Bakı və Tehran elə bir
coğrafi və siyasi asılılıq şəraitində yerləşirlər ki, onlar ya
gərək dost olsunlar, ya da bir-birilə sərt rəqabətə
hazırlaşsınlar.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori
Trofimçuk Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri və
imzalanan müqavilələri şərh edərkən söyləyib. Onun sözlərinə görə,
bu tərəflər arasında orta mövqe tutmaq mümkün deyil:
"Bu gün İranla Azərbaycan arasında əməkdaşlıq xətti güclənir və
bu, dünyanın hazırkı vəziyyətində yaxşıdır. Ona görə də Azərbaycan
Prezidenti İlham Əliyev iki ölkə arasında hazırkı əlaqələrin yeni
keyfiyyət mərhələsini gündəmə gətirdi. "Şimal-Cənub" layihəsi
nəqliyyat xarakteri daşıyır, bunun üçün də strateji anlayışı ilə öz
tərkibinə körpüləri və digər vacib infrastruktur obyektlərini daxil
edir. Bununla da Azərbaycan və İran geosiyasi hadisələrin
inkişafında, elə də asan olmayan iqtisadi konyunktura fonunda birgə
güclənməyə hazırlaşırlar. Bu əməkdaşlıq mənim son illər ərzində
regional maraqların qorunması üçün irəli sürdüyüm "Xəzər qalası"
anlayışı istiqamətində atılan addımdır. Bu proyektlər Qafqazdan
daha çox, Xəzərlə bağlıdır. Qafqazın ümumi inkişafından danışarkən
bir-biri ilə maraqları kəsişməyən iki əsas qrupu diqqətə almaq
lazımdır. Bunun da əsasında həmişə Ermənistan-Azərbaycan münaqişəsi
dayanır. Bu konflikt həm regiona xammal transferi, həm də
regiondakı nəqliyyat şəbəkəsinə mənfi təsir edir. Əgər Rusiya və
İranı Azərbaycanla Ermənistan arasında siyasi balanslaşma planında
müqayisə etsək, o zaman İranın belə bir problemin həllində rolu az
olacaq. Rusiyaya da artıq bu zidiyyətin içində qalmaq çox çətin
olur".
Qeyd edək ki, İlham Əliyev fevralın 23-də İrana səfər edib.
Səfər çərçivəsində Azərbaycanla İran arasında 11 müqavilə
imzalanıb. Tərəflər mətbuata açıqlamalarında "Şimal-Cənub"
layihəsinin bölgə üçün yeni inkişafa səbəb olacağını
bildiriblər.