Xalq şairi Nəriman Həsənzadə
ilə müsahibəyə çoxdan hazırlaşırdım. Uzun illərdir şəxsi
tanışlığımız olmasına baxmayaraq, hər dəfə bir bəhanə gətirib,
müsahibədən məharətlə yayınırdı. Bu yaxınlarda əziz müəllimim
Nəriman Həsənzadə ilə nəhayət ki, söhbətləşə bildim.
Axar.az xalq şairi Nəriman Həsənzadə ilə müsahibəni təqdim
edir:
- Bax qızım, ad günün idi deyə, etiraz etmədim sənə.
- Nəriman müəllim, sizcə, niyə belə olur?
- Necə, qızım?
- İnsan güvəndiyi dostlar tərəfindən gözlədiyi kimi
qarşılanmır...
- Mənim balam, ərk edir də. Sənə də ərk etdiyim üçün təxirə
salırdım müsahibəni.
Elə bu vaxt Nəriman müəllimin telefonuna zəng gəlir. Günahkar
uşaqlar kimi gözlərini gözlərimə zilləyir:
- Vallah, qorxuram cavab verməyə. Cavab verən kimi deyəcəklər
dur gəl, müsahibəmiz yarımçıq qalacaq.
- Ay müəllim, gecə-gündüz efirdəsiniz, indi sizin
istirahət vaxtınızdır axı...
Nəriman müəllim gülməyə başladı:
- Hə, doğru deyirsən. Elə ona görə də mənə tez göz dəyir. Uzun
müddət səhhətimdə problemlər yaşadım...
- Dünya ədəbiyyatında kifayət qədər tanınan Nəriman
müəllimin həyata keçirmək istədiyi arzu varmı?
- Mən yaratmaq istəyirəm. Yazılası hələ o qədər fikir var ki.
Ürəyim doludur sözlə, söhbətlə.
Muğam anam idi...
- Nəriman müəllim əsərlərini yazarkən hansı dildə
danışır: rənglərin, musiqinin dilində, yoxsa?
- Hər birində. Mən sözü heç vaxt tək hiss etməmişəm. Şeirlərim
daim rənglərlə, musiqi ilə müşahidə olunur. Məsələn, anamın
toxuduğu xalıda muğamatı görürəm:
Anam kəlağayılı bir muğam idi,
Muğam da doğmaca öz anam idi.
- Nəriman müəllim, ananızdan söhbət açdıq, istərdim
ananız haqda danışasınız. Onu hansı əsərlərinizdə daha geniş vəsf
etmisiniz?
- Anama saysız-hesabsız şeirlər yazmağıma baxmayaraq, heç
birində onu tam olaraq hiss etmədim. Yalnız bu yaxınlarda seçilmiş
hekayələrdən ibarət "Nabat xalanın çörəyi" kitabım hazır olduqdan
sonra anladım ki, anam elə bu kitablarda tam olaraq öz əksini
tapıb.
- Sözügedən Nabat xala Nəriman müəllimin anası
olub?
- Bəli, anam müharibə dövründə çox çətinliklərlə üzləşib. Atamın
üçüncü arvadı olub. 23 yaşında ikən atamın evinə qaçırılıb. Atam
çox yaşlı olub – 63 yaş. Mən doğulandan sonra atam rəhmətə getdi,
qaldıq tək-tənha. Bu çətin həyat yollarında sınaqlara tək sinə
gəlməyi elə tənhalığımızla öyrəndik.
"Nabat xalanın çörəyi"nə gəlincə isə anam çörəkçi olub: o, çörək
bişirərdi, mən qapı-qapı dolaşaraq çörəkləri satardım. Bax, belə
əziyyətlə böyümüşəm. Aşağı təbəqədən gəlmişəm, bu yüksəkliyə qədər
qalxmışam.
Məni Yazıçılar Birliyində daş-qalaq
edirdilər
- Nəriman Həsənzadənin fikrincə, insan həyatında təbəqə
rol oynayırmı?
- Təbəqələr var və insan taleyini çox zaman o təbəqələr həll
edir. Mənimlə eyni tərcümeyi-hala malik olan insanlar var. Onlar da
aşağıdan gəliblər, zirvəyə yüksəliblər.
- O zaman bu özü də bir nailiyyət və xüsusi bacarıqdır.
Zənnimcə, hər savadlı və istedadlı insan yalnız öz gücü ilə zirvəyə
qalxa bilmir, bunun üçün mütləq dəstəyə ehtiyac olur.
- Mənim bəxtim o zaman gətirdi ki, qarşıma hər zaman gözəl
insanlar çıxdı. Amma məni məhv etmək istəyənlər də az olmadı. Heç
yadımdan çıxmır: "Kimin sualı var?" poemama görə məni Yazıçılar
Birliyində, az qala, daş-qalaq edirdilər. Məhkəmə quruldu, ünvanıma
sərt ittihamlar səsləndi. Çox əziyyət çəkmişəm. Bayaq anamı
xatırladıq. Mən təzə əsgərliyə yollanmışdım ki, anamın dünyadan
köçdüyü xəbərini eşitdim. Əlimdəki silahla hərbi xidmətdən qaçaraq
kəndimizə gəldim, anamı son mənzilə yola saldım. Məni tribunala
verirdilər, tutacaqdılar. O zaman rəhmətlik Nigar Rəfibəyli və
Rəsul Rza mənim həbs olunmağıma imkan vermədilər, bacardıqları
qədər müdafiə mövqeyində dayanaraq, məni tribunaldan yayındırmağa
müvəffəq oldular.
- Nəriman müəllim, verilişlərin birində öz taleyinizi
sınıq kuzəyə bənzətmisiniz. Yaradıcı insanlar dahiyanə əsərlərini
kədərli və əzablı zamanlarda yaradıblar.
- Razıyam.
- Düşünmürsünüz ki, Nəriman müəllimin Sarasını "sellər
aparmasaydı", o, gözəl əsərlər yarada bilməyəcəkdi.
- Qətiyyən o fikirlə razı deyiləm. Mən tək həyat yoldaşımı
deyil, öz özlüyümdə bir parçamı itirdim. Onun yoxluğu mənə bir daha
yetimliyimi xatırlatdı. İki övladla bir damın altında baş-başa
qaldım. Onlara təsəlli olmağa çalışdımsa da, bu, alınmadı. Mən ata
olaraq onlara analarını əvəz edə bilməzdim. Qadın olduqca böyük
qüvvədir, dayaqdır, həmdəmdir. Əgər bir kişinin yanında onu dərk
edən ağıllı həyat yoldaşı varsa, ona heç bir dövlət bata bilməz,
onun mənliyini, qürurunu heç kəs alçalda bilməz və o,
məğlubedilməzdir.
Onu əvəz etmədim...
- Bəs, bir qadını digəri ilə əvəz etmək
olarmı?
- Nəriman əvəz edə bilməzdi və etmədi.
- Amma sizin haqqınızda hazırlanan verilişlərin birində
qızınız Xatirə xanım yenidən ailə qurmağınızı istədiyini dilə
gətirib.
- Elə deməyinə baxmayın, mənim uşaqlarımın ikisi də – həm
Xatirə, həm də Nazim olduqca qısqancdırlar. Biz mehriban, səmimi
ailə olmuşuq. Mən həyat yoldaşımı itirdikdən sonra evimizdə bir
boşluq yarandı. Bir çox insan o boşluğun bir gün kimləsə əvəz
olunacağını düşünsə də, mən tam əminliklə bilirdim ki, Sarasız
artıq özümü də itirmişəm. "Xosrov və Şirin" əsərində Xosrovla
Şirinin dialoqunu xatırlayırsınız? Orada Xosrov Şirinə gecə ikən
onunla görüşməyi təklif etdikdə, Şirin Xosrova ailəli olduğunu
xatırladaraq, ondan nə üçün bu cür hərəkət etdiyini soruşur. Xosrov
cavab verir: "Arvadımla yaşayan bədənimdir, ürəyimin xəbəri
yoxdur". Mənim ürəyim, ruhum hər zaman Saranın yanındadır.
- Qızınız Xatirə xanıma bu adı sanki onun həyat
yoldaşınızdan sizə xatirə qalacağını hiss edirmiş kimi
vermisiniz.
- Çox gözəl vurğuladınız. Bəli, tamamilə doğrudur. Mən bu haqda
illər sonra düşünməyə başladım. Ümumiyyətlə, həyatda təsadüfi heç
nə yoxdur. İnsana hər şey hiss etdirilir, deyilir, göstərilir. Bir
çox insan var ki, onlar ilahi qüvvə tərəfindən idarə olunurlar.
Misal üçün, mən idarə olunuram. Hər gecə saat 3-4 arası sanki qəfil
yuxudan oyadılıram, şeirə, sözə köklənirəm, yazıram, yaradıram, bir
də baxıram ki, artıq səhər açılıb.
Zaman hər şeyi həll edəcək
- Çox gözəl. Bildiyimiz kimi, oğlunuz Nazim çox gec ailə
həyatı qurub.
- Elədir, düz 47 yaşında. Hərdən zarafatla deyirdim ki, ay
Nazim, camaat bu yaşda arvad boşayır, sən isə hələ təzə
evlənirsən.
- Bu qədər gecikməyə səbəb nə idi?
- Biz onu heç cür evləndirə bilmirdik. Həyat yoldaşım dünyasını
dəyişəndən sonra o, evlənmək istəmədi. Gec də olsa, ailə qurmağına
sevinirəm, indi artıq 3 yaşında bir oğlu böyüyür. Uşağa mənim adımı
qoyublar.
- Görəsən, balaca Nəriman babasının yolunu davam
etdirəcəkmi?
- Nəslimizdə ancaq anamın bibisi oğlu olan şair Məmmədəli Coşqun
vardı. O da rəhmətə gedib. Xatirənin 28 yaşlı qızı mənimlə bərabər
Avrasiya Akademiyasında dərs deyir. Onun birinci sinfə gedən oğlu
böyüyür. Qızımın oğlu İsa Pribaltika ölkələrində təhsil alır və
çalışır, alman, rus, ingilis dillərində sərbəst danışır. Xatirə özü
musiqi nəzəriyyəsi üzrə elmi dərəcə əldə edib. Çox gözəl rəsm
əsərləri var, dəfələrlə beynəlxalq sərgilərdə iştirak edib. Balaca
Nərimanın yolumu davam etdirib-etdirməyəcəyinə dair indi nəsə demək
mümkün deyil, zaman hər şeyi özü həll edəcək.
Adım Vaqif olub...
- Müəllim, yenə adlarla bağlı sual verəcəyəm. Bilirəm
ki, oğlunuz Nazimə 1963-cü il doğumlu olduğu üçün və həmin ildə
dostunuz Nazim Hikməti itirdiyiniz üçün bu adı vermisiniz. Bəs, öz
adınızın mənası nədir?
- Maşallah, hər məsələdən xəbərdarsınız. Mənim adım, əslində, 7
yaşıma qədər Vaqif olub. Sonra Nəriman Nərimanovun şərəfinə adım
dəyişdirilib – olmuşam Nəriman. Nəriman adının mənası – nər, igid,
iman gətirən, ürəkli və imanlı deməkdir. Adım yazıçı, şairlərin adı
ilə bağlı oldu, elə taleyim də.
- Amma bir çox fars, ərəb ölkələrində Nəriman adlı
qadınlara də rast gəlmək mümkündür.
- Hə, düz deyirsiniz. Sizə bir maraqlı əhvalat danışım. Bir dəfə
Yuqoslaviyaya Yazıçılar Birliyinin xətti ilə dəvət almışdım. Hava
limanına təyyarədən endim və gözləyirəm, heç kəs yaxınlaşmır.
Bir-iki saat gözlədim, hamı dağıldı, qaldım tək. Axır birtəhər,
göndərilən ünvanı tapıb çatdım nümayəndəliyə. Məndən üzrxahlıq
etdilər ki, vallah, biz Nəriman adında qadın gözləyirdik, gördük
ki, təyyarədən enənlər hamısı kişidir, düşündük ki, Nəriman xanım
gəlməyib, odur ki, qayıtdıq geri.
- Nəriman bəy, Türkiyəni valeh edən "Nuru paşa" əsərini
bitirdinizmi?
- Bəli, tam təfsilatı ilə təhvil verdim. Üstəgəl, mənim
müəllifliyimlə "Kulturologiya" dərsliyi də işıq üzü gördü.
- Sözügedən dərslik adından bəlli olduğu kimi çox güman
ki, mədəniyyətdən xəbər verir.
- Bəli, qədim Şumerlər dövründən başlayaraq, Roma, Yunanıstan
tarixi və mədəniyyətini əhatə edir. Mən filologiya üzrə
professoram, amma tarixi öyrənir, analiz edirəm. Bu kitabın ərsəyə
gəlməsində ideya müəllifi Arif Paşayevə öz dərin təşəkkürümü
bildirirəm. Dərsliyi hazırlamağım haqqında təklifi o irəli
sürdü.
- Nəriman Həsənzadə bütövlükdə neçə kitab
müəllifidir?
- Saymamışam, təqribən 40 kitab. Bəlkə də bir qədər çox olar.
Ümumiyyətlə, bir fikir söyləyim ki, kitab sayının azlığı və ya
çoxluğu ilə istedad ölçülmür və say heç bir əhəmiyyət daşımır. Ola
bilər ki, Vaqif kimi yalnız bir tək "Qoşmalar" yaradasan və ömürlük
ədəbiyyat tarixinə adın yazıla.
- Şeirlərinizdən ən çox sevdiyiniz
hansıdır?
- Hamısı övladlarımdır. Hamısı sevimlidir, mənim üçün
əzizdir.
Yaşıl söyüd quruyub...
- Elə isə sevdiyiniz şeirlərin misraları ilə sizə sual
ünvanlayıram: Nəriman müəllim, yaşıl söyüd dururmu?
- (Kövrəlir) Alqışlayıram... Əhsən! Yox, nə söyüd durur, nə
çəmən əvvəlki kimidir, nə yollar qalıb, nə də xatirələr. Yaşıl
söyüd quruyub. İnsanın iki həyatı var: biri cavanlıqdır - nadanlıq,
digəri qocalıqdır - peşmançılıq. Cavanlar irəli baxmasalar da,
qocalanda bir çox iztirablarla qarşılaşır, cavanlıqda etdikləri
səhvlərin peşmançılığını çəkirlər.
- Nəriman Həsənzadə nəyin peşmançılığını
çəkir?
- Həyat uzun göründüyü qədər də qısadır. Doğmalar, əzizlər,
yaxınlarla hər zaman yanaşı olmağın həsrətini çəkirəm. İnsan
sevdiyi insanı bir gün itirəcəyini düşünsə, o zaman bir addım belə
onun yanından əl çəkməz. Amma biz zamanımızı hədər yerə bada
veririk.
- Bir qədər kədərli notlardan ayrılaraq, pozitivə
qayıdaq. Nəriman müəllimə şeirinin misraları ilə müraciət edən
çoxmu olur?
- Həddindən artıq. İnanın, elə bir gün olmur ki, mən öz
şeirlərimin misralarını yolda yeriyərkən, mağazada, hansısa
məclisdə olarkən məni tanıyan və ya tanımayan insanların dilindən
eşitməyim. Bu mənim üçün böyük fəxrdir. Bir hadisə danışım sizə.
Bir dəfə qəza keçirdim, ayağım əzildi. Təsəvvür edin, təcili yardım
maşını çağırılıb, həyətdə insanlar toplanıb, mən də ağrıdan
qıvrılıram. Təcili yardım maşınından enən həkim mənə maraqla baxır,
nə yardım edir, nə də bir söz deyir. Qəfildən başladı ki, Nəriman
müəllim, bu dünya bir nərdivandır, qalxanda nə şirindi, enəndə nə
yamandı. Öz-özümə dedim ki, heç hənanın yeridir? Zalım oğlu, mən nə
hayda, sən nə hayda.
Heydər Əliyev kəlməsi...
- Hədsiz maraqlı hadisələrlə üzləşmisiniz, amma
müsahibələrinizdə dəfələrlə vurğulamısınız ki, ən maraqlısı Heydər
Əliyevlə bağlıdır.
- Qızım, Heydər Əliyev böyük şəxsiyyət olub. Onun kimi dahilər
həyata min ildə bir dəfə gələ, ya gəlməyə. Bizim onunla
tərcümeyi-hal qohumluğumuz var idi. O da aşağıdan gəlmişdi, eynilə
mənim kimi. Əziyyətləri çox olub, bütün nailiyyətləri təkbaşına
əldə edib. Yadımdadır, tədbirlərin birində onun haqqında yazdığım
"Mənim əbədi taleyim" əsərinə fikir bildirərkən qeyd etdi ki,
Moskvada yaşayarkən uzun illər yalnız "Ədəbiyyat və incəsənət"
qəzetini oxuyub. O zaman mən bu qəzetin baş redaktoru idim. Bu
mənim üçün böyük şərəf idi.
- Şəxsi görüşləriniz olubmu?
- Əlbəttə, dəfələrlə. Birgə səfərlərimiz, söhbətlərimiz olub.
Olduqca diqqətcil, şeirə, sənətə qiymət verməyi bacaran insan idi.
Heydər Əliyev şairi şairdən, yazıçını yazıçıdan qoruyurdu. O
bilirdi ki, heç kəsin məhv edə bilməyəcəyi mənəviyyat və daxili
dünyası zəngin olan bu qeyri-adi aləmin insanlarını yalnız öz
həmkarları məhv edə bilər və hər cəhdlə lazımsız intriqalara,
söz-söhbətlərə bir kəlməsi ilə son qoyurdu.