Bizim mətbuatın rus siyasətçisi Nemtsovun şəxsiyyətinə,
faciəli ölümünə marağını görüb bu yazını yazmaq fikrinə düşdüm.
Mərhumun şəxsiyyətinin şişirdilməsi, hətta siyasi lider səviyyəsinə
yüksəldilməsi, siyasi sifariş qurbanı hesab edilməsi yerli
ekspertlərin məsələdən xeyli bixəbər olmasını göstərdi. Odur ki,
elə burdan başlayaq, mərhum Boris Nemtsovun müasir Rusiya
siyasətində yerini və çəkisini aydınlaşdırmağa
çalışaq.
Siyasi lider, bir qayda olaraq, ölkədə siyasi vəziyyətə, daha
dəqiq desək, seçkilərin nəticələrinə (bütün səviyyələrdə) təsir
etmək imkanı olan siyasətçilərə deyilir. Bunun üçün həmin şəxslərin
ətrafında bütün ölkəni əhatə edən nüfuzlu siyasi partiyası, böyük
sosial potensialı olmalıdır. Bu səviyyəli siyasətçilər, daha
doğrusu, siyasi liderlər hazırda Rusiyada üçdür: Vladimir Putin,
Gennadi Züqanov və Vladimir Jirinovski. Bəli, yalnız bu üç nəfərin
rəhbərlik etdiyi siyasi partiyalar, müvafiq olaraq, Vahid Rusiya,
Kommunist və Liberal Demokrat partiyaları bu gün Rusiyada seçkilərə
gedə və 10 faizlik həddi (Rusiyada bu, 10 milyon seçici deməkdir)
aşa bilərlər.
Göründüyü kimi, bu üç nəfərin arasında, təəssüflə də olsa, qeyd
etməliyik ki, Boris Nemtsov yoxdur. Doğrudur, onun rəhbərlik etdiyi
siyasi partiya, ya hərəkat həmişə olub, amma bu təşkilatların
Rusiyada seçkilərə təsir etmək imkanları heç vaxt olmayıb. Deməli,
bu təşkilatların rəhbəri də klassik anlamda siyasi lider deyil. Bəs
onda kimdir Boris Nemtsov? Onun anım mərasiminə on minlərlə insanın
yığışması, faciəli ölümünün dünyanın bir nömrəli xəbəri səviyyəsinə
çıxması göstərir ki, o, ölkədə seçkilərin nəticəsinə təsir edə
bilməsə də, ictimai rəyə təsir etmək imkanında olub. Siyasət isə,
məlum olduğu kimi, ictimai rəyi əldə etmək və idarə etmək
sənətidir.
Deməli, Nemtsov Rusiyada tanınan və qəbul olunan siyasətçidir,
amma onlardan biridirmi, ya böyük siyasətçidirmi? Düşünürəm ki, bu
sualları cavablandırmaq üçün mərhumun tərcümeyi-halına, qısa da
olsa, nəzər salmaq lazımdır. Görək, rəsmi sənədlər nə deyir,
mətbuatda hansı xəbərlər gəzir?
Boris Yefimoviç Nemtsov 1959-cu ildə məşhur kurort şəhəri
Soçidə, imkanlı ziyalı ailəsində dünyaya gəlmişdi. Yəhudi əsilli
idi, amma məlum Jirinovski kimi, yalnız anasının yəhudi olduğunu
deyirdi. Atası tikinti mühəndisi, anası (hazırda 86 yaşındadır)
uşaq həkimi idi. Orta məktəbi və universiteti Qorki şəhərində
(indiki Nijni Novqorod), hər ikisini qızıl medalla bitirmişdi.
İxtisasca dəqiq elmlərin nümayəndəsi - fizik idi, dayısının yolu
ilə gedirdi. Dayısı bütün SSRİ-də tanınan radio-fiziklərdən biri
olub.
Boris də onun kimi alim olmaq istəyir, elmi tədqiqat
institutunda işləyir. Hətta radiofizikadan dissertasiya da yazır,
27 yaşında elmlər namizədi adı alır. Amma artıq 80-ci illərin
ortaları idi və İttifaq hökuməti yaşıllıq şəhəri olar Qorkidə atom
elektrik stansiyası qurmaq istəyirdi. Çernobıldan sonra (1986) bu,
bütün İttifaqda söyüş kimi səslənirdi və Qorkinin bütün mütərəqqi
ictimaiyyəti bu sərsəm layihəyə qarşı qalxdı. Boris Nemtsov da
özünün dediyinə görə, bu hərəkatın ön sıralarında idi. Bununla da
onun ictimai-siyasi həyatı başladı və ömrünün sonuna kimi davam
etdidi.
