Yuxarı

Şəhidimizin evdən çıxanda dediyi son sözü...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müzəffər yürüyüşü neçə-neçə igidimizi, qəhrəmanımızı, o igidləri, qəhrəmanları böyüdən ata-ananı, mühiti, məktəbi... bizə tanıtdı, sevdirdi; əlbəttə, getdikcə daha çox həqiqət üzə çıxacaq, daha çox Vətən övladınını tanıyacağıq. Hər bir belə tanışlıq başımızı ağbuludlara dəyəcək qədər ucaldır, ürəyimiz köksümüzə sığmaz olur!

Bəxtiyar Vahabzadə demiş:

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər...

Biz xalqımızla, Ordumuzla, Ali Baş Komandanımızla qürur duyuruq! Bu qürur nə qədər güclü əsaslara, tarixi faktlara, əfsanəvi, möcüzəvi həqiqətlərə malikdir, İlahi!

İlahi, bizimlə eyni ölkədə, eyni şəhərdə, bəzən eyni kənddə necə qurdürəkli, aslanbiləkli Vətən oğulları varmış, bilməmişik! Biz onların hamısını tanımamışıq, yaxud yaxşı tanımamışıq. Vətən amalı, Vətən fədakarlığı, Qarabağ eşqi, Şuşa sevdası... necə salnamələr yaratdı, necə ruh bəxş etdi xalqımıza! Bu ruh bizi böyük keçmişdən böyük gələcəyə aparan ruhdur!

Biz şəhidlərimizin, qazilərimizin bir çoxunu zamanında tanımamışıq, amma onların ruhunu, onların uğrunda mübarizə apardığı dəyəri yaxşı tanıyırıq, yaxşı bilirik. Bu dəfə şəhadət və qalibiyyət şərbəti içmək onlara nəsib oldu!

Vətənin çörəyi, suyu, havası onlara ana südü kimi halal oldu və mən biləndə ki, yüzlərlə, minlərlə vətəndaşımız şəhid ailələrini ziyarət edərək, onlardan halallıq istəyir, bu faktdan çox təsirləndim. Bunu mənə ilk dəfə şəhid qardaşlar İman və Bəhramın anası Hicran xanım dedi. Dedi, tanımadığım adamlar gəlir, bizdən halallıq istəyir ki, sizin iki övladınız şəhid olub, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda ediblər, o torpaqlara dönməmişdən öncə sizlərlə halallaşmaq borcumuzdur.

Əlbəttə, Vətənin aşağısı-yuxarısı, sərhədi, sərhəddən uzağı, cəbhəsi, mərkəzi... – hamısı, hamısı bir bütövdür; əlbəttə, respublikamızın harasında doğulmasından asılı olmayaraq, hamımız eyni şövqlə, eyni Vətən amalı, eyni ruha malik olmaqla şüurlu vətəndaş məsuliyyəti, vətən təəssübü, xalq bilinci və haqq mübarizliyi içində olmuşuq, bundan sonra da belə olacaq. Bugünədək əldə etdiyimiz həmrəylik, yumruq kimi birlik bugündə qalmır, necə ki keçmişdəki gözəl örnəklər 44 gün içində yenidən tumurcuqladı, çiçəklədi, xoş ətri bütün ölkəni bürüdü, eləcə də indi hərb meydanında, ictimai mühitdə qazandıqlarımız böyük gələcəyin inşasında bazis olacaq.

Əslən Lerikdən olan İman və Bəhram qardaşları haqqında ürək sözlərimi sizinlə bölüşmək istəyirəm. Bu qəhrəman şəhidlərimizin ailəsini ziyarət edərkən İman və Bəhram adları mənə məhz Ürək kimi gəldi – elə bildim İman və Bəhram adlarını ürəklə çəkə, onlar haqqında doğmalarım kimi ürəklə danışa bilərəm...

Sizə deyim, mən çox ziyarətlərdə olmuşam. Şəhid qardaşların ailəsini ziyarət zamanı keçirdiyim duyğuları, məsələn, Konyada Mövlanə Cəlaləddin Rumi dərgahını ziyarət edərkən keçirdiyim duyğularla müqayisə edə bilərəm...

Ailəsindən öyrəndim ki, şəhid qardaşlar hələ uşaq yaşlarından hərb sənəti ilə maraqlanıb; heç təsadüfi deyil ki, yüksək vətənpərvərlik ruhunda böyüyüblər, necə deyərlər, “sağlam bədəndə sağlam ruh olar” düsturunu da doğruldaraq, mahir idmançı olublar. Mən şəhid qardaşların ailə üzvləri ilə görüşdə eşitdiklərimdən, isti xatirələrdən belə başa düşdüm, “o sağlamlıq” dusturunun tərsi də doğrudur: “sağlam ruh sağlam bədənə sahib olur”.

