O gün göydən qar əvəzinə quş
lələyi yağırdı sanki... sakitlik idi... Amma birdən göydən yağan ağ
lələklərə elə bil od düşdü, alov parçaları yağmağa başladı. Adamlar
ümidi, inamı çətir edib evlərindən çıxdılar - bir insan güllə
yağışında ancaq belə gedə bilər...
***
Əl basdığınız çörəyə and olsun, illərlə yağmasam, torpağı
zərərli həşəratlar basıb bərəkətini itirsə, bir meyvə bitirməsə
belə, bir qış gecəsi yerə enib hər yeri ağartsam, səhəri o şəhərin
nə uşaqları, nə böyükləri buna sevinməyəcək. Sevməyəcək məni o
şəhərin uşaqları, sevməyəcək. Oynamayacaqlar mənimlə. Meşələrdə
qırılan adamların qatili hesab edəcəklər məni. "Nənəmizi
dondurmusan" deyəcəklər, "qoca babamızı öldürmüsən" deyəcəklər.
"Sənə görə qardaşsız, bacısız qaldıq" deyəcəklər. Yadlarına düşəcək
meşədə qalmış əzizlərinin üstünə yığılıb qalan qar topaları, məni
top edib bir-birinin üzünə ata bilməyəcəklər - ürpənəcəklər.
Uşaqlar tez yumşalır axı, bir anlıq oynamaq keçəcək körpə
könüllərindən. Hirsləri soyuyub qar adam düzəldəcəklər məndən, amma
ona qoyduqları gözlər don vuranların baxışlarını xatırladacaq, ona
taxdıqları çubuqlar qar altında qalanların harda olduğunu işarə
verirmiş kimi qalxan əllərinə oxşayacaq... bir təpik vurub
dağıdacaqlar qar adamı. Tüpürəcəklər qara, lənətləyəcəklər qarı.
Amma mən qatil deyiləm...
Deyəcəklər, sənə görə atalarımız ayaqsız, analarımız barmaqsız
qaldı. Onların yeri həmişə göründü, yaralarımız sağalmadı. İlahi,
yaraları hələ də sağalmır... Deyəcəklər, biz sevinə bilmirik.
Ruhumuz şəhid, ayaqlarımız şikəst, həyatımız axsaq, namusumuz
ləkəli. Bu taledən, bu qismətdən qaça da bilmədik illər boyu.
Barmaqlarımız, ayaqlarımız kəsikdi çünki. Papaq qoymamaq bir yana,
barı ayaqqabı geyinə biləydik...
***
Sədaqət Ağayarova 24 ildi o faciəni hər gün yaşayanlardan
biridir. Uşaqları şirin yuxularında qonşu uşağının geyindiyi
dondan, oynatdığı oyuncaqdan istəyirdi analarından. Mərmilərin
partlayışından evlər silkələnirdi. İşıqlar yanmır, hər yer zülmət
içində idi. Bayırda şaxta adamı qılınc kimi kəsirdi. Sədaqət
uşaqları isti yorğan-döşəyin arasından oyadıb qaldırdı. Əlinə
düşəni əyinlərinə geyindirib qapıdan çıxdılar. Xocalı aeroportu
bacısıgilə yaxın idi. Sakinlərdən ara-sıra vertolyotla uşaqlarını
şəhərdən çıxardanlar olmuşdu. O da hər dəfə gəlmirdi. Dəfələrlə
uşaqları ilə gedib bacısıgildə gecələmişdi ki, vertolyot gələndə
xəbəri olsun, amma alınmamışdı. Sonra bacısı uşaqları ilə Bərdəyə
getsə də, bir neçə aydan sonra geri qayıtmaları onu aldatmışdı.
Sonra bir müddət şəhərdən çıxmağa cəhd eləmədi. Fikirləşdi ki,
vəziyyət gərgin olsaydı, bacısı uşaqlarını da götürüb geri
qayıtmazdı.
Amma son günlər vəziyyət gərgin olduğundan qayınanası ilə
qayınatası uşaqları götürüb bacısıgildə gecələmək üçün onu dilə
tutmuşdular: heç olmasa uşaqları vertolyotla göndərmək lazımdır.
Beləcə, bir neçə gün idi ki, Sədaqət bacısıgildə qalırdı. Vertolyot
səsi isə çoxdandır Xocalı səmasında eşidilmirdi. Şuşa vertolyotunun
vurulmağını Sədaqət ikimərtəbəli evinin eyvanından görmüşdü.
Əvvəlcə göydən iri bir şey qara tüstü içində aşağı şığıdı, yerə
düşən kimi isə böyük alov burula-burula göyə qalxdı. Radioda xəbər
verdilər ki, vertolyotumuzu erməni hərbçiləri vurdu. Bu, Xocalı ilə
son əlaqə oldu. O vaxtdan daha aeroportda sakitlik idi.
Tək qadın. Üç uşaq... Bilmir qucağına götürsün, bilmir belinə
alsın. Böyüyü on, ortancılı altı, digəri beş yaşında.
Balaca oğlu Raman bacısı-qardaşı məktəbə hazırlaşanda hamıdan
çox sevinirdi. Onlar Ağdamda məktəbə hazırlıq üçün alış-verişə
gedəndə, deyirdi, ay ana, məni nə vaxt aparacaqsan məktəb paltarı
almağa? Uşaqlar məktəbə gedəndə dallarınca ağlayıb yolun yarısına
qədər gəlirdi:
Ana da elə hey Ramanı ovudurdu:
- Ana qurban, sən hələ balacasan, altı yaşın olanda məktəbə
gedəcəksən. Darıxma. Sən hələ bir az böyü...
Qarqar çayına çatanda yanında öz uşaqlarından savayı, bacısı,
bacısının dörd balası da var idi. Bacısının bir oğlu isə son dəfə
Bərdəyə gedəndə orda qalmışdı. İki bacı, qardaşları olmadığından
yolboyu - oğullarımız bizə qardaşdır - deyə bir-birlərinə təskinlik
verirdilər. Onlar yetim böyümüşdülər. Sədaqət altı aylığından
anasız qalmışdı. Ana qayğısı görməmişdilər. Qışın günü. Buz
bağlamış çay. Qarlı sahil. Elə paltar da. Uşaqları bir-bir
dallarına alıb çayı keçib meşəyə pənah aparırdılar. Gecənin
zülmətində qarlı meşənin içiylə insan izdihamı gedirdi.
Kimsə kimsəni tanımırdı. Adamlar arasında pərakəndəlik düşmüşdü:
elə hey Ağdama gedən yolun axtarışında idilər.
Hamı yolu azmışdı: gedən də, qalan da. Yanında qardaşı, əri
olanlara da çətin idi. Amma Sədaqət lap köməksiz idi. Əri Xocalıdan
camaat çıxandan sonra 20-25 nəfər hərbçi ilə orada qalmışdı. Birdən
xəbər tutublar ki, şəhər boşalıb. Qaranəfəs səksən yaşlı
atası-anasının, bir də şikəst bacısının yanına qaçır. Onlar evdə
zirzəmidə gizlənmişdilər. Yoldaşı zirzəminin qapısını sındırıb
içəri girir:
"Nə oturmusunuz, qaçmaq lazımdı". Qoca anasını alır belinə,
atası isə ağır-ağır yanları ilə gedir. Şikəst bacısı isə gedə
bilmir...
"Yoldaşım yanımda olsaydı, mənə uşaqları qorumaq rahat olardı.
Tək qadın üçün çox çətin idi. Hara gedirdik azırdıq, çıxmağa yol
tapmırdıq. Yanımızda olanlar da uşaqları beş-on dəqiqə bellərinə
alıb aparırdı. Sonra yenə hərə öz canını götürüb qaçırdı.
Heç kimin qolunda güc, dizlərində taqət qalmamışdı ki, yanında
yıxılıb qalanın qolundan yapışsın".
Duman çəkiləndə gördülər ki, Xankəndinə gəliblər. Uşaqlar
yorğun, ac-susuz idilər. Meşədə Sədaqətgil bacısının qaynı ilə
rastlaşdılar. Onun ayaqları tutulub yolda qalmışdı. Bacısının oğlu
ağladı:
- Ata, əmimi qoyub getməyək.
Uşaq əmisinin ölməyindən qorxurdu. Amma bilmirdi ki, hamı keçib
gedəcək bu cəhənnəmdən, amma özü... Bacısının əri qardaşının
yanında qaldı:
- Siz gedin, dəstədən aralanmayın.
Dəstədə də hamı öz ailəsini, uşağını ancaq apara bilirdi. Kimin
kimə nə köməyi dəyəcəkdi ki? Üç uşaq Sədaqətin, dörd uşaq
bacısının... düzəldilər yola. Doqquz nəfər gecələmək üçün böyük
dağın döşündə bitən balaca kollardan birinin dibinə oturdu. İndi
onlar isti yorğan-döşəkdən qalxıb gələn uşaqlar deyildilər, buzlu
Qarqar çayını keçib qarın içində dincəlmək üçün oturmuşdular. Gecə
yarısı dağın döşündən bir qaraltı göründü. Elə bildilər ermənidir,
canlarına vəlvələ düşdü. Gördülər yox, qohumları Halay əmidir:
- Qorxmayın bala. Möhkəm dayanın şaxta vurmasın sizi – bir az
duruxub qəhərləndi, səsi titrədi. – Arvadı da don vurdu. Qurd-quş
yeməsin deyə üstünü ağacla, xəzəllə örtdüm. Qalan külfət də
qabaqdakı kolun dibində gizlənib. Getməyə taqətləri yoxdur. Gedirəm
yaxın kəndlərin birindən at gətirməyə. Məni gözləyin, gəlib sizi də
aparacam.
Halay əmi o gedən getdi. O oğlu ilə birlikdə Dəhrazda əsir
düşdü. Sədaqət o faciədə otuz doğmasını itirdi: bibisi oğlunu,
Kamran əmisinin üç oğlunu, bibisi qızını, dayısı uşaqlarını... Heç
biri toy eləməmişdi. Onların nə ölüsündən, nə də dirisindən xəbər
çıxdı. Hava təzəcə işıqlaşmağa başladı. Sədaqətin qızı Sevinclə
bacısının körpə balasını don vurmuşdu. Sevinc birinci sinifdə
oxuyurdu. Bacısı evdən götürdüyü adyalı uşaqların üstünə sərdi və
yola çıxdılar. Hamı taqətdən düşmüşdü. Artıq beşinci gecə idi ki,
meşədə idilər. Bu dəfə Sədaqətin sonbeşiyi Raman qucağında
süstləşdi. Çarəsiz balasını xilas etmək üçün meşənin ortasında
qarın içində özünü ora-bura çırpırdı. Bacısı da tamam taqətdən
düşmüşdü. Qızı da halsız idi. Daha bir gecə də qalası oldular.
Yolboyu kolların ətrafında, ağacların yanı cavan gəlinlərin,
uşaqların, ağsaqqal kişilərin, ağbirçək qadınların meyitləri ilə
dolu idi. Yaşlı bir qadın yanında üç nəvəsi ilə donmuşdu.
Körpə ağlaşması meşəni başına götürmüşdü – baş açmaq olmurdu, bu
ölməkdən, yoxsa dirilməkdən qorxan uşaqların səsi idi...
Sədaqətgildən əlçatmaz, ünyetməz qədər uzaqlıqda – meşənin bu biri
başında qarın içində ayağı-başı açıq üçgünlük bir körpə çığırırdı.
O, məhsəti türkü Bəkirova Mehribanın körpəsi idi. 1986-cı ildə
Fərqanə hadisələri zamanı Özbəkistandan Azərbaycana pənah gətirmiş
türklərin taleyi acı oldu. Ümidləri, arzuları Xocalının alazan
düşən evlərində yanıb, narahat ruhlar kimi səma qatları arasında
qaldı...
Bəkirova Mehribanın valideynləri Özbəkistandan gəlib Beyləqanda
məskunlaşmış qaçqınlardan idi.
1987-ci ildə ailə qurduqları Mehribanın həyat yoldaşı Həmzəyev
Abdulla Xocalı aeroportunda milis şöbəsində işləyirdi. Gənc ailəni
Xocalıda evlə təmin etmişdilər. O, faciə günü ermənilərlə döyüşdə
şəhid olmuşdu.
Fevralın 23-də qonşuları Osmanın zirzəmisində yaşlı qadınların
köməyi ilə Mehribanın körpəsi dünya gəldi. Dörd uşaqla üç gün
zirzəmidə qaldı. Fevralın 25-i gecə zirzəminin üstündə erməni
dilində danışan adamların ayaq səslərini eşitdilər. Onlar zirzəmidə
adamların gizləndiyini duymuşdular. Zirzəminin qapısı taxtadan idi.
Qapını qırıb içəri qumbara atdılar. Ölən öldü, çoxları yaralandı.
Ağsaqqallardan iki nəfər arvad-uşağa bir şey olmasın deyə ağ bayraq
qaldırmağı təklif etdilər və biri içəridən ağa oxşar bir köynək
tapıb taxtanın başına keçirtdi. Onu əllərinə alıb bayıra çıxmaq
istəyən iki ahıl elə qapı açılan kimi güllələndi.
Beləcə, qadınlı-uşaqlı hamını döyə-döyə zirzəmidən çıxardıb üzü
meşəyə apardılar. Mehriban meşədə uşaqların birini dalına şəlləyib,
o birilərinin əlindən tutmuşdu. Körpəsini isə qarnına bağlamışdı.
Oğlu başından yaralanmışdı, elə hey qan axırdı. Əsirlərin
saxlandığı düşərgəyə gələndə Mehriban əlini qarnına, adyalın
arasına salanda körpəni yerində tapmır. Zavallı qadın ermənilərin
şilləsinin, təpiyinin altında üç günlük körpəsini harda saldığını
xatırlamağa çalışır. Çox keçmədi ki, bir rus qadın, adı deyəsən,
Viktoriya imiş, qucağında ayağı-başı açıq bir körpə içəri girdi və
soruşdu:
- Bu uşaq kimindir?
Viktoriya Mehribanın qanın içində itib-batdığını görüb, əynini
dəyişmək üçün ona paltar, uşağı büküb bələməyə, altını dəyişməyə
əski-üskü gətirdi. Uşağın meşədə başından zədə almasından isə
yalnız beşinci sinifdə oxuyanda xəbər tutacaqdılar. Onda epilepsiya
var idi. Viktoriya sonradan gəlib onları məskunlaşdıqları
Ağcakənddəki evlərində tapdı, uşağın müalicəsinin yaxın aylarda
Moskvada aparılmasına yardımçı olacağına söz verib getdi. Amma daha
gec idi. Bütün olanlara tarix, zaman cavabdehdir, o körpənin də
əsirliyə doğulmasının, başına gələnlərin bədəlini tarix ödəməli,
tarix öz günahını yumalı idi - Viktoriyanın Mehribangildən
gedişindən bir ay sonra fevralın iyirmi üçündə doğulan qızcığaz
martın iyirmi üçündə dünyasını dəyişdi...
***
Meşədə qaldıqlarının beşinci günü Sədaqətin on yaşında olan oğlu
da dondu. Yazıq uşaq elə hey deyirdi:
- Ana, atam haradadır? Gəlib bizə kömək edəydi, bizə çörək, su
gətirəydi.
Sədaqət uşaqlar acından ağlaşan kimi, otdan, ağac qabığından
qırıb vermişdi. Ölməmələri üçün bundan başqa nə etmək olardı ki?
Artıq özünün də taqəti tamam kəsilmişdi. Ağdamın Gülablı kəndində
milli ordu onları qarşıladı. Meşənin içində çayın lap kənarında
tikilmiş çayxananın qarşısından keçirdilər.
Stolları çayxananın qabağına necə düzmüşdülərsə, eləcə də
qalmışdı. Sədaqət elə bilmişdi, yenə əvvəlki kimi məktəbə gəliblər.
Qarın basdığı az idi, indi də, deyəsən, onu qara basırdı:
"Uşaqlara baxın, bu soyuqda bayırda oturub dərs keçirlər", -
deyirdi.
Onları ayın 28-də Gülablı hərbi hissəsinə-vaqonlara gətirdilər.
Sədaqət xəstəxana xərəyində özünə gəldi:
- Kim gətirib məni bura? Allahın altında, kaş mən də öləydim...
Balalarım qarın altında qaldı.
Sədaqətin naləsi ərşə qalxmışdı. Sakitləşdirici iynə
vurmuşdular. Yatacaqdı...
Ayaqlarında çürümə gedirdi. Həkim Dadaşov yaralarını sarıyanda
barmaqlarında qaralma olduğunu demişdi. İki gündən sonra Xocalı
faciəsindən xəbər tutmuş türkiyəli jurnalistlər çəkilişə gəldi.
Sədaqətin ayağını açdılar ki, insanlar həqiqəti bilsinlər. Sədaqət
ayaq barmaqlarının olmadığını onda bilmişdi.
"Barmaqlarım nədi, kaş ayaqlarım da dibindən kəsiləydi, amma
balalarım yanımda olaydı. Heç olmasa birini gətirib çıxarda
bilsəydim, o birilərinin də iyini ondan alardım. Yoldaşım məni
xəstəxanada tapıb uşaqları soruşdu. Nə deyəydim ona? Həmin gündən
biz yad adamlar olduq. Artıq bir dam altında yaşamağın mənası yox
idi".
Əri nə baş verdiyini başa düşdü və təfərrüatları soruşmadan
qapıdan çıxdı. Əri anası, atası ilə birlikdə Semaşko xəstəxanasında
yatırdı. Zavallı iki xəstəxananın arasında qalmışdı, bir tərəfdə
arvadı, bir tərəfdə isə valideynləri. Sədaqətin ağlayaraq söylədiyi
ayrılıq təklifini ciddiyə almadı. Onun son gəlişi Sədaqətin
qulaqlarında cingildəyirdi: "Elə bilərik, on iki ildən sonra ailə
qurmuşuq, ya da illər sonra övladımız olub".
Müharibədi, müharibədə hər şey olur.
"Qonşular uşaqlarına tapşırırdı ki, elə gedin, elə gəlin ki,
Sədaqət xalanız sizi görməsin. Fevral ayında il dönümləri gəlir. Üç
şəhid balam, üç bacı balası, bir bacı itirəsən və bir məzar
tapmayasan, üstünə getməyə. Nə də bir nişanələri - şəkilləri,
paltarları yoxdu ki, ölənə qədər xatirə saxlayasan. Naftalanda
yaşayanda Xocalı qurbanlarının şərəfinə abidə ucaltdılar, ona
qulluq etmək isə yoldaşıma həvalə olunmuşdu. Bizim evin eyvanından
görünürdü abidə. Hava qaralan kimi eyvandan ora boylanırdım. Bəzən
lampalarının bir-ikisi yanmırdı, tez yoldaşıma deyirdim, gedib
dəyişirdi. Abidənin işıqları yanmayınca evimin işıqlarını
yandırmırdım. Elə bilirdim balalarımın evidir, işıqsız qalmasını
istəmirdim. Amma bu günümüzə min şükür. Elə bil, Allahın bizə
yazığı gəldi, dedi o qarı mən yağdırmışam, o yolu mən bağlamışam, o
uşaqları mən almışam sizdən, qoymaram başqasının balasına möhtac
olsunlar...".
1993-cü ilin aprelində oğul, 3 il sonra da bir qız övladları
dünyaya gəldi. Oğlanlarının adını Raman qoydular. Amma bu körpələr
qar altında qalan üç övladını əvəz eləmirdi. Sədaqət qonum-qonşunun
uşaqları məktəbə gedib-gələndə gah eyvandan, gah həyətin bir
küncündən gizlincə boylanırdı. Elə bilirdi indicə uşaqların
arasından çıxıb övladları ona sarı qaçacaq.
... Dünyaya vaxtsız gəlişinin bədəlini tarix ödəyən uşaqların,
müharibələrdə qəfil bir neçə il böyüyən, yaşa dolan, qocalan
körpələrin başdaşlarına olum və ölüm tarixilərini defislə (-)
deyil, vurma (X) işarəsi ilə yazmaq, yəqin ki, heç kimin ağlına
gəlməyəcək...