Demək olar ki, hamı
maraqla ABŞ və Rusiya prezidentlərinin görüşünü gözləyirdi. Görüş
baş tutdu, amma müşahidəçilər onu "konstruktiv" və "faydalı"
adlandırsa da, ümumi izahatlardan belə məlum olub ki,
prezidentlərin danışığı alınmayıb, hər iki prezident öz mövqeyində
israr edib və B.Əsədlə bağlı mövqelərini yaxınlaşdıra
bilməyiblər.
Doğrusu, görüş ərəfəsi ümidlər çox, olduqca böyük idi. Daha çox
ona ümid edilirdi ki, iki böyük ölkə arasında münasibətlərin
mülayimləşməsi dünyanı təhdid edən böyük iqtisadi böhran qorxusunu
aradan qaldırar. Hətta deyərdim ki, bu gözləntilər Suriyadan da
irəli idi. Təbii ki, bir görüşlə belə böyük məsələlər həll olunmur.
Amma hətta bir görüş də barışığa yol aça bilərdi və bu görüş də
məhz bu səbəbdən önəmli idi.
Təbii ki, Suriya ilə bağlı da gözləntilər vardı. Görüş
ərəfəsində Rusiya mənbələri eyforiya içində yazırdılar ki, Qərb
Rusiyasız Şərqdə baş çıxarmağın mümkün olmadığını anlayıb...
Etiraf edirik ki, bizi motivlər çox az düşündürürdü. Əsas o idi
ki, bu müsəlman ölkəsini bürümüş hərbi-siyasi fəlakətə son
qoyulsun. Amma hiss olunur ki, bunu hələ bir müddət yalnız
arzulamaq lazım gələcək. Ona görə ki, V.Putin hakimiyyəti daha çox
B.Əsədi gücləndirməklə məşğuldur. Həm də deyildi ki, Rusiya
Suriyaya quru qoşunlar göndərməyəcək. Bu isə o deməkdir ki,
müharibə tonqalına bir az da "benzin töküləcək" və o, daha şiddətlə
alovlanacaq...
V.Putin BMT-nin toplantısında Qərb dövlətlərinə "Siz
bilirsinizmi nə edirsiniz" sualı ilə müraciət etdi. Amma bilmək
olmadı ki, bu, bir ritorika idi, yoxsa bu çağırışda həqiqətən də
təlaş və təşviş vardı?
İndi Suriya əsil böyük müharibə teatrına çevrilib – burada
oyunçular, tamaşaçılar və bir də rejissorlar var. Hamıının da bu
teatrdan öz gözləntisi var. Az qala süqut etmək ərəfəsində olan
B.Əsəd Rusiyanın və İranın timsalında güclü hamilər tapdı...
Hətta düşünürük ki, İranın Həcc ziyarətində həlak olmuş
zəvvarlarla bağlı Səudiyyə Ərəbistanına qarşı böyük kampaniyaya
başlaması da daha çox onun Səudiyyə krallığına təsir etmək istəyilə
bağlıdır. Təbii ki, zəvvaralrın həlak olması çox böyük faciədir,
xüsusən də əgər İranın gətirdiyi ədədlər doğrudursa! Üstəlik, əgər
səbəb kimi göstərilən hadisə - kral oğlunun Kəbəni "maneəsiz"
ziyarət etməyə çalışması haqda deyilənlər həqiqətdirsə, bunlar
Səudiyyə krallığına çox böyük bir minus gətirir...
Amma düşünürük ki, bütün hallarda məsələnin içində İranın
Səudiyyəyə təzyiq etmək istəyi də var. Ona görə ki, bu ölkə B.Əsədə
qarşı çox kəskin bir mövqe tutub və təbii ki, həmin mövqe Əsədi
dəstəkləyən İrana xoş gəlmir...
Rusiyanın Əsədə münasibətinə gəldikdə isə, düşünürük ki, burada
səmimi bağlılıq yoxdur – böyük ehtimalla Rusiya indi Əsədə siyasi
bazarda qoyulan qiyməti yoxlamaqla məşğuldur. Yaxın Şərq
despotlarını siyasi hərraca çıxarmaq Rusiyanın çoxdankı
şakəridir.
Vaxtilə Rusiya S.Hüseyni də "müdafiə" edirdi. Guya ki, Rusiya
M.Qəzzafiyə də dəstək verirdi. Amma bütün bunların nəticəsi nə
oldu? Güman edirik ki, ən azı yaşlı oxucular bütün bunları yaxşı
xatırlayır...
Ən qorxulusu isə budur ki, bu "xəmir" hələ çox su apara bilər.
S.Hüseyn də bir günə devrilmədi...
Həm də Suriya ilə bağlı ABŞ-ın bu günə qədər formalaşdırdığı
cinahda da hər şey heç də qaydasında deyil. Türkiyə iki cəbhədə
vuruşur: həm İŞİD-ə qarşı çarpışır, həm də PKK-ya qarşı. PKK ilə
mücadilə qətiyyən ABŞ-ın Suriyadakı planlarına daxil deyil. Amma
PKK Türkiyənin problemidir, özü də ciddi bir problemidir. Elə bu
səbəbdən də Türkiyə B.Əsədlə bağlı ABŞ-ı qane edən bir mövqe tutsa
da, onun PKK-ya qarşı cəbhə açması istər-istəməz B.Əsədə qarşı və
həm də İŞİD-ə qarşı vuruşan ümumi cinahı zəiflədir...
Qərəz, bu bölgədə indi o qədər qarışıq vəziyyət yaranıb ki, heç
bir formal sxem reallığı bütün dolğunluğu ilə əhatə edə bilmir. Bu,
azmış kimi Rusiya ilə ABŞ-ın sövdələşməsi də baş tutmadı. Üstəlik,
ABŞ BMT TŞ-da Rusiyanın təklifilə Suriya ilə bağlı müzakirələri
boykot etmək niyyətindədir, çünki ABŞ belə hesab edir ki, mövqelər
çox fərqlidir...
Beləcə, dünya növbəti məchulluq içindədir. Bu məchulluq dünyanı
hara aparacaq, bütün bunlar necə qurtaracaq - hələ heç kim bu
sualların cavabını və ən başlıcası isə çarəsini bilmir... Bəlkə də
ona görə ki, çarə qılmaq iqtidarında olanlar bunu istəmirlər, çünki
zavodlar boş dayanmamalıdır, güllə, top-tüfəng buraxmalıdır, ən
əsası isə, bu güllələr haradasa atılmalıdır, bu toplar haradasa
guruldamalıdır...