Tələbəlik illərim
"Sovetski" adlanan yerdə keçib. Ev sahibinin darvazasına bitişik,
toyuq hini boyda yerdə qalırdım. Məhəllədə qorxa-qorxa,
çəkinə-çəkinə yaşayır, dərsə də belə qorxa-qorxa gedib gəlirdim.
Qonşuların namus-qeyrət, ana-bacı, torpaq üstündə dalaşmaqlarını
görürdüm hər gün. Bir dəfə kirayə qaldığım otağın yiyəsi ilə
qonşusu az qalmışdı bir-birilərini baltalasınlar. Zarafat eləmirəm,
sözün həqiqi mənasında bir-birlərinin başlarını
yarmışdılar.
Bakıda bir müddət yaşayan hər kəs "Sovetiski" adı gələndə
söhbətin nədən getdiyini bilir. Məhləyə yad oğlan nədi, yad
it-pişik belə buraxmayan, gecə-gündüz məhlə keşiyində dayanan
qaqaşların oylağı...
"Sovetski"də kirayə yaşadığım vaxtlarda, məhəllədə gəzəndə yubkamı
tez-tez aşağı çəkirdim ki, kiminsə qəzəbinə gəlməyim. Nə edim?
Hünərin var, küçədə, bayırda, bəzən elə az qala uşaqlarının yanında
"mal" bişirib, "iynə" vuran bu qaqaşların məhləsinə yad oğlanla
gəl, qısa yubka, şortiklə gir!
Günlərin bir günü eyni həyətdə qaldığım tələbə qızın sevgilisini
bıçaqladılar. Qız özünü itirmişdi. Qaqaşlar həyətin qapısına
dirənib, qızla söhbət etmək istəyirdilər. "Yaxçı qız özünə söz
dedizdirməz, sabah açılan kimi veşlərüvü də yığ, bu evdən çıx!"
deyirdilər. Yazıq qız həmin günü səhərə kimi qorxusundan
yatmadı.
Həmin hadisədən sonra məhlədə "postlar" daha da
möhkəmləndirildi. Qardaş, qohum oğlanların sənədlərinə qədər
baxırdılar ki, görəsən, bu qızın qohumudur, yoxsa sevgilisidir.
Bəli, məşhur "Sovetski" yadımda belə qalıb. Basılmaz, əli
bıçaqlı qaqaşların məhləsi. Sən demə, bir gün "Sovetski"nin də sonu
gələcəkmiş. Bu sonu isə özü ilə gətirən tank yox, pulemyot yox, bir
neçə buldozer olacaqmış. Əvəzi isə pulla ödənəcəkmiş - kvadratmetri
1500 manata.
Bilirsiz niyə bunu xatırladım?
Həmişə düşünmüşəm ki, məhləyə yad pişik belə buraxmayan, Bakının
simvolu sayılan bu klassik məkan əxlaqdan, ənənədən yoğrulub,
buranın daşı da, divarı da o qədim ruhu yaşadır. Ora sökülə bilməz,
dağılmaz... Sökülərsə, dağılarsa, bəs Bakının qədim məhəlləsinin
sakinləri olduğu üz-gözlərindən oxunan bu insanlar necə yaşaya
bilər? Sovet küçəsi olmadan Bakı qədeşləri hansı əxlaqı yaşada
bilərlər?
Həmişə düşünmüşəm ki, "məhəllə qanunları"nın qorunması heç də
ayrı-ayrı adamların şəxsi təşəbbüsünün nəticəsi deyil, o məkanın
özünün aurasındandır. Bu insanlar həmin məkandan kənara çıxanda o
ənənə də yoxa çıxacaq. Buna görə tarixi ruhun onları bu məhəllədə
sıxıb saxlayacağına və Bakı olduqca, "Sovetski"ni də qoruyub
saxlayacaqlarına inanırdım.
Amma inamımda yanılmışam. Səhv etmişəm və doğrusu, heç cür
anlaya bilmirəm ki, o əxlaq normaları ilə yaşayan insanların
etirazları necə ola bilər ki, yalnız pul üstündə olsun?
"Sovetski"lilər – məhəllə uşaqları nə arxitekturaya, nə yeni
məhəllənin yeni dizaynına, nə orda tikiləcək binalara, nə də doğma
məkana iddia etdilər... "Sovetski"lilər yalnız daha çox pul almağa
iddialıdırlar.
Görünür, kapitalist-fərdi maraqlar "Sovetski"nin mühafizəkar
divarlarını çoxdan dağıdıbmış – indiki ekskovatorlar sadəcə
ruhsuzlaşmış əyrü-üyrü və Bakının müasir simasını pozan daş-kəsək
yığınını dağıtmağa gəlir...