Bilirsiz, sağlamlıq gözün görməsi, qulağın eşitməsi, dilin danışması... ilə, yeriməklə-yüyürməklə ölçülmür. Heç uzağa getməyək, əli-ayağı yerində olan nə qədər “sülhyaradıcı”nın, politoloqun, ekspertin, diplomatın və b.-nın ötən illər ərzində Azərbaycan həqiqətlərinə münasibətdə necə kar, kor, lal olduğunu gördük... Bugünlərdə Kəlbəcərdən çıxarılan ermənilərin komfort çıxma imkanı qarşılığında 27 il öncə bizim qardaş-bacıların öz doğma Kəlbəcərindən nə zülm və işgəncə ilə çıxarıldığını müqayisə edək... – o zaman susanlar, indi çıxdığı evi yandıran, meşəni doğrayan, infrastrukturu viran edənləri görmürmü?

Demək, lal, kor, kar, topal... olmaq fiziki xarakter daşımır, bu mənəvi kateqoriyada özünü göstərir. Vicdanı şikəstləri çox görən biz azərbaycanlılar bu mövzunu dərinləməsinə, üfüqünədək bilirik... İdmançı qardaşlar da bilirdi. Bilirdilər və məqam yetişincə öz sözlərini deməyə getdilər. Getdilər öz vəhdəti-vücud güclərini, ruh güclərini göstərməyə, tətbiq etməyə. Qardaşlar bilirdi ki:

Qəhrəmanlıq nə yalnız

bir yüksəliş deməkdir,

Nə də ulduzlar kimi

parlayıb sönməməkdir.

Sızlarsa da könüllər

Şəhidlərin yasından,

Yüyürərək getməli

onların arxasından.

Qəhrəmanlıq – içərək

acı ölüm tasından,

irəliyə atılmaq və

sonra dönməməkdir! (Nihal Adsız).

Hər iki şəhidimiz turizm sektoru üzrə təhsil alıb. Ailənin böyük oğlu İman ağır atletika ilə, kiçik qardaş Bəhram isə cüdo ilə məşğul olub. Şəhid atası Elman Məmmədov deyir, qardaşlar idman yarışlarından həmişə qalib gələrdi, nəhayət hərb meydanından – Azərbaycan Böyük Vətən müharibəsindən də qalib gəldilər! Onların alnına qalibiyyət yazılmışdı, sonunda da ən yüksək qalibiyyət nəsibləri oldu.

Şəhidlərimizin anası Hicran Məmmədova deyir, İman özünə həmişə şəhidlik zirvəsi arzulayıb, bu arzusunu gizlətməyib. Döyüşə yollanan gün yenə öz arzusunu, ürəyinə damanı ifadə edib, “şəhid olacam” deyib. Doğmaları “İman, elə demə, sən cavansan, ömrün hələ qabaqdadır” desə də, İman bu sözü təsadüfən, nəyinsə xatirinə demədiyini bir daha sübut edib: “Əzizlər, bir biləsiz şəhidlik zirvəsi necə bir uca məqamdır!” deyə cavab verib...

İman və Bəhram daim doğma Azərbaycana, xalqımıza, milli-mənəvi dəyərlərimizə bağlı olub. Qəhrəman qardaşlar örnək ömür yaşayıb, öz fiziki ömürlərini örnək şəkildə də başa vurub.

“Hər ad günlərində atalarından hədiyyə olaraq silah istəyirdilər. Bir dəfə cəbhəyə yanlarına gedəndə dedim, “oğul balalarım, baxın görün, nə qədər silahınız var”. Dedilər, “ana, bu silahı atam almayıb bizə, özümüz qazanmışıq”... – şəhid qardaşların anası deyir bu sözləri...

“Ana, şəhidlərimizi unutma, daim onları xatırla. Bəlkə mən olmadım...” – Bu şəhid qardaşların böyüyü İmanın anası Hicran xanıma dediyi son söz olub...

Şəhidlərin ölümsüzlüyünü bildiyimiz, qəbul və idrak etdiyimiz üçün biz İman və Bəhramın yalnız fiziki ayrılığından danışa bilərik; qəti əminik ki onlara edilən dualar, onlar haqqında danışılanlar, onlar haqqında yazılanlar... hər şey ruhlarına əyandır. Ruhlarına əyandır ki, 44 günlük savaşımız zəfərlə başa çatıb. Bu zəfərin sevincini, qürurunu hamımız yaşayırıq, amma dadını ölməz ruhlar hamımızdan yaxşı bilir. Bilirlər ki, bu Vətən, xalq onlara əbədi minnətdardı!

Ruhunuz şad olsun, əziz qardaşlarım!

Siz qalib gəldiniz! Qazandığınız qələbəni bizlərə halal edin!

Əbədi ehtiramla,

Qənirə Paşayeva

Tarix
2020.11.16 / 22:19
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla