Axar.az Musavat.com-a istinadən Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
xalq şairi, bu gün 70 yaşı tamam olan Sabir Rüstəmxanlı ilə
müsahibənin üçüncü hissəsini təqdim edir:
Əvvəli
burada
- Sabir bəy, bir az da
Qarabağla bağlı danışmaq istərdik. Bir xalq şairi və Meydan
hərəkatının liderlərindən olmuş şəxs kimi bu problemə baxışınız
necədir? Ümid varmı? Topxanada meşələr qırılanda siz xalqın etiraz
aksiyasının önündə olan ziyalılardan biri idiniz. Aradan 29 illik
zaman keçib. Zaman bu problemi haraya aparır? Xalqın öz
torpaqlarına qayıtmaq imkanları necədir?
- Mən böyük perspektivdə çox ümidliyəm. Çünki ermənilərin Güney
Qafqazda strateji olaraq gələcəyi yoxdur. Özləri də ora bir məbəd
kimi baxırlar ki, gəlib ziyarət edib gedəcəklər. O torpaq onların
deyil. Torpağın özü də sanki üstündə yaşayanın ona doğma, yaxud
ögey olduğunu hiss edir. Bizi çaşdıran bir məsələ var. Bu da ondan
ibarətdir ki, 1988-ci ildə Qarabağı müdafiə eləmək, Qarabağda
azərbaycanlıların hüquqlarının qorunması istiqamətində başlanan
mübarizə sonradan ayrı müstəviyə keçdi. Azərbaycanın müstəqilliyi
uğrunda mübarizəyə çevrildi və uğurla nəticələndi. Azərbaycan
müstəqil oldu, Qarabağ məsələsi ikinci plana keçdi. Bu, çox böyük
yanlışlıq oldu. Hətta o vaxtkı müdafiə naziri deyirdi ki,
Ermənistanla sərhədə səngər çəkilməlidir, müdafiə sistemi
qurulmalıdır. Bizimkilər o vaxt etiraz etdilər ki, nə səngər,
erməninin gülləsi bizə dəyməz, müharibəyə gedirik. Halbuki millətin
əlində heç nə yox idi. Ona görə də bu vaxt bizə lazım idi. Ordu
quruculuğu üçün vaxt lazım idi, yetərincə silahımız yox idi. Göz
qabağında olan bir şey var ki, dünyada bir xristian həmrəyliyi var
və erməniləri müdafiə edirlər.
- Bu bir qədər demoqoji deyilmi? Gerçək
varmı?
- Nəyə görə ermənilər bu soyqırımı Türkiyədəki erməni soyqırımı
ilə yanaşı qoyurlar? Çünki Azərbaycanla Türkiyə qardaş xalqlardır.
Türkiyədə bir milyondan artıq erməni soyqırıma məruz qalıb.
Ermənilər buradan köç eliyib. İndi də balaca bir Qarabağ var və
"məzlum ermənilər" burada da döyülməsinlər. Yəni ermənilər davamlı
olaraq, özlərini dünyaya məzlum, əzilən bir xalq kimi tanıtmaq
istəyirlər. Biz də böyük türk xalqı, qəhrəman, bütün savaşlardan
qalib çıxan...
- Bu içgüdü bizim toplumda qalıbmı?
- Yox, bizdə qalmayıb, az-az adamlarda qalıb. Ancaq məncə,
qalmalıdır. Mənim içimdə Azərbaycan türkünə sevgi zərrə qədər
azalmayıb.
- Aşiqlik azalıb amma...
- Aşiqlik harada azalıb? Mən millət deyəndə halal zəhməti ilə
çörəyini qazanan, uşaqlarını halal zəhmətlə böyüdən,
kənddə-kəsəkdə, mənim doğulduğum yerlərdəki sadə insanları nəzərdə
tuturam. O yerdə qalanlar bu gün var, sabah yoxdur. Bizim
millətimiz gözəl millətdir, xeyirxahdır. Erməni ilə savaşsa belə,
içində nifrət hissi yoxdur. Bəzi xalqlar var ki, onların
millətçiliyi pozitiv millətçilik deyil. Bizim xalqın millətçiliyi
pozitiv millətçilikdir, içimizdə heç bir xalqa nifrət yoxdur.
Məsələn, ermənilərin və ya Hitlerin millətçiliyi həm özlərinə, həm
dünyaya, həm də insanlığa zərərli millətçilikdir. Mən türk xalqının
tarixini öyrənəndə gördüm ki, bu milləti sevməmək mümkün deyil.
- Sabir bəy, qayıdaq Qarabağ məsələsinə... Qarabağ
probleminin ilk günündən siz meydanlardasınız. Sizi şairlikdən çox
Meydan hərəkatı məşhurlaşdırdı...
- Elədir. Ancaq bir məsələ də var ki, o vaxt siyasətçi yox idi.
Onda daha çox şairləri, yazıçıları tanıyırdı xalq. Məni, Bəxtiyar
Vahabzadəni, Məmməd Arazı, Xəlil Rza Ulutürkü eşidirdilər. Əbülfəz
Elçibəy də siyasətçidən çox alim kimi, ədəbiyyatçı kimi
populyarlaşdı. Çünki ədəbiyyatçılara qulaq asırdılar. Mən bu gün
yaşadığımız günlərin məsuliyyətini də hiss edirəm. Düşünürəm ki,
başqa necə ola bilərdi? Məncə, dünya tədricən o nöqtəyə gəlib
yaxınlaşır ki, Qarabağ məsələsi ya danışıqlar yolu ilə həll
olunmalıdır, ya da dünya gözünü yumacaq və savaş gedəcək.
- Dediniz ki, ermənilərin Güney Qafqazda qalmaq, milli
konsepsiyalarını həyata keçirmək şansı yoxdur.
- Bu zaman 100 il də çəkə bilər.
- Bir insan ömrünə yetən zaman üçün Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı bir müsbət ritorika var. Bu
ritorikanı paylaşırsınızmı?
- Mən bu ritorikanı paylaşmıram. Mən hesab edərəm ki, bu, ciddi
məsələdir. Burada populist fikirlərə uymaq, "5-10 günə biz Qarabağı
azad edərik" kimi çıxışlara inanmaq olmaz. Bu, ciddi bir savaş
olacaq.
- Ölkə müharibədən keçəcəkmi, sizcə?
- Bəli, ölkə müharibədən keçəcək. Qarabağın müharibədən başqa
həlli yolu yoxdur. Biz həmişə deyirik ki, dünya bizə müharibə
eləməyə imkan vermir. Ancaq dünya deyil, konkret olaraq Rusiya
müharibəyə mane olur. Azərbaycanın 2-4 aprel savaşında atdığı
addımları görəndə Rusiya dərhal təzyiq etdi ki, müharibəni
durdurun. İndi də təzyiq edirlər. Rusiya olmasa, Qafqazda
Ermənistan olmaz. Qafqazda Ermənistanı Rusiya yaradıb. Heç zaman
Qafqazda erməni dövləti olmayıb. Bunu rəhmətlik Ziya Bünyadov da
yazıb. Ona görə də burada Rusiya faktoru var. Ancaq bu da yanlış
təsəvvürdür ki, biz Avrasiya İttifaqına qoşulsaq, Rusiyanın hər
dediyini eləsək, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq.
Azərbaycan, sadəcə, dünyada ciddi diplomatik iş aparmalıdır və
hərbi uğurlarını gücləndirməlidir. Atılan addımların nəticəsi nə
oldu? Dünyanın heç bir ölkəsindən Azərbaycana sərt təpki gəlmədi
ki, niyə müharibə edirsiniz. Bütün dünya dedi ki, Ermənistan işğal
etdiyi torpaqlardan çıxmalıdır. Azərbaycan gücləndikcə bu məsələnin
həlli sürətlənəcək. Hesab edirəm ki, yaxın müddətdə problemin
həllində ciddi dönüş yaranacaq. Ən pis vəziyyət isə internet
mediada və sosial şəbəkələrdədir. Biri yazır ki, şad xəbər, 7 rayon
azad olundu, biri yazır 5 rayon azad olundu. Bu nə deməkdir? Kim
edir bunları?
- Feysbukda varsınızmı?
- Bəli, Feysbuk səhifəm var. Ancaq heç birini özüm işlətmirəm.
Birini yoldaşım işlədir, birini uşaqlarım, birini qardaşım oğlu
işlədir. Mən də arada-bir baxıram.
- Hər kəsin bir Sabir Rüstəmxanlısı var...
- Elədir (gülür). Ancaq ciddi yazılarım olanda özüm girib
paylaşım edirəm.
- Sabir bəy, Aşıq Alının sözü olmasın, 70-i aşırdın,
yüzə nə qaldı... 70 illik bir məsafə gəldiniz. Çox şükür,
səhhətiniz də yerindədir. Sizə qoca demək mümkün deyil. Bəs
içinizdə nə arzular var? Türk dünyası ilə bağlı, yaradıcılıqla,
səyahətlə bağlı qarşıdakı 5 ildə nə planlaşdırırsınız?
- Mənim kimi siyasətlə məşğul olan insanlara hər zaman bir sual
var ki, söz əsasdır, yoxsa siyasət? Təbii ki, mənim üçün hər zaman
söz əsasdır. Mən siyasətə sözlə gəlmişəm. Elə sözümə görə də
siyasətdən uzaqlaşdım. Çünki mən sözümü qorumaq istəyirəm. Sözümün
vicdanını qorumaq istəyirəm. Mənim nə qədər yazılarım varsa, orada
bir saxta şey yoxdur, heç vaxt olmayıb. Konyunkturadan həmişə uzaq
olmuşam. Bəlkə susduğum vaxtlar olub. Ancaq boğazdan yuxarı dediyim
heç bir söz olmayıb. Nə qədər ömrüm var, bilmirəm. Amma hər halda,
gənclik illərimdən məni bir dalğa kimi götürüb bu günə qədər
gətirən söz olub. Hər zaman da bir az qanadlı yaşamışam. Evim
olmayıb, pulum olmayıb, rahatlığım, dəstəyim olmayıb, amma həmişə
də hamı elə bilib ki, məndən güclü, məndən arxalı adam yoxdur.
Hamısının da bir səbəbi var ki, o da sözdür. Sözümə çox arxayın
olmuşam. Təkcə onu bilmişəm ki, bu dünyada sözdən etibarlı heç nə
yoxdur. Hər şey əldən çıxıb gedir, ancaq söz qalır. Ona görə də mən
sözümü axıra çatdırmaq istəyirəm. Bəlkə bu insanlara deyilən
sözdür, bəlkə də Allaha deyilən sözdür. İnsan Allahına hesabat
verir ki, sən məni yaratmısan, bu sevgini mənə vermisənsə, mən o
sevgini sənə qaytarmalıyam. Bizim bütün orta əsrlər ədəbiyyatımız o
sevgi ilə doludur. İnsan yaşadıqca hiss edir ki, təkcə özü üçün və
öz ətrafı üçün yaşamır. Həm də qeyri-adi bir varlıq var ki, sən ona
da hesabat verməlisən. Bu, mistik bir şey deyil, hər bir insanın
yaşantısıdır. Mənim əlimdə kitablarım var. "Akademikin son əsəri"
adlı bir romanım var. Bir alimin genetik savaşla bağlı
mübarizəsindən bəhs edir.
- Kimin prototipidir?
- Bu, repressiyalara qarşı ən ciddi əsərlər yazan Ziya
Bünyadovun prototipidir. Məndən asılı olmadan bu əsərin qəhrəmanı
məhz ona bənzədi.
- Markesin əsərlərinin adına oxşadı: "Akademikin son
əsəri"...
- (Gülür) Hə, bir az da ona oxşadı: "Patriarxın son payızı". Bu
əsərdə Ziya Bünyadovun tarixlə bağlı yazdığı şeylər var.
- Bu, yaradıcılıqla bağlı planlardır, bəs siyasi
sahədə?
- Siyasi planda mən partiya fəaliyyətimi bir qədər də
gücləndirmək istəyirəm. İstəyirəm ki, gənclərimiz gəlsin partiyanın
başına. Azərbaycanda gənclər siyasətini bir az dərindən
düşünməliyik. Siyasi həyatımızda partiya liderləri, hakimiyyət də,
müxalifət də gəncləri çox tez siyasətin alətinə çevirmək
istəyirlər. Mənim dəstəmdən ol, mənim yanımda dayan, mən gedə
bilmədiyim yerə sən get. Mən cavanlarımıza siyasi liderliyin yox,
atalıq qayğısının tərəfdarıyam. Qoy cavanlarımız yetişsinlər,
onları sındırmaq olmaz. Hansı idarəyə girirsən, rəhbərin müavinləri
divarın dibi ilə düzülüb, hərəsi əlində bir dəftər, sanki bu kişi
Quran ayəsi danışır, bunlar da yazacaqlar. İclasda rayonun rəhbər
şəxslərindən biri varsa, hamı əlinə dəftər alır ki, guya nəsə yazır
(gülür). Bu, millətimizin canına yeriyən bir xəstəlikdir.
Mən istəyirəm cavanlarımızı bu cür gərəksiz siyasi
parçalanmalardan, gərəksiz siyasi münaqişələrdən qoruyaq. Onları
qurban seçməyək, indidən hərəsinin üstünə bir damğa vurulmasın.
İndi Azərbaycan müstəqil dövlətdir və burada hər şey konstitusiya
ilə həll olunur. İdeal cəmiyyət yoxdur, cəmiyyəti dəyişməyin
yollarını axtarmaq lazımdır. Bu yolla olmursa, başqa yollar
axtarmaq lazımdır. Məktəb də, mətbuat da o yollardan biridir. Bizim
məktəblərimiz ciddi vətəndaş yetişdirə bilmir. Erməni məktəbləri
türkə nifrət edən şovinist bir zümrə yetişdirir, bizim
məktəblərimiz isə kimliyi bəlli olmayan vətəndaş. O, nə kimliyini
bilir, nə azərbaycançılığını başa düşür. Azərbaycanda da qəribə bir
vəziyyət yaranıb. Kürd olmaq, talış olmaq, ləzgi olmaq yaxşıdır,
ancaq türk olmaq yaxşı deyil. Bir titul millət var, o milləti
aşağılamaqla sən bu dövləti güclü saxlaya bilməzsən. Azərbaycanı
bir millət edən, bizi bir edən ümumi bir dəyər var, onun adı
mədəniyyətdir, dildir. Bizi birləşdirən şeylərin dəyərini
bilməliyik. Mən fikir verirəm ki, indi bəzi rayonlarda oğlu, qızı
əvəzinə "oviç" yazdırırlar.
- Yeri gəlmişkən, o da ciddi bir problemdir. Bizdə hələ
də -ov, -yev soyad sonluqları qalmaqdadır... 25 il deputat oldunuz,
çox müdafiə etdiniz bu mövqeyi, çox yazdınız. Ancaq keçirə
bilmədiniz.
- Bu, dövlət səviyyəsində həll olunmalıdır. 1991-ci ildə biz
latın əlifbası haqqında qanun qəbul elədik, əlifba islahatı
keçirildi. Ancaq 2001-ci ildə Heydər Əliyev bir fərman verdi və o
fərmanla bir gündə bütün qəzetlər keçdi latın əlifbasına. Bu məsələ
də o cür bir qərarla həll olunmalıdır. Öz içimizi demirəm, xaricdə
çox eybəcər görünür. 1988-ci ildə mənə elə gəlirdi ki, müstəqillik
qazanan kimi hər şey həll olunacaq. Bu soyad sonluqları dəyişəcək,
Güneylə bağlı mətbuat güclənəcək, rusların yadigarı olan, bizə yad
olan hər şeydən imtina edəcəyik. İndi yeni doğulan uşaqlara "ov"
yazılır, ailədə heç bir müqavimət yoxdur. Mən bir məqaləmdə də qeyd
etmişdim ki, müqavimətsizlik QİÇS xəstəliyidir. Sanki bizim millət
QİÇS-ə yoluxub, müqavimət gücü qalmayıb. Bəziləri də var ki,
uşaqlarını rusca oxudurlar. Ya onları Rusiya üçün hazırlayırlar, ya
da Rusiyanın bura gəlməyini gözləyirlər. başqa variant ola
bilməz.
- Sabir bəy, uşaqlardan danışdınız. Neçə nəvəniz var?
Onların yetişməsinə, təhsilinə xüsusi diqqət
göstərirsinizmi?
- 5 nəvəm var. Şübhəsiz ki, diqqət göstərirəm. Çünki onları çox
istəyirəm. Son vaxtlara qədər biz bütün bacı-qardaşlar böyük bir
ailə kimi yaşayırdıq. Sonradan həyat dəyişdi, bir qədər aralandıq.
İndi hamısına nəzarət etmək olmur. Məsələn, Əlövsət getdi
Almaniyaya, heç istəməzdim getsin.
- Sabir bəy, bir kənd nisgili varmı sizdə? Qayıdıb orada
yaşamaq istərdinizmi?
- Vallah, çox həssas yerimə toxundunuz. Çox istəyirəm qayıdım
bir qədər rayonda yaşayım. Bu nisgildən çox bir ehtiyacdır. İndi də
hər iki aydan bir gedirəm. Orada, rayon mərkəzində evim var.
- Dostlarınızla indi də gediş-gəlişiniz
varmı?
- Mənə yaxın olan bəzi dostlarım artıq dünyasını dəyişib.
Bəziləri ilə aramızda problemlər yaranıb. Ən yaxın dostlarım Fərman
Kərimzadə, Söhrab Tahir, Nüsrət Kəsəmənli idi, onlar da dünyasını
dəyişib. Çingiz Əlioğlu var, o bir qədər rahatsızdır indi, Allah
şəfa versin. Yəni dostlarımın sayı o qədər də çox deyil.
- Buradan demək istədiyiniz bir sözünüz
varmı?
- Biz Azərbaycanın bütövlüyü məsələsinin gündəmdən çıxmasına izn
verməməliyik. Azərbaycan dövlət olaraq bunu edə bilməz. Mən İrana
savaş açmağın tərəfdarı deyiləm, İran bizim qonşumuzdur. Yaxşı olar
ki, İranda demokratiya güclənsin, bu bölgədə də Avropa Birliyi kimi
İran, İraq, Qafqaz ölkələri bir araya gəlsin, əlaqələr artsın. Bu
da bizim millətin o ruhunu qaytaracaq. Çünki 50 milyonluq xalq
balaca bir xalq deyil. Bu, təkcə DAK-ın işi deyil, bütövlükdə
Azərbaycanın işidir. İndi baxırsan ki, sovet dövründə Cənub
məsələsi daha güclü idi, nəinki indi. Necə ki, sac soyuq olanda
buğda qovrulmur, sirinsiyir. O, artıq nə qovrular, nə də göyərər.
Bizdə bir çox milli problemləri bu cür sirinsidirlər. Onun daha nə
irəli, nə də geri yolu var.
- Sabir bəy, çox təşəkkür edirik. Çox sağ
olun.
- Mən təşəkkür edirəm dəvətiniz üçün.