Bu muzeydə ölülər dirilərin işinə yarayır, buranı digər
muzeylərdən fərqləndirən əsas cəhət də elə budur. Eksponatların
hamısı insan əzaları, müxtəlif orqanlar, anomaliyalarla doğulan
uşaqlar, mumiyalardır.
Söhbət Tibb Universitetinin Anatomiya muzeyindən gedir. Öncə
içəri girməyə bir az tərəddüd etsəm də, sonra öyrəşirəm. Bəlkə də
bu muzeyin birinci zalı - siam əkizləri, siklop uşaqlar, iki-üç
başlı, qurbağa gözlü, mutantlar və digər patoloji dəyişikliklərlə
doğulan körpələrin saxlandığı zaldan başlamağımızdan irəli gəlirdi.
Bələdçimiz professor Ağasəmid İsayev uzun illər burada
çalışdığından, onun üçün bu eksponatlar adi əşyalar idi. Elə
eksponatlara dərs vəsaiti kimi baxan tələbələr üçün də hər şey
adiləşib.
Virtualaz.org-un əməkdaşlarını muzeyin
girişində kafedranın ikinci müdiri olmuş Konstantin Nikolayeviç
Malinovskinin külü qarşılayır. Ağasəmid müəllimin sözlərinə görə,
professorun meyidi öz istəyi ilə yandırılıb və vəsiyyətinə uyğun
olaraq, burada saxlanılır. Girişdəki ilk eksponat da onun daxili
orqanlarının saxlandığı şüşədir. Bu, muzeyin formalaşmasında böyük
əməyi olan professorun tələbələrinə sonuncu yaxşılığı idi.
1919-1922-ci illərdə kiçik otaqdan və təxminən 300 eksponatdan
ibarət olan muzey məhz Malinovskinin dövründə - 1926-cı ildə
böyüdülüb, eksponatların sayı 500-ə çatdırılıb. Hazırda 7000-dən
çox eksponatın olduğu muzeydə ən qədim eksponatlar 1922-ci ilə
aiddir.
A.İsayevin virtualaz.org-a bildirdiyinə görə, indi muzeyə
eksponatların gətirilməsinə nadir hallarda rast gəlinir. Səbəb isə
çox sadədir, hazırda yiyəsiz meyit, sahibsiz ölü tapmaq çətindir.
Bu səbəbdən də muzey ildə-ayda bir dəfə ölən sahibsizlərin ümidinə
qalıb. Əlbəttə, əgər onlar da muzeyə gəlib çatsa.
Təpəgöz uşaqlar, siam əkizləri, qurbağa
gözlülər
Zalda saxlanılan uşaq meyitlərinin əksəriyyəti ya yeni doğulan,
ya da ölü doğulanlardır. Formalin məhlulu içərisində xüsusi şüşə
qablarda saxlanan nümunələrin arasında hidrosefaliya - başın
bədəndən böyük olması qüsuru ilə doğulan uşaqlar üstünlük təşkil
edir. Bəzilərində körpənin boynuna dolanıb onun ölümünə səbəb olan
cift də aydın görünür.
Muzeydə ən təsirli eksponatlardan biri də siklop uşaqdır. Bu
bizim nağıllardan bildiyimiz həmin o təpəgözdür. Uşağın yeganə gözü
düz alnının ortasında yerləşir. Bəzi anomaliyalarda isə körpələr
beyin qışalarının yırtığı, baş bədənə birləşmiş formada doğulublar.
Belə uşaqları bir çox valideynlər elə xəstəxanadaca atıb gedir,
əksəriyyəti isə anomaliya ilə uşaq dünyaya gətirdiyini heç kimin
bilməsini istəmir. Əlbəttə ki, muzeydə normal və yarımçıq doğulan
uşaqlara da rast gəlinir. Amma bunlar da yalnız valideynləri
tərəfindən muzeydə saxlanmasına icazə verilənlərdir. Həkimin
sözlərinə görə, bəzən valideynlər uşaqların burada təcrübə obyekti
kimi istifadəsinə razılıq vermirlər:
"Bizim doğum evləri ilə müqavilələrimiz var, həmişə əlaqə
saxlayırıq. İşçimiz belə hallar olduqda bizə xəbər verir və ya
həmin uşağı bizə gətirir. Amma hamısı sənədlə gətirilir. Bəzən
valideynlərin buna razı olmadıqları hallar da olur. Məsələn, mən
aspiranturada oxuyanda bir körpə gətirmişdilər. 4 aylıq yarımçıq
doğulan uşaq idi. Gətiriləndən təxminən bir həftə sonra aləm
bir-birinə qarışdı. Dedilər ki, həmin körpənin anası, nənəsi gəlib
uşağı tələb edirlər. Biz həmişə uşağın qolunda kimliyi ilə bağlı
sənədi saxlayırıq. Onu tapdıq və meyit yarılmamış yiyəsinə
qaytarıldı", - deyə A.İsayev bildirir.
