Fətəli Xan Xoyski küçəsində, 5 saylı xəstəxananın
həyətindən heysiz halda çıxan kişi hər kəsin diqqətini çəkdi.
Xəstəxananın darvazasında içəri keçənlər iyrənirmiş kimi ona baxır,
əlləri ilə burunlarının ucundan qoxunu qovurdu. Xüsusilə də
qadınlar...
Səfil görkəmli adam insanların bu münasibətinə fikir belə
vermədi. Dilxor idi, dodaqlarının altında kimisə söyürdü. Küçənin
əks tərəfinə keçdi. Ardınca getdim, hələ ki vaxtım vardı. Səfil
adam "Gənclik" şadlıq evinə çatıb dayandı. Müvazinətini güclə
saxlayırdı. Ağır-ağır geri dönüb, bərabərimə çatdı. Diqqətlə fikir
verdim:
Səhərin sazağı onun toz basmış saqqalına da təsir etmişdi.
Çirkli sifətindəki cod saqqalı pırtlaşıq idi. Yeridikcə əllərini
ayaqlarına söykəyirdi. Bu ayaqlar onu təkcə gəzdirmirdi, həm də
onun iri gövdəsinin istinad nöqtəsi idi, söykənirdi özü öz
ayaqlarına. Üst-üstə bir neçə corab geymişdi, corabların cırıq
ucundan ayaq barmaqlarının çirkli dırnağı görünürdü. Rezin
çəkələkdən çıxan barmaqlar ürək bulandırırdı. Ona diqqətlə fikir
verdiyimi görüb dayandı. Bu dəfə hər iki əlini dizlərindən yuxarı
dayaq etdi. Gövdəsi qabağa əyildi.
- Sabahın xeyir.
Mənə dikilən baxışlarında yalvarış vardı, salamımı isə ədəblə
aldı:
- Sənin də sabahın xeyir, xoş günlər görəsən...
- Necəsən?
Sualımın yersiz olduğunun fərqindəyəm, necəliyi göz qabağında
idi. Nimdaş geyim, tozun içində olan sir-sifət, ayaq və əl
barmaqlarının çirkli və cızıq olması onun BOMJ olmasından xəbər
verirdi. Cavabımı ləngitmədi. Heysiz əli ilə üst-başını
göstərdi:
- Bu cürəm də... Buna da şükür.
Dinməzcə bir-birimizə baxırıq. Ürəyimdə hansı gününə şükür
oxuduğunu aydınlaşdırmaq istəyirəm. Dillənir:
- Necə olmalıyam? Üşüyürəm, görmürsən titrəyirəm?
- Görürəm, bəs, niyə ayaqqabı geyinməmisən?
- Ayaqlarım şişib axı, ayaqqabıya girmir, - ayaqlarına tərəf
əyilir, - gör nə qədər qalxıb.
- Üşüyürsən, amma əlini də cibinə salmırsan ki
isinə...
- Əllərim də şişib, cibimə girmir. Ayaqlarımı tuturam, əllərim
zoqquldayır. Səhər tezdən spirt aldım aptekdən, içdim, təsir
etmədi, birini də içdim, amma soyuqdan yenə də içim üşüyür,
balalarım ölsün, düz sözümdür.
Səsi zəiflədi. "Balalarının ölümünü and yeri etməyəydi gərək", -
fikirləşdim:
- Spirt içdin? Dedin, spirt içdin?
- Hə, spirt içdim, sonra xəstəxanaya getdim ki, ayaqlarıma
baxsınlar, məni qovdular bayıra, dedilər, çıx çölə.
Səfilimin kimliyi ilə daha yaxından maraqlandım:
- Harada olursan, adın nədir?
- Səmədov Elşən Əlisahib oğlu. Şəkidənəm, Şəkinin düz göbəyində
doğulmuşam. 1966-cı ildə. 1986-cı ildən də Moskvada yaşayırdım.
