Yuxarı

Şeytanın nökərləri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeytanın nökərləri

"Milis hekayələri" silsiləsindən

Dostum Tofiq Mamedov hər il olduğu kimi, bu yayda da Rusiyaya gəzməyə, dost-tanışlarını görməyə getmişdi. 10 gün Moskvada olub, köhnə dostlarına, sabiq iş yoldaşlarına (hazırkı polis veteranlarına) baş çəkib.

Həyatının 25 ilini, gəncliyini keçirdiyi möhtəşəm şəhərin tanış küçələrini, doğma yerlərini doyunca gəzib. Bir həftə də Krasnodarda qalıb, orada Nikolay İvanoviç adlı yaxın dostu, həmkarı var, onun qonağı olub. İndi də bizim qonağımızdır və əliboş gəlməyib, bir qucaq "Milis hekayəsi" gətirib.

Dedi hazırda Azərbaycanda da seçkilərə hazırlıq gedir, yəqin burda da "şeytanın nökərləri" suyu bulandırmağa, bulanıq suda balıq tutmağa cəhd edir! Dedim doğrudur, seçkilərə hazırlıq gedir, amma "şeytanın nökərləri" kimlərdir?

- Nikolay İvanıç əslən Krasnodardan, orda bir Apşeronsk adlı qəsəbə var, ordan idi. Həmin dövrdə mən sahə müvəkkili işləyirdim, İvanıç isə CAŞ-ın rəisi idi. Mənə münasibəti yaxşı idi, çox köməyi dəyirdi. Elə mənim əməliyyat müvəkkili keçməyim də onun xidməti idi. Deyirdi, sən cənublu, mən cənublu, sən abşeronlu, mən apşeronlu, deməli, yerliyik. O, məndən 7-8 il qabaq, 90-nın əvvəllərində təqaüdə çıxıb, Krasnodara qayıdıb. İndi Apşeronskda yaşayır, arıçılıqla məşğul olur, əməlli-başlı fermerdir. Neçə dəfə yoldaşı ilə Bakıya qonaq gəlib, mən də dəfələrlə onun qonağı olmuşam. Balla çay içə-içə ötüb-keçənlərdən gap etmişik...

Bu dəfə düz bir həftə Apşeronskda qaldım, İvanıçın qonağı oldum. Və İvanıç mənə maraqlı bir əhvalat danışdı. Əsil kriminaldır, yəqin sizinçün də maraqlı olar.

Hadisə Rusiyada prezident seçkiləri, həm də yeni il ərəfəsində baş verib. Məlum olduğu kimi, Rusiyada prezident seçkiləri yazda, mart ayında keçirilir. 2012-ci ilə qədər prezident 5 illiyə seçilirdi, 2012-ci ildə isə ilk dəfə 6 illiyə seçilməli idi. Deməli, 2011-ci ilin noyabr ayından etibarən Rusiyanın cənubunda - Krasnodarda, Stavropolda, hətta Rostovda internet məkanında qeyri-adi hadisələr baş verməyə başladı. Cənub əyalətlərində populyar olan saytlarda "Rusiyanın xilası - qanımızın bahası", "Hər güllə - korrupsiya ilə mübarizəyə", "Vətən xainlərinə olum, ya ölüm?!" kimi radikal şüarlar səslənməyə başladı. Şüarların müəllifi də "Vətənin nökərləri" adlı hansısa bir mifik təşkilat idi. Əvvəl polis, sair hüquq mübarizə orqanları bu cür çağırışlara fikir vermirdi, çünki ortada sözdən başqa heç nə yox idi. Dekabr ayının əvvəllərində bizim yerli, populyar xəbər portallarının birində təşkilatın sözdən işə keçəcəyi və Krımskda "Vətən xainlərinə ölüm" adlı aksiya keçirəcəyi barədə xəbərə də beləcə diqqət verilmədi. Amma səhəri gün Krımskda bazarda partlayış törədildi, bir neçə nəfər qətlə yetirildi, çoxlu adam xəsarət aldı, sağlamlığını itirdi.

Krımsk Krasnodarın qərbində yerləşən və iki dənizin (Qara və Azov) kurort ərazisinə, xüsusən də Qara dənizin sahilində yerləşən və vilayətin turizm mərkəzi hesab edilən məhşur Anapaya yaxın şəhər tipli qəsəbə idi. Və burda baş verən terror hadisəsi mərkəzi və yerli hakimiyyəti narahat etməyə bilməzdi. Bir sözlə, "Vətənin nökərləri" qan bahasına vətəni xilas etməsə də, diqqəti cəlb etdi. Terror hadisəsi ilə əlaqədar cinayət işi qaldırıldı, polis mifik təşkilatla maraqlanmağa başladı. Lakin ilkin istintaq, xəbər portalının əməkdaşlarının sorğu-suala tutulması bir nəticə vermədi. Portal əməkdaşları bir nəfər kimi sayta xaker hücumu olduğunu və məlum xəbərin də onlar tərəfindən qoyulduğunu bildirdilər. Amma polis də uşaq-muşaq deyil, burda "oddan, sudan və mis borulardan keçən" oğlanlar işləyir. İşə mütəxəssislər cəlb edildi, xəbərin sayta qoyulması prosesi peşəkarcasına araşdırıldı. Məlum oldu ki, saytın normal mühafizə sistemi var, informasiya bankı və reklam bazası salamatdır. Deməli, sayt məlum xəbər qoyulmazdan əvvəl hücuma məruz qalmayıb və parolu sındılmayıb. Yalnız xəbər qoyulduqdan və əsas bloklar köçürüldükdən sonra "xaker hücumu" imitasiya olunub və sayt dağıdılıb. Amma xəbər bazası salamat qaldığından sayt qısa müddətdə bərpa olunaraq işlək vəziyyətə gətirilib və fəaliyyətini davam etdirib.

