Keçən yazımızda fizioloji yolla, yəni bilavasitə
orqanizmə daxil olmaqla insanda asılılıq yaradan ziyanlı
vərdişlərdən - narkotikdən, nikotindən və alkoqoldan danışmışdıq.
Bunlar mütəmadi olaraq qabardılan, mətbuata çıxarılan problemlərdir
və onların mahiyyəti, əlamətləri və müalicə vasitələri hamımıza
məlumdur. Amma ziyanlı vərdişlərin elə formaları var ki (məsələn,
seksual asılıq, bazarlıq, adrenalin asılılığı və s.), onların
nəinki mahiyyəti, hətta mövcudiyyəti barədə məlumatlar yox
dərəcəsindədir.
Sadəcə olaraq, asılılığın bu formaları sırf psixoloji amillərlə
əlaqədar olduğundan, öyrənilməsi çətindir və zaman tələb edir.
Hazırkı qeydlərin də məqsədi bu ziyanlı vərdişlərin məlum
əlamətlərindən söz açmaq (mahiyyətinə varmaqla), onların insan
həyatı üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırmaq və
qurtuluş yollarını araşdırmaqdır.
Seksual asılılıq
Bəli, faktiki olaraq, bütün canlılar seksual istifadəçilərdir.
Təbii ki, seksual aludəçilər də var və bu, hər iki cinsə xas olan
mürəkkəb psixoloji-fizioloji xəstəlikdir. Belə xəstələr arasında
məşhurlar, hətta dahilər də olur. Məsələn, dahilərdən Viktor Hüqo,
Karl Marks, Çarli Çaplin, məhşur qadınlardan Kleopatra, Yekaterina
və s. Şübhəsiz ki, belələri bizim dövrümüzdə, bizim şəhərimizdə,
hətta tanıdığıiız adamların içində də var. Amma bu barədə geniş
danışmaq niyyətində deyilik, çünki istər-istəməz, mövcud etik
normalardan kənara çıxmalıyıq və bunu mümkün hesab etmirik.
Adrenalin asılılığı
Bu, mahiyyətcə ekstremizmin bir növüdür, amma burda ekstremistin
fəaliyyəti cəmiyyətə yox, onun özünə ünvanlanıb. Odur ki, onlara
ekstremist yox, ekstremal demək daha düzgün hesab edilir. Hələ yüz
min illər bundan əvvəl, insanların mağaralarda yaşadığı, daşla,
dəyənəklə silahlandığı daş dövründə məlum idi ki, bəzi insanlarda
yalın əllə yırtıcı heyvanların üstünə getmək, ekstremal
vəziyyətlərə düşmək, risk etmək, bir sözlə, ölümlə çiling-ağac
oynamaq həyati bir tələbata çevrilir. Bu insanları ovlanmış
heyvanın əti, ya dərisi maraqlandırmırdı, maraqlı olan ovun özü,
prosesin gedişi idi, sona çatanda maraq itirdi.
Sonralar tunc dövründə qladiatoru döyüşə aparan da bu hiss, bu
vərdiş idi, o, qalib olmaq, heç sağ qalmaq üçün də vuruşmurdu,
çünki yaxşı bilirdi ki, bu döyüşdə sağ qalsa da, gələn döyüşdə
mütləq öləcək. Qladiatoru döyüşə səsləyən şeypurların səsi, poladın
cingiltisi, dəhşətə gələn kütlənin nəriltisi idi, o, faktiki
olaraq, bunlarsız yaşaya bilmirdi. Bu insanlarda dəhşətli bir
asılılıq yaranır, onlar ekstrim olmayanda darıxır, özlərinə yer
tapmırlar; qartalın qanad saldığı hündür zirvəyə dırmaşır, ya da
sıldırım qayadan coşqun sellərə tullanırlar. Yox, bunlar qəhrəman
deyillər, doğrudur, qəhrəmanlıq da ölüm qorxusuna qalib gəlməkdir,
amma adrenalin çıxarmaq, ekstrim yaşamaq üçün deyil, umumi marağın,
ideyanın naminə həyatla risk etmək, lazım gəlsə, ölümə getməkdir.
Spartak da qladiator olanda qəhrəman deyildi, baxmayaraq ki, cəsur
döyüşçü idi, ölümün gözünə dik baxırdı və hər döyüşdən qalib
çıxırdı. O, yalnız qulların azadlıq uğrunda mübarizəsinə
qoşulduqdan və onun başında durduqdan sonra qəhrəmana çevrildi.
Vladimir Vısotskinin gözəl bir mahnısı var: dağlar, alpinistlər
haqqındadır. Mahnıda deyilir ki, dağlara dırmaşmaq, əlçatmaz,
ünyetməz sıldırım qayalara qalxmaq insanda qəribə bir asılılıq
yaradır, sən zirvəyə, daim zirvəyə can atırsan, hətta qəlbin səni
qabaqlamaq, köksündən çıxmaq, səndən qabaq zirvəyə qalxmaq istəyir.
Budur, sən artıq zirvədəsən və bütün dünya sənin ayaqların
altındadır. Hətta qartal, məğrur dağ qartalı səndən aşağıda uçur.
