ABŞ - Rusiya münaqişəsi səngimək bilmir. Hətta yeni ildə
yeni qarşıdurmaların və yeni sanksiyaların olacağı da istisna
edilmir. Nəhənglərin toqquşması isə dünya düzəninə yaxşı heç nə vəd
etmir. Bu, Yer qabığında iki nəhəng plitənin toqquşmasına bənzəyir
- ən azı, zəlzələlər olacaq, sunami yaradacaq, hər yerə yayılacaq.
Böyüklər silkələnsə də, yerində qalacaq, zəiflər və kiçiklər isə
ayaq altında qalıb məhv olacaq.
Səbəblər düşünürəm ki, hamıya aydındır. Yeni əsrdə güclənməkdə
olan Rusiya SSRİ-nin varisi olduğunu sübut etməyə, keçmiş SSRİ-nin
ərazilərinə və təsir dairələrinə iddia etməyə başlayır. Dünyada isə
artıq alınan alınıb, satılan satılıb, Qərb dünyanı yenidən bölüşmək
istəmir. Ən yaxşı halda Rusiyanı "Səkkizlərin", "İyirmilərin"
tədbirlərinə dəvət edirlər, səsini eşidirlər, amma istədiyini
vermirlər. Rusiya geri çəkilmir, "qaz müşaribəsi"nə start verir,
"enerji silahı"ndan məharətlə istifadə edir, bütün Avropanı qazla
şantaj edir. Yəni gah qazın qiymətini qaldırır, gah miqdarını aşağı
salır, gah da alternativ yollarını bağlayır. Qərb isə gözləyir -
Rusiya dünyanın ən böyük qaz istehsalçısı olmaqla bərabər, ən böyük
bazarlarından biridir. İkisini birdən itirmək isə Qərbə sərf etmir,
onlar tarixən yaxşı siyasətçi olmaqla bərabər, həm də yaxşı
iqtisadçıdırlar. Onlar səbrlə gözləyirlər, hətta Rusiyanın
Çeçenistanı, Gürcüstanı viran etdiyini "görmürlər".
Rusiyanın böyük dövlətçi olsa da, böyük siyasətçi olmayan lideri
isə daha da həvəslənir, Ukraynaya hücuma keçir, hətta Krımı işğal
edir. Yeri gəlmişkən, Krım haqqında söhbətlər 10 ildir ki, gedir,
Putin on ildir ki, qədim rus şəhəri (bu, həqiqətən belədir!)
Simferopola iddialarını gizlətmir. Krım isə Gürcüstan deyil, artıq
Avropadır, Avropanın maraq dairəsindədir. ABŞ başda olmaqla, bütün
Qərb dünyası hərəkətə gəlir və Rusiyaya qarşı "iqtisadi
sanksiyalar" adı altında maliyyə müharibəsi elan edilir. Əgər bir
az cəsarətli olsaq və hər şeyi öz adı ilə çağırsaq, əslində bu, III
Dünya müharibəsidir, sadəcə olaraq, hələlik silahsız və qansız,
məxməri şəkildə gedir. Silahlı və qanlı III Dünya müharibəsi isə,
çox güman ki, olmayacaq, çünki içi ABŞ, Avropa, Rusiya qarışıq,
bütün dünya bundan - özü yaratdığı silahlardan qorxur.
2008-ci ildə Rusiyanın Gürgüstana təcavüz etməsi ilə nəzəri,
2013-cü ildə Krımı işğal etməsi ilə praktiki olaraq başlayan ABŞ -
Rusiya qarşıdurması artıq pik nöqtəsindədir, bütün körpülər
yandırılıb, geriyə yol yoxdur. Putin Krımın məxməri işğalından
sonra yarımada ilə Ukrayna arasında bufer zonasının da yaradılması
qayğısına qalıb. Ortada Dağlıq Qarabağ təcrübəsi var, əvvəl obyekt
işğal edilir, sonra ətrafında 5-6 rayondan ibarət bufer zonası
yaradılır. Ukrayna indi bufer zonasının azad olunması uğrunda
müharibə aparır və bu müharibə illər, on illər çəkə bilər. Bu
müddətdə Krım yaddan çıxır, Ukraynaın isə iqtisadiyyatı dağılır,
faktiki olaraq, məhv olur. Sonda Ukrayna Krımın itirilməsi ilə
kifayətlənməli, bufer zonasını hədiyyə kimi qəbul etməlidir. Hər
halda, strateji məqsəd belədir, Dağlıq Qarabağda da belə idi,
müharibə yalnız vasitədir. Əslində bu, bir tələdir, Rusiyanın
strateji məqsədinə çatmaq üçün yaratdığı və ortaya atdığı tələ.
