"SORAQ" LAYİHƏSİNDƏ
Kimdən eşitmişdim, harada oxumuşdum, bilmirəm, amma
özümə qapılanda, özüm-özümü ovudanda çox vaxt bu misraları
pıçıldamışdım:
İndi özümün özümlə
sonuncu davam çatışmır.
İçimdə dərd nəfəs alır,
çölümdə havam çatışmır...
Şeirin sonrakı misraları da dodaqlarımın dilimdən "oğurlayıb"
qulaqlarıma ötürəcəyi qədər həzinlikdə eşidilərdi:
Yenə də dərsə gedirəm,
Ömrümü tərsə gedirəm.
İt hürən səsə gedirəm
Bir xeyir-duam çatışmır...
Bu şerin məni ovsuna salmasında isə ötən günlərimin bir daha
oxuna – geriyə qaytarılmayacaq anlarını yaşadıqca dadıma çatan
misralarıydı:
Ömrü saralı varağam,
Qəlbi yaralı bulağam,
mən elə həmin uşağam –
Ay, anam, atam çatışmır.
Şeirdə sonuncu misra "Anamla atam çatışmır" kimidir. Müəllifi
yaxından tanımadığımdan heç bu redaktəyə görə ondan üzrxahlıq etmək
də könlümdən keçməyib.
"Axr.az"ın "Soraq" layihəsinin imkanlarından istifadə edib bu
şeirin müəllifinin kimliyini aradım. Şair dostumuz Ehtiram İlham
köməyimə çatdı. Sən demə, bu müəllifin qələmə aldığı digər yazılar
da hər kəsin dilinin əzbəri imiş. Təsadüfən əzbərdən söylədiyim
şeirin müəllifinin adını çəkdi:
- Bu, Şahin həkimin şeiridi.
Öyrəndim ki, "İgid əsgər möhkəm dayan" və onlarla hərbi
vətənpərvərlik mövzusunda yazılan mahnıların, hərbi marşların
sözlərinin müəllifi Şahin Musaoğlu həm də gözəl həkimdir. Ehtiram
bəyin vasitəsi ilə həkim-şair Şahin Musaoğlu ilə əlaqə
saxladıq.
Vədələşdiyimiz zamanda görüşdük. O bir qədər tez gəlmişdi və bu
onun dəqiqliyindən xəbər verirdi. Adətən şairlər xəyalpərəst
olduqlarından vəd verdikləri yerə ya gecikər, ya da heç gəlməzlər.
Şahin Musaoğlunun bu dəqiqliyi isə görünür onun həkimliyindən və
hərbi mövzuda yazmasından irəli gəlirdi.
Şairlə görüşə foto-reportyorumuz İsminin telefonunun yaddaşında
olan, sözləri Şahin Musaoğluna məxsus "İgid əsgər, möhkəm dayan"
mahnısı ilə getdik...
Söhbətimiz şəhərimizin ən xoşagəlimli kafelərinin birinin
arxasında çay süfrəsinin arxasında başladı... bitəndə isə... Hələ
tələsməyək.
Şahin həkim işlərinin çox olmasına baxmayaraq mütaliə etməyə
vaxt tapır. Söhbətimiz çağdaş ədəbiyyatımızdan, ədəbiyyatımızın bu
günü, dünəni haqda davam etdi. Dövrü mətbuatı da müntəzəm izləyir.
Saytımız haqda xoş sözlərini də əsirgəmədi:
- Saytınızda kifayət qədər dolğun, operativ xəbərlər yer alır.
Layihələrinizi maraqla oxuyuram.
Söhbəti onun yaradıcılığına yönəldirəm:
- "Cənab leytenant" mahnısının da sözləri
sizindir?
- Bəli. Bir çox hərbi vətənpərbvərlik janrında mahnılarım
var...
Söhbətimiz yenə də məcrasından çıxır. Mahnılarının ona gətirdiyi
uğurdan bəhs edirəm. Özünə necə təsir etməsini soruşuram.
- Cavan vaxtlarımda hiss eləmirdim. Adam yaşlanınca dərk edir
ki, səni həm də sənətinə görə tanıyırlar. Heç vaxt reklamımla
məşğul olmamışam. Bəlkə də pasiyentlərim bilsəydilər ki, həmin
mahnıların müəllifi mənəm...
Sözünü yarımçıq kəsir. Həkimliyin ali sənət olmasından
bəhs edir.
- Həkimlik ümumiyyətlə, şərəfli peşədir,
müqəddəs peşədir. Həkim xəstə ilə kontakta olub, ona doğru diaqnoz
qoyanda, elə bil dünyanı kəşf edir. Bunu ona görə etmirik ki, xəstə
sənin müalicənə, qoyduğun diaqnoza "sağ ol" deyəcək, yoxsa yox. Biz
öz peşəmizə davam edirik. Həkimlik elə sənətdir ki, illərin
təcrübəsi ilə formalaşır. Çox yerlərdə işə götürmək üçün cavan kadr
axtarırlar, bizdə isə püxtələşmiş kadrlara üstünlük verilir.
- Həkimlikdən belə ürəklə danışırsız, yorğunluq hiss
etməzsiz bu sənətdə.
- Yorğunluq olur. Bir də görürsən ki, xəstə gəlib, müayinə
edirsən. İki nəfər yaxınlaşır, xəstənin halını soruşur. Danışırsan,
bir də görürsən ki, daha iki nəfər gəldi. Eyni sual, eyni izahat.
Gedirlər. Az keçir ki, daha iki-üç nəfər otağa girir, məlum olur
ki, indi gələnlər xəstənin yiyələridir. Bayaqkılar onu gətirən
sürücü, iş yoldaşı, qonşusu və sairlərdir.
- Bu, həkimlərə necə təsir edir?
- Əlbəttə, mənfi. Vaxtını alır, enerjini aparır. Bu vaxta qədər
xəstəyə hansısa yardım etmək olar...
Yanlış qərarlar!
- Təcrübədən, cavan kadrlardan danışdınız. Çoxmu olur
gənc kadrların yanlış diaqnoz qoyması? Təcrübənizə söykənib nə deyə
bilərsiniz?
- Bir ustaddan soruşurlar ki, bu qədər uğurlar əldə edibsən,
bunu sirri nədədir? Ustad iki kəlmə ilə cavab verir: "Doğru
qərarlar". Soruşurlar ki, bəs doğru qərarları necə verirsən? Bu
dəfə bir kəlmə ilə cavab verir: "Təcrübə!" Yenə də sual verirlər:
"Bəs o təcrübəni necə əldə edirsən?" Ustad dərindən ah çəkir:
"Yanlış qərarlar!" Hə bizdə də olur.
- İçimdən bir səs gəlir ki, sizin həkimlikdən öncə şeirə
marağınız olub.
- Radioda "Çapar" uşaq verilişi var idi. Beşinci sinifdə
oxuyanda orda iki şeir oxumuşdum. O vaxtdan yazırdım. Düzdür, bizim
ana tərəfin hamısı həkimdir. Ata tərəfim isə yox. Amma sözsüz, o
vaxt həkim olmaq barədə heç fikirləşmirdim, şeirlər yazırdım.
Atam anamın işləməsinə icazə vermirdi
- Şeirlər əlinizdən tutdu. Günlərin bir günündə qərara
gəldiniz ki, şeirlərlə insanın ovqatını müalicə etdiyiniz kimi,
gedib həkim kimi səhhətinin də keşiyində durum, yoxsa dolanışıq
üçün seçdiniz bu sənəti?
- 70-80-ci illərdə oxumuşam. Gənclik, yetkinlik dövrüm o illərə
təsadüf edib. Bir az şəhər mühitində, sonra kənd mühitində
oxumuşam. Mən orta məktəbdə oxuyanda kəndimizdən Tibb
Universitetində heç kəs oxumurdu. Ailədə də həkilmlər vardı, fikir
formalaşırdı da, istər-istəməz. Babamı, anamı, dayımı görürdüm, ağ
xalatda, hamı hörmətlərini saxlayırdı. Düzdür, atam anamın
işləməsinə icazə vermirdi, amma həkim olmamda bütün bunların da
rolu olub. Əmim isə ticarət işçisi idi, mənə deyirdi ki, hökmən
OBXS olmalısan.
- Sizin OBXS işçisi olmanızı arzulamaqla özünə bir
müdafiəçi istəmirdi ki?
- Ticarət işçisi idi də, bəlkə də onun üçün ideal o idi, o işin
qulpundan yapışmaq (gülür).
Həkimin üç aləti var: sözü, dərmanı, bıçağı
- Siz həm həkimliyi, şeiri, paralel aparırsınız, həm də
bəstəçisiniz…
- Onların da obyekti insandır, həkimliyin də. O da xeyirxahlığa
xidmət edir, bu da. Musiqi ruhun qidası olduğu kimi, həkimlik də
ruhun müalicəsidir. Həkim olmağım məni incəsənətə yaxınlaşdırıb.
Bunların vəhdətində mən özümü tapdım. Qədim şərq sözüdür: "Həkimin
üç aləti var. Sözü, dərmanı, bıçağı". İlk növbə də söhbət sözdən
gedir.
- Həkimin, sözsüz ki, dərmanı acı olsa da, dili şirin
olmalıdır.
- Əlbəttə. Xəstəni sözlə də müalicə etmək lazımdır.
- Hit mahnılarınız var, hamısı da vətənpərvərlik
ruhunda, adam qulaq asanda döyüşə can atır. Lirik mahnılarınız
yoxdur?
- "Qəlbin payızı" adlı lirik mahnım var. Sevgi haqqında
şeirlərim var, ancaq mahnı bəstələməmişəm.
- Niyə?
- Yaradıcılığımın mahnı bəstələmək dövrü müharibə vaxtına
təsadüf etdi. Sifarişlə yazmırdım, elə o dövrün, o günün tələbi
idi. Məsələn, həkim olduğuma görə, düşünmürdüm ki, mahnı
yazmalıyam, şeir yazmalıyam. Professionallıq baxımından həkiməm.
İstəyirdim ki, xalqıma qulluq edəm. Mən həmin dövrdə hiss edirdim
ki, həkimlikdən kənar da nəsə deməyə sözüm var. O nöqteyi-nəzərdən
şeiri yazdım. Şeiri də yazdım, gördüm ki, hisslərimi, anlada
biləcəyim şeyləri çatdıra bilmədim, dedim bəlkə mahnı ilə
çatdırım.
- Bəs, müğənni seçimində?
- Müğənni kimi Şəmistan Əlizamanlının üstündə dayanmaq sırf
təsadüf oldu. Ona qədər bir neçə müğənni ilə danışmışdım. Onlardan
biri də Faiq Ağayev idi. O da söz verdi ki, Sankt Petrburqa gedib
gəlim, sonra baxarıq.
Məmməd İsmayıl dedi ki, sənə olmaz
- Siz də tələsirdiniz?
- Yox, tələsmək yox idi. Şou-biznes o vaxt yox idi. Ancaq
tanışlarım az idi, müraciət edəcəyim elə də bir adam tanımırdım.
Mənim kontaktım Faiqlə idi, amma Şəmistanla da təzə tanış olmuşduq.
İnanmırdım ki, o mahnı oxuya bilər. Sizə bir şey də deyim, bu,
tarixdir. Şəmistan Məmməd İsmayıla, - o zaman Məmməd İsmayıl Az
TV-nin sədri idi, - deyəndə ki, mən mahnı oxumaq istəyirəm,
musiqisini şair-həkim yazıb. Məmməd müəllim ona deyib ki, sənə
olmaz, alınmaz. Sonra birlikdə görüşdük. Rəhmətlik Ağalar Mirzəni
çağırdı, dedi ki, "İgid əsgər, möhkəm dayan"ın sözlərini redaktə
elə. Redaktədən sonra gördüm ki, bu mənim şeirim deyil. Tamam
dəyişilib. Dedim, Şəmistan, bunu qoyaq qırağa, yazırıqsa, ilkin
variantı yazırıq, yazmırıqsa yox. Məmməd İsmayıl zəng eləyib, bizi
Az TV-nin səsyazma studiyasına tapşırdı. Getdik. Orda Adil Bəbirov
vardı, bizə yardımçı oldu.
