Axar.az
Yuxarı

Dünya Ərdoğanın zəif yerini tapdı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə son 15 ildə türk dünyasının favoriti, bütün türklərin istinad, türk dövlətlərinin güvənc yeri halına gəlib. İndi artıq türklərin ətrafında birləşəcək GÜC var;

Türkiyə NATO-nun, ABŞ və Qərbin göstəriş və qərarlarını qeyd-şərtsiz icra etməkdən çıxıb, öz milli maraqları üçün müttəfiqlərinə belə güzəştə getməyən dövlət halına gəlib;

Türkiyə 10 il əvvəldən artıq regional gücə çevrilmişdi, indi isə dünya gücü olmağı hədəfləyir;

Türkiyə milli müdafiə sənayesində misilsiz uğurlar əldə edib, artıq ən yeni müharibə silahları üçün Ankaraya üz tutulur...

Türkiyənin güclənməsi islam və türk dünyasında ciddi proseslərin başlanmasına səbəb olur; artıq Türkiyə öz sərhədləri içinə qovulan və başı PKK terrorçuları ilə mübarizəyə qarışan zəif dövlət deyil. Türkiyə ən azı regionda türk və islam kimliyinin haqqını qoruyan möhtəşəm güc halına gəlməkdədir;

Türkiyə Osmanlıdan sonra ilk dəfə olaraq sərhədlərini – su sərhədlərini konkret müqavilə ilə böyüdən dövlət oldu;

Türkiyə Suriya və İraqdan, Liviyadan başlamış, Əfqanıstana qədər böyük coğrafiyaya nüfuz edəcək səviyyəyə çatdı;

Türkiyə sürətlə genişlənən bir dünya gücü olmaqdadır və bütün bunların başında Ərdoğan dayanır!

Əfqanıstan Türkiyəyə can atır, 5+1 türk ölkəsi Ankaranın başında birləşmək üçün ciddi müzakirələr aparır, müqavilələrə imza atır...

Türkiyə 90-larda iki mülki helikopteri NATO-dan iznsiz Azərbaycana verə bilməyəcək səviyyədən İkinci Qarabağ savaşında F-16-larını mənəvi dəstək üçün Gəncədə saxlayan, sinəsini NATO da daxil olmaqla, dünyanın bütün gücləri qarşısına verib, “Qarışmayın, yoxsa mən də qarışaram” deyəcək səviyyəyə qalxdı!

Türkiyə ümidləri gerçəkləşdirən, arzuları doğruldan və 300 milyona yaxın türkün, 1,7 milyarda yaxın müsəlmanın istinadına çevrilmək yolunda tarixi missiyasını çiyinlərinə qaldırmaq GÜCünü özündə tapdı.

Bu yükün ağırlığı olmayacaqdımı?

Dünya Oyanan, Qalxan və Güc olan Türkiyənin təsir dairəsində onlarla ölkənin birləşməsindən əndişələnməyəcəkdimi?

Buna qarşı həmlələr edilməyəcəkdimi?

İllərdir edilir, illərdir Ərdoğan Türkiyəsinin tamamilə müstəqil siyasətinə qarşı hərbi-siyasi və iqtisadi təzyiqlər aparılır.

Amma Ərdoğan dözür, bütün təzyiqlərə sinə gərir, Türkiyəni arzularına və bütün türklərin arzuladığı məqama qaldırmaq yolunda çalışır!

Türkiyə Atatürkdən sonra indiki qədər qüdrətli olmayıb! Və bu da görünən, görünməyən gücləri çox ciddi şəkildə narahat edir və həmlələr sürətlə çoxalır. Türkiyənin ən həssas yerindən – iqtisadiyyatından zərbələr davam edir.

Pandemiya, turizmin zəifləməsi, bilinən-bilinməyən sanksiyalar səbəbindən Türkiyə iqtisadiyyatı dalğalanır, lirə çökür və əhalinin narazılığı başlayıb.

Əlbəttə, beynəlxalq güc üçün mütləq şəkildə ölkənin iqtisadi dayaqları möhkəm olmalıdır - beynəlxalq güc olmanın şərtlərindən biri də iqtisadiyyatdır!

Ancaq beynəlxalq güc olmaq üçün siyasi çevrəni böyüdürsənsə, sərhədlərindən min kilometrlərlə kənara çıxırsansa, Liviyadan Əfqanıstana qədər haqq savaşına girirsənsə, mənəvi-siyasi sərhədlərin öz ərazindən qat-qat çoxalırsa, bunun iqtisadi çətinlikləri də qaçılmaz olur. Ancaq bu siyasi sərhədlərdə möhkəmləndikcə iqtisadi güc də nəinki bərpa olunur, həm də sənin siyasi sərhədlərinə çatır.

Kimsə sənə iqtisadi sərhədlərini bu səviyyəyə qaldırmağa imkan verməz – yalnız Çin bunu bacarıb, səbəbi də 1,4 milyardlıq əhalisidir. Dünyanın başqa heç bir ölkəsinin siyasi sərhədləri iqtisadi sərhədlərindən sonra formalaşmayıb!

Birinci siyasi sərhədlərin cızılır, sonra iqtisadi!

Çin kimi nəhəng ikincini bacarıb, amma iqtisadi sərhədlərinə siyasi sərhədlərini uzalaşdırmağa imkan verilmir və verilməyəcək də!

Sən siyasi-hərbi resurslarını xərcləməlisən ki, məsələn, Qarabağdakı bütün quruculuq işləri sevə-sevə sənə verilsin!

Sən iqtisadi gücünü xərcləməlisən ki, sərhədlərindən min km-lərlə uzaqdakı Əfqanıstan sənə bağlansın!

Bu xərcləmələr isə əlbəttə ki, daxildə müəyyən çətinlikləri qaçılmaz edir!

ABŞ onillərdir nələr itirib bu istiqamətdə? İraqda və Əfqanıstanda itirdiklərinin həcmi nə qədərdir? Trilyonlar, elədirmi?

Lirənin son günlər ardıcıl ucuzlaşması ilə Türkiyədə panika – məhz panika başlayıb. Qərb güclərinin bəlli qurumlarının əlinə baxan sivil toplumlar, FETÖ-cular aktivləşib, AKP-nin reytinqini aşağı çəkmək üçün bütün variantlar ortaya qoyulub. Dünən nəhayət ki, Ankara və İstanbulda “istefa” tələbləri ilə küçələrə də çıxdılar...

Hamısı panikanın, təbliğatın, Qərbə bağlı quruluşların və əlbəttə ki, müxalifətin fəaliyyətinin nəticəsi!

Seçkiləri ertələmək, Ərdoğanı devirmək əsas hədəfdir. Bayden prezident seçkilərindən az öncə məhz bunu da demişdi, əsas hədəfinin Ərdoğanı devirmək olacağını rəsmən elan etmişdi.

2023 seçkilərini gözləməyə vaxt yoxdur; çünki həmin ərəfədə ABŞ da seçkilərə istiqamətlənəcək; çünki həmən vaxta qədər qoca Baydenin sağ-salamat, ağlı başında gedib çıxacağı həddən artıq sual altında – zatən cənab Baydenin səhhəti vaxtaşırı olaraq gündəmə gəlir; çünki həmin zamana qədər Makronun siyasi ömrünü davam etdirəcəyi şübhəlidir...

Buna görə də “vaxtı qabağa çəkmək” uğrunda proses başlayıb.

Türkiyə buna dözəcəkmi?

Həm hərbi-siyasi baxımdan güclənəcəksən, həm dünya güclərinə meydan oxuyacaqsan, həm sanksiyalar altında qalacaqsan, həm də iqtisadi rifahın günü-gündən yaxşılaşacaq?

Olmur belə şeylər! Türk və islam dünyasının ağırlığını çiyninə götürmüsənsə, sərhədlərini fiziki sərhədlərindən on dəfələrlə artıq böyütmüsənsə, sənə sanksiyalar gələcək və sən dözəcəksən: özünü, Türkiyəni və Türk Birliyini dünyaya qəbul etdirənə qədər dözəcəksən; dollar 50 lirəyə qalxsa belə dözəcəksən, inanacaqsan və sabitqədəm olacaqsan!

Ərdoğan olmasa, FETÖ Türkiyəni Qərbin yemi edəcəkdi;

Ərdoğan olmasa, Qarabağın işğalı hələ də davam edəcəkdi;

Ərdoğan olmasa, Türkiyənin cənubunda “yedək dövləti” yaradılacaqdı;

Ərdoğan olmasa, Aralıq dənizində karbohidrogen axtarışları yalnız xəyal olacaqdı;

Ərdoğan olmasa, Türkiyə çoxdan öz sərhədləri içində sağ qalmaq uğrunda çaba verəcəkdi, öz varlığını və bütövlüyünü qorumağa çalışacaqdı. Bəlkə də artıq müəyyən bölgələrin mərkəzdənqaçması parçalanma səviyyəsinə çatacaqdı.

Ərdoğan mümkün iç savaşların hamısını Türkiyənin çölünə daşıdı;

Ərdoğan ilk dəfə olaraq Türkiyənin xarici ölkələrdə hərbi bazalarını qurdu;

Ərdoğan ilk dəfə olaraq Osmanlının mənəvi sərhədlərini deyil, məhz müsəlman-türk dünyasının sərhədlərində Böyük Türkiyə təsəvvürünü formalaşdırdı.

Türkiyə iqtisadi silkələnmələrə dözüb, Ərdoğanın arxasında dayanacaqsa, böyümə tamamlanacaq;

Türkiyə lirə oyunundan panikaya düşməyəcəksə, Ərdoğan dünya çapında siyasi savaşdan qalib ayrılacaq...

Qısa müddət qalıb, 2023 hədəfinə çatarsa, 2035 perpektivində Türkiyə bütün bu təzyiqlərdən artıq sığortalanmış olacaq.

Demişdik: torpaq alırsansa, ərazini bərpa edirsənsə, iqtisadi çətinliklərinə dözəcəksən – bu, Azərbaycana aiddir. Elə bilirsiniz bizə asandırmı? Qətiyyən! Bahalaşma belimizi qırır, çətinlik 90-ları xatırladır.

Ancaq kimsə bu çətinlik üzərindən manipulyasiya edə bilməz! Dözəcəyik, quracağıq, Qarabağa qayıdacağıq, 2025 hədəfimizə üzüağ çatacağıq!

Türkiyə də siyasi sərhədlərini onmin kilometrlərlə böyüdüb.

Dözəcəksə, bir daha iç savaşları, terrorları, hakimiyyət böhranlarını görməyəcək.

Bu gün lirə bir az güclənsin deyə, küçələrə çıxanlar sabah NATO köləsi bir Türkiyə düzəltmək istəyənlərlə 30 il əvvəkli savaşı yenidən başlatmalı olacaq.

Amma həmin zaman daha bir Ərdoğan olacaqmı? Yoxsa 6 aydan bir dəyişən hökumətlərin, 20 ildən bir NATO dəhlizlərində hazırlanan çevrilişlərin əlində əsir-yesir qalacaq?

Tarix
2021.11.24 / 18:11
Müəllif
Anar
Oxunub
77 813
Şərhlər
Digər xəbərlər

Novruz Qartal əməliyyat olundu

Dünən şəhid olan mayor savaşda nələr edib? – Ağar yazdı

Nazirlikdən film festivalı ilə bağlı qalmaqala münasibət

Yeni nazir müavininin füsunkar - Fotoları

AzDram “Manqurt”la Daşkəndə getdi

Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi

Həbsdə olan Əjdər Ol mükafat aldı

Ağıllı adamlar bu 10 şeyi etmir

Millət vəkili qadın rəssamlarla görüşdü

Paşayeva sənət adamları ilə görüşdü

KULT
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla