Manatın devalvasiyası ilə
bağlı banklara kredit ödənişləri məsələsində müzakirələrə daha bir
hüquqşünas qoşulub.
Axar.az tanınmış hüquqşünas Aqil Layıcın məqaləsini olduğu kimi
təqdim edir:
"Son zamanlar dolların manata nisbətdə dəyərə minməsi (manatın
devalvasiyası) bir çox hörmətli hüquqşunaslarımızın bu yöndə
müxtəlif fikirlər səsləndirməsinə əsas olub. Bəzi hüquqşunaslar isə
qeyd edir ki, Mülki Məcəllənin 439.7-ci maddəsində qeyd olunan
məzənnə fərqini öhdəliyin yaranma gününə görə indeksləşdirən maddə
xarici valyutaya tətbiq olunmayacaq.
Bu fikirlə razı deyiləm. Hesab edirəm ki, 439.7-ci maddədə qeyd
olunan valyuta termini ümumi anlamda istifadə edilmiş və öhdəliyin
əsasını təşkil edən borcun bütün valyutalarını təşkil edir. Belə
ki, AR-in mülki qanunvericiliyinə ən yaxın qanunvericilik İsveçrə
və Türkiyə mülki qanunvericiliyidir. Hər iki ölkənin qanunvericilik
bazasını müxtəlif yöndə təhlil etdikdə görünür ki, xarici valyuta
üzrə yaranan öhdəliklər zamanı qlobal dəyişiklik baş verərsə,
ödəniş borcun yarandığı günə uyğun olaraq məzənnə fərqinə görə
uyğunlaşdırılaraq ödənilməlidir. Əks halda dünyada gedən qlobal
dəyişikliklərin qaçılmaz olmasını göz önündə tutan heç kim mülki
dövriyyəyə girməz, hər an itkilərin olacağını nəzərə alaraq mülki
dövriyyədən çəkinərlər. Bu isə ən azından daxili və xarici bazarı
iflic vəziyyətinə sala bilər.
Qloballaşmaya uyğun indeksləşmə olmasa, bir tərəfin ziyan
gördüyü kimi digər tərəfin əsassız varlanmasına səbəb olar. Bu isə
ta qədim zamanlardan, Roma hüququndan qadağan edilməklə bərabər,
əsassız varlanan şəxsin varlandığı hissəni geri qaytarmaqda yükümlü
etməkdədir. Roma hüququndan gələn bu instituta görə digər tərəf
qarşı tərəfin zərəri hesabına varlana bilməz (nemo locupletari
debet cum aliena iactura). Azərbaycan Respublikasının mülki
qanunvericiliyinə görə, "Əsassız varlanan o şəxs (varlanmış şəxs)
sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın)
hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş
verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya
müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o
hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş
əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir".
Göründüyü kimi, Mülki Məcəllənin 439.7-ci maddəsi ancaq yerli
valyutaya tətbiq olunsa, əsassız varlanma institutu ilə ziddiyət
təşkil etmiş olar. Beynəlxalq praktikada bu cür hallarda yenidən
dəyərləndirmə edilir (re-evalution) və məzənnə fərqi öhdəliyin
yaranma gününə uyğun olaraq indeksləşdirilir. Digər tərəfdən,
439.7-ci maddədə qeyd edilən "valyuta" sözünün ümumi məna kəsb
etdiyinin (bütün öhdəlik valyutalarını ehtiva etməsi) sübutu MM
1077.2-ci maddəsində və AR "Valyuta tənzimi haqqında"
qanunvericiliyində öz əksini tapmışdır. Əgər orada Azərbaycan
valyutasını nəzərdə tutsa idi, 1077.2-ci maddədəki kimi və yaxud
"Valyuta tənzimi haqqındakı" qanunun anlayışlar hissəsindəki kimi
"milli valyuta" sözündən istifadə edilərdi. Nəticə etibarilə
439.7-ci maddə xarici valyutaları da ehtiva edir. Valyuta ehtiyatı
dedikdə Azərbaycan Respublikasının sahib olduğu milli və xarici
valyuta nəzərdə tutulur.
P.S. Səhv etmirəmsə, bir çox banklar yenidən dəyərləndirmə edib,
müştərilərinə sms bildiriş ediblər. Kredit ödənişlərində də
banklara tətbiq elədiyi faiz nisbətində qazanc əldə etmək hüququ
verilir, devalvasiyaya görə deyil.
Nəticə etibarilə: alıcılar müqavilə bağladığı anda kurs
necə idisə, ödəniş zamanı o kurs da əsas
götürülməlidir".