O gün də hər zamankı sabahlardan biri idi. Xəstə və
halsızdım. Nə kimsəylə danışacaq həvəsim, nə də işə getməyə halım
vardı. Amma yeni başladığım işimin həvəsi, daha sonra Axar.az-da
apardığım layihələr məni ruhlandırırdı.
Hər dəfə saytda yerləşdirilən layihələrdən sonra təşəkkür
zəngləri alırdım. O gün də elə günlərdən biri idi. Telefonum zəng
çaldı. Artıq bu gün dünyada olmayan Qarabağ əlili, min ölümdən sağ
çıxmış Sevil Abbasova idi. Həmişəki kimi şən idi; hal-əhval
sorduqdan sonra onunla müsahibəm üçün təşəkkür etdi və məni görmək
istədiyini bildirdi. Əslində, işlərim çox olduğundan, üstəgəl
xəstəliyim üzündən görüşə getmək istəmirdim. Amma Sevil üzüləsi
adam deyildi.
İzn alıb, işdən bir saat tez çıxdım. Sevil xanımsa durmadan mənə
zəng edirdi. Durum eləydi ki, telefona cavab verə bilmirdim. Artıq
işlərimi bitirib evə qayıdırdım. Nəsə məni bu görüşdən vaz keçməyə
zorlayırdı, ancaq yenə də Sevil xanımın israrlı zənglərinə cavab
vermək məcburiyyətində qalıb telefonu açdım. O bu axşam beş
dəqiqəlik də olsa, mütləq məni görmək istədiyini bildirdi və
gülərək dedi:
- Adətən xanımlar bəylərlə görüşmək istəyirlər, amma burda bir
xanım səni görmək istədiyini dilə gətirir. Gülüşdük. Təslim
oldum.
Onunla bir neçə gün qabaq, müsahibəmizdə tanış olsaq da, bu çox
qısa vaxtda bir-birimizə isinişmişdik – belə mərd adamla dost
olduğuma sevinirdim. O, olduqca cəsarətli, gülərüz, sözün əsil
mənasında kişi adam idi. Qısası, çox çətinliklə olsa da, görüşə
bildik (hələ o gecə şəhərdəki tıxac ucbatından kilometrlərlə piyada
yerimək bahasına da olsa, görüş yerinə çatmışdım).
Görüşdük. Oradaca başqa bir Qarabağ qazisi Firudin bəydən "Cəbhə
xətti" üçün müsahibə aldım. Xəstə olduğumdan çox otura
bilməyəcəyimi bildirdim. Və qalxdıq. Öncə Firudin bəyi evinə
apardıq. Firudin bəy düşdükdən sonra Sevil xanım ön oturacağa
keçməyimi xahiş etdi. Keçdim. Xoş əhvali-ruhiyə ilə yola düşdük.
Sevil xanıma israrla: "Səni evdə qızın gözləyir, gecikmə, get. Mən
taksiylə gedərəm", - dedim. Güldü. "Səni burda bu xəstə
vəziyyətində yarı yolda qoymaq kişilikdən deyil, - dedi, - səni
evinə aparım, sonra biz Solmazla gedərik".
Belə də oldu. (Amma nə bilərdik, ayrılıq var, ölüm var...).
Yola düşəndə səhərdən məni bu görüşdən uzaqlaşdıran o qara hiss
yenidən içimdə baş qaldırdı.
Önümüzdə məni evə çatdıracaq iki yol ayrılırdı. İçimdəki deyirdi
ki, ona öz düşündüyün yolu de. Ancaq məsləhəti sevmədiyi üçün
demədim (keşkə desəydim).
O lənət olası işıqfora yaxınlaşdıq. Qızrmızı işıqda gözləyən
maşınlara baxırdım. Bir maşının tələsdiyini görüb Sevil xanıma
dedim: "Bu maşından ehtiyatlı ol". O isə həmişəki kimi gülərək,
"Məni erməni tankları əzə bilmədi, indi deyirsən bu "Cip" əzəcək?"
– dedi.
Gülə-gülə nə isə ölümdən danışırdıq. Ani olaraq "Cip" qaydanı
pozaraq çox yüksək sürətlə üstümüzə gəlməyə başladı. Sevil maşını
sağ tərəfə qaçırdıqca, sanki sürücü də israrla avtomobili üstümüzə
sürürdü. Mən öncə ani olaraq həyatımı, ailəmi, sevdiyimi,
ümumiyyətlə, bütün yaşadıqlarımı 20 saniyədə gözümün önünə
gətirdim. Və elə məhz o anda "Cip" bizə çırpıldı.
Öldüyümü zənn etdim. Yox ölməmişdim; öncə ayaqlarıma, sonra
çevrilib Sevil xanıma baxdım. O, büsbütün qan içindəydi... rəngi
ağappaqdı... arxa oturacaqdakı Solmaz xanım da qan içində durmandan
qışqırırdı. Yenə də özümü itirmədim. Bir yandan da maşınımızın hər
an partlayacağını düşünürdüm. Çevrilib Sevil xanıma kömək etmək
istədim (bu arada artıq adamlar ordaydı, amma maşının qapılarını
aça bilmirdilər), mən heç cür tərpənə bilmədim, çünki içimdəki
ağrılar, sifətimin tanınmaz halda olması və gözlərimin qanla
dolması məni hərəkətsiz etdirdi. Tək xatırladığım odur ki, hamıdan
Sevillə Solmazı xilas etməyi xahiş edirdim. Anidən adamların
arasında rəhmətlik atamı gördüm və yenidən öldüyümü, ancaq ruhumun
bu olanları izlədiyini düşündüm. Atam məlul-məlul mənə baxırdı. İlk
dəfəydi onu bu qədər çarəsiz, səssiz görürdüm. Sonrasını tam
xatırlamıram: bizi xəstəxanaya yerləşdirdilər və orada 15 gün
Sevilin ölümündən xəbərsiz, sağalıb onunla yenidən görüşəcəyimizi
düşünərək yatdım.
Xəstəxana məhbəs kimidir; insan özünü çarəsiz hiss edir. Orada
hər kəsdən Sevili soruşurdum. Onun komada olduğunu deyirdilər. Bir
insanın dərman qoxulu otaqda 15 gün sadəcə bəmbəyaz pəncərə,
yamyaşıl şam ağacları, bir də qapqara buludlardan başqa heç nə
görməməsi çox dəhşətdir. Və nəhayət, 15 gün sonra Sevilin öldüyünü
bildim, amma o, orada olduğum hər gecə yuxuma girir, mənə (heç
sevmədiyim) təsəlli verirdi.
Sağ olsun bütün dostlar, tanışlar - məni dar günümdə tək
buraxmadılar. Amma bir şeyə yenidən əmin oldum ki, Allahın insanın
canını almaması onu öldürməməsi anlamına gəlmir və ya ona şans
verməsi deyil, onu daha çox cəzalandırması imiş!
Bəlkə də belə deyil, amma...