Ön cəbhədə düşmənə layiqli cavab verib qəhrəmanlıq
göstərən və şəhid olan mayor Vəlizadə Ürfan Üzeyir oğlunun ailəsini
ziyarət edib, şəhidimizə Allahdan rəhmət, əzizlərinə səbr dilədik
və qanlarının yerdə qalmayacağını söylədik.
Oğlunun şəhadət xəbərini alandan sonra ikinci dəfə insult
keçirən, danışdıqca titrəyən əllərini gizlətməyə çalışan
şəhidimizin atası "Vətən sağ olsun!" sözlərini söyləyəndə gözlərinə
baxıram və mətanəti, mərdliyi qarşısında baş əyirik. Oğlu barədə
danışmaq çətin olsa da şəhid övladının qeyrəti, qəhrəmanlığından
ürək dolusu danışır və "oğlumla fəxr edirəm, ailəsinin də,
millətinin də başını uca etdi" deyir. Hamımız "qəhrəman şəhidimizlə
fəxr edirik, qürur duyuruq" deyirik.
Demə, sonuncu səfərindən sonra oğluyla əlaqə kəsiləndən Üzeyir
əmi hiss edirmiş oğlunun bir daha qayıtmayacağını... Hər dəfə
telefon zəng çalanda təlaşla soruşarmış: "Ürfandır?" Təsdiq
cavabını eşitməyəndə isə otağına çəkilirmiş. Evin gəlini Qızılgül
xanım söyləyir ki, hadisədən bir gün əvvəl qardaşı Vidadi etdiyi
zənglərə cavab almayanda narahat olub. Lakin gecə saat 12-də Ürfan
qardaşına özü zəng edib, Ürfan ona deyib ki, narahat olmayın,
salamatam, yaxşıyam, xidməti vəzifəmlə bağlı telefona cavab verə
bilmirəm. Aprelin 2-də isə səhər tezdən o, həyat yoldaşı Könüllə
danışıb. Həmin gün qaynanası Qətibə xanımın ad günü olmalıymış.
Ürfan deyib ki, mütləq özümü yetirəcəm. Amma həmin axşam verdiyi
vədə əməl etməyib: "Vidadi internet portallarından oxudu ki,
cəbhədə vəziyyət gərginləşib. O gündən sonra nə qədər zəng etsək
də, Ürfandan səs-səmir çıxmadı. Vidadinin ürəyinə sanki dammışdı
ki, nəsə yaxşı olmayan hadisə baş verib. Onu sakitləşdirə bilmədim.
Zəng çatırdı, amma cavab verən yox idi... Demə, döyüşə gedəndə
telefonunu otaqda şkafa qoyubmuş. Vidadi ağlamağa başladı ki,
qardaşıma nəsə olub, dedi ki, Ürfan belə etməz, onun başında nəsə
var...
Martın 31-də çıxmışdı evdən. Sonra mətbuatdan döyüşlər haqda
oxuduq. Elə həmin axşamı Ürfanın iki hərbiçi dostu yoldaşıma zəng
etdi. Heç nə söyləmədən dedilər ki, aşağı düşsün. Sanki ayaqları
tutuldu qardaşının. Yeriyə bilmədi. Düz gözümün içinə baxıb dedi
ki, mən o xəbəri eşitmək istəmirəm. Aşağı düşməyəcəm. Onda dayana
bilmədim, qaçaraq pilləkənləri birnəfəsə aşağı düşdüm. Aşağı
düşdüyümü görüb o da binanın qabağında bizi gözləyənlərin yanına
düşdü. Məndən uzaqlaşdılar. Hər üçü hönkürtüylə ağlayırdı... Xəbər
verən də, alan da... Atasına bu xəbəri necə deyəcəyimizi bilmirdik.
Sonra axşam hamını evə çağırıb xəbəri verdik. Ən sonda xanımına
dedik. Şəkər xəstəsidir Könül, körpəsi var qucağında. Onların
cənazələrinin neytral zonadan götürülmə xəbəri bizə verilənədək
düşünürdük ki, yaralıdır, qayıdacaq... Elə indi də öldüyünə
inanmırıq. Sanki harasa uzaq səfərə gedib, qayıdacaq, hər zamankı
təbəssümüylə...
Az sonra Könül xanımla əlaqə saxladıq. Demə, gec olduğundan
körpələrini kirayə qaldıqları mənzilə aparıb. Könül xanım qucağında
bu dunyanın ədalətsizliyindən bixəbər gülümsəyən bir yaşlı Betüllə
qarşımıza çıxır. Otaqda sıxlıqdır. Könül xanım deyir ki, Ürfanın
adını qürurla daşıyıram. Onun balaları - qızları atalarının yolunu
gözləsələr də, başa düşürlər ki, onların atası qəhrəmandır. Biz çox
sevinirik ki, şəhidlərimiz canlarını qurban versələr də,
düşmənlərimizə qalib gəliblər. Ürfan həmişə deyirdi ki, biz
torpaqlarımızı mütləq azad etməliyik, bu problemi bizdən sonrakı
nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun, canımız, qanımız
bahasına olsa belə, torpaqlarımızı azad etməliyik. Biz öz
torpaqlarımızı heç kəsə verməyəcəyik. "Allah bütün şəhidlərə rəhmət
eləsin", - deyir Könül xanım...
