Cəmiyyətdə insanların, ayrı-ayrı fərdlərin
marginallaşması haqda çox eşitmişdik, çox oxumuşduq. Dünya da
ölkələrin cəmiyyətidir. Baxıb görürsən ki, elə ölkələr var ki,
onlar həqiqətən də marginallaşıblar, özü də bu sözün mənfi
mənasında...
Belə ölkələrdən biri də Rusiyadır. Təsəvvür etmirəm ki, hansısa
ölkənin telekanalında "Rus məsələsi" verilişi olsun. Bu o deməkdir
ki, bunlar özlərinə dünya ilə
vəhdətdə baxmırlar, özlərini dünyadan ayırırlar.
Amma ölkələrə münasibətdə bu mənanı vermək üçün başqa söz
işlədirlər. Həmin söz də rus dilindəndir. Bəli, belə ölkələrə
"izqoy" dövlətlər deyirlər və təsadüfi deyil ki, Ukraynada
proseslər başlayandan sonra rusiyalı analitiklər özləri yazmağa
başladılar ki, Rusiya "izqoy" dövlətə çevrilə bilər.
Aydın olsun deyə bildirim ki, "izqoy" dövlət deyəndə, məsələn,
Şimali Koreyanı nəzərdə tuturlar. Rusiya da bu səmtə doğru
gedir.
Elə V.Jirinovskinin dediklərində də buna işarə vardı. O da deyir
ki, indi çox yerdə rusofobiya baş alıb gedir, amma Azərbaycanda bu,
yoxdur. Amma şanlı LDPR-in lideri bir məsələyə aydınlıq gətirmədi:
bu rusofobiyanın səbəbi nədir?
Nədən Rusiyanı sevən, onu anlayan ölkələrin və insanların sayı
belə azalır? Bəli, nəinki Jirinovski, elə digərləri də bu suala
cavab verməyi sevmirlər və çalışırlar ki, bu sualdan
qaçsınlar...
Amma suallardan qaçmaq olmur. Suallar adamı təqib edir. Bizim
məmurlar V.Jirinovskinin sözlərini müəllimin nümunəvi şagird
haqqında dediyi sözlər kimi qəbul etdilər, hətta tərifdən bir az
qızarıb başlarını aşağı da saldılar.
Di gəl, onlar Jirinovskiyə bir söz deyə bilərdilər. Deyərdilər
ki, müəllim, axı bizim insanları öz torpaqlarında sizin sevimli
erməniləriniz həbs edir! Siz də "Onlar bizim vətəndaşımız deyil!"
deyib farağat durusunuz...
Nə isə. Deyə bilərdilər. Amma demədilər. Ona görə ki, onlar üçün
"abadlaşan Azərbaycan", "dahi azərbaycanlılar" haqqındakı sözlər
daha önəmli idi. Olsun. Doğrusu, milli fobiyaların biz də
əleyhinəyik. Amma bəzən hər şeyi öz adı ilə çağırmağa ehtiyac
duyulur...
Məhz hər şeyi öz adı ilə çağırmağın nəticəsidir ki, ruslar
ölkələrinin "izqoy" dövlətə çevrilə bilməsindən
ehtiyatlanırlar...
Amma tək ehtiyatlanmaq hələ heç nə demək deyil. V.Putin, elə
digərləri də günah kompleksini özlərinə yaxın buraxmırlar.
SSRİ Koreyanın təyyarəsini öz ərazisində vuranda biz Moskvada
tələbə idik. Bəli, o vaxt dedilər ki, guya təyyarə bunların
ərazisində çəkiliş aparıb. Amma Koreya təyyarəsi sərnişin təyyarəsi
idi. Həm də axı o, nəyi çəkə bilərdi? Məgər kosmosdan hər şey
çəkilmirmi?
ABŞ kosmosdan Rusiya qoşunlarının Ukrayna sərhədində hərəkətini
izləyirdi. Hətta V.Putin yalan bəyanatlar verəndə onun yalanlarını
da faş etdilər, dedilər ki, qoşunlar hələ də sərhəddədir.
İndi daha bir təyyarəni vurdular. Di gəl, and-aman edirlər ki,
bizlik deyil. Halbuki hələ neçə illər bundan əvvəl Koreyaya məxsus
təyyarəni vurmuşdular. Aydınlıq üçün qeyd edim ki, söhbət Cənubi
Koreyadan gedir, Şimali Koreya bunların dostudur...
Bunlar "izqoy dövlət" söhbətinə indi başlayıblar. Amma daha ayıq
insanlar hələ bir neçə il bundan əvvəl deyirdilər ki, siz Rusiyanın
çevrəsindəki ölkələrə baxın, bir görün Rusiya ətrafına kimləri
toplayıb?!.
Əvvəldə dedik fobiyaları sevmirik. Hər yerin pisi də var, yaxşısı
da. Amma bu vaxta qədər Rusiyanın bizə etdiklərini unutmaq olarmı?
Düşünürəm ki, bağışlamaq olar, amma unutmaq olmaz. Tarix unutqan
millətləri sevmir, onlar öz unutqanlıqları ucbatından eyni bir
aqibəti, eyni bir taleyi bir neçə dəfə yaşamalı olurlar...
Ukrayna nə istəyir? Gürcüstan nə istəyir? Onların elə bir iddiası,
məkrli planları yoxdur. Onlar sadəcə azad olmaq istəyirlər. Azadlıq
istəmək qəbahət və yaxud günahdırmı?
Rusiya nə istəyir? Böyük və qüdrətli olmaq. Amma hansı həddə
qədər böyümək olar? Axı biz məhdud bir dünyada, Yer kürəsində
yaşayırıq. Elə bu ölkənin qüdrətli olmaq istəyi də adamı qorxudur,
ona görə ki, yumşaq şəkildə desək, o, yaxşı ölkə deyil...
Bəli, adamları bir müddət aldatmaq olar. Amma bu, əbədi davam
edə bilməz.
Ümid edirik ki, Rusiyadan kənara çıxan, dünyanı görən ruslar bir
qədər fərqli düşünürlər və yaxud da ki, düşünəcəklər. Hər halda,
buna ümid edirik...