Asılılıq-1
Ziyanlı vərdişlər bəzən insanın həyatına elə daxil olur
ki, onlardan nəinki yaxa, hətta can qurtarmaq olmur. Bu cür
vərdişlər çoxdur - narkotik, alkoqol, nikotin yalnız üzdə
olanlardır.
Asılılıqdan danışanda ilk novbədə istifadəçiləri aludəçilərdən
ayırmaq lazımdır. İstifadəçilik asılılığın ilkin, aludəçilik isə
yetkin mərhələsidir. Bir qayda olaraq, istifadəçilər çətinliklə
olsa da, ziyanlı vərdişi tərgidə bilirlər, aludəçilər isə asılı
vəziyyətə düşür və bu vərdişlə qəbir evinə gedirlər. Beləliklə,
asılılığın ən dəhşətlisindən, narkotiklərdən başlayaq.
Narkotik
Narkotiklər qədim, hətta çox qədim tarixə malikdir, min illər
uyuşdurucu, ağrıkəsici dərmanlar kimi işlənib. İnsana təsir
qüvvəsinə görə ağır və yüngül növlərə bölünür. İstifadəçilər əvvəl
yüngül narkotiklərdən istifadə edir, yavaş-yavaş ağır narkotiklərə
keçir və aludəçiyə çevrilirlər. Birincilər narkotiklərdən yeri
gələndə istifadə edənlər, ikincilər isə gündəlik vərdiş edənlərdir.
Məhz ikincilər narkoman adlanır və onlar haqqında deyilir ki,
keçmiş narkoman olmur.
Qeyd etmək lazımdır ki, narkotiklərdən mütəmadi istifadə gec-tez
ağ ciyərin vərəmi, qara ciyərin serrozu ilə nəticələnir. Bundan
başqa, narkotiklərin cinsi aktivliyi aşağı salması və sonsuzluq
yaratması da sübut olunub.
Xalq arasında həşiş, anaşa kimi tanınan, ədəbi dildə isə
marixuana adlanan narkotik yüngül hesab edilir. Bəzi Qərb
ölkələrində bu narkotikin istifadəsinə (tütünə qatılıb çəkilməsinə)
rəsmi icazə də verilir. Marixuana çətənə bitkisinin yarpaqlarından
və qətranından hazırlanır. Tünd qonur, qəhvəyi rəngli plastik
maddədir, ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz
damarlarını şişdirir. Buna görə də aludəçilərin - həşiş çəkənlərin
gözləri şişmiş və qızarmış olur. Bütün narkotiklər kimi, marixuana
da insanlara müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb
ağlayır, o biri gülməkdən qəşş edir, üçüncüsü qorxusundan qaçıb
gizlənir, dördüncüsü isə vəhşiləşir, ətrafdakılara hücum edir.
Marixuananın tərkibində çoxlu zəhərli və zərərli maddələr var,
onun qətranı xüsusilə toksiki (zəhərli) hesab olunur.
Mütəxəssislərin fikrincə, marixuana tütündən 8 dəfə artıq
toksikidir. Marixuana ağır narkotik sayılmasa da, ağır narkotiklərə
körpü sayılır, yəni heroin, kokain istifadəçisi, bir qayda olaraq,
həşişdən başlayır.
Heroin opiatlar qrupuna daxil olan ağır
narkotikdir. Opium xaş-xaşından hazırlanır. Hazır halda ağ, boz,
qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda
yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər heroini
yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Heroin
müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu
və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı
azalır, beyində tormozlanma yaranır. İnsan taqətsizləşir, seksual
aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması başlayır.
Heroin mayeylə qarışdırılıb ("bişirmə" deyirlər) şprislə birbaşa
venaya vurulduğundan, aludəçilərdə qolun və qıçın büküklərində,
iynənin yerlərində irinləmə müşahidə olunur.
Venaya vurulan bütün narkotiklər kimi heroin də qanın
zəhərlənməsinə, istifadəçinin hepatit, serroz, sepsis (hətta
sifilis) kimi xəstəliklərlə yoluxmasına şərait yaradır. Heroin
nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir. Ümumiyyətlə,
mütəmadi heroin qəbul edənlərin - aludəçilərin ömrü 10 ilə qədər
davam edir. İlk dozanı qəbul etmə, istifadəçidən aludəçiyə çevrilmə
prosesi 6 aydan bir ilə kimi çəkir. Qalan 8-10 ili isə narkoman
artıq bitki kimi - iynədən iynəyə "yaşayır".
Kokain koka bitkisinin yarpaqlarından
hazırlanan yarım sintetik ağır narkotik maddədir. Hazır halda ağ,
boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain də eyforiya (dünyanı
vecinə almamaq) hissini artırır, əvvəlcə adamın əhval-ruhiyyəsi də
yaxşılaşır. Problemlər isə sonra başlayır. Aludəçilərdə ilk növbədə
aritmiya (ürəyin "fasilə" ilə vurması) başlayır, bəzən ürək
qəflətən dayanır. Ürək möhkəm olduqda isə "kokain psixozu"
(psixikanın pozulması) yaranır. "Kokain psixoz"u təhlükə hissi,
qorxu, qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə
xarakterikdir. Bütün bunlar dəhşətli, qeyri-adi qaşınma ilə müşayət
olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa
gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain
dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda,
kokain asılılığının daha ağır - epilepsiya dövrü başlayır. Vaxtı
gələndə, xəstə doza qəbul etməyəndə, qıcolmalarla müşayət olunan
epilepsiyalar başlayır.
Qeyd etmək lazımdır ki, kakoin öz narkogenliyinə - insanı asılı
vəziyyətə gətirməsinə, görə heroindən güclü narkotikdir. Xəstələr
5-7 il bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu "bitki ömrü" də
beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində
qırılır.