Göz yaşları dayanmır. Deyir ki, Ürfansız nəfəsi çatmır... yəqin
ruhu xoşbəxtdir, Ürfanın. Arzusuna çatıb axı. Göz yaşları dayanmasa
da, Könül xanım Ürfandan danışmaqdan doymur: "İndi Ürfan yanımızda
cismən olmasa da, ruhən yanımızdadır. Dövlətimiz şəhidinin ailəsinə
sahib çıxıb, arxamızda durur. Düşünürəm ki, dövlətimiz
övladlarımızı atasız böyüməyə qoymaz. Sağ olsun dövlət başçımız.
İlk gündən qayğılarını əsirgəmədilər", - deyir...
Könül danışdıqca 8 yaşlı Fatimə də anasına sığınır: "Ağlama,
ana, mən də böyüyəndə atam kimi pilot olacam", - deyir. Könül davam
edir: "Həmişə deyirdi ki, gedib ermənilərin dərsini verəcəyəm, o
torpaqlar bizimdir. Torpaqlarımızın işğaldan azad edilməsini bizdən
sonrakı gəncliyə saxlamalı deyilik. Səninlə hamımız fəxr edirik,
Ürfan. Bütün Azərbaycan onu tanımalıdır".
Heç demə, Könül xanımla Ürfan sinif yoldaşı olublar: "Ürfan
mənim sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili
tamam olacaqdı. O vaxt Ürfan toyumuzu Silahlı Qüvvələr gününə təyin
etmişdi".
Sonuncu dəfə danışdığı telefon zəngini xatırlayır: "Aprelin
2-si, səhər tezdən telefonda danışanda Ürfan dedi ki, Könül,
narahat olma, burada yaxşılıqdır, axşama gözləyin, gələcəm. Həmin
gün anamın ad günü idi. Axşam restoranda idik hamımız. Bir də
saytdan oxudum ki, onun ekipajının idarə etdiyi helikopter vurulub.
Üfranın da şəklini qoyublar...".
Evin önündə qurulan çadıra gələn insanlar ona başsağlığı verəndə
Könül etiraz edirmiş. "Mənə başsağlığı verməyin, Ürfan qayıdacaq.
Buna inanıram", - deyirdim. İnanırdım ki, indiyə qədər keçdiyi
təcrübə Ürfanı düşdüyü neytral ərazidən də sağ-salamat çıxmasına
kömək olacaq. "Tabutu gəlsə də, hələ də inana bilmirəm yoxluğuna.
Axı iki azyaşlı körpəylə məni tək qoyub heç yerə getməz Ürfan. Hər
gün gözləyəcəm onu, yoxluğunu bilə-bilə... Ta ömrümün sonunadək"
.
Qəhrəman şəhidimizin həyat yoldaşı üçün aldığı dərmanların
qutularının üzərinə yazdığı yazılara baxırıq. Böyük məhəbbət, əsl
insanlıq. Xanımına yazdığı şeirlər, məktublar isə onun böyük bir
ürək, sevgi dolu bir qəlb sahibi olduğunu, yüksək dəyərlərə malik
bir insan olduğunu göstərir. Məktublarının birində xanımına bir
neçə dildə "mən səni sevirəm" deyə yazan şəhid qardaşımız bütün
dillərdə danışıb, yaza bilmədiyindən şikayətlənir. Xanımına "keşkə
bütün dillərdə mən səni sevirəm deyə və yaza bilsəydim" deyir. O
məktublar Ürfan qardaşımızın nə qədər gözəl bir ailə başçısı
olduğunu da göstərir. Ön cəbhə bölgələrində əsgər və
hərbiçilərimizin qəhrəman şəhidimiz haqqında söylədiklərini, onun
əsl qəhrəman olması barədə fikirlərini danışırıq ailəsinə və onlara
səbr diləyib ayrılırıq. Arxadan Betülün dünyadan xəbərsiz gülüş
səsləri gəlir. Nur içində yat, şəhidim. Yadigarların, sənə,
Vətəninə layiq böyüyəcək. Axi sənin tabutuna bükülən Azərbaycan
bayrağını qızın göz bəbəyi kimi qoruyur. Atasının yadigarı
kimi.
Qapıdan çıxırıq, arxadan səslər gəlir: "Təki Vətən sag
olsun!"
Vətən sağ olsun! Vətəni canından əziz tutanlar isə heç bir zaman
unudulmayacaq. Onlar könüllərdə taxt qurduqları kimi Vətənin
tarixinə də adlarını qızıl hərflərlə yazdılar. İnşallah bütün
torpaqlarımız işğaldan azad olunacaq, onların xatirəsinə o gözəl
torpaqlarımızda abidələr qoyulacaq və o gün şəhidlərimizin ruhu şad
olacaq. Nur içində yat, əziz şəhid qardaşımız.