Bəlkə də bu sual indi yalnız
ritorik görünür... Bəlkə də kimsə onu sönmüş junalistika ocağının
arxasınca deyilən bir rekviyem kimi qəbul edəcək. Amma biz o qədər
də ümidsiz deyilik...
Bu gün jurnalistikada baş verən tendensiyaları iki qrupa ayırmaq
olardı. Təbii ki, ən birincisi, qeyri-təbii, necə deyərlər, siyasi
tendensiyalardır...
Onlar bəlkə də bir və yaxud da bir neçə oxşar ölkə üçün
xarakterik tendensiyalardır. Məsələ aydındır, o şeyi ki, hamı görür
və bilir, təhlilçilər bir qayda olaraq onunla məşğul
olmurlar...
Ona görə yox ki, bu, müəllif üçün hansısa təhlükə kəsb edə
bilər. Yox, belə deyil. Sadəcə, axır vaxtlar mətbu orqanların
immuniteti o qədər aşağı düşüb ki, o, hətta ayrı-ayrı müəlliflərin
"immunitet"indən belə aşağı görünür...
Digər bir tendensiya isə təbii olaraq baş verən prosesdir -
internet mediası getdikcə daha çox kağız medianın dabanlarını
tapdamaqdır. Sözsüz ki, mətbuat aləmində baş verən prosesləri
yalnız bununla izah etmək çətindir, ən azı ona görə ki, internetin
yarandığı ölkələrdə kağız media hələ də öz mövqelərini qoruyub
saxlaya bilir... Elə bu səbəbdən də bəzi ölkələrdə kağız medianın
sürətli aqoniyası daha çox yerli siyasi amillərlə bağlıdır -
insanları oxumaq vərdişlərindən daha tez məhrum etmək
istəyirlər...
Amma kağız medianın, ümumiyyətlə, çap materiallarının
üstünlüklərinə toxunanda biz son vaxtlar bəzi texniki imkanları,
üstünlükləri qabartmağa məhkum idik - bəli, deyirdik ki, qəzeti,
jurnalı və kitabı siz parkda və yaxud da divanda uzanaraq, hətta
çimərlikdə oxuya bilərsiniz, səhifələrdə qeydlər apara bilərsiniz
və s. və i.
Görünür, internet mütəxəssisləri də boş dayanmır, bunların
üzərində düşünür və işləyirlər. Axır vaxtlar elə elektron
məmulatlar buraxılır ki, adam daha kağız medianı tərifləməyə söz
tapmır...
Amma bunlar yenə də məsələnin, necə deyərlər, texniki
tərəfləridir. Jurnalistikada bir yaradıcı proses kimi heç də bundan
az hadisələr baş vermir. İndi yeni bir keyfiyyət göstəricisi peyda
olub - bu da ictimai jurnalistikadır... Bəli, bunu görməmək, hiss
etməmək mümkün deyil - sosial şəbəkələrdə az qala hamı yazır, öz
fikirlərini başqaları ilə bölüşür...
Bu halda adətən peşəkar və həvəskar jurnalistikadan danışırlar.
Amma bəzən görürsən ki, həvəsi olan bəzi həvəskar jurnalistlər
sosial şəbəkələrdə elə şeylər edirlər ki, peşəkarlar bunu yalnız
arzulaya bilər...
Bundan əvvəl daha çox dəbdə olan sırf informasiya jurnalistikası
ilə bağlı deyilənlər idi; deyirdilər ki, şərhlərin, esselərin,
oçerklərin vaxtı keçib, adamlar daha çox informasiya
istəyirlər...
Biz heç vaxt informasiya jurnalistikasının əleyhinə olmamışıq və
şərhləri, esseləri, oçerkləri, felyetonları da siyasi süzgəc kimi
təsəvvür etməmişik. Əsla bu fikirdə olmamışıq və indi də deyilik;
nəinki cəmiyyəti, hətta fizika kimi bir elmi sırf informasiya
anlayışı üzərində qurmaq cəhdləri var...
Sadəcə, belə hesab etmişik və indi də belə düşünürük ki, digər
jurnalistika janrlarının da, xüsusən də publisistikanın yaşamaq
haqqı var. Bəzən bu və ya digər janr şəraitdən, yerli siyasi
sistemdən asılı olaraq qabarır...
Məsələn, çox şey var ki, biz onları birbaşa deyə bilmirik. Ona
görə ki, bunun formal hüquqi tərəfləri var - hətta Qaliley
inkvizisiya məhkəməsinə sübut edə bilmədi ki, Yer fırlanır... İndi
biz nə edək?..
Ona görə də bəzən publisistikanın verdiyi imkanlardan
yararlanmağa, onlardan istifadə etməyə, bir az Ezop dililə və bir
az da işarə ilə yazmağa və danışmağa məhkumuq.
Hər bir müəllif istərdi ki, onun yazısının informasiya tutumu
yüksək olsun. Di gəl, informasiya əldə etməyin məşəqqəti də hamıya
məlum...
Həm də bilirsiniz bu nəyə bənzəyir? Bəli, demək olardı ki, gəlin
bütün tarixçiləri qovaq, yalnız arxeoloqlara pul verək, onları
işlədək, çünki onlar bizə faktlar verirlər...
Amma bəs reallıq necədir? Tarixçilər yalnız arxeoloqlardan
ibarətdirmi? Fakt böyük şeydir, amma hələ hər şey demək deyil. Bu
faktları təhlil etmək və onların arxasında dayanan mənaları açmaq
lazımdır. Bunun üçün digər tarix mütəxəssisləri lazımdır.
Jurnalistika da haradasa belədir. O, təkcə informasiya
gətirəndən ibarət deyil.
Mən hələ jurnalistikanın maarifçilik missiyasını unutdum. Daha
doğrusu, bunu axıra saxladım, çünki bəzi jurnalistika
nəzəriyyəçiləri onu da inkar edir. Amma İ.Turgenevin Bazarovu,
C.Cabbarlının Məmdəli bəyi də şox şeyi inkar edirdi...
Həyat isə təkcə inkarlardan ibarət deyil. Hegel necə deyirdi?
Tezis, anti-tezis və bir də sintez...