Əsas problem odur ki, Rusiyanın arzuları onun
imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı
Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir…
V.Putinin Ukraynadakı separatçılara referendumu təxirə salmaqla
bağlı müraciətindən (bəzi bölgələr buna rədd cavabı versə də…)
sonra rusiyalı təhlilçilər bu sual üstündə baş sındırır. Onlardan
biri həmin suala orijinal cavab verib. Onun fikrincə, Putin özünün
və separatçıların biabır olmasından, referendumun baş
tutmayacağından qorxub. Çünki Kırımdan fərqli olaraq şərq
bölgələrində hətta referendumu təşkil etmək belə o qədər də asan
məsələ deyil…
Referendumun təşkilati məsələlərilə bağlı fikir deməkdə acizik.
Amma elə ilk gündən diqqətimizi bir məsələ cəlb edib ki, şərq
bölgələrindəki (Ukrayna) etirazlar kütləvilikdən çox-çox uzaqdır.
Bu etirazlar həqiqətən də bir qrup təxribatçının hərəkətinə
bənzəyir.
Amma güman edirik ki, V.Putini müəyyən mənada geri çəkilməyə
məcbur edən onun Qərbin təzyiqlərini hiss etməsi oldu. Bəli,
iqtisadiyyat artıq bu təzyiqləri "duyur", hətta ən böyük iqtisadi
strukturların belə səhmləri düşür və bütövlükdə iqtisadi güc
ölkənin neoimperialist siyasətinə adekvat deyil…
V.Putin həm də başa düşür ki, şərqi Ukrayna məsələsində ona
güzəşt olmayacaq. Demirik ki, Qərb bu məsələlərə görə Rusiyaya
hərbi güc tətbiq edəcək. Yox, belə olmayacaq. Əsas problem odur ki,
Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd
edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə
imkan vermir…
Ruslar nə qədər desələr də ki, V.Putin Rusiyanı xoşbəxt uşaqlıq
cağına qaytardı və yaxud da ki, Rusiyaya təzədən superdövlət
statusunu verdi, bütün bunlar ciddi təhlildən uzaq, bayağı və
məsuliyyətsiz çağırışlardır. Necə deyər, adamı elə bu cür,
tərifləyə-tərifləyə gözdən və diqqətdən salır, uçuruma
itələyirlər…
Bu çağırışlarda təəccüb doğuran həm də odur ki, onlar həm də rus
ziyalısının tarixi kredosuna, daim hakimiyyətin opponenti olmaq
kredosuna ziddir. Amma dərindən düşünəndə görürsən ki, elə bunun
özü də müəyyən mənada ziyalıların uydurmasıdır - ən azı son yüz
ildə rus ziyalısı özünün və cəmiyyətin həyatı üçün məsuliyyət
hissini itirib…
Demirik ki, hamı bütünlüklə ümumi xorun içində əriyib, ona
qarışıb, yox, arabir fərqli çıxışlar da eşidilir. Amma onlar
olduqca seyrək və zəifdir. Onları-rus ziyalılarını qınamaq
fikrindən uzağıq.
Ən azı görə ki, bizə də "Bir özünüzə baxın!" deyə bilərlər.
Azərbaycan ziyalısı orta statistik rus ziyalısından daha fəaldırmı?
Əlbəttə ki, yox. Bu bir neçə gündə-mayın bu çağında ziyalılarımızın
əvəzinə əməlli-başlı utandım...
Həm də bir məsələni duydum. Bəli, ziyalılarımız özləri istəyir
ki, onlara "yuxarılar"dan tapşırıqlar verilsin, onlar da təbliğat
aparsınlar...
"Təbliğat maşını"nın mühüm vinti olmaq, özünü siyasi hakimiyyətə
gərəkli hiss etmək-Azərbaycan ziyalısının da ümdə arzusu
budur...
Özü də bunu "xalqın xidmətində durmaq" kimi təqdim
edirlər. Halbuki xalq onlardan tamam başqa şey umur, onların
dilindən problemlərinin səslənməsini istəyir, əvəzində isə yüksək
mənsəb sahibləri haqda təriflər eşidir...
Bəli, rusların, daha çox da meşşan düşüncəli insanların həm də
belə bir fikri də var ki, hakimiyyətlə yalnız dostluq etmək
lazımdır. Bu fikri də qəbul edə bilərdik, əgər bu dostluğun
məqsədini-qayəsini anlaya bilsəydik.
Bu dostluq cəmiyyət və onun problemləri naminə, hakimiyyətin və
mənsəb sahiblərinin yürütdüyü siyasətə müsbət mənada təsir etmək
naminə olsaydı bunu başa düşmək olardı...
Amma bu dostluq tamam başqa məqsədlər üçündür, ziyalıların
"özlərinə gün ağlaması" üçündür...
Bəli, V.Putindən başladıq, ondan rus ziyalısına, oradan da
Azərbaycan ziyalısına keçdik. Düşünməyin ki, bu, bir fikir
dağınıqlığıdır. Yox, belə deyil.
Mənim fikrimcə, həmişə bir ücbucaq olub-onun bir başında
hakimiyyət, o biri başında ziyalılar, digər başında isə cəmiyyət
qərar tutub...
Mexanikada üçbucaq ən möhkəm fiqurdur deyiblər. Bir şərtlə ki,
onun təpələrini birləşdirən tellər güclü olsun. Amma həmişə belə
olurmu? Təəssüf.
Ən azı cəmiyyətdə heç də həmişə belə olmur. Bəli, bir də
görürsən ki, ictimai ücbucağın iki təpəsi-hakimiyyət və ziyalılar
cəmiyyətdən xeyli uzaq düşüblər.
Düzdür, Rusiya bir qədər fərqli məsələdir. Orada imperializm
bəlkə də hakimiyyəti, ziyalını və cəmiyyəti birləşdirən yeganə
teldir. Amma hesabla "yeni ruslar" da olmalı idi. Bəs haradadır
onlar? Niyə səsləri eşidilmir? Yoxsa onlar da elə bizim bəzi
"yenilər" qədər yenidirlər?..