Telekanallar çal-çağıra
ayırdıqları vaxtdan yarım saatını bu məsələyə ayırsa, daha effektli
nəticə əldə etmək olar.
Bu sözləri Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Əli Məsimli dəbdəbəli yas
mərasimlərinin keçirilməsi ilə bağlı məsələni şərh edərkən
deyib.
Deputatın sözlərinə görə, qadağalarla israfçılığın qarsısını
almaq mümkün deyil:
"Ümumiyyətlə, təcrübə də göstərir ki, adətlərlə bağlı qadağa heç
bir effekt verməyəcək. Milli adət-ənənəmizdən qaynaqlanan bu cür
halları qadağalarla aradan götürmək olmaz. Məşhur ifadə var, "nəyi
yaymaq istəyirsənsə, onu qadağan elə".
Bu sahədə geniş təbliğat aparılmalıdır. Telekanallar çal-çağıra
ayrıdıqları vaxtdan yarım saatını bu məsələyə ayırsa, daha effektli
olar. Birinci, məsələnin kökünə baxmaq lazımdır ki, bu, haradan
qaynaqlanıb. Ölkədə imkanlı şəxslərin dəbdəbəli yas mərasim
keçirməsi ənənə halını aldı və bu getdikcə daha geniş yayılmağa
başlayıb. İndi də israfçılığın qarşısını almaq üçün həmin təbəqə
örnək olmalıdır. Prezident İlham Əliyev də dəfələrlə məmurları
nümunə olmağa çağırıb və özü hər zaman bir nümunə nümayiş etdirib.
İndi də birinci məmurlar, imkanlı şəxslər israfçılığa yol
verməməlidir ki, insanlar bunu görsün və dəbdəbəli yas mərasımləri
keçirməsin".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı isə
ANS-ə açıqlamasında dəfələrlə əhaliyə bu barədə xəbərdarlıq
edildiyini, lakin heç kimin buna əhəmiyyət vermədiyini deyib:
"Bu gün də əvvəlki kimi hamı yas mərasimi keçirəndə qənddən,
meyvədən, şokoladdan tutmuş müxtəlif növ qidaları qədər, süfrəyə
hər nemət qoyur. Amma bilmirlər ki, islamda belə bir qanun yoxdur.
Heç bir peyğəmbər, imam öləndən sonra onlara görə belə süfrələr
açılmayıb. Çünki dində ehsan süfrə açmaq deyil, yaxşılıq etmək
deməkdir".
Komitə sədri onu da əlavə edib ki, bəzi rayonlarda yas
mərasimlərinə ciddi nəzarət olunsa da, heç bir irəliləyiş əldə
olunmayıb.
"Yas mərasimi keçirilən yerlərdən yemək qazanları götürüldü ki,
yemək bişirməsinlər, amma onda da hamı narazılıq etdi ki, bu, düz
deyil. Daha sonra isə bəzi insanlar "bu, qanun çərçivəsinə
salınsın" dedi. Amma biz adət-ənənəni qanunlaşdıra bilmərik.
Sadəcə, təbliğat vasitəsilə insanları başa salmalıyıq ki, yasda
israfçılıq etmək olmaz", - deyə Mübariz Qurbanlı vurğulayıb.