Yuxarı

Nikol Tonoyana niyə Bakını hədələməyi tapşırıb? – Sensasion səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşünün səhəri günü Tonoyan Nyu Yorkda erməni icması qarşısında çıxış edib, Azərbaycanı müharibə ilə hədələdi. Tərəflərin pozitiv saydığı danışıqlardan bir gün sonra Tonoyanın belə bir açıqlama verməsinin səbəbi nədir?

- Paşinyan Vyana görüşünə əslində razılıq vermək istəmirdi. Onun son dövrlərdə atdığı addımları təhlil edəndə biz görürük ki, onda danışıqlardan qaçmaq istəyi var. O, bir müddət bu yolu seçmişdi. Hətta İlham Əliyevlə 2 dəfə görüşü baş tutandan sonra da israrla deyirdi ki, bu rəsmi danışıqlar deyil. Daha sonra Paşinyan bir az taktikasını dəyişdi. Yəni bizə qarşı şərtlər irəli sürməyə başladı. Qondarma rejimin də danışıqlarda iştirakı iddiası ilə çıxış edəndə Paşinyan çox gözəl bilirdi ki, Azərbaycan tərəfi buna razılıq verməyəcək. Yəni hiss olunur ki, Paşinyan rəsmi danışıqları aparmağa meyilli deyil. Bunun da səbəbi Paşinyanın ölkə daxilində ciddi təzyiq altında olmasıdır. O, əvvəllər əldə etdiyi ictimai dəstəyi günbəgün itirir və sosial, iqtisadi, eləcə də digər sahələrdə verdiyi vədləri yerinə yetirə bilmir. Hətta ona dəstək verən KİV-lərdə hər gün onun əleyhinə məqalələr gedir. Paşinyanın komandasını ələ salanların sayı da gündən-günə artır, onların küçədən gəlmiş, təcrübəsiz adamlar olduğu vurğulanır. Belə məqamda Paşinyan Dağlıq Qarabağla bağlı hansısa ciddi danışıqlar aparıb, Azərbaycanla sülh prosesini müzakirə etməkdən qorxur.

Qarabağ məsələsində də ona qarşı çox ciddi kampaniya aparılır. Hətta vaxtı ilə Serj Sərkisyan və Robert Köçəryanın irəli sürdüyü tezisləri də Paşinyana təkrarlamağa imkan vermirlər. Sərkisyan öz açıqlamasında bir neçə dəfə demişdi ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilər erməni torpaqları deyil. Onun məşhur kəlamı var idi ki, Ağdam heç vaxt ermənilərin vətəni olmayıb. Yəni vaxtaşırı Köçəryan da, Sərkisyan da bu cür mesajlar verirdilər, danışıqlarda Minsk Qrupunun həmsədrlərini də güzəştlərə, kompromistlərə hazır olduqlarına inandırırdılar. Ancaq indi bunu Paşinyanın etməsinə ictimai rəy imkan vermir. Ona görə də Paşinyan daha radikal görünməyə, sosial, iqtisadi, idarəçilik sahələrindəki uğursuzluqlarını bununla kompensasiya etməyə çalışır.

Eyni zamanda Paşinyan başa düşür ki, bunu ölkənin daxilində etmək olsa da, xaricində edə bilməz. Avropa Birliyi, ATƏT bir müddət gözləmə mövqeyində olsalar da, sonradan Paşinyana sərt üzünü göstərdilər. Avropa Birliyinə səfəri zamanı komissarlar Paşinyanın üzünə dedilər ki, yenilik naminə yenilik gətirmək lazım deyil. Danışıqlar əvvəlki formatda, əvvəlki prinsiplər əsasında aparılmalıdır. Bundan sonra Minsk Qrupunun həmsədrləri də sərt bəyanatla çıxış etdilər. Yəni Paşinyan Vyana görüşünə həvəslə getmədi, məcburiyyət qarşısında qaldığı üçün getdi. Ona görə də anlayırdı ki, görüşdə hansısa müsbət nəticə əldə etməyəcək. Paşinyan qorxurdu ki, Vyanadan sonra təzyiqlərlə üzləşəcək. Ona görə də bunun qarşısını almaq, ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün o, müdafiə nazirinə bu cür sərsəm bəyanatlarla çıxış etmək göstərişi verdi.

- Ermənistanda yeni hakimiyyət formalaşandan sonra Ermənistan müdafiə naziri ilk dəfədir ki, Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyir. Digər tərəfdən Vyanadan qayıdan kimi Paşinyan sələfləri kimi Putinə zəng edib görüşlə bağlı məlumatlandırdı. Biz bilirik ki, son bir neçə ay ərzində Rusiya və Ermənistan hakimiyyətinin münasibətləri yaxşılaşıb. Ola bilərmi ki, Tonoyanın bu açıqlaması Moskva ilə razılaşdırılsın?

- Yenə də deyim ki, Tonoyanın açıqlamaları da, Paşinyanın sərsəm bəyanatları da onun ölkə daxilindəki ağır durumu ilə bağlıdır. Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanı narazı salan bir çox addımlar atdı. Rəsmi Kremllə də müasibətləri kifayət qədər gərginləşdirdi. Hətta vəziyyət o dərəcəyə çatdı ki, erməni əsilli Rusiya XİN rəhbəri Ermənistana qarşı xüsusi bəyanatla çıxış etdi. Putin tərəfindən də Paşinyana bir neçə dəfə açıq xəbərdarlıqlar edildi. Paşinyan hakimiyyəti qərbyönlü modeldir. Rusiyanın daxili siyasətinə baxsaq, bu, təxminən Aleksey Navalnı modelidir. Ermənistanda buna bənzər layihənin uğur qazanmasında Putin heç də maraqlı deyil.

Paşinyan həmçinin Rusiyanı qıcıqlandıran addımlar atacağının anonsunu verib. Yəni Paşinyan Rusiya tərəfindən də ciddi təzyiq altındadır. Bu təzyiqi də müəyyən mənada kompensasiya etmək üçün Qarabağ mövzusunu seçib. Qarabağ mövzusu Paşinyan üçün xilas kəməri rolunu oynayır. Bunun vasitəsi ilə ruslarla münasibətlərini yaxşılaşdırmaq istəyir. Bunun üçün Vyana görüşündən əvvəl XİN rəhbərini Moskvaya göndərmişdi. Vyana görüşü başa çatandan sonra Putinə zəng edir və görüş barədə onu məlumatlandırır. Yəni göstərmək istəyir ki, Rusiyanın razılığı olmadan heç bir addım atmayacaqlar.

- Rusiya da Şimali Qafqazda hərbi mövqelərini gücləndirir. Eyni zamanda Moskva Xəzərdə genişmiqyaslı təlimlərinə start verir. Xəzər Konvensiyasının razılaşdırılmasından sonra Rusiyanın Xəzər dənizində, eləcə də Qafqazda bu qədər aktivləşməsinin səbəbi nədir?

- Bu məsələdə Azərbaycan üçün vacib olan 3 məqam var. Birincisi ondan ibarətdir ki, Xəzərin statusu ilə bağlı konvensiya imzalanandan sonra faktiki olaraq, Transxəzər qaz və neft borularının çəkilməsi layihələrinə demək olar ki, yaşıl işıq yandırılıb. Düzdür, burada müəyyən məhdudiyyətlər hələ də var. Birincisi, bu konvensiya 5 ölkənin də parlamentində ratifikasiya olunmalıdır. Yalnız bundan sonra qüvvəyə minə bilər. İlk olaraq İranda bu konvensiyanın əleyhinə çıxışlar səsləndirilir. Ola bilsin ki, İranda bu konvensiyanın ratifikasiyası ilə bağlı müəyyən problemlər yaransın. Digər tərəfdən, təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp Türkmənistana Novruz bayramı ilə bağlı təbrik göndərəndə həmin məktubda ifadə etdi ki, Transxəzər boru kəmərinin çəkilməsi üçün yaxşı imkanlar yaradılıb. Birbaşa düşmənlərə mesaj verdi ki, ABŞ bu layihələri dəstəkləyir. Ona görə də Rusiya bir tərəfdən konvensiyaya imza atır, digər tərəfdən də Xəzərdə öz hərbi gücünü artırır. Müəyyən manevrlər, hərbi təlimlər təşkil edir. Bununla da müəyyən mənada həm Türkmənistana, həm də Azərbaycana psixoloji təsir etməyə çalışır. Yəni Rusiya bildirir ki, onun razılığı olmadan Xəzərdə hansısa layihələr həyata keçirilə bilməz. Konvensiyaya görə bu mümkündür, amma Rusiya dünyaya Xəzərdə əsas güc sahibinin kim olduğunu göstərməyə çalışır.

İkinci məqam onunla bağlıdır ki, Rusiya Xəzər dənizində yerləşdirdiyi donanma ilə Yaxın Şərqdən Hindistana qədər olan əraziləri nəzarətdə saxlamaq istəyir. Rusiya Xəzər dənizində yerləşdiyi hərbi donanmasını yeni tipli raketlərlə təchiz edib. Artıq Suriyada gedən döyüşlər zamanı rus gəmiləri Xəzər dənizindən Suriyada müxtəlif obyektləri bombardman edib. Bu, artıq sırf Xəzər regionuna aid deyil. Rusiyanın Xəzər dənizində yerləşdirdiyi radar sistemləri də çox böyük məsafəni nəzarətdə saxlaya bilir. Ona görə də onların hərbi təlimləri bizim regiondan xeyli uzağa hesablanıb. Bu, Suriyaya, İrana, Əfqanıstana, Pakistana mesajdır. Yəni rəsmi Moskva çox böyük bir ərazini Xəzər donanması vasitəsi ilə nəzarətdə saxlamağa çalışır.

Üçüncü və ən əsas məqam isə ondan ibarətdir ki, başqa Xəzəryanı ölkələrdən fərqli olaraq, Azərbaycanda iqtisadi, maliyyə, əhali potensialının əsas hissəsi Xəzər dənizinin sərhədində yerləşir. Azərbaycan yeganə Xəzəryanı ölkədir ki, onun paytaxtı Xəzərin sahilindədir. Biz Xəzər dənizinin sahilində yerləşən bütün rayonları (Lənkərandan başlayaraq, Xaçmaza qədər – E.N.) sadalasaq, görərik ki, Azərbaycanın iqtisadi potensialının 90%-i təqribən Xəzər dənizinin sahilindədir. Bu o deməkdir ki, həmin o 4 digər Xəzəryanı dövlətdən fərqli olaraq, Azərbaycan mütləq olaraq, Xəzər dənizinin sahilində çox güclü hərbi infrastruktur yaratmalıdır. Bu regionu müdafiə etmək üçün Azərbaycan Rusiyadan, Qazaxıstandan, İrandan, Türkmənistandan fərqli olaraq çox güclü sahil müdafiə qüvvələri yaratmalıdır. Rusiyanın, Qazaxıstanın, İranın buna ehtiyacı yoxdur, amma Azərbaycanın var. Bildiyim qədəri ilə artıq bu sahədə çox ciddi addımlar atılmaqdadır. Azərbaycan yeni hərbi texnologiyalara söykənən gəmiləri özü istehsal edir. İldən ilə də bu tendensiya güclənir.

Tarix
2019.04.04 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla