"Bu şəhərdə" komandasının
həm televiziyada yayımlanan komediya filmləri, həm də silsilə
konsertləri ölkədə böyük maraqla qarşılanır. Onlar əksəriyyət
tərəfindən "Rafael və Coşqun" kimi tanınır. Uzun illərdir
Azərbaycan mədəniyyətinə rəng qatan bu yumor komandasının
aktyorları Axar.az-ın qonağı oldu.
"Bu şəhərdə" yumor komandasının üzvləri – əməkdar artistlər
Rafael İsgəndərov, Coşqun Rəhimov və prodüser Müşfiq Abbasovla
söhbətimizi təqdim edirik:
- Son zamanlarda yeni filmlər çəkilir. Əksəriyyəti də
komediya janrındadır. 10-15 il əvvəl siz də maraqlı filmlər
çəkdiniz. Yeni film çəkmək fikriniz varmı?
Müşfiq Abbasov: Əlbəttə, biz də film çəkməyi
düşünürük. Ola bilsin ki, gələn il yeni filmimizi tamaşaçılara
təqdim edək. Bilirsiniz, biz film çəkəndə Azərbaycanda hələ
kinoteatr yox idi.
- Necə yəni, yox idi?
M.A: Yox, vardı, kinoteatr kimi fəaliyyət
göstərmirdi. Mebel salonu kimi, bilyard salonu kimi işləyirdilər.
Yəni biz o çətin zamanda film çəkib nümayiş etdirirdik. İndi isə
kinoteatrlar təmir olunub və kinoteatr kimi də fəaliyyət
göstərirlər. Bu da çox gözəl haldır, inşallah, daha da inkişaf edər
və daha çox kinoteatrımız fəaliyyət göstərər.
- Yeni filmə hazırlıqlar görürsünüz?
M.A: Bəli, ssenari artıq hazırdır, yavaş-yavaş
start veririk.
- Bəs, həmkarlarınızın yeni çıxan filmlərinə
baxmısınız?
Rafael İsgəndərov: Vaxt olduqca gedib iştirak
edirik, yaxşı filmlərimiz var.
M.A: Ümumiyyətlə, filmlərin çəkilməsi yaxşı
şeydir. Pis də olsa, yaxşı da olsa, filmlər çəkilir - əsas
budur.
Coşqun Rəhimov: Ən əsası odur ki, əziyyət var
filmdə, o işıqların altında qalmaq özü bir əziyyətdir. Keyfiyyət,
filmin baxımlılığı - sonrakı məsələlərdir.
- Sizin filminiz həmkarlarınızın filmlərindən nə ilə
fərqlənəcək?
C.R: Bilirsiniz, planda film çəkmək var, amma
məncə, məcbur deyil ki, hamı film çəksin. Bu, "Bazarda göyərti
yaxşı satılırsa, hamımız göyərti sataq" formasına bənzəyir. Başqa
çeşidlər də olmalıdır - bunun teatrı var, bunun gözəl şou
konsertləri var. Yəni uzağa getməyək, MDB ölkələrinə baxaq. Rusiya
kanallarında cürbəcür verilişlər gedir. Veriliş də hazırlamaq olar.
Amma bizdə hamı film çəkir, Allah canlarını sağ eləsin.
R.İ: Allah çəkməyənin də canını sağ eləsin.
- Siz bəzilərindən fərqli olaraq, Mədəniyyət və
İncəsənət Universitetini bitirmisiniz, yəni peşəkar aktyorsunuz.
Amma sizi hər kəs məşhur komediya aktyorları kimi tanıyır. Bəs,
dram necə, sizi dramda görə biləcəyik?
M.A: (Gülür) Əladır! Sualın cavabı
içindədir.
C.R: Gəlin, bu suala mən cavab verim. Bizi
teatrda izləyən hər kəs dramatik obrazlarda görüb. Çünki Rafael də,
mən də teatrda daha çox dramda oynamışıq. Dram oynamaq komediyadan
daha rahatdır. Komediya oynamaq böyük məsuliyyətdir. Komediya
təlxəklik etmək deyil. Bu, baş verən hadisələri gülüş formatında
tamaşaçıya çatdırmaqdır. Əgər bunu bacarırsansa, deməli,
komediyanın özəyini tapmısan.
M.A: Amma hər bir pis oynanılan komediya
dramaya çevrilir.
C.R: Bu da sənin birinci sualının cavabı...
- İndi bir dəb yaranıb ki, hər kəs bizim komediya
aktyorlarımıza türkiyəli komediya aktyoru Cem Yılmazı nümunə
göstərir, buna münasibətiniz necədir?
C.R: Bu, bizim toplumda xəstəlikdir. Adı da Cem
Yılmaz xəstəliyidir.
- Bildiyim qədər, Cem Yılmaz ixtisasca aktyor deyil.
Bəs, onu niyə sizə nümunə göstərirlər?
M.A: Ümumiyyətlə, Türkiyədə aktyorluq məktəbi
yoxdur.
C.R: Bizdə balet, opera, teatr məktəbi
yarananda heç Türkiyədə bunlar yox idi. Problem bilirsən necə
yarandı? O vaxt bizim teatr sahəsində boşluq oldu. Həmin boşluqda
da yeni yetişən nəslin zövqü dəyişdi. Ona görə də indiki gənclər
özlərinə Cem Yılmazı nümunə götürürlər. Amma Cem Yılmazın
stendaplarına baxanda bir az dodağın qaçır. İkinci dəfə artıq ona
baxmaq istəmirsən.
R.İ: Çünki indiki gənclər rəhmətlik Lütfəli
Abdullayevi, Yaşar Nurini, Nəsibə xanımı və digər korifey
sənətkarlarımızı görməyiblər. Ona görə də indi gördüklərini örnək
alırlar. İndiki gənclər tamaşalarımıza baxmırlar. Məsələn, o vaxt
bir zarafat var idi. Girirdin mağazaya, deyirdin, filan şey ver,
deyirdi, yoxdur. Onda deyirdin, "uçaskovu"nun payından ver. Hamı
bilirdi ki, o, hansı tamaşadandır. İndi "onda "uçaskovu"nun
payından ver", - deyirsən, adamın üzünə baxa-baxa qalır, çünki
bilmir. Məsələn, sən özün bilirsən, hansı tamaşadan misal
gətirirəm?
- Əlbəttə, "Evləri köndələn yar"
tamaşasından.
R.İ: Əhsən!
- Həmkarlarınız sizi komediya filmlərinə çəkilməyə dəvət
edirlərmi?
C.R: Belə təkliflər olur. Amma işlərimiz çox
olduğuna görə çatdıra bilmirik.
M.A: Bilirsiniz, çox adam elə bilir ki, biz
yemək yediyimiz masadan qalxıb, konsert veririk. Bu, belə deyil,
bunun ssenari yazılması var, məşqləri var. Çox uzun və çətin bir
prosesdir. Bir konsert bitir, o biri başlayır. Ona görə də kino
dəvətlərinə razılıq verə bilmirik.
R.İ: Biz də dincəlməliyik, ya yox? İnanın, çox
vaxt rejissorlar deyirlər ki, gəlin çəkilin, o biri aktyorlar
bilməsin, sizə daha çox qonorar verərik...