Etiraf edək ki, "ərəb
baharı" yaşayan ölkələrin heç biri Suriya kimi olmamışdı. Çox
çalışırsan ki, bu ölkədən diqqətini azacıq yayındırasan, gəl ki,
mümkün deyil, çünki az qala bütün xəbər proqramları Suriyada və
Suriya ətrafında baş verən proseslərdən başlayır...
Biz indi bu prosesin iç təfərrüatlarına varmayacağıq. Bizim üçün
maraqlı olan Suriyanın polyarizə etdiyi beynəlxalq münasibətlərdir.
Rusiya ilə ABŞ, Rusiya ilə Türkiyə, Rusiya ilə NATO arasında
münasibətlər hər gün soyumaqda davam edir. ABŞ Rusiyanın Suriyadakı
fəaliyyətindən razı deyil. Bunu başqa cür də yozmaq olardı. Amma
ABŞ strateqləri də qismən haqlıdır. Nə qədər ki, Əsəd
hakimiyyətdədir, heç kim iki cəbhədə vuruşmaq istəməyəcək...
Bəli, ABŞ strateqləri deyirlər ki, Əsəd hakimiyyətdə qalana
qədər Suriyada yaxşını pisdən, normal müxalifəti İŞİD-dən ayırmaq
mümkün olmayacaq. Elə bu səbəbdən də onların rəyincə, qüvvələr ilk
növbədə Əsəd hakimiyyətinə qarşı yönəlməlidir.
Rusiyaya gəldikdə isə, Əsəd az qala küncə sıxılmışdı. Rusiya bir
növ onu xilas etdi və hakimiyyət qüvvələri təzədən bir neçə
məntəqədə nəzarəti əllərinə keçirdilər. Ona görə də hələ Rusiya
Suriyaya müdaxilə etməyə başlayanda biz yazmışdıq ki, bu, sadəcə,
Suriya böhranına bir az da "benzin" ələyəcək...
Amma kiçik bir nüans da var. İndi bəziləri deyir ki, Yaxın
Şərqdə, ərəb ölkələrində sabitlik vardı, son proseslər bu sabitliyə
son qoydu. Amma Yaxın Şərqlə məşğul olanlar, hətta bu bölgə ilə
maraqlananlar yaxşı bilirlər ki, heç də belə deyil, bu regionda az
qala hər on illiyə bir müharibə düşür.
İndi ərəb ölkələrinə baxanda düşünürük ki, sanki bütün geosiyasi
vektorları aydın görürük – ortalıqda ABŞ var, Türkiyə var, İran
var, Rusiya var... Amma məsələnin görünməyən tərəfi də yox
deyildir...
Rusiya Suriyaya hərbi müdaxiləyə hazırlaşanda çoxları Moskvaya
diplomatik "ziyarət"ə yollandırlar. Onların arasında İran da vardı,
İsrail də...
Bizə həmişə elə gəlib ki, Yaxın Şərqdə baş verən bütün
dəyişikliklər əvvəlcə bir testdən keçirilir. Əvvəlcə öyrənilir ki,
görən, filan qüvvə hakimiyyətə gəlsə o, Yaxın Şərq problemində
hansı mövqeyi tutacaq və onun İsrailə münasibəti necə olacaq?
Bunu qeyri–adi bir şey kimi də qəbul etmək lazım deyil – bütün
ölkələr çalışır ki, ən azı öz yaxın ətrafını özü üçün əlverişli
etsin, öz ətrafında əlverişli geosiyasi çətir qura bilsin.
Bədbəxtlikdən də bu bölgə az qala yarım əsr davam edən müharibə və
barışmazlıq psixologiyasını səngitmir, onu daha da stimullşadırır.
Dünyanın taleyini həll edən böyük güclər də prosesin ortasında
görürlər ki, ay aman, devirmək istədikləri bu despotik
hakimiyyətlər əslində siyasi olimpə can atan "yeni qüvvə"lərlə
müqayisədə, necə deyərlər, lap yola getməlidirlər. Bəli, köhnələrlə
heç olmasa, danışmaq mümkündür, onlar reallıqları nəzərə almağı
bacarırlar. "Yeni"lər isə yalnız bir şey deyir: "Heç nə eşitmək
istəmirik, heç nə bilmirik, bu ərazilər bizimdir və burada İsrail
adlı dövlət ola bilməz!"
Təsəvvür edin, bu qədər proses baş verib, dünyanın mənzərəsi
dəyişib, amma ərəblərin Yaxın Şərqlə bağlı ritorikası tamamilə
dəyişməyib...
Sözsüz ki, elə bu səbədən də hətta Əsəd kimilər belə bəzən
kiməsə onun yerinə gəlmək istəyənlərdən daha konstruktiv və daha
mötədil görünür. Ona görə də bütün proseslər yarımçıq qalır: bir
qüvvəyə azacıq dəstək verir, birdən ayılıb "Ay aman, kimə dəstək
veririk?!" deyirlər...
Halbuki Yaxın Şərq problemini həll etmək üçün ikicə məsələni
razılaşdırmaq lazımdır: İsrailin bir dövlət kimi mövcud ola
bilməsini qəbul etmək və Qüdsü güzəşt etmək...
Mən bunları yazıram və sanki bunun doğura biləcəyi "etirazı"
indidən duyuram: bəli, deyə bilərlər ki, bu nə deyir, heç Qüdsü də
güzəşt etmək olar?!.
Amma yada salım ki, Qüds də, elə bütün Fələstin də bir vaxt
Osmanlı dövlətinin tərkibində idi. Türklər ondan əl çəkməyi
bacardılar, Osmanlının "haqq"ı və "qanuni maraqları" üçün mücadilə
açmadılar. Əgər türklər bunları bacardılarsa, deməli, ərəblər də
bacarar və yaxud da bacarmalıdırlar...
Ərəb dövlətləri çoxdur. Ərəb əraziləri də yetərincədir. Bir
Qüdslə ərəb dünyası heç nə itirməyəcək. Amma Qüdsi güzəşt etməməklə
ərəb dünyası az qala sabahını, perspektivini itirib... Məgər bunu
dərk etmək və qəbul etmək belə çətindirmi? Bilmək lazımdır ki, nə
qədər ki, Yaxın Şərq probleminin düyünü açılmayıb bu bölgədə əsl
sülh, əsl azadlıq olmayacaq...
Həm də siyasi idealları da bir az təftiş etmək pis olmazdı.
Tarixdə imperiyalar çox olub. Bircə anlığa fikirləşin. Hamı onları
bərpa etmək istəsə, bu dünyadan nəsə qalarmı?..