Əkrəm Əylisli və Anar arasında yenə də qalmaqal
başladı.
Hər dəfə bu qalmaqal başlayanda elə bir görüntü yaradılır ki,
sanki o ədəbiyyat, söz, prinsiplər adına edilir.
Amma kimsə də bu savaşın söz, ədəbiyyat adına aparıldığına
inanmır, bəlkə də kimlərsə özünü buna inanmış kimi göstərməyə cəhd
edir, bilmirəm, amma bu iki yazar arasındakı dava-dalaşın arasında
söz ucalmır, əksinə, əzilir, kiçilir, xırdalanır.
Sonra bu əzilən, xırdalanan söz də öz qisasını alır.
Çünki iki yazarın savaşı sözü də qisas, kin və nifrətlə
yükləyir. Yazarın dilində söz sözlükdən çıxıb, təhqirə çevriləndə
təmizliyini, müqəddəsliyini itirir və hər dəfə də söz xırdalamaq
istələyənlər özləri xırdalanır.
Qalmaqala gəlincə, onun ədəbiyyata, mövqeyə heç bir aidiyyəti
yoxdur. O üzdən kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq da
ədəbiyyatın mövzusu deyil.
Maraqlıdır ki, Anar Əkrəm Əylislinin dediklərinə Yazarlar
Birliyinin adından istifadə edərək cavab verdi, yəni iki şəxs
arasındakı savaşa ədəbiyyat alət edildi. Məgər Əkrəm Əylisli və
Anar arasındakı qarşıdurma ədəbiyyata, sözə və ya mövqeyə görədir
ki, Yazarlar Birliyi də buna münasibət bildirsin? Məgər Anar
ədəbiyyat, ədəbiyyat da Anardır ki, onu böyük bir qurum müdafiə
edir?
Yox, cənablar, Anar da, Əkrəm Əylisli də yazardır, amma
bütünlükdə Azərbaycan ədəbiyyatı, ya da ədəbiyyatımızın xaç
ataları-filan deyillər.
Nə Əkrəm Əylislinin Anarın əmdiyi südə qədər geniş şərh vermək
haqqını özünə verməsi, nə də Anarın Əkrəm Əylislini "ermənipərəst"
adlandırması ədəbiyyatın mövzusu deyil.
Keçən gün "Axar.az" saytı müxtəlif yazarlar arasında bununla
bağlı kiçik bir sorğu keçirdi. Bəlli oldu ki, bir kəsim Əkrəm
Əylislini, digərisə Anarı müdafiə edir. Amma məncə, bu savaşda
kimsəni müdafiə etmək olmur. İki yazarın ictimaiyyət qarşısında
"yorğan davası" etməsi düzgün deyil. Çoxları düşünə bilər ki,
Anarın mövqeyi bəlli – o, kürsüdən bərk yapışıb, bəs Əkrəm Əylisli
necə, məgər o da sədr olmaq istəyir?
Qəti əminəm ki, sözə hörmətsizlik edib hörmət qazanmaq mümkün
deyil. Əməliylə sözü düz gəlməyəndə inam qazanmaq olmadığı
kimi...
Məncə, yaşlarının müdrik çağında görünən bu adamların bir-birinə
təhqir yağdırmaqdansa, daha yuxarı qalxıb bir-birini sevməsələr,
olanları unutmağı bacarmasalar belə, heç olmasa xatırlamamağa
çalışmaları daha yaxşı olardı. 70-i adlamış iki insanın ürəyi necə
qaldırır bu kini, nifrəti?
Anlamaq çətindir, amma mən onlar qədər yaşamasam da, bir gercəyi
anladım...
Olanları içinə yük etməkdən böyük dərd yoxdur!
Və əgər o yükü sizin qəlbinizə yığan varsa, onu uzaq tutun
həyatınızdan... Əgər bunu etməyə özünüz belə özünüzə əngəl
olursunuzsa...
...Onda özünüzü belə, qabaqlamağa, ötüb keçməyə çalışın!