Fitlə bu məsələ həll olunur
- Çox vaxt apardı mahnını yazmaq?
- Yox. Biz o mahnını xəstəxana dəhlizlərində hazırlamışdıq.
Milli qəhrəman Yusif Mirzəyev yaralıydı, xəstəxanadaydı. Şəmistan
da o zaman xəstəxanada yatırdı. Bu mahnını Azərbaycanın ilk
batalyonuna və Yusifə həsr etdik. Yusif rəhmətlik palatada gəzəndə,
özü-özünə oxuyurdu bu mahnını. Artıq onu biz özümüz üçün o qədər
məşq eləmişdik ki… Şəmistan təxminən yarım saat ərzində oxudu və
Adil Bağırov nəqarət yerində dedi ki, sən bu yerdə fit çal. Sonra
orkestrlə yazarıq. Elə də etdi, fit çaldı. Sonra qulaq asanda da
gördük ki, fitlə bu məsələ həll olunur. Əlavə heç nəyə ehtiyac
qalmadı.
Bir də "Cənab leytenant"
- Maraqlıdır, yuxudan oyananda, boş olanda özünüzün
hansı mahnınızı zümzümə edirsiniz, hansı şeirinizi oxuyursunuz ki,
sizi ovundurur?
- Öz mahnılarımdan?
- Bəli.
- Bəzən olur ki, mən öz mahnılarıma qulaq asmıram. Amma mən
musiqini çox sevirəm. Evdə də, işdə də, yolda da demək olar ki,
musiqi ilə nəfəs alıram, öz mahnılarımla. Mənim üçün bəlkə də, ilk
olduğuna görə daha çox "İgid əsgər" mahnısına qulaq asıram. Mənim
bəstəkar kimi, ictimaiyyət arasında tanınmağımda əsas o mahnının
rolu olub. Bir də "Cənab leytenant".
Ay həkim, bunları siz yazmısınız?
- Siz bəstəkar kimi, şair kimi tanınandan sonra
pasiyentlərinizin sayı artdı?
- Olub ki televiziyada, ya qəzetdə hansısa müsahibədən sonra,
xəstələrim zəng edib və deyib ki, "ay həkim, bunları siz
yazmısınız?". Mən həkimliyimi onun üzərində qurmamışam ki, bununla
özümü reklam edəm. Üstündən illər keçib, yanıma gələn xəstə heç
bilməyib ki, mən həm də bəstəkaram və ya şairəm. Bu yaxınlarda
tədbirdə idik. Qulu Məhərrəmli, professor Rafiq Əliyev, Ramiz
Rövşən də orada idilər. Ramiz Rövşən mənə dedi ki, sənin belə
istedadın var, bu işlər sənin çiynindədir, bu missiya sənin
üzərindədir, gərək üzə çıxasan, arada görünəsən.
Nə edim mən beləyəm də…
- Doğurdan da mahnılarınız görünür, hər kəsin
əzbərindədir. Hətta döyüş mahnıları olsa da, toylarda da ifa
olunur. Amma siz özünüzü gizlətmisiz. Niyə? Təvəzökarlıq edirsiz,
yoxsa işiniz çoxdur, başınız pul qazanmağa qarışıb?
- 4-5 ay bundan qabaq Qənimət adlı dostumuz mənə bir şey
danışdı. Şəmistan ona deyib ki, bəs mən görüşə getmişdim. Orda
dedilər ki, bu mahnıların müəllifi rəhmətə gedib. İnsan bu qədər də
səssiz olmaz, ona de ki, arada görünsün. Dostlarım da bunu mənə
dedilər. Ancaq nə edim, mən də beləyəm də…
- Elə biz də elə deyirik. Sorağınızı güclə
aldıq…