Bunlar rəsmi sənədlərin və mərhum Nemtsovun dedikləri idi, indi
görək qeyri-rəsmi xəbərlər və mətbuat nə deyir.
Napoleon 32 yaşında imperator olmuşdu, Nemtsov isə qubernator.
Amma Nemtosov Napoleon deyildi, deməli, rəsmi sənədlərlə
qeyri-rəsmi xəbərlər də fərqlənməli idi. Mətbuatın yazdığına görə,
Nemtsov tələbəlik və gənclik illərində yeyib-içən, kef çəkən bir
adam olub. Onun zərif cinsə və azartlı oyunlara həvəsi isə bir ayrı
söhbətin mövzusudur. Amma Boris heç birinin aludəçisi deyildi,
zatən hər ikisindən pul düzəldə bilirdi. Allah ondan heç nə
əsirgəməmişdi: uca boyu (187 sm), atlet bədən quruluşu vardı,
savadlı və məlumatlı adamdı. Deyilənə görə, "Katala" filmində
(1989) göstərilən linzalardan Boris və onun uşaqları (onlara
Qorkidə belə deyirdilər) hələ 1985-86-cı illərdə istifadə
edirdilər. Deməli, Qorkidən qatara minir, Moskvaya kimi bir gecə
vaqon-restoranda gedir, kartla qumar oyunlarına güc verirdilər.
Qatar alverçilərlə dolu olurdu, Moskvadan defisit mallar gətirir,
Qorkidə satırdılar. Onlar da gecə səhərə kimi vaqon-restoranda kef
çəkirdilər və Nemtsovun uşaqlarının qarmağına keçirdilər.
Uşaqlardan biri gözünə həmin linzalardan keçirir və yazıq
alverçinin var-yoxunun dalına keçirdi. Uduzan narazılıq edən kimi
bir-ikisini vurur, vaqon-restorandan çıxarırdılar.
Boy-buxunlu Boris bu işdə də birinci idi. Deyilənə görə, bütün
bu sərgüzəştlər hardasa 1986-cı ildə, Nemtsov atom-elektrik
stansiyasına qarşı mübarizə hərəkatına qoşulduqdan sonra sona
çatır. Sonra onu tez-tez KQB-nin Qorki idarəsinin rəisi ilə
birlikdə görürlər. Nemtsov deyir ki, bu, onun mübarizəsi ilə
bağlıdır, hətta KQB maraqlanır. Amma bu maraqlar B.Nemtsovun
1990-cı ildə deputat seçilməsi ilə nəticələnir və KQB-nin yerli
rəisi tezliklə naməlum şəraitdə həlak olur. Olsun ki, bütün bunlar
sadəcə olaraq, sözdür…
Qeyd edək ki, Boris Nemtsov böyük siyasətçi olmasa da, istedadlı
siyasətçi idi, nə zaman harda və kimi yanında olmağı fitrən hiss
edirdi. Məsələn, o, Qorki şəhərindən Rusiya Federasiyası Dumasının
deputatı kimi Rusiya prezidentliyinə Boris Yeltsinin namizədliyini
dəstəkləyirdi və 1991-ci ildə onun Nijni Novqorod vilayəti üzrə
vəkili idi. Boris Yeltsin də 1991-ci il iyulun 10-da prezident
seçilən kimi adaşını Nijni Novqorod Adminstrasiyasının sədri
(qubernator) təyin etdi. 1991-94-cü illərdə Boris Nemtsov həm də
Rusiya prezidentinin Nijni Novqorod vilayəti üzrə səlahiyyətli
nümayəndəsi oldu. 1997-ci ildə Prezident Yeltsinin seçimi kimi
Rusiyanın enerji naziri vəzifəsinə irəli çəkildi, hətta həmin ildə
baş nazirin 1-ci müavini təyin edildi. Həmin dövrdə onun hətta
Prezident Yeltsinin varisi olduğunu, onun yerinə hazırlandığını
deyirdilər. Həmin xəbərlərə görə, Nemtsovun Moskvaya gətirilməsində
və yüksək dövlət vəzifələrinə irəli çəkilməsində Prezident
Yeltsinin kiçik və sevimli qızı Tatyananın böyük rolu olub. Amma
biz qəhrəmanımızın faciəsini nəzərə alıb bu mövzunun üzərindən
sükutla keçirik.
Deyilənə görə, Napoleon da zərif cinsə qarşı həvəsli olub,
Nemtsov isə, yuxarıda deyildiyi kimi, Napoleon deyildi. Amma
Nemtsov da Napoleon kimi, yalnız bir dəfə səhv edib və özünü
bitirib. Bu səhv də 1998-ci ildə Nijni Novqorod şəhərində Prezident
Yeltsini gənc bank sədri Kiriyenko ilə tanış etməsi idi. Kiriyenko
da Nemtsov kimi fizik idi, elmi-tədqiqat institutundan tanış
idilər. Yeltsin Kiriyenkonu bəyəndi, Moskvaya gətirdi, hətta Baş
nazir təyin etdi və bununla da yenicə dirçələn Rusiya
iqtisadiyyatını böhrana məhkum etdi. 1998-ci ilin iqtisadi böhranı
Rusiyada inkişafa son qoyduğu kimi, Boris Nemtsovun da siyasi
karyerasına son qoydu. Bundan sonra onun uzun - 17 illik
müxalifətçilik dövrü başladı….
Boris böyük siyasətçi olmasa da, böyük insan olub, dostla dost,
düşmənlə düşmən olmağı bacarıb, adına layiq kişi (Boris - mübariz
deməkdir) olub. Onun dostları, onu tanıyanlar, sevənlər, hətta
keçmiş həyat yoldaşları (iki dəfə rəsmi evlənib, 4 uşağı var) onu
məhəbbətlə, sevgi ilə, göz yaşı ilə xatırlayırlar. Hətta onu
ekranda, verilişdə görənlər, mitinqdə eşidənlər ağlayır, bu böyük
insana yas saxlayır. Dostları deyir ki, Boris mərd, cəsarətli,
səxavətli, sözü ilə əməli bir adam olub. Gülləni gözünə sıxsan,
qorxmazdı, qapısına gələni boş qaytarmazdı, restoranda, kafedə
adamı əlini cibinə salmağa qoymazdı. Qadınlar onu həm də buna görə
sevirdi, axı yaşından asılı olmayaraq hər bir qadın ağ atlı oğlan
həsrətindədir. Boris Nemtsov da, sözün əsil mənasında, ağ atlı
oğlan - taleyin və insanların sevimlisi idi…
1998-ci ilin iqtisadi böhranından sonra Boris Nemtsovun Rusiyada
siyasi perspektivləri yox dərəcəsində idi. 2000-ci ildə Prezident
Yeltsinin Vladimir Putin seçimi isə bu perspektivlərin üstündən
ümumiyyətlə xətt çəkdi. Yuxarıda deyildiyi kimi, o, siyasi lider
deyildi, ölkədə seçkilərin nəticələrinə təsir edəcək nüfuzu, siyasi
təşkilatı, sosial potensialı da yox idi. Deməli, o, hakimiyyət üçün
heç bir təhlükə törətmirdi. Elə özü də hakimiyyət, vəzifə
istəmədiyini, azad söz, azad fəaliyyət, azad seçim imkanları
uğrunda mübarizə etdiyini deyirdi. Hətta son müsahibələrinin
birində "mənim ən böyük vəzifəm Boris Nemtsovdur" demişdi.
Doğrudur, imkanlı adam idi, amma milyarder deyildi, odur ki, biznes
maraqlarına da qurban gedə bilməzdi. Onun kimi 5-10 milyon dollar
pulu olanlar indi Rusiyada minlərlədir. Amma od olmasa, tüstü
çıxmaz deyirlər, deməli, nəsə vardı.
Bəli, vardı, Nemtsov son dövr müsahibələrində məlum Saakaşvilini
xatırladırdı. Sözlərində sərhəd, etik normalar gözləməzdi, siyasi
opponentlərinə qarşı çox kəskin ifadələr, hətta söyüş və təhqirlərə
yol verərdi. Onun Rusiya rəhbərliyi, Paris hadisələri, çeçen lideri
və s. haqqında sərt fikirləri, təhqiramiz ifadələri hələ təzədir,
indi də dillərdədir. Bəlkə kiminsə xoşuna gəlməyib və onun fitvası
verilib?!
Düşünürəm ki, biz bunu heç vaxt bilməyəcəyik. Əslində, elə
bilməsək yaxşıdır - çox bilən tez qocalar, deyirlər…