Həkimin sözlərinə görə, buradakı eksponatlar tələbələrə nümayiş
olunan zaman ağzı açılmır, elə şüşədən göstərilir. Çünki eksponatın
içərisinə hava keçərsə, kiflənmə baş verər. Ağzı kip bağlanan
qabların 3-4 aydan bir mayesi dəyişilir.
Bələdçinin bildirdiyinə görə, indi çox bəsit görünən hər bir
eksponatın hazırlanması uzun və əziyyətli bir işdir. Təkcə beynin
damarlarını, şaxələrini tələbələrə əyani şəkildə göstərmək üçün
onun üzərində həftələrlə, bəzən də aylarla işləyirlər.
Muzeyin maraqlı eksponatlarından biri də dalaq, böyrək və digər
orqanlardan çıxarılmış damarlardır. Onlar korroziya üsulu ilə
çıxarılır. Hər hansı orqanda olan damarların içərisinə xüsusi maddə
yeridilir. Sonra həmin orqan başqa bir məhlula qoyulur. Məhlul
orqanın toxumasını, parenximasını yeyir, amma damarda ayrı maddə
olduğuna görə ona toxuna bilmir. Bu, damarların öyrənilməsi üçün ən
yaxşı üsuldur. Məsələn, bu üsulla dalağın içində damarlar necə
şaxələnibsə, hamısı qalmış olur. Həkimin sözlərinə görə, bunu
qaraciyərdə, böyrəkdə, ürəkdə - istənilən orqanda etmək olar.
"Öküz ürək"li adam...
Muzeydə ürəyin müxtəlif vəziyyətlərini əks etdirən eksponatlar
var. Ən çox diqqətimizi çəkən isə "öküz ürəyi" idi. "Öküz ürəyi"
dedikdə üzümüzdə yaranan təbəssüm insana aid olmasını eşidəndə bir
andaca söndü. Əvvəlcə öküzə aid olduğunu düşündüyümüz bu nəhəng
ürək əslində hipertrofiyalaşmış insan ürəyidir. Anadangəlmə və ya
sonradan yaranan bu anomaliya damar sistemində, ürək qapaqlarında
yaranan xəstəliklə bağlı da ola bilir. El arasında "ürəyin şişməsi"
də deyirlər. Həkimin sözlərinə görə, eyni vaxtda ürəkdə bir neçə
xəstəlik meydana çıxır və buna ürək dözmür, əzələ qişası
qalınlaşaraq böyüyür.
Muzeydə həmçinin ağciyərlər, qırtlaq, böyrəklər, sidik kisəsi,
kəllə sümüyü, rüşeymin inkişaf mərhələləri, bağırsaqlar və digər
orqanlar nümayiş olunur. Məsələn, Tibb Universitetinin tələbələri
burada nümayiş olunan uşaq böyrəyi ilə yaşlı adama məxsus böyrəyi
nəzəri cəhətdən deyil, əyani şəkildə görə və öyrənə bilərlər.
Həkimin sözlərinə görə, muzeydə nümayiş olunan uşaq böyrəyinin
paylar şəklində olması aydın görünür. Böyüdükcə bu payların arası
beyin maddəsi ilə dolur və birləşir.
Muzeyin son vaxtlarda əldə etdiyi eksponatlardan biri də 5-6 il
əvvəl bura Onkologiya xəstəxanasından verilmiş döldür. 4 aylıq olan
uşağın ciftdən ayrıldığı aydın görünür. Omnion qişasının
partlayaraq dağıldığı bu nümunə də patologiyadır.
"Meyidin üzərində aylarla işləyirik"
Muzeydə ən dəhşətli guşələrdən biri də insan kəlləsinin nümayiş
olunduğu yer idi. Söhbət hər hansı kəllə sümüyündən getmir. Nümayiş
olunan insan başı - üzərində dərisi olan, sifət cizgiləri aydın
görünən eksponatlardır. Uşaqlarla bağlı eksponatlar nə qədər ürək
ağrıdırsa, daha çox dəhşət filmlərini xatırladır. Elə ilk baxışdan
qəza keçirdiklərini ayırd etmək olar. A.İsayevin sözlərinə görə,
bura gəlib çıxana kimi meyidi əvvəlcə fiksasiya edirlər. Bunun üçün
damarlara formalin məhlulu vurulur. 1 həftə, 10 gün ərzində hopur
və bərkidir. Məhlul meyitdən suyu çıxarır və yerinə hopur. Bundan
sonra meyidin üzərində həkimlər işləyirlər. Hansı damar, vəz
lazımdırsa, onu axtarırlar.
Muzey eksponatlığına namizədlər isə əsasən qəza keçirən və bəzən
də öz əcəli ilə ölən insanlardır. Vərəmli xəstə, hər hansı
infeksion, onkoloji xəstəliyi olan şəxsləri götürmürlər. Həkim
deyir ki, bunu özümüzü sığortalamaq üçün edirik. Həm də, bu bizdə
birdəfəlik qanun şəklini alıb. Çünki tədris məqsədi üçün yalnız
sağlam insanlar lazımdır.
