Azərbaycanla İran arasında sırf iqtisadi sferada,
özəlliklə də turizm sektorunda əməkdaşlıq üçün çox geniş imkanlar
var.
Bu barədə sanksiyaların götürülməsi fonunda İranla Azərbaycan
arasında iqtisadi əlaqələri, özəlliklə də turizmin inkişaf
perspektivlərini Axar.az-a şərh edən iqtisadi alim Vüqar Bayramov
deyib. Ekspert iranlı turistlərin Azərbaycana cəlb edilməsi üçün
atıla biləcək addımlardan danışıb:
"İranda xeyli azərbaycanlı yaşayır, yaxın qonşuluq
münasibətləri, eyni zamanda, dil baryerinin olmaması və ən əsası
nəqliyyat xərclərinin ucuzluğu iranlıları turist kimi Azərbaycana
cəlb etməyə imkan verir. Azərbaycanın təbiəti və iqlimi isə coğrafi
baxımdan olduqca əlverişlidir. Ümumiyyətlə, Azərbaycan yerli
turizminin İrandan xeyli sayda turist cəlb edə bilməsi
gözləniləndir. Bunun üçün ən əhəmiyyətli addımlardan biri ölkədə
turistlərin qəbulu ilə bağlı infrasutrukturun inkişaf
etdirilməsidir. Çünki hazırda ölkə turizmi potensial olaraq ən çox
42 min turist qəbul etmək imkanına malikdir. Bu potensialın
artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, qonşu ölkələrdən,
xüsusilə də Rusiyadan Azərbaycana gələn turistlərin sayında
artımlar istisna edilmir".
İqtisadçı hesab edir ki, Azərbaycan hazırkı şəraitdə İrandan
maksimum faydalanmalıdır:
"İran həm turistlərin, həm də bütövlükdə turizm sektoruna
investisiyaların cəlb edilməsi baxımından yeni baza və imkanlar
deməkdir. Bunun üçün bütün imkanlar dəyərləndirilməlidir. Bu
aspektdən İranda Azərbaycan turizm imkanlarının tanıdılmasına böyük
ehtiyac var. Azərbaycan iş adamları və ölkə turizmi bütün
imkanlardan faydalanmaqla bütövlükdə bu sektorun inkişafına təkan
verə bilərlər".
Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi bu
istiqamətdə vacib rol oynayacaq:
"Yerli turizm üzrə xidmətlərin dollarla ifadədə ucuzlaşmasına
baxmayaraq, iranlı turistlərin ölkəyə cəlb olunması üçün bunun
davamlı olmasına ehtiyac var. Eyni zamanda, keyfiyyətin
artırılması, müxtəlif cür turist xidmətlərinin təklifi də olduqca
vacibdir. Yəni yalnız istirahət deyil, müalicəvi, tarixi turizm
imkanları da təqdim olunmalıdır. Məsələn, Azərbaycan şairi Nizami
Gəncəvinin məqbərəsinə ziyarətlərin, tarixi turistik səfərlərin
təşkili baxımından Gəncə iranlı turistlər üçün cəlbedici görünə
bilər".
Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi
səfər edib. Dövlət başçısı İran rəhbəri ilə görüşdə Azərbaycanda
investisiya, özəlləşdirmə, daxili və xarici investorlar üçün böyük
planların həyata keçirilməsinə və bu islahatlar sayəsində iranlı
investorlara yeni imkanların yaradıldığına diqqət çəkib.