Yuxarı

Əzrayılın hədiyyəsi - Şamil

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əzrayılın hədiyyəsi - Şamil

Bəli, kəndə söz yayılır ki, bəs Əzrayıl uşaq paylayır. Sevinən kim, oynayan kim... Təkcə bir kişi məyus-məyus dolaşır...

Soruşurlar ki, ay filankəs, sənə nə olub, niyə bikefsən? Yoxsa uşaq istəmirsən? Kişi də qayıdır ki, istəyirəm ey, özü də lap çox istəyirəm, amma öz uşaqlarımı istəyirəm, Əzrailə deyin ki, mənimkilərə toxunmasın, onun uşaqları mənə lazım deyil!..

Səbəbini bilmirəm, amma hər dəfə Rusiyadan, xüsusən də bu ölkə ilə münasibətlərin istiləşməsindən söhbət düşəndə o saat bu rəvayət yadıma düşür.

Amma indi bilavasitə Rusiyadan yazmayacam. Bu haqda elə bu yaxınlarda yazmışam, həm də daha bir proses var ki, onun bitməsini gözləyirəm...

İndi məni bir başqa məsələ düşündürür. Rusiyadan söhbət gedəndə əslində tək Əzraillə bağlı rəvayət yada düşmür, adam qeyri-ixtiyari olaraq uzun müddət bu imperiya ilə vuruşmuş Şamili də xatırlayır.

Bu günlərdə telekanallardan biri Şamil haqqında çox maraqlı müzakirə keçirdi. Orada çox fikirlər, çox suallar səsləndi. Amma bir sual mənə rahatlıq vermir; orada soruşdular ki, Şamil niyə təslim oldu?..

Bu, nə indinin, nə də ki, dünənin sualıdır. Rusiya-Çeçenistan müharibəsinin üstündən heç 10 il keçməyib...

O müharibənin bir qəhrəmanı da vardı, hansını ki, indiki insanlardan ən azı bir əsr ayırırdı - o da Şamil idi...

Yadıma gəlir, o vaxtlar Moskva nəşrlərinin birində bir çeçenin yazısı dərc olunmuşdu. Bəli, o da Şamildən misal çəkmişdi. Dediyi bu idi ki, hətta Şamil reallıq hissinin itrimir və artıq nəsə etmək mümkün olmayanda təslim olmaq qərarını verir...

Həm də axtarsan, Şamil tək deyildi. Böyük imperiyalar əsarət altında saxladıqları xalqlardan böyük oğullar, böyük qəhrəmanlar yetişdirirdi. Rusiya imperiyası bu baxımdan istisnalıq təşkil etmirdi - əsarətdə olan xalqlar imperiyaya qarşı üsyan edir, bu üsyanlarda öz böyük oğulları ilə ucalırdılar...

Bir az əvvəldə qeyd etdim ki, verilişdə çox maraqlı bir sual qoyuldu: Şamil niyə təslim oldu? Bu sualın cavabında deyilənlərin hamısını qənaətbəxş hesab etmək də olardı, etməmək də...

Demirəm ki, mən bu sualın cavabını bilirəm. Amma məni də həmişə bir sual düşündürüb: siyasətçi, dövlət adamı öz mübarizəsində hara qədər gedə bilər?..

Bu sualın cavabını çox siyasətçinin bioqrafiyasında axtarmışam. Amma məni qane edən cavabı tapmamışam...

Bunları niyə görə deyirəm? Elə bir mütləq kriteriya yoxdur ki, onunla bütün siyasi suallara cavab verəsən. Bəli, ölkələr müxtəlif olduğu kimi elə siyasətçilər də müxtəlif olurlar...

Gələk mətləb üstünə. Deyilənə görə, Peterburqa aparılandan sonra Şamildə ilk dəfə olaraq rus imperiyasının çoğrafi ölçüləri barədə təsəvvür yaranır...

