Bu vaxta qədər az kitab
oxumamışam. Amma üç kitab mənim həyatımda olduqca dərin iz buraxıb.
Bu üç kitabı bir neçə dəfə oxusam da, dərindən başa düşə
bilməmişəm...
Bunlardan biri Aristotelin "Metafizika"sı, biri İ.Kantın "Təmiz
idrakın tənqidi", üçüncüsü isə Nitsşenin "Zərdüş"tü olub. Bir daha
deyirəm ki, bu üç kitabı başa düşmək üçün çox çalışmışam. Hətta
filosofların onlar haqqında yazdıqlarını belə oxumuşam ki, bəlkə
bir şey başa düşdüm...
Amma hələ də hesab edirəm ki, mən onları başa düşə bilməmişəm.
Ona görə də kimsə soruşanda ki, filan əsəri oxumusan, adətən belə
cavab verirəm ki, yox, oxumamışam, hərçənd onların hər birini bir
neçə dəfə oxumuşam...
Fəqət, bu yaxınlarda bir söhbət oldu, Nitsşe yada düşdü. Nəsə
mənə elə gəldi ki, onu başa düşməyən tək mən deyiləm, elələri var
ki, məndən fərqli olaraq başa düşmədikləri halda bunu etiraf
etmirlər, hətta müzakirə də edirlər...
Qərəz, Nitsşe ilə mənim tanışlığım yenidənqurma illərinə təsadüf
edir. 80-ci illərin ikinci yarısı idi. Siyasi mühit nisbətən
mülayimləşmişdi. Bundan istifadə edərək sovet hakimiyyətinin yasaq
etdiyi ədəbiyyatı böyük tirajlarla dərc edirdilər.
Tez bir zamanda əlimə onun "Zərdüşt"ü düşdü. Özüm adını bütöv
yazmıram. Adətən bu əsəri elə belə də adlandırırlar. Sonra
Nitsşenin bioqrafiyasını tapdım. Qərəz, bu filosofla bağlı əlimə nə
keşirdisə, acgözlüklə oxuyurdum və başa düşməyə çalışırdım...
Etiraf edim ki, əvvəl elə bilirdim "Zərdüşt" əsəri elə bu adlı
peyğəmbər və onun dini, fəlsəfəsi ilə bağlıdır. Amma kitabı
oxuyandan sonra dərk etdim ki, yox, Zərdüşt Nitsşe üçün sadəcə, bir
simvoldur...
Sonra haradasa oxudum ki, Nitsşe özü bu əsəri beşinci İncil
adlandırırımış. Bu haqda oxuyandan sonra əsərə yenidən
qayıtdım...
İndi də yaddaşımı qurdalamağa çalışıram ki, görüm, bu əsərdən
yadımda nə qalıb?
Təbii ki, birinci yadda saxladığım fikir Tanrının ölümü ilə
bağlı yazılanlar idi və bu, mənə çox təsir etmişdi. O vaxt mən
artıq Nitsşenin özünün də əslində peyğəmbər olması ilə bağlı bəzi
filosofların yazdıqlarını oxumuşdum...
Bəs peyğəmbər adlandırılan kəs necə Tanrının ölməsindən yaza
bilərdi? Burada mənə bir detal kömək edir. Nitsşenin fəlsəfəsi
fövqəlinsan fəlsəfəsi idi və mən belə başa düşürəm ki, bu filosof
dinin özünə də, Tanrı ideyasının özünə də bir mərhələ kimi baxırdı.
Onun fikrincə, elə bir məqam yetişəcəkdi, daha bu ideyalara ehtiyac
qalmayacaqdı, insan elə bir mərtəbəyə çatacaqdı ki, o özü də Tanrı
ideyasına müraciət etmədən əxlaq yaradacaqdı...
Məhz buna görə Nitsşe israrla deyirdi ki, öz əxlaqınızı yaradın.
Burada mən bir başqa yazarı xatırlamaq istəyirəm. Bu
Dostoyevskidir. Bu yazar da çox israrla belə bir sual qoyurdu:
Tanrı yoxdursa, deməli, hər şeyə izn var?..
Nitsşe bu dilemmanı özü bildiyi kimi açırdı: onun yazdıqlarından
belə nəticə hasil etmək olardı ki, fövqəlinsan özü Allah ideyasına
müraciət etmədən əxlaq yaradacaq və belə bir fikri təlqin etməyə
cəhd edirdi ki, əslində, insan yeni bir keyfiyyət göstəricisinə -
fövqəlinsana keçid ərəfəsində bir mərhələdir...
Bu kitabda ən çox təsadüf edilən frazalardan biri də "yaxınını
uçuruma itələ!" sözləri idi. Bununla Nitsşe nə demək istəyirdi?
Bəlkə o da Hobbs kimi "insan insanın düşmənidir" fikrini təlqin
etmək istəyirdi?
Çox güman ki, Nitsşe sadəcə, bunu demək istəyirdi: o şey ki
artıq dövrünü başa vurub, o kəs ki artıq ayaqları üstündə dik
dayana bilmir, ən başlıcası isə bunu istəmir, ona yardımçı olmağa,
onu saxlamağa çalışmağa dəyməz, çünki sürünmək üçün nəzərdə
tutulanlar uçuş üçün deyil, elə bu səbəbdən də buna vaxt və enerji
sərf etməyə dəyməz.
Nitsşedə mənim diqqətimi cəlb edən bir detal da onun oxucuya
çağırışı idi. Bu, qeyri-adi dərəcədə orijinal çağırış idi. Başqa
filosoflardan fərqli olaraq o insanlara demirdi ki, mənim təlimimə
gəlin. O deyirdi ki, məni tapmaq üçün məni tərk elə, özünü tapmaq
üçün məni tərk elə...
Bu, qeyri-adi bir çağırış idi. Çox, olduqca çox düşünəndən sonra
görürsən ki, bəli, Nitsşenin qulağı deşən "qəddar" çağırışlarında
əslində çox böyük, qüdrətli bir humanizm gizlənib. Bəlkə də o,
bəşər tarixində təsadüf olunan ən böyük və ən ardıcıl humanist idi:
Nitsşe insanın fövqəlgücə malik olduğuna inanırdı, onu əyilmiş
vəziyyətdə görmək istəmirdi.
Bir detal da var. Bu detal bəlkə də onun böyük humanizminə sübut
ola bilər. Artıq sarsıntılar yaşadığı bir vaxt o öz dostu ilə
gəzintiyə çıxıbmış. Kiçik bir qızın yanından keçəndə filosof ayaq
saxlayır, qızın saçlarınn tumarlayır və qayıdır ki, deyirlər,
mələklər yoxdur, məgər bu, mələk deyilmi?..