Əlbəttə, meyitlər üzərində işləyən şəxs üçün bu işə başlamağa
müəyyən zaman tələb olunur. İlk dəfə meyidi, insanın parçalanmış
əzalarını görən tələbələr arasında qorxanlar, hətta ürəyi gedənlər
də olur. Həkim deyir ki, son vaxtlar belə hallara az-az rast
gəlinir, yəni 3-5 ildə bir dəfə. İş orasındadır ki, qorxu
mərhələsini adlayan həmin o tələbələr də sonradan digər
tələbələrdən daha çox meyitlərlə işləməyə həvəs göstərirlər.
İnsan ölümünün bu qədər adiləşdiyi, hər gün meyit yarıb təcrübə
aparıldığı bir kafedrada çalışan Ağasəmid müəllimin özünün ilk dəfə
meyit yardığı günü necə xatırladığını soruşuruq. Həkim deyir ki,
heç vaxt meyitdən qorxmayıb. Aspiranturada oxuduğu dövrdə isə bəzən
gecədən səhərə qədər burada işlədiyi vaxtlar olub.
"İlk dəfə meyidi müayinəyə aparanda sevinə-sevinə getmişəm.
Moskvadan gəlmiş bir müəllimimiz var idi, bizə növbəti dərsdə əzələ
bəhsini keçəcəyini və bunu meyit üzərində göstərəcəyini dedi. Biz
də sevinə-sevinə müəllimdən qabaq qaçıb getmişdik".
Dəhşət filmindən sonra cizgi filmi
Muzeyin növbəti zalında skelet və kəllələr nümayiş olunur. Bura
qədər gördüklərimdən sonra skelet və kəllələr mənə cizgi filmini
xatırladır. Bu zalda təcrübə aparan tələbələrlə də tanış oluruq.
Bələdçimiz deyir ki, muzeydə elmi işlə məşğul olmağa kifayət qədər
kəllə var. Üzərində sarı rəngli kağız yapışdırılmış kəllələr isə
tədqiq olunanlardır.
Burada müəllim və tələbələr tərəfindən hazırlanan 3 ayından
tutmuş bir neçə yaşına qədər olan uşaq skeletlərinə də rast
gəlirik. Bu zalda professor Vaqif Şadlinski tərəfindən 1997-ci ildə
Şəki şəhərində tapılmış atəşpərəstik dövrünə aid türk tayfalarına
məxsus kəllələr nümayiş olunur.
Muzey sayəsində onu da öyrəndim ki, qadın və kişi kəlləsində
fərq kişilərdə ənsə tərəfin arxaya çıxmış olması ilə əlaqədardır.
Qadınlarda isə alın qabağa çıxmış olur və göz dəliyinin yuxarı
hissəsi qadınlarda daha itidir. Fərq kişilərin daha çox fiziki
əməklə məşğul olması ilə əlaqələndirilir. Belə ki, ənsə sümüyü
gövdə əzələlərinin bağlandığı yerdir. Əzələlərin dartma forması
sümüyü, qabarları formalaşdırır. Amma bununla belə, həkim
istisnaların olduğunu da etiraf edir. Məsələn adətən çanağın ölçüsü
qadınlarda daha böyük olur. Amma akrobatika ilə məşğul olan
kişilərdə çanaq sümüyü qadınlardan iri olur.
Muzeydə ən maraqlı eksponatlardan biri də mumiyalardır. Müxtəlif
illərdə hazırlanmış mumiyalar da şüşənin altında xüsusi şəraitdə
saxlanılır. Çox hündür boyları və sağlam dişləri aydın görünür.
Bunları qoruyub saxlamaq üçün vaxtlı-vaxtında havası dəyişilir,
xüsusi maddə vurulur.
Bələdçimizdən onu da öyrənirik ki, buradakı eksponatların
qiyməti yoxdur. Ən dəyərli nümunələrdən biri isə insan embrionunun
mərhələlərini əks etdirən eksponatdır. Muzey hər hansı orqanı pulla
almır, yalnız sahibsiz meyit və ya orqan üzərində təcrübələr apara
bilir. Bura tələbələrin canlı kitabxanası da demək olar. Tələbə
üzəri nömrələnmiş sümüyü və ya əzanı saat 17:00-a qədər açıq olan
muzeydə əyani şəkildə tədqiq edə bilər.
Professor söhbət arası problemlərə də toxundu. Məlum oldu ki, bu
qədər eksponatın olması, oxumaq üçün hər cür şəraitin yaradılmasına
baxmayaraq, hələ də əsas problem tələbələrin zəif hazırlığıdır.
Anatomiya muzeyinin əsas problemi isə Mədəniyyət Nazirliyi
tərəfindən bura muzey statusunun verilməməsi, muzey kimi
tanınmamasıdır.
Elə bu səbəbdən də ziyarət etdiyimiz bu muzeydə olmaq çoxuna
maraqlı gəlsə də, girişə məhdudiyyəti səbəbindən qapılar üzünə
bağlanır. Ümid edirik ki, nə vaxtsa bu muzey də paytaxt muzeyləri
arasında öz layiqli yerini tapacaq. Hələlik isə, görmək istəyənləri
virtualaz.org-un virtual turuna dəvət edirik. Tamamilə pulsuz.