Daxili siyasətdə baş verən
proseslər yaxın vaxtlarda baş tutacaq daha bir hadisəni -
prezidentin Gürcüstana səfərini bir qədər arxa plana keçirdi. Amma
səfərin maraqlı və əhəmiyyətli olacağını ən azı bir işarədən bilmək
olar – Rusiya mətbuatı noyabrın ilk günlərində baş tutacaq səfərə
artıq ayrıca məqalə həsr etmişdi.
Gürcüstanın önəmindən danışmaq bir qədər yersizdir. Təsadüfi
deyil ki, Rusiya Qafaqzda iki dövlətin – Azərbaycan və Gürcüstanın
durumunu diqqətlə izləyir, bu iki ölkənin davranışını
proqnozlaşdırmağa cəhd edir. İndi, Gürcüstanda hakimiyyətin
müxalifətin sərəncamında qalmış yeganə tele-ruporu ələ keçirmək
istədiyi vaxtda bu məsələlər daha da aktuallaşır və düşünmək üçün
predmet verir.
Məsələ həm də ona görə maraqlıdır ki, rusiyalı siyasətçilərin və
təhlilçilərin bir sözü vardı. Onlar həmişə deyirlər ki, Azərbaycana
toxunmaq lazım deyil, Gürcüstanı götürmək kifayətdir ki, Azərbaycan
Kremlin qarşısında növbəyə dayansın.
Ona görə də biz Gürcüstandakı prosesləri daha ciddi araşdırmaq
istərdik, gəl, bunun üçün yetərincə informasiya yoxdur. Bircə onu
demək olar ki, ötən müddət ərzində əhalinin hakim "Gürcü arzusu"
koalisiyası ilə bağlı qənaətə gəlmək imkanları olub. Bu koalisiya
faktiki olaraq dediklərinin heç birini edə bilmədi – nə sovet
dövründən qalma zavodlar işə düşdü, nə də Rusiya ilə münasibətlər
yoluna qoyuldu. Hakim partiya Rusiyaya yaxınlaşmaq üçün bir neçə
dəfə cəhdlər edib, amma bu cəhdlər həm yerli ictimai rəyin Rusiyaya
bir o qədər də köklənməməsi ucbatından, həm də Rusiyanın
maksimalist tələbləri üzündən elə bir nəticə verməyib – Rusiyadan
nəsə qoparmaq üçün gərəkdir ki, onun liderlik etdiyi qurumlardan
birində, ya MDB-də, ya da Avrasiya İttifaqında olasan. Buna isə
Gürcüstandakı siyasi və ictimai ovqat imkan vermir.
İndi Rusiyanın Gürcüstanı şirnikləndirmək üçün əsas vasitəsi
enerji daşıyıcılarıdır. Bunu da Azərbaycan təmin edir. Ona görə də
Rusiyada başa düşürlər ki, Azərbaycanın enerji arteriyalarını
Gürcüstanda nəzarətə götürmədən bu iki ölkəni öz orbitinə cəlb
etmək elə də asan olmayacaq və böyük ehtimalla nə qədər ki, bu
"siyasi dublet" qırılmayıb, onlarla davranmaq çətindir.
Elə bu səbəbdən də Rusiya öz nəzarət sərhədlərini Gürcüstanın
içərilərinə doğru çəkməkdə davam edir. Məhz elə bu yolla Bakı-Supsa
marşrutunun bir hissəsi Rusiyanın nəzarətinə keçdib.
Ona görə də vəziyyət nə panika yaradacaq dərəcədə mürəkkəb, nə
də arxayınlaşacaq dərəcədə sadə deyil – Rusiya yenidən özünün böyük
iddialarına qayıdıb. Əgər indi Rusiya təyyarələrinin sorağı
Suriyadan gəlirsə, bu o deməkdir ki, rusların geosiyasi debütü heç
də tamam uğursuz deyil. Əsəd ölkəsində vətəndaş müharibəsi
başlayandan ilk dəfə xaricə çıxdı və Moskvaya səfər etdi. Bu səfər
Suriyada siyasi vektorları təxmin etmək üçün yetərincə əsas
verir.
Amma bizim mövzumuz Azərbaycan və Gürcüstandır. Rusiyanın izilə
ona görə addımlamaq zorundayıq ki, Rusiyanın Qafqazlara qayıdışı
yolunda indi ən böyük maneə bu iki ölkədir. Onlar, bir daha deyirik
ki, biri-birilə bağlıdır, Gürcüstansız Azərbaycan üçün,
Azərbaycansız da Gürcüstan üçün çox çətin olardı. Onlar yalnız
birlikdə olanda Rusiya üçün problem ola bilirlər, kimsə bu zənciri
qırsa və ya onu qırmağa cəhd etsə, onda Rusiyanın müşkülü həqiqətən
də düzələr.
Azərbaycan Gürcüstana çox önəm verir. Ümid edirik ki, hakim
"Gürcü arzusu" koalisiyası bunun fərqindədir. Bu, təkcə əvvəldə
qeyd etdiyimiz qaz və yaxud benzin məsələsi deyil. Neftin qiymətdən
düşməsi Azərbaycanı çox intensiv şəkildə alternativ imkanlar
axtarmağa sövq edir. Bu imkanlardan biri də tranzit imkanlarıdır.
Bu yaxınlarda Azərbaycanda hətta xüsusi bir qurum da yarandı. Belə
bir məqanda Bakı-Tiflis-Qars dəmiryolu xəttini unutmaq olarmı?
Təəssüf ki, bu xəttin Türkiyə hissəsində işlərin yubanması
ucbatından onun istifadəyə verilməsi ləngiyir. Fəqət tərəflər yəqin
ki, bu layihənin önəminin fərqindədir. Güman edirik ki, həm bu
layihə, həm də Azərbaycanla İranın dəmiryollarının birləşdirilməsi
imkanı bütövlükdə regionun tranzit qabiliyyətini bir neçə dəfə
artırmaq iqtidarındadır.
İran dedik, bir məsələ də yada düşdü. İranla Qərbin
münasibətlərinin mülayimləşməsi, bu ölkəyə qarşı sanksiyaların
götürülməsi Azərbaycan üçün bir dəhliz də açır. Bir vaxt
Bakı-Ceyhan xəttini İrandan keçirmək mümkün olmadı, çünki o vaxt
İran Qərblə ciddi konfrontasiyada idi. Amma indi bu maneə yoxdur.
Elə bu səbədən Azərbaycanda düşünməməlidirlər ki, Gürcüstan ölkə
üçün yeganə nəfəslikdir. Yox, indi İran dəhlizi də var ki, bu da
çox şey, o cümlədən Fars körfəzinə çıxış vəd edir...