Bu günlərdə M.F.Axundovla bağlı verilişə baxanda ağlıma
qəribə bir fikir gəldi. Düşündüm ki, görən, Mirzə Fətəlidən bu
tərəfə biz şərqlilər nə qədər dəyişmişik?
Elə bu haqda düşünürdüm ki, yenə də qəfildən yadıma düşdü ki, ay
aman, bircə həftədən sonra bura - Bakıya minlərlə müsyö, mister və
daha nə bilim, kim gələcək. Onlar burada nə görəcək, heç olmasa, bu
dəfə qoca Şərqdən razı gedəcəklərmi?
Elə ona görə də başladım bu mövzuda yazmağa və çalışdım ki, bir
məsələni ən azı özümçün aydınlaşdırım: görək, heç olmasa, iki yüz
ildən sonra biz müsyöləri, misterləri və daha nə bilim kimləri,
əməlli-başlı başa düşürükmü?
Qərəz, söz sözü çəkər. Bir neçə il bundan əvvəlin söhbətidir.
Jurnallardan birində Azərbaycanda olmuş bir rus jurnalistin
yazısına rast gəldim. Böyük maraqla oxumağa başladım. Amma azacıq
oxuyandan sonra xəcalət təri məni götürdü. Jurnalist az qala hər
addımda rast gəldiyi çayxanalardan yazmışdı. Yazdığına görə hər
çayxananın yanından keçəndə azərabycanlı dostları "Gəlin bir çay
içək" deyirmişlər. Yazıdan az qala bir fəryad duyulurdu. Və bu
fəryad sanki deyirdi ki, qardaşlar, adam nə qədər çay içər?
(Halbuki biz onlara "qardaşlar, bu qədər "vodka" içərlər?" deyib,
fəryad etmirik!)
Bunu indi xatırlamağımın yazının əvvəlində ərz etdiyim
"akademik" yanaşmadan başqa bir səbəbi də var. Bir daha yada salım
ki, indi hamı Avropa oyunlarına hazırlaşır. Hazırlaşan tək bu
işlərə məsul hökumət adamları deyil, hamı hazırlaşır - taksi
sürücüləri, pivə satanlar, kafe və restoran işlədənlər, o cümlədən
də çayçılar...
Ona görə də məni bir az həyəcan bürüyür. Elə hey fikirləşirəm
ki, görən, özümüz haqda yaxşı bir fikir, rəy yarada biləcəyikmi?
Əgər oyunlara gələn qonaqları da çaya tutsaq, onda...
Biz şərqliyik. Şərqlilərin də əsrlərdən qalan adətləri var.
Məsələn, biz qonağı yeməyə tutmağı, yeyiləsi nə varsa, bircə dəfəyə
onun qarşısına qoymağı sevirik. Amma avropalılar bunu xoşlamır.
Orta statistik avropalı elə ayaqüstü yeməklərə üstünlük verir,
əvəzində isə onlar gəzməyi, görməyi və gördüklərini çəkməyi
sevirlər - yadınıza salın ki, hətta iki yüz il bundan əvvəl də
Müsyö Jordan ağa buralara elə-belə gəlməmişdi, buradakı otları və
bitkiləri öyrənirdi.
Yenə də söz sözü çəkər. Bir hadisə də olmuşdu. Onu mənə bir alim
dostum danışmışdı. Deməli, ingilis alim Bakıya və Tiflisə gəlir.
Bakıda əsl şərqli kimi onu bütün günü yeməyə-içməyə tuturlar,
ingilisin demək olar ki, ayıq vaxtı olmur və vidalaşmaq vədəsi
yetişəndə ingilis qayıdır ki, Tiflisdə yaxşı işləyə bildim, amma
burada...
Demək istədiyim nədir? Bizim qonaqpərvərliyimizi qərblilər
anlamır, təqdir etmir. Bizim səxavət dediyimiz şeyi onlar bir qayda
olaraq başa düşmürlər.
Ona görə də "Ecazkar Şərq" deyib onların qarşısında sərvət və
səxavət nümayiş etdirməyə dəyməz. Əgər siz oralara getsəniz, həmin
qərblilər sizi mehmanxanada yerləşdirəcək, ola bilsin, evə yalnız
kofe içməyə dəvət edəcək və yemək üçün isə restorana aparacaq,
bəlkə də hələ hesabı da özünüz verməli olacaqsınız.
Qərblə Şərqin əsas fərqi nədədir? Qərbdən fərqli olaraq, Şərqdə
sərvəti, var-dövləti xüsusi qiymətləndirirlər, bunu yalnız
"seçilmiş insanlar"a verilən nemət sayırlar. Ona görə də Şərqdə
sərvət, var-dövlət və səxavət nümayiş etdirməyi sevirlər.
Elə bu səbəbdən də təxminən 20 gün şərqli olduğunuzu unudun.
Yoxsa bunun yalnız ziyanı olacaq. Həm də bu ziyan bütün millətin
adına yazılacaq. Gedib deyəcəklər ki, bu insanların əlindən Bakını
əməlli-başlı görə bilmədik, çünki ayıq vaxtımız olmadı. Deyəcəklər
o qədər yeyirdik ki, hətta hərəkət etməyə və gəzməyə həvəsimiz
qalmırdı, yalnız yatmaq istəyirdik.
Bir az əvvəldə Tiflisi bir qədər fərqli təqdim etdim. Bu, mənim
uydurmam deyil, eşitdiyimdir. Amma hələ "Əli və Nino" romanında
gürcülərin də böyük içki və məclis həvəskarları olmasından
yazılırdı. Romanda Əlinin dilindən deyilir ki, bir gün ayıq
vaxtımız olmadı, gah bu qohum, gah da o biri qohum bizi qonaq
aparır və doyunca içizdirirdi.
Ona görə də şərqlilərə xas olan keyfiyyətlər əslində bütün
qafqazlılarda var və bununla mübahisə etmək çətindir. Sadəcə, tutaq
ki, Gürcüstanda qərbliləri tanıyan və onların xasiyyətinə bələd
olanlar daha çoxdur və onlar qərblilərə süfrələrini ürəkləri kimi
açmırlar. Amma ümumiyyətlə götürdükdə bütün qafqazlılar
yeyib-içməyi, dadlı yeməkləri, şərabı sevirlər.
İndi bunları yazıram, ağlıma gəlir, kimsə deyəcək ki, sən
qərbliləri haradan tanıyırsan? Demirəm ki, tamam-kamal tanıyıram.
Sadəcə, bir az görmüşəm, bir az oxumuşam, bir az da eşitmişəm.
Tamamilə olmasa da, millətlərin ədəbi və bədii irsi həm də
onların etnik-mədəni kodlarıdır. Bəli, əgər sən əsl ingilis
yazarını oxuyursansa, bil ki, o, öz əsərində mütləq əsl ingilis
tipi yaradıb. Bunları bir-bir ümumiləşdirməklə bütöv bir təsəvvür
əldə etmək olar.
Həm də elə təsəvvür yaranmasın ki, mən şərqliləri yamanlayıram.
Mən özüm də şərqliyəm. Durub özüm-özümü yamanlamayacağam ki!
Sadəcə, bir daha deyirəm ki, qonaqları özümüzə görə yox, özlərinə
görə qarşılayaq, Şərqi yox, Qərbi qarşıladığımızı bilək!