Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon
İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə
təşkilatçılığı ilə fevralın 25-də Xocalı soyqırımının 24-cü
ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Axar.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə fotoqraf
Əlövsət Qasımovun "Xocalıya ədalət!" və geologiya-minerologiya
elmləri doktoru, AMEA-nın müxbir üzvü, görkəmli neft alimi,
karikaturaçı rəssam Kərim Kərimovun "Dünyanı terrorizmdən xilas
edək!" adlı sərgilərinə baxıblar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar
Abbasov qeyd edib ki, tarixinin müxtəlif dönəmlərində ermənilər
tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə
faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər
imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi
şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın
üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən
birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.
Xocalının dillər əzbəri olması təəssüf ki, onun yalnız qədimliyi
və ya maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, XX əsrin ən
dəhşətli faciəsini yaşaması, əhalisinin 600 nəfərindən çoxunun isə
bir gecədə ermənilər tərəfindən işgəncələrlə qətlə
yetirilmələridir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və
amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları
kəsilib və dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb.
Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan hərəkətlər
edilib. Silahsız insanlar üzərinə hücumda ağır döyüş texnikası, iri
çaplı pulemyot və ağır artileriyyadan istifadə olunub. İllər
keçdikcə bu faciənin təfərrüratları beynəlxalq aləm tərəfindən dərk
edilir.
Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara
qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi
tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi
ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə
ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə
verməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya
ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin
vacibliyini dəfələrlə vurğulayıb.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin
beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi
istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın müstəsna rolu var. Fond yaradıldığı ilk
gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının
dünyada təbliğ olunması yöndə ardıcıl, məqsədyönlü və səmərəli
tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində
dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri
haqqında daha dolğun məlumatlandırılır.
"Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma
kampaniyası müasir dünyada ədalət və həqiqətin dayağı olmaq
missiyasını həyata keçirənlər sırasında layiqli yer tutur. 2008-ci
il mayın 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev
Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam
Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş
əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə
başlayan "Xocalıya ədalət!" kampaniyası hazırda 80-dən artıq ölkədə
yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.
Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri
bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə
daha çox anlayır, soyqırımı kəskin şəkildə pisləyir, təcavüzkarla
təcavüzə məruz qalanı tanıyırlar. Aparılan məqsədyönlü tədbirlərin
nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Bosniya və
Herseqovina dövlətlərinin parlamentində, eləcə də ABŞ-ın bir sıra
ştatları bu qətliamı soyqırımı aktı kimi tanıyıb və xüsusi qətnamə
qəbul ediblər.
Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının
xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir.
Görülən məqsədyönlü işlər nəticəsində "Xocalıya ədalət!"in miqyası
hər il genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət
nəticələrini verir.
"Xocalıya ədalət" kampaniyasının ardıcıl və məqsədyönlü
tədbirlər silsiləsi göstərir ki, kampaniya dövlət siyasətinin böyük
əhəmiyyət kəsb edən strateji mərhələlərindən biri kimi Xocalı
soyqırımına, Qarabağ həqiqətlərinə dünya ictimaiyyəti tərəfindən
hüquqi, siyasi və mənəvi qiymətin verilməsi, eyni zamanda,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində uğurla davam etdirilən alternativ siyasətdir.
Rayon rəhbəri xüsusi vurğulayıb ki, Azərbaycan xalqı və onun
dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Tədbirdə Milli Məslisin deputatı Ağacan Abıyev də iştirak
edib.