Yuxarı

Şeytan səni bircə anın içində...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet ədəbiyyati təkcə makulatura üçündürmü?

Bu yazıya məni iki detal təhrik etdi. Birincisi odur ki, nəşriyyatlardan birində işlədiyim vaxt bizim bəzi yazıçıların kitablarını döşəmədən tavana kimi qalanmış görürdüm. Hər dəfə bu kitab "taya"sının yanından keçəndə düşünürdüm ki, görən, mən buna taya deməkdə səhv etmirəm ki? Bəli, tayanı ev heyvanları üçün qururlar. Bu "taya" isə nəşriyyatdakı kiçik gəmiricilər üçün idi...

Başqa bir detal isə odur ki, bu yaxınlarda "Sakit Don" filminə baxdım. Əsəri çoxdan oxumuşam. Amma kino mənə illər bundan əvvəl keçirdiyim duyğuları bir daha yaşatdı...

Adamlar var ki, sovet dövrünü xatırlamağı sevmirlər. Onlar bu dövrü öz həyatlarından məmnuniyyətlə qoparıb atmaq istərdilər. Amma mənim belə bir fikrim olmayıb, indi də yoxdur...

O dövrdə mənim uşaqlığım və gəncliyim keçib. Ona görə də o dövrün ədəbiyyatı da, musiqisi də məndə yalnız kövrək duyğular oyadır. Bilirsiniz, dövr özü əslində nə ədəbiyyat yaradır, nə də ki, musiqi. Bəli, bütün dövrlərin konyunkturası da olur, əsl sənəti də...

Ədəbiyyatı da, musiqini də istedadlı insanlar yaradır. "Sakit Don" filmi məndəki bu qənaəti bir daha təsdiq etdi: özüm-özümə dedim ki, əcəba, axı bu, həqiqətən də böyük ədəbiyyatdır!..

Baxıb görürsən ki, yazıçı həqiqətən də böyük ustalıq göstərib. Nə fərqi var ki, həqiqət mənfi, ya da müsbət qəhrəmanın dilindən səslənir? Əsas o deyilmi ki, bu həqiqət elə o vaxtlar da səslənib?..

Mən "həqiqət" deyəndə elə düşünməyin ki, sosial ədəbiyyatın çərçivələrinə pərçimlənmişəm. Yox, böyük ədəbiyyat həmişə böyük sevgi haqqında olur və bu sevgidən hər şey, hər kəs payını götürür...

Bu sevgidə hər şey olur: coğrafiya da, insan da, hətta Yaradanın özü də... Don çayı, lap elə Don çölləri də "Sakit Don"dakı əsas qəhrəmanların elə özü qədər qəhrəmandır...

Mən bilmirəm bu nədir? Epos? Böyük roman? Və yaxud da heç vaxt qocalmayan bir məhəbbət hekayəsi? Kitab (daha doğrusu, kitablar!) əlimin altında deyil, o səbəbdən də filmdən misallar gətirməyə məcburam...

Arvadı əsərin baş qəhrəmanına - Qriqoriyə deyir ki, saçın-saqqalın ağarıb, uşaqların böyüyüb, amma sən hələ də...

Bilirsiniz, insan həyatının nəşəsi də, faciəsi də elə budur: saç-saqqal ağarır, diş tökülür, amma bir gülüş, bir baxış, bir təravət, bir işvəli yeriş Şeytan olub səni bircə anın içində yoldan çıxarır...

Həyatın böyüklüyü, yaranışın tragikomizmi də elə budur; bəli, saç-saqqal ağarır, diş tökülür, amma yenə də gözün elə orada-burada, necə deyərlər, bu tumanda - o tumanda qalır...

Şoloxov bunu göstərə bilib. O göstərə bilib ki, insan budur, o, məhz buna görə - sevmək üstündə Cənnətdən qovulub, heç bir ideya, heç bir nəzəriyyə bu məxluqda bir işvəli yeriş qədər emosiya yaratmaq iqtidarında deyil...

Ona görə də hər şey şərtidir. Mən də yazmışam, elə başqaları da dəfələrlə yazıblar ki, iki şeyi qarışdırmaq lazım deyil: bir, sovet ədəbiyyatı olub, bir də ki, sovet dövrünün ədəbiyyatı...

Mənim üçün təbii ki, M.Şoloxov sovet dövrünün ədəbiyyatıdır. Sözsüz ki, biz burada dar, xudbin hisslərə də qapıla bilərdik...

Ondan "danışa" bilərdik ki, guya bu romanı heç Şoloxovun özü yazmayıb və s. və i.a. Amma bütün bu "tənqid"lərin bir çürük qoz qədər də qiyməti yoxdur, çünki ortalıqda ƏSƏR var - "SAKİT DON" var...

Bu mənada rus ədəbiyyatının taleyi fərqli olub. Bəli, M.Bulqakov da, A.Platonov da, lap elə R.Rojdestvenski də sovet dövrünün şairləri, sovet dövrünün yazıçıları olublar...

Amma kimin dili gələr ki, onlara "sovet yazıçısı" desin? Mən bunu yalnız və yalnız onlarla da bağlamıram. Bəli, V.Mayakovski sovet şairindən də betər sovet şairi olub! Amma kimsə, ədəbiyyatdan azacıq başı çıxan adam heç inkar edə bilərmi ki, V.Mayakovski həqiqətən də böyük şairdir?..

R.Rojdestvenski də sovet şairi idi. Amma bu adamın kiçik bir nəğməyə yazdığı sözlərə diqqət edəndə görürsüən ki, əcəba, axı, bu da böyük şairdir!..

Ona görə də kitablardan taya, ən dəhşətlisi isə, tonqal qalamağa tələsməyin. Onları əvvəlcə əlinizə alın və bir vərəqləyin, bəlkə də o saralmış vərəqlərdə elə bir şey yazılıb ki, onu bu günün ən əla növ kağızında belə tapa bilməzsiniz...

Qardaşlar, kitablardan taya qurmayın, onlardan tonqal qalamayın... Bir gün onlar qanad açıb uçar və lap elə bir uşaq filmində deyildiyi kimi "Gedək bizi başqaları oxusunlar!" deyərlər...

Tarix
2015.01.29 / 22:19
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla