Rusiyanın NTV kanalındakı bəzi kriminal xarakterli
filmlər istisna olmaqla, seriallara demək olar ki, baxmıram. Bizim
tele-seriallara isə arada ona görə baxıram ki, əksəriyyətinin
ssenari müəllifləri dost-tanışdır. Doğrusu, həmin filmlərə yalandan
göz atıram ki, görüşəndə deməyə bir sözüm olsun. Bu saxtakarlıq
deyil, dost qəlbi qırmamaqır. Onsuz da ssenarisi gözəl olan
seriallarımız var ki, rejissor işi, aktyor oyunu, loru dillə desək,
qoz qabığı…
Qoz qabığı demişkən, elə indicə qoz mürəbbəsi ilə çay içmişəm.
Saat 5-ə işləyib, evdə oyaq təkcə mənəm, sözsüz ki, çayımı da özüm
dəmləyib içməliydim…
Seriallardan bəhs etmək istəyirdim, axı. Demək bu "Möhtəşəm yüz
il"i çox möhtəşəm çəkiblər. Həm rejissor işi, həm aktyor oyunu, həm
avadanlıq, həm tarixi baxımdan görüntülər yüksək səviyyədədir. Ta
bizim rejissorların çəkdikləri tarixi filmlərdəki kimi diqqətsizlik
edilməyib. Məsələn, Məlikməmmədin əyninə cins şalvar
geyindirmirlər.
Bu film ürəyimcədir, türklər demiş, harika!
"Türklər demiş", deyincə yadıma ilk dəfə tanış olduğum bir türk
düşdü. Gənclik illərində Yuqoslaviyanın Zaqreb şəhərində tanış
olmuşdum. Gəmimiz bu ölkənin istehsalı olduğundan əsaslı təmir üçün
"anadan olduğu" zavoda aparılmışdı. Göyərtədə qaynaq işi ilə məşğul
olan qarayanız gəncdən siqaretimi yandırmaq üçün kibrit istədim.
Guya ki, yuqoslav dilində danışırmışam kimi "Spiski yest?"("spiçka"
sözünü özlüyümdə yerli dilə uyğunlaşdırmışdım. Kəndimizdə
əsgərlikdən təzə gələn oğlana nənəsi deyib ki, tumanbağına rusca nə
deyirlər? Arvadın naqolay sualına cavab verə bilməyən nəvə cavab
verib: "Tumannaya bağa", bax elə).
Bu qarayanız, mənim xorvat bildiyim əbləh də gülərək "spiski
yanındakındadır" deyib, gəminin aşpazı Tanyanı göstərdi. Sonra da
elektrodla dəmiri döyəcləyib qığılcımlardan "ocaq" çatdı və mən
siqaretimi yandırdım. Əda ilə (bəs nə, kapitan gəzməyə gedib,
gəminin komandir yüksəklikləri müvəqqəti də olsa, mənim əlimə
keçib) siqareti sümürüb, özümü bir daha poliqlot kimi göstərdim:
"Xvala!" Yəni, sağ ol. Bu zırramanın cavabı həm təəccübümə, həm də
mənim onunla tutaşmama, dalaşmama səbəb oldu. O, yenə də
gülümsəyərək mənim "xvala"ma qafiyə ilə cavab vermişdi: "Gəl
sırtımı yala!"
Hər ikimizin öz dilində işlətdiyi söyüşlər eyni dildə eyni
əzaların səslənməsi ilə davam etdi və birdən bu qaynaqçı, "səni
gavur bildim",- dedi. Mən "gavuru" kafir kimi başa düşdüm. Yadıma
rəhmətlik nənəmin sözü düşdü: "Bala kafir deyilsən ki, o mal-qaraya
su ver də, dilləri ağızlarında kabab oldu axı".
Məni gavur bilən türkün adı İbrahim idi. Dostlaşdıq. Evinə də
qonaq apardı. Sonra öyrəndim ki, "spiski" sözü də qadın əzalarından
birinə deyilirmiş... İbrahim Türkiyədən çox-çox uzaqlarda doğulub
böyümüşdü. Dədə-babası da Türkiyənin üzünü görməmişdi. Orada
yaşayan türklərin əksəriyyəti Sultan Süleymanın Avropada at oynadan
zamanlarından dəstədən "qopub düşənlər imiş". Dillərini, dinlərini,
mədəniyyətlərini unutmamışdılar. İbrahimlə tanışlıqdan sonra
türkləri çox istədim.
İndi həmin "Möhtəşəm yüz il"də Sultan Süleyman oğlu Mustafanı
öldürtdüyü səhnə heç gözlərimin önündən getmir. Sultan oğluna,
təmiz türk olan Mustafaya qıydı. Gavur qızı Xürrəmdən olan oğlu
Səlimin xəbəri oldu bundan. Gavur qızından süd əmdiyinə görə
abisinin ölümünə sevindi də…
Xoşum gəlmədi türklərdən…
Sultanın yastıq yoldaşı etməzdən qabaq "La ilahə illəllah"
dedizdirdiyi gavur qızı nələr etdi… Hökmdarın təmiz türk qızından
olan oğlunu öz bətnindən çıxan balasına rəqib gördü, onu şərlətdi
və elə atasına da öldürtdü. Sultan bunu etməyə bilərdimi?! Zatən
Süleyman da atasını devirib hakimiyyətə gəlmişdi… Ona görə də
inandı. Tarix təkrar oluna bilərdi qorxusu vardı Sultan Süleymanın
canında.
İlahi, aktyor necə gözəl oynadı o rolu. Aktyor, hökmdarın oğlu
tərəfindən xəyanət olunduğunu bilməsi dəhşətini, qəzəbini və ata
sevgisini necə təbii göstərə bildi…
Türkləri həm sevdim, həm də acıdım!
"Gavur" sözünə qayıdım. Elə yuxarıda bəhs etdiyim həmin gəmi ilə
boğazı keçib Qara dənizə, oradan da Volqa-Don kanalı ilə Xəzərə və
Bakıya üzürük. Boğazda türk losman gəlib bizə bələdçilik etməlidir.
Lövbərdə dayanmışıq. Türklərin ağ sürət gəmisi yan alır. "Parad
trapı" – təmtəraqlı hallar üçün nəzərdə tutulan pilləkən endirilir.
Ağ dənizçi uniformasında, yaşıl göz, ağ saqqalı, ağ əlcəklər
geyinmiş Losman pilləkənə qalxır. Onun çantasını tutan gənc dənizçi
bizim gəminin adını oxuyur: "Kapitan Doqapolv" və losmandan
soruşur: "Bu nə demək, əfəndim?!". Əfəndi çantanı ondan alaraq
"Gavur gəmisidir, ad da gavur adıdır",- deyir. Çantası əlində
yuxarı göyərtəyə qalxır. Gənc dənizçi pilləkənə ayaq belə basmır.
Bizim gəmi SSRİ-nin ərazisi sayılır və ərazimizə girmək üçün onun
icazəsi yoxdur. Göyərtədə prosedur qaydalara görə, qarşılanma
mərasimi keçirilir. Milliyətcə rus olan kapitanımız Losmanı
salamlayandan sonra heyətin üzvləri ilə tanış edir. Sırada vəzifəyə
görə 4-cü və tək azərbaycanlı mənəm. Mənə yaxınlaşnda sakitcə:
"Əfəndim, bu gavur gəmisi deyil, Azərbaycanın gəmisidr. "Port
propiska" (liman qeydiyyatı) Baküdür",- dedim. Təmiz, yam-yaşıl
gözləri ilə gözlərimin içinə baxdı, sağ əlini ağzına tərəf
qaldırdı,- sol əlində çantasını tutmuşdu,- dişləri ilə ağ, təmiz
nazik əlcəklərini çıxartdı, sonra mənimlə görüşdü. Sonra çantanı
mənə uzatdı, əlcəklərini boşalımış sol əli ilə geyindi, çantasını
geri aldı. Gülümsədi və başqa heyət üzvləri ilə görüşdü. Özümə
qarşı bir doğmalıq gördüm.
Sevdim türkləri.
2009-cu ilədə Türkiyənin Elazığ şəhərində keçirilən ənənəvi
"Xəzər şeir şöləninə" dəvətli idim. Elazığın ilçələrində keçirilən
şeirləşmələrdə bəzi türkiyəli şairlərin bizə, Azərbaycan şairinə,
şeirinə olan marağa qısqanclıqlarını gördüm, pis oldum. İncidim
onlaran. Amma hər şeir oxuyandan sonra yüzlərlə insanın alqışını
görəndə yenidən sevindim.