Nə meyildir bu? Haradan
qaynaqlanır? Kimlərdir bu cür düşüncə sahibləri?
Bilmirəm, amma sosial şəbəkədə "Əgər savaş dayanacaqdısa, o 70
əsgər niyə şəhid verilirdi? İndi o ailələrə nə cavab verəcəksiniz?"
kimi əbləh düşüncənin mövcudluğundan çox narahat oldum. Ortada
nəticə olduğu halda da bu cür düşünən hətta bir nəfər tapılırsa və
buna etiraz şərhlərini oxumaq olmursa, cavab lazımdır.
Əvvəla, rəsmi olaraq verdiyimiz şəhidlərin sayı sosial
şəbəkələrdəki qeyri-rəsmi ehtimallardan iki dəfə azdır. Amma məsələ
o sayda deyil – lap 100 civarında da götürmək mümkündür. Yüz şəhid
və Azərbaycanın işğal altında olan 20 faiz torpağının bir faizinin
geri qaytarılması. Bir az kobud da görünsə, 20 faiz ərazimizin
işğaldan hərb yolu ilə qayıtması üçün 2 min (lap 4-6 min olsun)
şəhid verməyimizin tələb olunduğu məntiqi ortaya çıxır. 30 min şir
biləkli oğul itirib, 20 faiz ərazisi işğal olunan və illərdir öz
torpağında qaçqın, məzlum, gözükölgəli, utana-utana yaşayan millət
üçün 100 şəhidlə torpağının bir faizini geri qaytarmağı
bacarmasından ideal nə ola bilər?
Ortada 22 ildən sonra daddığımız, bütün dünyaya göstərdiyimiz
bir QƏLƏBƏ var: dünya Qarabağı unudacağımızı, Zəngəzur, Mehri,
Göyçə, Dərələyəz... kimi, zaman keçdikcə bu işğalla da
barışacağımızı zənn edirdi. Üç günlük savaşla Azərbaycan ortaya
qoydu ki, Ordu bununla barışmayacaq, hər şəhid gəldikcə onminlərlə
gəncin gecəni də yatmadan ayaqda qalması, Qarabağ hayqırması və
döyüşə getmək üçün can atması, minlərlə tələbənin öz universitet
rəhbərliyinə təhsilini yarımçıq saxlayıb cəbhəyə yollanmaq
müraciəti, köhnə döyüşçülərin Müdafiə Nazirliyinin qarşısında
könüllülər siyahısında bircə pillə qabağa düşmək üçün sübh 7-dən
növbə tutmaları və birdən ondan qabağa keçərlər deyə, saatlarla su
içməyə belə ayrılmadan gözləməsi sübut etdi ki, xalq da bununla
barışmır və barışmayacaq. Bunu hamı gördü – beynəlxalq qurumlar da,
ermənilər də. Bütün millət bir anda "Ya şəhid, ya qazi" ruhunu
ortaya qoymaqla Qarabağın onun üçün nə qədər müqəddəs olduğunu
göstərə bildisə, bu "xaric səslər" haradan qaynaqlanır?
Hamı ölür! Yox, elə düşünməyin ki, qocalıb yataqda ölməyi və
70-80 illik ömrün belə qısa, mənasız olduğu həqiqətini filosofanə
bir müdrikliklə demək istəyirəm. Heç üzümə patriotluq ifadəsi
verib, potetik ritorikaya başlamaq niyyətim də yoxdur. Qətiyyən!
Yaramaz həkimlərimizin səhlənkarlığından, ya yol qəzalarından
yarıda qırılan ömürləri nəzərdə tuturam.
2016-ci ilin 3 ayı ərzində yol qəzalarında ölənlərin sayı nə
qədər olub? Ölənlərin əksəriyyətinin gənclər, ailənin tək övladları
olduğunu internetin imkanlarından istifadə etməklə öyrənə
bilərsiniz. Bəs, həkimlərin tamahından nə qədər adam ölür? Bu
statistikanı doğru-dürüst müəyyənləşdirmək olmasa da, hər halda, 3
ayın nəticəsi 70-dən az deyil, əmin ola bilərsiniz. Unutmayın ki,
şəhidlərdən fərqli, bu ölənlərin heç birinin məzarı xalq
ziyarətgahına çevrilmir!..
Bir də jurnalistlərin peşəkarlığı, politoloqların təmkinli və
coşğulu açıqlamasına toxunmaq gərək. Hamısı nağıldır – hansı xüsusi
peşəkarlıq göstərdik və yaxud göstəririk? Dörd gün vicdanımıza
sarılıb, oyaq qaldıq – vəssalam! Biz heç qala kimi istehkamda o
istehkam dağıdılmadan, o ərazi alınmadan, elə pulemyotlar
arxasındaca güllə yarasından ölən erməni əsgərlərinin ermənilərin
özünün çəkib yaydığı meyitlərini, atəşin pozulduğu yox, pozulmadığı
Kəlbəcərdəki istehkamda "qəflətən ölən" erməni yaraqlılarını,
işğaldakı yaşayış məntəqələrini ev-ev, məhlə-məhlə, kənd-kənd
boşaldan erməni ailələrini göstərməmişik... Azad edilən,
əsgərimizin qanının hələ qurumadığı torpaqlarda elə həmin əsgərin
qoruması altında süjet hazırlamaq qəhrəmanlıq deyil, sadəcə,
işdir.
Günün, ayın, ilin bir qəhrəmanı, bir qalibi var – Azərbaycan
Ordusu və bu Orduya yazılmaq üçün növbəyə duran yüzminlər!
...Qalib gələn ordunun hücumu dayanmaz – bəllidir. Xalqın bu
istəyini anlamaq çətin deyil. Ancaq indi 22 ildən sonra nəhayət ki,
fərqli bir reallıq yaranıb. İndi Elmar Məmmədyarov aparmır
danışıqları, onun dili ilə Azərbaycan Ordusu, Zakir Həsənov
danışır; Daha danışıqları Prezident İlham Əliyev aparmır və demir
ki, ermənilərə yüksək status verərik. Artıq danışıqları Ali Baş
Komandan İlham Əliyev aparır və deyir ki, işğal etdiyiniz
torpaqlarımızdan cəhənnəm olun!
22 ildən sonra diplomatik müzakirələrdə nəhayət ki, Ordumuz masa
arxasındadır.
Gözləyin, danışıqları Ordu aparır – bu artıq siyasət deyil!