Bu gün korifey müğənni, SSRİ
xalq artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı,
Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-in xalq artisti, Gürcüstan
SSR-in əməkdar incəsənət xadimi Rəşid Behbudovun 100 illik
yubileyidir.
Rəşid Behbudovun şəxsiyyəti, sənət yolu nə qədər parlaqdırsa,
ölümü də bir o qədər qaranlıqdır. Böyük sənətkarın
son günləri ilə bağlı bəzi məqamları öyrənmək üçün xalq artisti
Bilal Əliyevlə əlaqə saxladıq.
O, Rəşid Behbudovla tanışlığından başlayaraq, ömrünün son
dəqiqəsinə qədər olanları Axar.az-a danışdı:
- Bilal müəllim, əvvəlcə Rəşid Behbudovu tanımağınızdan
başlayaq...
- Böyük sənətkarımızla tanışlığım Heydər Əliyev adına Sarayda
başlayıb. O vaxt "İstedadlar axtarılır" adlı müsabiqə var idi. Mən
də həmin müsabiqədə iştirak edirdim (1984-cü il). Həmin müsabiqədə
birinci yeri qazandım və qalibləri seyr etmək üçün böyük
sənətkarlarımız, eləcə də Rəşid Behbudov gəlmişdi. Mən zala çıxıb
oxuyanda hamı bir nəfər kimi məni alqışlamağa başladı.
Çıxışdan sonra Rəşid müəllimdən iştirakçılar barədə rəy alındı,
onda o, belə demişdi: "Hamısı əladır, amma Bilal tamam başqa aləm
idi". Mən sonradan xəbər tutdum ki, Rəşid müəllim mənim teatra
gətirilməyim barədə qərar verib. Onunla çalışdıqca məni daha da çox
istəməyə başladı, demək olar ki, mənə övladı kimi yanaşırdı.
- Bu doğmalığın yaranmasına nə səbəb oldu?
- Kollektivdə fəaliyyətə başlayandan sonra tez-tez eşidirdim ki,
Behbudov çox aqressiv adamdır. Onunla davranışlarda diqqətli olmaq
lazımdır. Çalışmaq lazımdır ki, o, insandan küsməsin. O teatrda
əksəriyyət 6 aydan çox işləyə bilmirdi, çünki səhvlərə yol verirdi.
Şükürlər olsun ki, böyük ustad mənə hər nə deyirdisə, çox yüksək
səviyyədə yerinə yetirirdim. Düzdür, bəzən kiçik incikliklər
olurdu, amma elə olanda dönə-dönə üzr istəyirdim. O görürdü ki, mən
öz günahlarımı başa düşürəm, ona görə də hər zaman məni
bağışlayırdı.
Mənim onunla birlikdə çalışmağımın bir ili tamam olanda hər kəs
məni təbrik edirdi ki, sən böyük adamsan ki, bu qədər vaxtı onunla
birlikdə çalışmağı bacarmısan.
- Ölümündən əvvəl onunla ən son nə vaxt
danışmışdınız?
- Ölümündən bir neçə gün qabaq Moskvadan mənə zəng edib,
tapşırıqlar vermişdi. Deyirdi ki, ruhdan qətiyyən düşməyim,
konsertlərimə yüksək səviyyədə davam edim.
- Bəs, ölüm xəbərini necə aldınız?
- Onun ölüm xəbərini Naxçıvanda olanda aldım. Deməli, Naxçıvana
tədbirə yollanmışdım. Elə həmin günün axşamı mənə gəlib dedilər ki,
özünü toparla, müəllim rəhmətə getdi. Mən, sadəcə, şokda idim. Dizi
üstə yerə oturub ağladım. Dostlar məni qaldırdı, bir az özümə
gəldim. Amma o zərbədən sonra orada qala bilməzdim. Tədbiri
yarımçıq qoyub Bakıya qayıtmalı oldum.
- Müsahibələrinizdən birində demisiniz ki, ustad sizin
rus dili bilmədiyinizi düşündüyü üçün yanınızda hər şey danışıb.
Hansı sirli söhbətlər olurdu yanınızda?
- Yox, elə də sirli söhbətlər olmurdu. Düzdür, çox vaxt rusca
bilmədiyim üçün rahat danışardı, amma yenə də diqqət edərdi hər
şeyə. Çünki o, hər zaman fikirləşirdi ki, yerin də qulağı var.
- Hindistandakı söhbətində də yanında
oturmuşdunuz…
- Bəli, onda Ravi adlı hindistanlı tərcüməçi ilə söhbət edirdi.
Ona dedi ki, uşaq onsuz da rus dilini bilmir. Sən bunları mənə
danış. O da Şaumyan barədə danışmağa başladı.
- Bilal müəllim, Şaumyan barədə yanınızda olan dialoqu
vaxtında ictimaiyyətə demədiyiniz üçün insanlar çox vaxt sizi
ittiham edir. Deyilənə görə, Rəşid Behbudov Hindistanda Şaumyanın
məzarını görüb, çəkiliş aparıb, kaseti də saxlayıb. Üstəlik, ona
deyiblər ki, Şaumyan edam olunmayıb, Hindistanda qocalıb ölüb. Bəs,
siz niyə bildiyiniz faktları açıqlamadınız?
- O vaxt vəziyyət fərqli idi. Sovet hökumətinin vaxtında
qəribə-qəribə hadisələr olurdu, buna görə də hər kəs ehtiyat
edirdi. Mənim də Rəşid Behbudovun ölümündə sakit dayanmağıma səbəb
bu idi. Düzünü deyim ki, durğunluq dövrü olduğuna görə bir az
qorxdum, çəkindim. Düşündüm ki, zamanı gələndə açıqlayaram.
- Niyə Rəşid müəllim ona verilən kasetin surətini
çıxartmadı?
- Ola bilsin ki, o qədərini düşünməyib. Bəlkə də çıxardıb,
sadəcə, həyat yoldaşı bu hadisələrdən qorxduğu üçün onu məhv edib.
Çünki o vaxt Ceyran xanım bu söhbətlərdən çox qorxmuşdu. Rəşid
müəllim ölməzdən qabaq xanımına belə demişdi: "Ola bilsin, məni
aradan götürsünlər".
- Siz özünüz kasetə baxdınızmı?
- Xeyr, baxmadım.
- Niyə?
- Çünki baxmağa ehtiyac yox idi. Mən artıq bildim ki… Gör,
insanların nələrdən xəbəri yoxdur. Elə günlər olub ki, bütün bu baş
verənlərə görə oturub saatlarla ağlamışam.
- Bu barədə danışmaq istədiyiniz başqa nələr
var?
- Heç nə, bildiyim nə var idisə, hamısını danışdım.
- Sonda nə demək istəyirsiniz?
- Sonda onu demək istəyirəm ki, bütün bunları xalqım həqiqətləri
bilsin deyə danışdım. Mən heç nədən qorxan adam deyiləm.