu kimi qalır ki, Allah onu əmələ
gətirən atomlar düzümünü hər an eyni düzümdə var edir. Bəs, Allahın
möcüzəsi nədir? Tanrı dağı əmələ gətirən atomlardan bir an içində
varlığı alıb onların yerinə başqa atom düzümünü yaradanda, dağın
yerində bir anda ayrı nəsnə peyda olur. Mütəkəllimlərin düşüncəsinə
görə, möcüzə belə yaranır.
Çağımızda "ordan-burdan" prinsipində düşüncə, görüntü
naxışlarının tekstə paylanması postmodernizmin göstəricilərindən
olub. Postmodernist intellektuallar isə dürlü tekstlərdən alınma
disurslarla lap Ortaçağ müdriki kimi oynayırlar.