Mən onu tələbəlik vaxtı,
Moskvada "kəşf" etmişdim. Televizora baxırdım. Birdən bir filmi
elan etdilər. Adı da qəribə idi – "İyul yağışı". Dedim, baxım
görüm, necə filmdir, onsuz da bir işim yox idi.
Elə ilk dəqiqələrdən filmin
atmosferi məni özünə çəkdi. Xəbərim olmadı ki, film nə vaxt
qurtardı.
Dedim ki, gərək bu rejissoru
yadda saxlayım. Filmin sonunda rejissorun adını öyrəndim – Marlen
Xutsiyev. Sonra isə onun haqqında bilgi toplamağa cəhd etdim. O
vaxt bu, elə də asan deyildi, internet-filan yox idi. Azacıq da
olsa, müəyyən bilgi əldə etdim və bu, mənə sonrakı bütün dövr üçün
bəs etdi...
Bu günlərdə də Rusiya
saytlarına baxırdım. Birdən gözüm bir yazıya sataşdı, gördüm ki,
Marlen Xutsiyev haqqındadır. Qəribəsi o idi ki, sən demə, rejissor
hələ də sağ imiş və özünün 90 yaşını qeyd edirmiş...
Bəlkə də indiki gənclik sovet
filmlərinin nə demək olduğunu duya bilmir. Yox, mən demirəm ki,
dünya kinosu sovet filmlərinin yanında bir heç idi. Bu, çox
ədalətsiz qiymət olardı. Dünya kinosunun da böyük inciləri vardı.
Amma sovet filmlərini duymaq üçün o dövrü yaşamaq lazım idi. Biz
kinoda bir baxışa, bir sözə möhtac idik. Bəzən elə olurdu ki, bütün
film ərzində bircə fikir də kifayət edirdi. Belə fikirlər adətən
siyasi sistemin sifətinə bir sillə kimi dəyirdi...
Amma Marlen Xutsiyevin
filmlərində mən başqa bir nisgil duyurdum. O filmlərdə dünyanın ən
ülvi ideyalarından biri üzərində qurulmuş siyasi sistemi öz
böhranları ilə birgə görmək, sistemin qürubunu duymaq cəhdi vardı.
"İyul yağışı" filminin maraqlı finalı adamı çox təsirləndirirdi.
Bir tərəfdə gənclər dayanır, o biri tərəfdə də müharibə
veteranları... Gənclərin üzündə bir çaşqınlıq, qeyri-müəyyən təlaş
sezilirdi. Bu təlaş filmin yaradıcısından gəlirdi. Sanki rejissor
demək istəyirdi ki, biz gəlib dalana dirənirik, artıq, böyük bir
boşluq var...
Mən o baxışları hələ də unuda
bilmirəm. Sonradan böyük bir siyasi sistemin qürubuna biz də həmin
baxşılarla baxırdıq – anlamağa çalışırdıq, amma çətinlik çəkirdik,
bundan sonra nə olacağını yəqinləşdirməyə cəhd edirdik, di gəl,
bacarmırdıq...
Yadıma gəlir ki, o vaxtlar da
çox şey qeyri-müəyyən idi. Bu qeyri-müəyyənlik adamı sıxır,
qorxudurdu. Mənə elə gəlirdi ki, Marlen Xutsiyev bütün bunları
irəlicədən görürdü və çox böyük təlaş, hətta təşviş
keçirirdi.
Əslində əsil kino da belə
olmalıdır – düşündürməlidir... İndi baxırsan ki, axtarış var, kino
çəkmək istəyən var. Amma bir təqlidçilk də var. Çalışırlar ki,
xaricdə olduğu kimi, bizdə seriallar olsun və yaxud da "Cəsur ürək"
kimi bir şey çəkilsin...
Amma əbəsdir. Rejissorlara
demək istərdim ki, siz insanı çəkin, bu günün azərbaycanlısını
çəkin. Onda bəlkə bir şey alındı. Həm də bir şeyi bilmək çox
vacibdir ki, əsil kinoda nikbinlik, optimizm də fəlsəfi
olur.
Təsadüfi deyil ki, sovetlərin
vaxtından yadımızda "Azadlıq" kimi müharibə serialları qalmayıb.
Yaxşı, inandırıcı səhnələr olsa da, unutmuşuq belə serialları...
Amma Marlen Xutsiyevin fimləri yadda qalıb. Ona görə ki, həmin o
filmlərdə həqiqət zərrəsi vardı.
Digər filmlərdə də bunu tapmaq
olur. Məsələn, mən lap bu yaxınlarda bir daha "Sakit Don" filminə
baxdım. Bəli, o keçmişdə hiss etdyim, duyduğum elektriki bir daha
duymaq üçün. Niyə görə o dövr bizə maraqlı görünür? Əvvəldə ülvi
ideyalar haqqında bir cümlə yazdım. Nə idi bu ideyalar? Qardaşlıq
və Bərabərlik... Bu mənada sovet sistemi də böyük bir eksperiment
idi. Həmişə olduğu kimi niyyət xoş idi, saf idi, ülvi idi. Amma
nahaq yerə demirlər ki, cəhənnəmə aparan yol elə xoş niyyətlərdən
keçir. İndi özüm-özümdən soruşuram ki, o sistemə qarşı bizdə böyük
nifrət vardımı?..
Bəli, sistemin
ideologiyalaşdırılmış həyatına, onun komsomol və partiya
iclaslarına qarşı acıq vardı, onun təlimatçılarını və təlimatlarını
çoxu sevmirdi. Amma hamı daha çox bu fikirdə idi ki, hər şeyi
korlayan elə həmin "instruktorlar"dır, hamı düşünürdü ki, əsil
sosializm tamam başqa bir şeydir...
Bəlkə də həmişə, bütün böyük
sosial eksperimentlər vaxtı nəsə alınmayanda hamı tiri bir tərəfə
qoyub, tükü qırmanclayır. O vaxt belə ovqat güclü idi.
Tək-tük adamlar vardı ki, onlar deyir və göstərirdi ki, yox,
camaat, xırdaçılıq etməyin, burada nəsə böyük bir hesabla
qaydasında deyil, tiri qoyub, tükü döyəcləməyin... Belə insanlardan
biri də rejissor Marlen Xutsiyev idi – indi 90 yaşını qeyd edən bir
sovet rejissoru. Əslən osetin, amma yaddaşlarda sovet rejissoru
kimi qalan bir adam...