Bu gün Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Apelyasiya Şurasının
ilk iclası keçirilib.
Axar.az xəbər verir ki, Mədəniyyət və Turizm nazirinin birinci
müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın
vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına
dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib.
İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə Nazirlik
və onun struktur bölmələri tərəfindən diqqətin daha da
gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin
görülməsi, Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin
hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin
zəruriliyi xüsusi vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
Apelyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il
tarixli fərmanına uyğun olaraq yaradılmış Mədəniyyət və Turizm
Nazirliyinin Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində
şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin
hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması
məqsədinə xidmət edir.