Yeri gələndə, müharibə istədiyi kimi getməyəndə, dərhal müdaxilə
edir, vəziyyəti öz xeyrinə dəyişir. Yaxşı ki, Qarabağ hadisələri
dövründə Azərbaycanın Heydər Əliyev kimi müdrik lideri vardı,
Azərbaycana qandan və ziyandan başqa heç nə gətirməyən müharibənin
əsil mahiyyətini gördü və onun aradan qaldırılması, dayandırılması
üçün bütün tədbirləri gördü.
Ukraynanın isə, məlum olduğu kimi, Heydər Əliyevi yoxdur və hər
şey Rusiyanın senarisi üzrə gedir. Şokoladçı və idmançı
siyasətçilərin əlində qalan Ukrayna sülhə yox, müharibəyə daha çox
meyl edir. Bu isə çox təhlükəlidir, əvvəla müharibənin dirijor
çubuğu Rusiyanın əlindədir, sonra, iqtisadiyyatı dağıtmaq üçün
müharibə ən yaxşı vasitədir. İqtisadiyyat dağıldıqca Ukraynada
kasıbların, həm də narazıların sayı artır, deməli həm də yeni
"Maydan" təhlükəsi yaranır. Bunu Ukraynada görməsələr də, Qərbdə
görürlər, odur ki, Rusiyanı əzmək, Ukraynaya isə dəstək vemək
siyasəti yeridirlər. Amma alınacaqmı, Qərb axıra kimi Ukraynanın
dalında duracaqmı, siyasətdən iqtisadi dəstəyə keçəcəkmi? Ukrayna
axıra kimi davam gətirəcəkmi? Bəlkə bu da bir tələdir, Qərb
Rusiyanı əzmək üçün Ukraynanı qurban verir?! Axı, Ukrayna müharibə
getdikcə, yalnız iqtisadiyyatını itirməyəcək, hakimiyyət getdikcə
zəifləyəcək. Müharibənin öz qanunları və öz qəhrəmanları var və
onlar öz qanunlarını tətbiq edəcəklər, nəyin bahasına olursa olsun,
həyata keçirəcəklər. Bəlkə dövlət çevrilişi yolu seçəcəklər,
hakimiyyətə gəlmək istəyəcəklər? Bu hallarda Ukraynada Azərbaycan
yox, Gürcüstan variantı reallaşacaq və ölkə faktiki olaraq,
federallaşacaq. Ölkədə mərkəzi hakimiyyətin təsir dairəsi get-gedə
daralacaq və Şevarnadze Gürcüstanında olduğu kimi, ancaq paytaxtla
məhdudlanacaq. Sonra Ukraynada yeni Saakaşvili peyda olacaq, yeni
Qızılgül inqilabı başlayacaq, ölkə yavaş-yavaş dağılacaq…
Hələlik isə Qərb Ukraynaya real dəstək yox, yalnız söz verir,
Rusiyaya qarşı isə real sanksiyalar tətbiq edir. Nəticədə, Rusiya
iqtisadiyyatı Ukraynadan güclü olsa da (ən azı, neft iynəsinə
oturub, narıncı inqilablar görməyib), Urayna ilə paralel çökür.
Qərb bu məsələdə əməlli-başlı tər tökür, taktiki ziyanlarını
strateji xeyrinə qurban verir.
Planetar miqyasda tragikomik bir vəziyyət yaranıb, neftin
birrelinin bir dollar ucuzlaşmasından təşvişə düşüb hasilatı
azaldan OPEK bu gün qiymətlərin 50 faiz azalmasından narahatlıq
"keçirmir". OPEK-in arxasından Sem dayının bığsız saqqallı xoruzun
quyruğu kimi aydın görünür. Neftin barreli artıq Rusiya üçün 60
dollarlıq kritik həddə, Sem dayı isə stateji məqsədlərinə dirənib,
heç biri geri çəkiləmək niyyətində deyil. ABŞ Prezidenti artıq
Rusiyaya qarşı yeni, daha ağır sanksiyaların tətbiqinə qərar verib.