Beləliklə, saytın rəhbərliyi fakt qarşısında qaldı və istintaqa ifadə verməyə başladı. Xəbər portalının sahibi İqor Arkadyev adlı, 30-35 yaşlı cavan adam idi. Moskvada təhsil almışdı, Krasnodarda yaxşı proqramçı kimi tanınırdı, yaxşı əlaqələri, geniş imkanları vardı. Deyirdilər ki, yeni ildən internet televiziyası açmaq, prezident seçkiləri ərəfəsində cənub regionunu tam əhatə etmək istəyir. Birdən-birə belə bir dəhşətli hadisənin baş verməsi onun bütün biznes planlarını, bütün karyerasını alt-üst edə bilərdi. Odur ki, Arkadyevin əvvəl susması, sonra isə istintaqla aktiv əməkdaşlığa başlaması tamamilə başa düşülən idi. Deməli, hadisədən bir neçə gün əvvəl özlərini "Vətənin nökərləri" kimi təqdim edən iki naməlum şəxs Arkadyevin ofisinə gəlir və təqdim etdikləri diskdəki xəbərin reklam qiyməti ilə sayta qoyulmasını xahiş edir. İqor xəbərə baxır və onları rədd edir. Naməlum şəxslər Arkadyevin peşman olacağını, onun evi, ailəsi, maşını oluğunu xatırladırlar. İqor onları ciddiyə almır, mühafizə xidmətini çağırır və çağırılmamış qonaqları bayıra atmağı əmr edir. Qonaqlar nəzakətlə xudafizləşirlər və müqavimət göstərmədən ofisi tərk edirlər. Amma gecə Arkadyevin bahalı maşını qarajda alışıb yanır. İqor güllənin hardan atıldığını hiss edir, odur ki, dərhal polisə şikayət edir, mühafizəni də gücləndirir. Amma çağrılmamış qonaqlar daha gəlmirlər, iki gün sonra ona bir paket göndərirlər. Paketdə məlum xəbərin yazıldığı disk və bu dəfə evinin yandırılacağı barədə xəbərdarlıq olur. Arkadyev risk etməkdən çəkinir və "xaker hücumu"nu imitasiya edərək, xəbəri saytda yerləşdirir.

Beləliklə, "Vətənin nökərləri" mütəşəkkil cinayətkar dəstə kimi ciddi təhlükəyə çevrilir və polis bütün Krasnodar vilayəti boyu geniş əməliyyat-axtarış tədbirlərinə başlayır. Arkadyevin ofisinə gələn iki nəfərin fotorobotları hazırlanır və vilayətin hüquq-mühafizə orqanlarına yayılır. Amma dekabrın axırına qədər davam etdirilən axtarış işləri heç bir nəticə vermir. Dekabrın sonlarında isə qonşu Stavropol vilayətində populyar portalların birində "Vətənin nökərləri"nin Stavropol şəhərində "Vətən xainlərinə ölüm" adlı aksiya keçirəcəyi barədə analoji xəbər yayılır. Vilayətin bütün hüqüq-mühafizə orqanları səfərbər olunsa da, növbəti terror hadisəsinin qarşısını almaq mümkün olmur. Stavropol şəhərinin mərkəzində yerləşən və elitar hesab edilən "Pioner" kafesində axşam saatlarında partlayış törədilir və sonradan yanğına çevrilir. Müvafiq qurumların operativ müdaxiləsinə və geniş xilasetmə tədbirlərinə baxmayaraq, faciədən qaçmaq olmur. Terror hadisəsində onlarla gənc həlak olur, çoxlu insan yaralanır. Hadisə federal hakimiyyətin nəzarətinə götürülür, hüquq-mühafizə orqanlarının mərkəzi qurumlarının əməkdaşları Stavropola ezam olunur. Məlum olur ki, bu terror hadisəsi də eyni senari ilə işlənib və həyata keçirilib.