Əli ilə burnunun, gözünün seliyini silir. Dili alt çənəsinin
üstünü basmış saqqalını təmizləyir. Uca boyunu bir qədər aşağı
əyir, elə bil, mənimlə bərabər olmaq istəyir.
- Elşən, bəs, Bakıda harada olursan?
- Küçələrdə, "podyez"lərdə qalıram. Soyuqdur. Yay olsaydı, lap
yaxşı olardı. Üşüyürəm, həkim də ki mənə baxmır... Hamısı da
qohumdur.
- Kim qohumdur? Həkimlər?
- Hə, buranın baş həkimi - əlini 5 saylı xəstəxana tərəfə
uzadır. Aşağıdakı çayxanada işləyən onun da qohumudur, mənim də
qohumumdur. Çayçı məni qovdu, bu nə üst-başdır, dedi..
- Sən dedin ki, baş həkim qohumunuzdur? O səni
qovdu?
- Yox, özü bilmir ki... Heç kəsə demədim ki, o bizim qohumdur,
ayıbdır axı, onun ad-sanı var, deməzlər, qohumu nə gündədir? Amma
bura xəstəxanadır axı, dövlətindir. Məni gərək müayinə edəydilər.
Ayaqlarım şişib, yara töküb. Ağırlığıma tab gətirmir, saxlaya
bilmir, güclə yeriyirəm. Çayçı məni it kimi qovdu... Oradakı itlərə
artıqdan-zaddan verir amma.
- Elşən, neçə müddətdir bu gündəsən?
Fikirləşir. Əlini gözlərinin bərabərinə qaldırır, barmaqlarını
sayır, tərpədir, deyəsən, kömək istəyir şişman xəstə barmaqlardan.
Çiyinlərini çəkir:
- Məni "deport" elədilər. Moskvada olurdum. Bakıya isə 1
həftədir gəlmişəm.
- Axı sənin sir-sifətində bir həftənin yox, bir neçə
ayın kiri-pasağı var.
- Əvvəl belə deyildim... Moskvada "metrostroy"da işləyirdim.
Maaşım yüksək idi, ailəmlə qalırdım. Sonra ermənilər gəldi
rəhbərliyə, bütün azərbaycanlıları qovdular işdən. Alver etdim,
taksi sürdüm, dolanırdım. Sonra da deportasiya olundum.
- Ailənlə birgə?
- Yox, anam rəhmətə gedəndən sonra ailəmi gətirib qoydum Şəkiyə.
Halva sexi açdım, şirniyyat hazırlayırdıq. Özüm isə Moskvaya
qayıtmışdım. Tez-tez gəlirdim, gedirdim. Sonra işdən çıxdım.
Elşən tez-tez balalarının canına and içir, sözlərinin yalan
olmadığını deyir:
- İnanmırsan? Balalarım ölsün, düz deyirəm.
- Elşən, acınacaqlı gündə yaşayırsan, axı sən deyirsən
ki, Rusiyada dolanışığın yaxşı olub. Bəs, niyə bu günə
düşdün?
- Ailəmi Azərbaycana qaytardıqdan sonra məsciddə yaşadım.
Avarların məscidi idi. Balakən, Şəki, Zaqatala uşaqlarıydı. Orada
qalırdım, təmizliyinə baxırdım. Məscidə gələn 10-12 yaşlı oğlan
uşaqlarının yeməyini verirdik. Ta o vaxta qədər qaldım ki, rus
polisi, OMON girib oranı "zaxvat" elədi.
- Niyə "zaxvat" etdi ki? Siz silahlı dəstə
yaratmışdınız? Bəlkə, terrorçu dəstələr, nə bilim, İŞİD-ə kömək-zad
keçirmiş könlünüzdən?
- Yox, balalarım ölsün. Nə terror? Döyüşməli olsaq, Qarabağa
gedərdik də. Onsuz da hamı bu fikirdə idi ki, müharibə başlasa,
gedəcəyik Qarabağa.
Sonra yenə də ufuldadı:
- Ölürəm, Allah haqqı.
Ürəyim yandı, kömək etmək istədim, soruşdum:
- Ver telefonunu Şəkiyə - qohumlarına zəng
edim...
- Lazım deyil, dünən Mingəçevir uşaqları mənə yemək aldı, sonra
da cibimə pul basdılar. Oğlanlarıma zəng vurdular ki, gəlin atanıza
sahib çıxın. Onlar dedi ki, atamız bizim başımızı aşağı edib, ona
görə tay-tuş yanında başıaşağı gəzirik. Amma mən deportasiya
olunduqdan sonra gəldim, sexi daha işlək vəziyyətə saldım. Oğlum
bir gün üzümdən öpüb dedi: "Ata səninlə fəxr edirəm, sənə görə bizə
hörmət edirlər". Sonra isə bir az içkiyə qurşandım, atdılar
bayıra.
- Bəs, arvadın nə dedi?
- Elə o da onlar deyəni deyir. Mən Moskvada məsciddə qalanda
yaxşı oğlanlar mənə iki maşın bağışladı. Keçdim axşamlar taksi
sürməyə. Sonradan maşının birini polislər aldı, geri qaytarmadı.
Birini də satdım, gəldim onu mənə verən qardaşın yanına, bu qədər
pul edir, götür mənə yolpulu ver. O dedi ki, sən yaxşı oğlansan,
onu sənə vermişəm, yaxşı edib satıbsan. Sonra gəlmədim pulum
qurtarana qədər gəzdim özüm üçün, sonra utandım onların yanına
getməyə. Təzədən məscidə getdim. Deportasiya olundum.
- Ən böyük istəyin nədir?
- İstəyim yoxdur... Var, istəyirəm ayağım ağrımasın, kiçik oğlum
üçün üzük-kəlağayı aparmışdıq, istəyirəm, onun toyunda xeyir-dua
verim. İstəyirəm ki, adamlar məni görəndə iyrənməsin, üzünü yana
tutmasın. İstəyirəm ki... həkimlər xəstəni xəstə olduğuna görə
qəbul etsin, əyninə-başına görə yox...
Əməkdaşımız İlham gəlir. Əlində çörək var, redaksiyada nahar
etmək üçün alıb. Hər ikimizə əl verir, görüşür. Elşən çirkli
barmaqlarını İlhamın əlinə toxundurmaq istəmir, bir qədər kənara
çəkir, amma İlhamın əlinin havada qaldığını görüb, əlini ağır bir
yük daşıyırmış kimi ona tərəf uzadır. Gözləri sellofan çörəkdədir.
Yenidən mənə tərəf baxdı:
- İstəyirəm... - udqunur, kirpikləri göz yaşlarında boğulur, -
su istəyirəm, yanıram susuzluqdan.
İlham su dalınca getdi. Aldığı plastik qabdakı suyu və özünün
günorta yeməyini Elşənə uzatdı, - götür, - dedi.
- Bəs sən? - Elşənin səsi titrədi, götürmək istəmədi. Bu dəfə
mən təkid etdim:
- O, ac qalmaz, sən götür, halal xoşun
olsun...
Suyu başına çəkdi...
Kefini almaq istədim:
- Bilmirdin axırı belə olacaq? Arvad-uşağı gətirib
Şəkiyə qoyub, özün rus arvadları ilə veyillənmisən.
- Balalarım ölsün, mən ailə qurandan sonra bir dəfə də olsun
zina etməmişəm. Buna pis baxmışam. Boylarını yerə soxum
oğlanlarımın, mən onlara dəstək oldum, onlar isə məni evdən
qovdular.
- Kimdir günahkar?
- Günahkar... elə mənim də günahım az deyil...
Elşəndən ayrıldıq. O, küçənin ortasında yenə də heç kəsə fikir
vermədən, əllərini ayaqlarına dayayaraq yeriməyə başladı. İlhamın
verdiyi çörək torbası onun dizlərinə çırpılırdı... Görəsən, onun
çörəyi dizinin üstə idi, yoxsa onu küçəyə atan oğlanlarının?..