Rusiyanın baş naziri isə ölkə iqtisadiyyatını daha ağır tənəzzül
qarşısında olduğunu etiraf edib. Proqnozlar daha bədbindir, neftin
qiymətləri dünya iqtisadiyyatı üçün kritik həddə - 20 dollara düşə
bilər.
Amma bütün dəyənəklərin, məlum olduğu kimi, iki başı olur. Axı,
Rusya Ukraynadan fərqli olaraq, beynəlxalq oyunçudur. Yuxarıda
deyildiyi kimi, Rusiyanın nəhəng, dünya əhəmiyyətli enerji
ehtiyatları var, nəhəng, dünya əhəmiyyətli bazardır. Deməli, Rusiya
iqtisadiyyatının çökməsi dünya iqtisadiyyatına da təsirsiz
ötüşməyəcək. Bu yaxınlarda baş verən, "avtoşoklar"ı hələ davam edən
ümumdünya maliyyə böhranından sarsılan, hələ ayağa durmağa macal
tapmayan dünya iqtisadiyyatı bu zərbəyə davam gətirəcəkmi?! Axı,
Şimal dənizinin, Norveçin enerji resursları Avropanın həndəsi
silsilə ilə artan iqtisadiyyatını, sosial sferasını təmin etmək
iqtidarında deyil. ABŞ-ın Avropaya aid məlum enerji planları
(Amerika qazının sıxılmış şəkildə gəmilərlə Avropaya çatdırılması)
isə ən yaxşı halda 5-10 ilə həyata keçirilə bilər. Deməli, ümid
yenə nəhəng enerji resursları olan Rusiya və İrana qalır, bunların
da hər ikisinə sanksiyalar tətbiq edilir. Hələ üstəlik, ikincinin
nəql kəmərləri yetərincə deyil, imkanları müasir tələblərə cavab
vermir. Deməli, Qərbin ipi nə qədər uzun olsa da, yenə Rusiyadan
keçməlidir. Prezident Putin də bunu bilir və səbrlə gözləyir. Amma
xalq gözləyə biləcəkmi, gözləmək istəyəcəkmi?! Axı, neftin iki dəfə
ucuzlaşması ilə rus rublu da iki dəfə ucuzlaşıb, deməli, xalq da
iki dəfə kasıblaşıb. Axı, neftdən və prezidentdən fərqli olaraq,
xalq yeməli, içməli və mənzil şəraitinə malik olmalıdır.
Xalqdan söz düşmüşkən, bu məsələdə yenə də Qərbin sərt, hətta
boz üzü görünür. Məlum olduğu kimi, Qərb həmişə insan haqlarından
danışır. Hər addımda insan haqlarının "Bibliya"dan müqəddəs
olduğunu vurğulayır. Amma söhbət öz maraqlarından düşəndə, öz
məqsədlərinə çatmaq üçün nəinki insan haqlarını, hətta insan
həyatını qurban verir. Axı, Rusiya yalnız Prezident Putindən ibarət
deyil, yüz millətdən ibarən yüz əlli milyonluq xalqdır. Qərbin,
onun arxasında duran ABŞ-ın sanksiyaları da Rusiya dövlətinə,
prezidentinə yox, birbaşa Rusiya xalqına yönəlib. İqtisadi
sanksiyaların tətbiq olunması, neftin iki dəfə ucuzlaşması
nəticəsində xalq iki dəfə kasıblaşıb, varından-yoxundan çıxıb.
2001-ci ilin sentyabrında Nyu Yorkda Əl Qaidə adlı mifik terror
təşkilatının mifik başçısı Üsamə bin Ladenin rəhbərliyi ilə həyata
keçirildiyi iddia olunan (artıq sübut olunub ki, bu hadisəni
təşkilat səviyyəsində törətmək mümkün deyildi) məşhur terror
hadisəsində bir neçə min amerikalı həlak olmuşdu. ABŞ hökuməti,
faktiki olaraq, dünyanın yarısına müharibə elan etdi, o biri
yarsını bu müharibəyə cəlb etdi. İraq, Əfqanıstan kimi müsəlman
dövlətləri, faktiki olaraq, dağıldı, yerində orta əsr xarabalıqları
qaldı, bu ocaq indi də tüstülənməkdədir. Yüz minlərlə insan həlak
oldu, didərgin düşdü, şikəst oldu, bu qətliam indi də müsəlman
ölkələrində Ərəb baharı şərti adı altında davam etməkdədir.
Rusiyada isə hazırda yüz əlli milyon insan maliyyə terroru ilə
üz-üzədir, bəs bunun cavabını kim verəcək, onların hüquqlarını kim
müdafiə edəcək? Məşhur misalda olduğu kimi, suda batanların xilas
olunması ancaq onların problemidir?! Artıq maliyyə böhranı nəhəng,
varlı ölkəni silkələyir, müxtəlif obyektiv və subyektiv səbəblərdən
(bu, ayrı bir yazının mövzusudur) neft iynəsinə oturmuş
iqtisadiyyat neçə yerdən çat verir. Artıq Rusiya xaricə taxıl
istehsalını dayandırmaq məcburiyyətindədir. Deməli, məşhur rus
ayısını ac qoymaq istəyirlər - neftini alan yoxdur, taxılını isə
özü sata bilmir. Çin, Hindistan, Yaponiya bazarları isə gələcəyin
işidir, yeni neft infrastrukturu yaradılmalı, yeni neft kəmərləri
çəkilməlidir. Buna isə Rusiyanın vaxtı və imkanı çatmır, ölkə böyük
iqtisadi böhranla üz-üzədir. Zəif iqtisadyyatın isə təbii ki, güclü
pulu ola bilməz və rubl sürətlə ucuzlaşır. Artıq məşhur avtomobil
şirkətləri Rusiyaya maşın ixrac etmirlər və burdakı istehsallarına
müvəqqəti xitam verirlər. Rusiyada sürətlə ucuzlaşan mallar sürətlə
satılır, vitrinlər boşalır, ərzaq malları sürətlə bahalaşır. Qərbin
isə pulu çox, imkanları genişdir, səbrlə gözləyir. Amma yuxarıda
deyildiyi kimi, hər dəyənəyin iki başı var. Hətta dovşanı divara
dirəyəndə cırmaqlayır, dişləyir. Qərb isə Prezident Putinin mətbuat
konfransında qeyd etdiyi kimi, ayının diri-diri dərisini soymaq
istəyir. Bəs ayı neyləməlidirr, təbii ki, qarşısına çıxanı
dişləməli, didməlidir. Təhlükəni hiss edirsinizmi?! Bəli, dünyadan
barıt iyi gəlir…
Obrazdı desək, hazırda beynəlxalq maliyyə böhranlarının
silkələdiyi, planetar miqyaslı qarşıdurmaların titrədiyi dünya
fırtınalı bir dənizə bənzəyir. Azərbaycan da bu fırtınalı dənizdə
sualtı qayaların arası ilə üzən kiçik yelkənli gəmi mislindədir.
Doğrudur, İlham Əliyev kimi təcrübəli kapitanımız, dünya səviyyəli
mahir diplomatımız var. Rusiya, İranla strateji əməkdaşlıq, Türkiyə
ilə qardaşlıq münasibətləri qurur, Dağlıq Qarabağ məsələsində,
bütün təhdidlərə baxmayaraq, bir addım da geri çəkilmir.
Respublikamızda ictimai-siyasi sabitlik, iqtisadiyyatımızda mili
valyuta möhkəmlənir. Amma planetar miqyaslı fırtınalar coşduqca,
Rusiya divara sıxıldıqca, regionda, Avropada, hətta bütün dünyada
vəziyyət gərginləşir. Məşhur atalar misalında olduğu kimi, qonşuda
bişər, bizə də bir pay düşər. Bəli, bu paydan hamıya düşəcək, hətta
onu bişirən Qərbin özünə də. Olsun ki, Qərbi saxlayan da budur, bu
paydan onun özünə, əhalisinə düşmək qorxusudur?!