İki nəfər analoji xahişlə portalın rəhbərinə müraciət edir və rədd cavabı alır. Səhəri gün onun məktəbli oğlu dərsdən gələndə oğurlanır, naməlum istiqamətdə aparılır. Portalın rəhbəri övladının həyatı ilə oynamaqdan çəkinir, hüqüq-mühafizə orqanlarına müraciət etmir və "Vətənin nökərləri"nin xəbərini saytda yerləşdirir. Hüqüq-mühafizə orqanları operativ axtarış-əməliyyat tədbirlərinə başlayır, nəticə isə alınmır ki, alınmır…

Amma məlum kəlamda deyildiyi kimi, su sənəyi suda sınar, yəni cinayətkar cinayət başında yaxalanar, sadəcə olaraq, geci-tezi var. "Vətənin nökərləri" də cinayət başında yaxalandılar. Deməli, onlar Rostov şəhərində şəxsi televiziya kanallarının birinin rəhbərinə müraciət edirlər, diskdəki materialı reklam qiyməti ilə verməyi xahiş edirlər. Etiraz etdikdə isə ona xəbərdarlıq edirlər, qorxutmaq istəyirlər. Amma keçmiş hərbçi olan kanalın rəhbəri ağıllı, ehtiyatlı adammış. Yaxşı bilir ki, girişdə yoxlanan qonaqlar silahsızdırlar. Dərhal stolun altındakı düyməni basıb mühafizəni çağırır, özü isə vaxt itirmədən tapançanı çıxarır. Nəzakətlə qonaqlara müraciət edir, əllərini göstərməyi və kəskin hərəkət etməməyi xahiş edir. Qonaqlardan biri, daha gənci özünü yaxşı aparmır və stolun üstündəki heykəlciyi ofis sahibinə atır. Amma dərhal çiynindən güllə yarası alır və yerə yıxılır. Ayaq üstə duran yoldaşını isə mühafizə xidməti yaxalayır. Beləliklə, "Vətənin nökərləri"nin "Qordi düyünü" açılmağa başlayır…

Operativ və peşəkar aparılan əməliyyat-istintaq işləri tez bir zamanda cinayətkar dəstənin bütün üzvlərini yaxalamağa imkan verdi. Məlum oldu ki, "Vətənin nökərləri" siyasətdən uzaq, Rusiyanın cənub zonasında tanınmış bir avtoritetin yaratdığı, əsasən uğursuz idmançılardan ibarət mütəşəkkil cinayətkar dəstədir. Bunların əsas işi reket, quldurluq, narkotik və silah alveridir. Sərfəli sifariş olanda hətta "yaş iş"ə də gedirlər, yəni killer kimi də işləyirlər. Bu dəfə də belə olub. Cinayətkar dəstənin başçısı Moskvada olanda bir əcnəbi ümumi tanışları vasitəsilə onunla görüşüb. Və qəribə bir sifariş verib: "Vətənin nökərləri" adı ilə mətbuatda hədələyici elanlar vermək və sonra bu elanları həyata keçirmək, yəni insanların sıx olduğu ictimai yerlərdə, kafelərdə, bazarlarda, banklarda partlayışlar, terror hadisələri törətmək. Avtoritet əvvəl "siyasi iş"ə çevrilən "yaş iş"dən boyun qaçırmaq istəyib, hətta yalnız cənub zonasına baxdığını bəhanə gətirib. Amma əcnəbi əl çəkməyib, hər əməliyyata yüz min dollar təklif edib. Acgözlük hətta "üzü üzlər görmüş" avtoriteti də yıxıb. Razılaşıblar, hər terror hadisəsindən sonra görüşüblər, hərə öz istədiyini alıb.

Cinayətkar dəstənin avtoritet başçısı ələ keçdikdən sonra xarici qonağı yaxalamaq elə də çətin olmayıb. Məlum olub ki, o, Qərb ölkələrindən birinin Moskvada fəaliyyət göstərən səfirliyinin attaşesidir. Sadəcə olaraq, öz ölkəsində imkanlı beynəlxalq təşkilatlardan birinə Rusiyada hakimiyyətə qarşı mübarizə aparan və seçkilərə təsir etməyə qadir olan vətənpərvərlər təşkilatının yarandığını, "demokratiya uğrunda" mübarizə apardığını və maddi dəstəyə ehtiyacı olduğunu deyib. Bu məsələdə ona Qərb mətbuatında müxtəlif müəlliflərin imzası ilə "Vətənin nökərləri"nin mübarizəsi haqqında çap etdirdiyi yazılar da kömək edib. Beynəlxalq təşkilat maddi dəstək göstərməyə razılıq verib və attaşeni faktiki olaraq öz nümayəndəsi seçib. Bədnam diplomat da aldığı pulları "yumaq" üçün Rusiyada mütəşəkkil cinayətkar dəstəyə yol tapıb və onlara terror sifarişi verib. Hər terrordan sonra isə Qərb mətbuatında Rusiyada "Vətənin nökərləri" təşkilatının fəaliyyət göstərdiyi və "demokratiya uğrunda" mübarizə etdiyi barədə palaz-palaz məqalələr çap etdirib…

Dostumun danışdığı hekayənin aktuallığını nəhayət başa düşürəm… O, isə fikrini tamalayır:

- Bəli, "Vətənin nökərləri" də bəzi müxalifətçilər kimi xarici sifarişləri həyata keçirirdi. Amma onlar da, bunlar da vətənin yox, şeytanın nökərləridir…

Tarix
2015.02.15 / 10:20
Müəllif
Qаlib Аrif
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla