Rusiya Qərbin fəallaşdığını
və təşəbbüsün onun əlinə keçdiyini görəndə hər dəfə döyüş
bölgələrində təxribat törədir; Azərbaycan proseslərin yeni
istiqamətinə hazır olmalıdır...
Əslində gücün hansı tərəfdə olması vizual effektlərdən də aydın
olur. Əgər MDB-nin toplantısı da NATO-nun sammiti qədər diqqət
çəksəydi, onda demək olardı ki, güclər təxminən bərabərdir.
Amma indi güc NATO-nun tərəfindədir. Onda bəs nədən Ukrayna
prezidenti P.Poroşenkonu az qala iki günün qəhrəmanına çevirən
Şimal Alyansı Rusiyaya qarşı qəti hərbi addımlar atmaqdan çəkinir?
Güman edirik ki, cavab hamıya bəllidir - Rusiyaya qarşı savaş açmaq
üçüncü dünya müharibəsini, özü də nüvə müharibəsini başlamaq demək
olardı.
Deyilənə görə, bir dəfə A.Eynşteyndən üçüncü dünya müharibəsini
necə təsəvvür etdiyini soruşublarmış. Eynşteyn deyibmiş ki, üçüncü
dünya müharibəsini deyə bilmərəm, amma dördüncü dünya müharibəsində
insanlar ox və yayla vuruşaqcaqlar...
Ona görə də NATO başqa yolla gedəcək. Bu yolda iqtisadi
faktorlara daha çox diqqət yetiriləcək. Artıq indidən bunun
əlamətləri göürünür. Amma məni ən çox dilxor edən Qərbin Ukraynaya
ayırdığı vəsaitlərdir. Onlar bugünkü müharibə teatrı baxımından çox
az, olduqca az görünür...
Ümumilikdə isə demək olar ki, Ukraynada konfliktin başlanması
digər münaqişələrə, o cümlədən də Qarabağ münaqişəsinə diqqəti
artırıb. Bunu dərk etmək üçün elə bir ağıl tələb olunur. Qarabağ
münaqişəsinə diqqət artıb. Hiss olunur ki, Qərb artıq Rusiyaya
inanmır. Bu gün üçün görünən budur ki, Qərb təşəbbüsü Rusiyanın
əlindən almağa çalışır.
Fransa prezidenti də xüsusi fəalıq göstərir. Bu yaxınlarda onun
Ermənistan və Azərbaycan prezidentlərini görüşdürəcəyi deyilir. Ona
görə də Azərbaycan bu dönüşə, proseslərin yeni istiqamətinə hazır
olmalıdır.
Ola bilsin ki, atəşkəs bu dəfə də pozulsun. Səbəbi budur ki,
Rusiya Qərbin fəallaşdığını və təşəbbüsün onun əlinə keçdiyini
görəndə döyüş bölgələrində təxribat törədir.
Ötən dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın
vasitəçiliyi ilə görüşəcəyi deyilirdi. Amma bir anın içində aləm
biri-birinə qarışdı, atəşkəs pozuldu və prezidentlər V.Putinin
təşəbbüsü ilə görüşdülər. Bu dəfə də belə ola bilər.
Məsələ bundadır ki, Rusiya dünya siyasətində Şimali Koreya kimi
dövlətlərə çevrilmək ərəfəsindədir. Avropada heç kim V.Putini hətta
bir stəkan çay içməyə dəvət etmir. Hazırda Qarabağ münaqişəsi
Rusiyaya Qərbin diqqətini qaytarmaq iqtidarında olan yeganə
vasitələrdən biridir. Amma bir daha deyirik ki, Qərb təşəbbüsü öz
əlinə almaq istəyir.
C.Kerrinin və F.Olandın belə bir fikirdə olduğunu bir daha demək
təkrarçılıq olardı. Burada əsas odur ki, Ermənistana qətiyyən
etibar etmək olmaz. Əgər sabah Risiyadan bir siqnal gəlsə, bu
dövlət heç nəyə, heç kimə fikir vermədən onun sifariş etdiyi
musiqiyə oynamağa başlayacaq.
Bu, onların çoxdankı xasiyyətidir. Təəssüf ki, atəşkəs də elə
bir şeydir ki, onun kim tərəfindən pozulduğunu müəyyən etmək heç də
həmişə asan olmur. Bu, çox dolaşıq məsələdir. Ona görə də ehtiyatlı
və tədbirli olmaq lazımdır ki, Ermənistanın atəşkəsi pozacağı
təqdirdə itkilər çox olmasın.
Ermənistanın Qərbə bağlılığı bir fiksiyadır. On dənə Qərb ölkəsi
gəlsə belə, onu Rusiyadan, Rusiyanın planlarından çəkindirə, ayıra
bilməz. Qərbdə, çox güman ki, bunu bilirlər.
Sadəcə, güclü erməni lobbisi Qərbi bütün reallıqlara baxmadan
Ermənistana da diqqət ayırmağa vadar edir. Qərbi Ermənistana
bağlayan yeganə tel budur və bu tellər uzun illərdir ki, Qərbə
Qarabağ münaqişəsində ədalətli mövqe tutmağa və həqiqəti dilə
gətirməyə mane olur; ona görə ki, Qərbdə heç kim bu erməni əsilli
seçicilərin səsini və maliyyə dəstəyini itirmək istəmir.
O ki qaldı Ukrayna məsələsinə, Rusiyanın Ukraynadan yaxın dövrdə
əl çəkəcəyi elə də ehtimallı görünmür. Məsələ heç onda da deyil ki,
Ukrayna federalaşşmadan həddindən çox ehtiyat edir. Əslində
dünyanın ən güclü dövlətləri və o cümlədən də ABŞ federal
dövlətdir.
Amma Rusiya özünün bu təhriki və planı ilə Ukraynanın özülünə
uzun müddətli mina qoymağa hazırlaşır. Bəli, Rusiyaya Ukraynada elə
bir siyasi "rıçaq" lazımdır ki, onun vasitəsilə bu dövlətin bütün
addımlarını, xüsusən də Qərbə yönəlik siyasətini öz marağına cavab
verə biləcək qədər nizamlaya və tənzimləyə bilsin.
Musavat.com