LSD sintetik tərkibli ağır narkotikdir, çox
təsirli və toksiki (zəhərli) hallyusinogen (hallyusinasiya,
qarabasma yaradan) hesab olunur. LSD əsasən bəzəkli marka, rəngli
lakmus kağızı şəklində buraxılır. Narkotik əvvəl güclü eyforiya
hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz
olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə
aqressivləşir və hamı ona hücum edir. Sonra yenidən eyforiya
yaranır, xəstənin vəziyyəti yaxşılaşır, o, hamı ilə danışıb gülməyə
çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi - yüksəliş və
depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu
qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə müşayət
olunur.
Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq
qətiyyən mümkün deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi
yaxşılaşa, o biri ən ağır depressiyaya məruz qala bilər. Bu zaman
narkoman çox təhlükəli olur, ətrafdakılara və özünə hər cür xəsarət
yetirə bilər. LSD aludəçiləri narkotikin qəbulunu dayandırmaq
istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna görə də bu
narkotikdən müalicə olunmaq daha çətindir. Anadangəlmə qüsurlu
uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də
LSD aludəçiləri birinci yerdədirlər. Yeri gəlmişkən, LSD
aludəçiləri heroin və kakoin xəstələrindən daha çox, amma ruhi
xəstəxanalarda yaşayırlar.
Alkoqol
Alkoqollu içkilərin də tarixi qədimdir, az qala insanın tarixi
qədərdir. Ümumi adı şərabdır. Şərab da bir növ narkotikdir, ağırı
və yüngülü, istifadəçiləri və aludəçiləri olur. İstifadəçilər
yavaş-yavaş aludəçiyə çevrilir. Aludəçilərə xalq arasında
"alkoqolik" də deyilir. Alkoqolu tərgitmək narkotiki tərgitmək
qədər çətindir, amma keçmiş alkoqoliklər olur. Qeyd etmək lazımdır
ki, alkoqoldan mütəmadi istifadə gec-tez ürək çatışmazlığı,
miokardın infarktı, qara ciyərin serrozu ilə nəticələnir. Bundan
başqa, alkoqolun cinsi aktivliyi aşağı salmaq və sonsuzluq yaratmaq
təhlükəsi də mövcuddur.
Nikotin
Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il
təxminən beş milyona yaxın adam nikotinin təsirindən vaxtsız
dünyasını dəyişir. Nikotin isə tütünün tərkibində olan yüzlərlə
ziyanlı maddədən yalnız biridir, olsun ki, birincisidir. Tütün ağ
ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab
edilir. Siqaret çəkmək habelə, ürək-damar və və onkoloji
xəstəliklərin digər formalarının yaranmasına gətirib çıxarır. Ağız
boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng
xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir.
Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret
tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında qalır.
İnsanlar siqareti çəkməyə başlayan kimi onun mənfi təsirlərinə
məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin
kokain və alkoqol qədər güclü təsirə malikdir və eyni sürətlə
asılılıq yaradır. Siqaret çəkənlərin çoxu onun ziyanlı təsirindən
xəbərdardır. Lakin siqareti tərgitmək asan deyil, birdəfəlik atmaq
isə çətin məsələdir. Mütəxəssislər hesab edir ki, gündə 3-4 qutu
siqaret çəkən adamın bu ziyanlı vərdişi dərhal tərgitməyi mümkün
deyil. Odur ki, gündəlik normanı azaltmaq və bir qutu səviyyəsinə
çatdırmaq lazımdır. Yalnız bundan sonra siqareti tam atmaqdan
danışmaq olar. Amma bəziləri bunu edə bilmir və gündə bir neçə
siqaret çəkməkdə davam edir. Digərləri tərkibində nikotinin az
olduğu, ya da nanəli (mentollu) siqaret çəkir. Amma nanəli
siqaretin zərəri adi siqaretdən daha çoxdur. Çünki sərinləşdirici
təsirə malik olduğu üçün adamlar mentolu ağızlarında və ağ
ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən daha
təhlükəlidir. Ekspertlərin ümumi fikrinə görə siz siqareti tam
atmaqla ömrünüzü uzada bilərsiniz. Bu zaman özünüzü daha yaxşı hiss
edəcək, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng
xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu
siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə
çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən
sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən
adamla müqayisədə yarıya enir.
Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir.
Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik ampulanı
dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan
maddələri çeynəyə də bilərlər. Ekspertlər adamların siqareti
atdıqda özlərini narahat hiss etdiklərini, bəzən stres
keçridiklərini deyir. Bəzi adamlarda bu, baş və mədə ağrıları ilə
müşayət olunur. Amma hər şey sizin psixoloji hazırlığıdan asılıdır.
Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, cəsarətli olun və
bu gün siqaret atın, sabaha qoymayın. Nikotinin bir daha həyatınıza
hakim olmayacağınıza özünüzü inandırın. Sağlam həyat keçirməyə
çalışın. Həftədə heç olmasa, iki-üç dəfə qaçmağa, təmiz havada
gəzməyə çalışın. Doğrudur, bir-iki həftə çətin olacaq, amma bir
aydan sonra asanlaşacaq və siz siqareti tamamilə atmış
olacaqsınız.
Sair ziyanlı vərdişlər
Təəssüf ki, ziyanlı vərdişlər yuxarıda sadalanlarla qurtarmır.
İnsanda asılılıq yaradan ziyanlı vərdişlərin sırasına seksual
asılılıq, internet asılılığı, bazarlıq asılılığı, adrinalin
asılılığı və s. daxildir. Növbəti qeydlərimizdə ziyanlı vərdişlərin
bu növlərindən danışmağa və onlardan can qurtarmağın yollarını
araşdırmağa çalışacağıq.