Cəmiyyətləri başa düşmək
siyasətçiləri anlamaqdan həmişə çətin olub. Xüsusən də nəzərə
alanda ki, siyasətin özünün də anlamı son nəticədə gəlib
cəmiyyətdən keçir, məsələ bir az da qəlizləşir...
Nə gizlədim? Hamımız Rusiya siyasətindəki və cəmiyyətindəki
prosesləri heç olmasa, bir azacıq olsa da anlamağa çalışırıq.
Bilmək istəyirik ki, bu ölkədə cəmiyyətlə siyasət dünyası
biri-birinə nə qədər adekvatdır?
Siyasətçilər özləri çox fikrə düşə bilər, müxtəlif planlar
qurarlar. Amma bütün bunlar hər hansı formada cəmiyyətə söykənməsə
mənasız işdir...
İndi Rusiya mətbuatını izlədikdə, telekanallara ötəri də olsa
baxanda görürsən ki, vəziyyət ən azı birmənalı deyil. Kifayət qədər
narahatlıq keçirən, hökumətin bu anlaşılmaz anti-Qərb siyasətinin
harada lövbər salacağını təşviş içində izləyən insanlar da
var...
Məsələn, o gün bir müəllif yazmışdı ki, Rusiyanın Qərblə savaşı
onun özünün özünə qarşı savaş açması kimi bir şeydir, çünki bütün
"yeni rusiyalılar" əslində qərbçidir və Qərb dəyərlərinə və həyat
tərzinə böyük önəm verirlər...
Amma digər cinah – Qərbə qarşı "son və həlledici döyüş"də bütün
qüvvələri səfərbər etməyə çağıranlar daha çoxdurlar. Bu da
təbiidir, əgər yenilik və yeni siyasi ovqat ölkədə həlledici
olsaydı, bəlkə də bütün bu son proseslər yaşanmazdı da...
Ziyalıların böyük qismi özünü hakimiyyətin tərəfində hiss edir.
Yazan-pozan, ictimai disputlarda iştirak edən də elə həmin bu
ziyalılardır...
Onlar Qərbə qarşı acıqlıdırlar. Ona görə ki, Qərb onları
imtiyazlarından məhrum edib. Bir dəfə oxumuşdum ki, indi Ruiyada
hər hansı bir gənc desə ki, gələcəkdə akademik olmaq istəyirəm, ona
sadəcə, gülərlər. Ona görə ki, bir-iki min dollarlıq maaş üçün
bütün ömrünü həsr etmək gülünclükdür, çünki başqa bir işdə bundan
daha əziyyətsiz, daha asan və daha tez qat-qat çox qazanmaq
mümkündür...
Bəs mətbuatda, ictimai disputlarda çıxış edənlər kimdir? Həmin
professorlar, akademiklər. Elə bu səbəbdən də onların Qərbə qarşı
niyə acıqlı olması elə də anlaşılmaz məsələ deyil...
Sovetlərin vaxtında ziyalılar imtiyazlı təbəqə idi. Hətta
cəmiyyətin elitası hesab olunurdular. İndiki Rusiyada isə bunu
demək olmur. Siyasətçilər, siyasi mühit, iş adamları onları daim
pressinq altında saxlayır...
Yadıma gəlir, hələ B.Yeltsinin vaxtında Dumaya bir iqtisadçı
professor dəvət etmişdilər. O, azacıq danışandan sonra A.Çubays ona
dedi ki, bura sizin üçün tələbə auditoriyası deyil...
Ona görə də bu gün Rusiyada professor, dünyanın ən az tanınan
universitetində tələbələr qarşısında mücərrəd, hətta özünün də başa
düşmədiyi mətləbləri çözən bir adam deməkdir...
Bugünkü cəmiyyət də, bugünkü iqtisadiyyat da onlar elə bir
ehtiyac duymur, bu adamları artıq hesab edirlər. Amma eyni zamanda
da ölkədən böyük intellekt axını ilə bağlı gileylənməyi hamı
patriotluğun vacib bir şərti hesab edir...
Ona görə də bu insanlar Qərbə qarşıdırlar. Ona görə ki, Qərbin
ucbatından onlar vətəndaşları olduqları böyük ölkəni itiriblər,
böyük dövlət kimi hamınin himayəsindən məhrum olublar...
Elə bu səbəbdən də görəndə ki, rusiyalı professor Qərbə qarşı
ikinci savaşı udmaq üçün nələr etmək lazım gəldiyi haqda yazır,
buna elə də təəccüblənmirəm, bu günün Rusiyası üçün bunu tamamilə
təbii hesab edirəm.
Əslində bu, heç ictimai aqressiya da deyil. Bilirsiniz, bu, nəyə
daha çox bənzəyir? Bir az incidilmiş, bir az da təhqir edilmiş
insanın iztirablı davranışına. Bir daha qeyd etməyə məcburam ki,
Qərb onların dünyasını əlllərindən alıb, onları ikinci dərəcəli,
hətta üçüncü dərəcəli təbəqəyə çevirib...
Qərbdə intellekt adamlarının özlərinin heç vaxt kultu olmayıb.
Əvvəllər varlıların, daha sonra isə dövlətin və işgüzar adamların
kölgəsində keçinən intellekt adamları orada heç vaxt cəmiyyətin
elitası hesab edilməyiblər. Bəli, Napoleon kimi alimləri, elm və
sənət adamlarını himayə edən hökmdarlar da olub. Fəqət, bu, heç
vaxt norma halında olmayıb. Dünyanın bir çox ədibləri kübar
məclislərini, kübar ziyafətlərini çox ətraflı şəkildə təsvir
ediblər. Amma siz bu təsvirlərdə elm və sənət adamlarına rast
gəlmisinizmi? Özünüzü yormayın, hətta rus ədəbiyyatında da onlar
yoxdur...
Amma sovetlərin vaxtında onlar ictimai kumirlər idilər. İndi
bildinizmi nədən Rusiya ziyalıları Qərbə qarşı "son və həlledici
həmlə"yə hazırlaşır?.. Hətta son olaylar – Suriya problemi
müstəvisində ABŞ-la Rusiyanın yaxınlaşması da bu adamları başqa
səmtə yönəltmir. Onlar sanki qatı qisasçılar kimi Avropanın və
ABŞ-ın əleyhinə danışmaqda və yazmaqda davam edirlər. Ən ağrılısı
isə odur ki, bütün bunlar patriotizm pərdəsi altında baş verir. Ona
görə də bir sualı dilə gətirməkdən özünü saxlaya bilmirsən:
doğrudanmı patriotizm budur?..