Belə nəql eləyirlər ki, guya o, hətta deyir ki, əgər əvvəldən rus imperiyasının böyüklüyü haqda təsəvvürüm olsaydı, bəlkə də bu imperiyaya qarşı mübarizə aparmaq fikrindən daşınardım...

Bununla heç də demək istəmirəm ki, Şamil kiminlə mübarizə apardığını, kimlərə qarşı döyüşdüyünü bilmirdi, guya ki, onun öz rəqibi haqqında düzgün təsəvvürü yox idi. Yox, əsla belə bir fikirdə bulunmuram...

Bəlkə də burada başqa bir detal önəmlidir. Maksimalizm daha çox gənclərə xas keyfiyyətdir. Uinston Çörçil deyirdi ki, cavanlığında inqilabçı olmayanın ürəyi, qoca vaxtlarına qədər inqilabçı qalanın isə ağlı yoxdur...

Ona görə də ən ağlabatan fikir budur ki, Şamil təslim olmaq ərəfəsində artıq cavan deyildi, onun yaşı 60-ı keçmişdi və bu yaşda Şamil özü və dünya haqqında artıq başqa cür düşünə bilərdi...

Həm də siyasət mümkün olanın sənətidir. Şamil isə adi fanat deyildi, o, sərkərdə və dövlət adamı idi. Bir anlığa dərk edir ki, daha mübarizə aparmaq faydasızdır...

Görünür, burada yalnız yaş amili aparıcı rol oynamırdı. Ola bilsin ki, bu adamda təkcə öz gücünə deyil, həm də arxasındakı insanların da gücünə inam sarsılmışdı..

Bütün hallarda Şamil bir cəhətdən axıra qədər qalib qaldı. Bu adam məğlub olandan sonra belə əsil qəhrəman, yüksəklikdə qalan bir adam oldu...

Rus çarı ona böyük ehtiram göstərir. Təbii ki, bu, ilk növbədə Şamilin şəxsiyyətilə bağlı idi. Ən qəddar düşməndə belə ləyaqətli rəqibə qarşı rəğbət olur. Faşizmə qədər bütün böyük müharibələrin tarixi bunu göstərir...

Bu haqda ilk dəfə I Dünya müharibəsilə bağlı oxumuşdum. Azərbaycanın ilk hərbi təyyarəçisi olub - Əsgər ağa Qayıbov...

Bu adamı bir qəhrəman kimi, necə deyərlər, əsil qəhrəmana layiq bir şəkildə məhz düşmən tərəfi - almanlar dəfn edirlər...

Bəli, rus imperiyası sərkərdə Şamili məğlub etdi, amma ləyaqətli Şamil qarşısında, Şamilin ləyaqəti qarşısında özü məğlub oldu... Bəlkə də Şamildən götürüləsi ən böyük dərs də elə budur...

Siyasətdə insanlar çox baş sındırırlar ki, bəs mən edim, necə edim ki, həm reallıq hissini itirməyim, həm də ləyaqətimi qoruya bilim? Çox çətin sualdır və bu sualın bütün situasiyalar, bütün dövrlər üçün bir cavabı yoxdur...

Bəlkə də başqa bir dərs də odur ki, imperiyalar heç də Berdyayevlərin, Rozanovların iddia etdiyi kimi xalqlara azadlıq gətirmirlər, əksinə onların azadlığını almaq üçün gəlirlər.

Bəli, bir az əvvəldə qeyd etdik ki, çar Şamilə böyük ehtiram göstərir. Amma Şamilə lazım idimi bu?..

Burada Əzrail haqqındakı kiçik pritçanı necə də xatırlamayasan? Bəlkə də Şamil sonuncu dəfə atın belində Qafqaz dağlarının zirvəsində görünmək üçün hər şeydən keçərdi...

Əslində Şamilə bu lazım idi, Peterburqun kübar sarayları yox...

Tarix
2015.02.13 / 09:19
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla