Fransua Olland Bakıya
gəlsin, gəlməsin?
Fransa prezidentinin Bakıya səfəri gözlənilir. Buna bəlkə də
bölgəyə səfər demək olardı, çünki Fransua Olland əvvəlcə İrəvana,
sonra Bakıya səfər edəcək...
Səfər aprelin 24-ü və 25-i baş tutacaq. Həm də deyilənə görə,
F.Olland ilk növbədə aprelin 24-də qondarma erməni "soyqırımı"nın
100 illiyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün bölgəyə səfər
edəcək.
Fransa ilə tanışlığım iki kitabdan başlayıb. Bunlardan biri,
uşaqlıq vaxtı oxuduğum "Marselyoza və həndəsə", digəri isə yenə də
o vaxtlar oxuduğum məşhur "Napoleon Bonapart" kitabları olub. Daha
sonra isə, təbii ki, Viktor Hüqo və onun məşhur "Səfillər"i
gəldi... Amma bir kitab da var idi ki, o, uşaqlıqda yaddaşımda ən
çox iz buraxmışdı. Kitab 21 yaşında dueldə həlak olmuş fransız
riyaziyyatçısı Evarist Qalua haqqında idi.
Sonralar fikriləşdim ki, bu kitabların hamısını birləşdirən nə imiş
görən? Bir də baxıb gördüm ki, bu böyük Fransa inqilabı...
Bəli, dörd kitabın dördündən də böyük Fransa inqilabları qırmızı
xətlə keçirdi və əslində, onların hamısı elə inqilab haqqında
idi.
Sonra həyatımıza Böyük Fransa İnqilabı daxil oldu. Bu mövzuda
bildiklərimizi bir az da artırdıq. Və Fransaya, onun inqilablar
tarixinə vurulduq. Düzdür, bundan sonra Kamyunun, Sartrın da
Fransasını "kəşf" etdik.
Amma Hüqonun və riyaziyyatçların Fransası, inqilablar vətəni bizə
daha xoş göründü...
Bunları nədən deyirik? Nədən lap qocalar kimi xatirələr
dünyasında çarpışırıq? Doğrusu, bir hadisədən sonra Fransa mənim
gözümdən düşdü və mən anladım ki, başqa Fransa da var...
O Fransa ki, Ermənistanı özünün "kiçik bacısı" hesab edir. O
Fransa ki, orada qondarma "soyqırım"a şübhə etmək və onu inkar
etmək özündə az qala cinayət məsuliyyəti ehtiva edir...
Və mən bu Fransadan küsdüm. Ta o vaxta qədər ki, Volterin bəzi
əsərlərini təzədən oxumağa başladım. Məndə dərhal sual yarandı:
görən, Volter həmin o qərara necə münasibət bəsləyərdi?
Bunu mənə demək çətindir. Amma Volterin sözləridir, deyir ki,
mən sizinlə razılaşmaya bilərəm, amma sizin öz fikrinizi ifadə
etmək üçün əlimdən gələn hər şeyi etməyə hazıram...
Mən Fransanı beləcə, heç olmasa, Volterin təqdimatında görmək
istərdim və hətta onu da qəbul edərdim ki, qoy, Fransa qondarma
"soyqırım" haqqında özünün qondarma qərarını saxlasın, amma
insanlara bu qondarma "soyqırım"ı təftiş etmək, onu tənqid etmək və
onunla bağlı istədiyi fikri söyləmək hüququ versin...
Di gəl, Fransa bunu etmədi. Bəli, demək olardı ki, Fransa
qondarma erməni "soyqırımı"nı tanıyan 20 ölkədən biridir. Amma bu,
heç də belə deyil. Fransa hökuməti bir az da "irəli" getdi, bu
qondarma olaya şübhə etməyi yasaq etdi...
İnsana nəyəsə şübhəylə yanaşmağı yasaq etmək... Demokratik
fikirli insan heç bir halda bunu qəbul etməz, çünki demokrat heç
nəyə doqma kimi münasibət göstərə bilməz - bu, insanın ən başlıca
keyfiyyətinə, nəyisə başa düşməyə cəhd etmək istəyinə ziddir...
İndi Olland qondarma "soyqırım" abidəsini ziyarət edəndən sonra
Bakıya təşrif buyurmaq istəyir. Nədən ötrü? Guya ki, Qarabağ
problemini müzakirə etmək üçün...
Amma bu mümkündürmü? Təbii ki, siyasətin bir vasitəsi kimi
diplomatiya hər şeyi mümkün edir - qonaqlar gəlir, qarşılanır və
yola salınır...
Amma problem qalır. Həqiqət qalır. Ən böyük həqiqət isə odur ki,
Fransa ermənilər haqqında ən böyük həqiqəti bilmək istəmir. Bundan
sonra onların indiki həqiqətləri bilmək istədiyinə kim inana
bilər?
O gün bizim telekanalların birində çox maraqlı süjet göstərdilər
- erməni əsgərləri dumanlı havada
Azərbaycanın hərbi hissələrilə təmas xəttinə həmlə etmək
istəyirlər... Nə lazımdır onlara? Niyə dinc durmurlar?
Doğrudanmı, bu xalq öz məntiqini tamam-kamal itirib?..
Ollandın gözündə onlar "cəfakeş" xalqdır. Amma kaş o biləydi ki,
bu xalqda öldürmək, xüsusən də türkü öldürmək istəyi maniakal bir
həddə çatıb - adam bu "istəyi" anlamaq iqtidarında deyil...
Ollanda elə gəlir ki, onları - erməniləri "anlayır". Ola bilər.
Amma özün nəyisə anladığını başa düşürsənsə, onda başqalarının da
anlamaq istəməsini yasaq edə bilməzsən. Belə demokratiya olmur,
əzizlərim...