Amma sən şad deyilsən, bayaqkı həyəcandan da əsər-əlamət yoxdur,
əksinə qəm-kədər içindəsən. Sən zirvə qarşısında olanlara, yüz
əziyyətə qatlaşıb, ölümə meydan oxuyub dağlara qalxanlara qibtə
edirsən. Bəli, böyük şair psixoloji məqamı çox gözəl tutub, zirvə
alpinistin məqsədi deyil, çünki onu dağlara çıxaran məqsəd yox,
asılılıqdır, dağlardan asılılıqdır, ekstrim, adrenalin
asılılığıdır.
Təbii ki, adrenalin asılılığı qədim dünyada qalmayıb, insanlarla
bir yerdə daş dövründən internet dövrünə qədər gəlib, inkişaf edib.
Biz indi TV kanallarında yüzlərlə insanın təyyarədən tullandığını,
əngin səmalarda əl-ələ verib, müxtəlif fiqurlar yaratdığını
müşahidə edirik. Bir başqaları isə hündür körpülərdən, uca
göydələnlərdən aşağı tullanmağı sevirlər. Amma biz bilməliyik ki,
bu insanlar göylərdə uçmurlar, saniyədə 9,8 metr artan təcillə
göydən yerə düşürlər. Onların 15-20 metr gecikməyi, paraşütün ipini
bir-iki dəqiqə gec çəkməyi 5-6 yüz metr məsafədən yerə düşməyə -
ölümə bərabərdir.
Məlum olduğu kimi, İsveçrə və İtaliya yalnız səfalı kurortları
və gözəl şəhərləri ilə deyil, həm də sıldırım dağları, qranit və
qabbro tərkibli (xalq arasında boz və qara mərmər deyilir) sərt
qayaları ilə məşhurdur. Hər il dünyanın hər yerindən minlərlə insan
bu ölkələrə gəlir ki, qışda dik yamaclardan dərin dərələrə
sürüşsünlər, yayda yüzlərlə metr ucalan sıldırım qayalara
dırmaşsınlar. Elə insanlar da var ki, onlar dik qayalardan aşağı
tullanır, yerə bir neçə yüz metr qalmışa kimi göylərdə uçur, qəsdən
paraşütü açmırlar. Bu insanlar əsil ekstremallar, daha dəqiq desək,
adrenalin asılılığının qurbanlarıdır.
Uzağa niyə gedək, bu gün Bakıda yolumuza və yuxumuza haram qatan
avtoşlar kiçik miqyaslı olsalar da, bu tip insanlardır. Onlar da
bir növ xəstədir, ölümlə həyatın sərhədində xuliqanlıq edir,
ekstrimsiz yaşaya bilmirlər. Amma başqalarını, ekstremizmdən
tamamilə uzaq, günahsız insanları bu təhlükəli oyuna qatdıqlarının
fərqində də deyillər...
Bazarlıq asılılığı
Qeyd etmək lazımdır ki, asılılığın bu forması Azərbaycanda
ümumiyyətlə öyrənilməyib, odur ki, dilimizdə adı da yoxdur. Rusca
buna "veşevaya zavisimost", türkcə "pazarlıq asılılığı" deyirlər.
Türk variantı dilimizə daha yaxın olduğundan, onun üzərində
dayanmağı məqbul hesab edirik.
Boş vaxtınızda dostlarınızla birlikdə olmaq, təbiətin seyrinə
dalmaq, yaxud da maraqlı bir şey oxumaq (zövqünüzdən asılı olaraq)
əvəzinə mağazaları gəzirsinizsə, sizə lazım olmayan malları
alırsınızsa və dayana bilmirsinizsə, deməli, sizdə bazarlıq
asılılığının ilkin əlamətləri müşahidə olunur. Yemək, geyinmək,
istifadə etmək kimi ehtiyaclarınızı ödəməyə xidmət etməli olan
bazarlıq qəm-qüssə, ruhdan düşmə kimi duyğuların aradan
qaldırılmasına yönəlirsə, hətta onlardan qurtarmaq üçün yeganə bir
vasitəyə çevrilirsə, deməli, siz əməlli-başlı xəstəsiniz, həyəcan
təbili döyməyin əsil vaxtıdır. Asılılığın əsas göstəricisi adamın
ehtiyacı olmadığı və aldığı məhsulları istifadə etmədiyi halda,
ləzzət almaq xətrinə alverə davam etməsidir. Mütəxəssislər bazarlıq
asılılığının ciddi problemlər yaradan və yalnız ilkin mərhələdə
müalicə olunan bir prixoloji pozğunluq olduğunu deyirlər: "Bazarlıq
asılılığı insana iqtisadi və psixoloji baxımdan çox çətin sınaqlar
yaşada biləcək ciddi bir problemdir. Əsil çətinliklər bu pis
vərdişin nəticəsində xərcləriniz və qazancınız arasındakı
tarazlığın pozulduğu zaman meydana çıxır. Xərcləriniz nəzarətdən
çıxıb idarə olunmayanda, borclarınız qazancınızı üstələməyə
başlayanda və ödənə bilməyəcək səviyyəyə çatanda SOS siqnalları
çalınır..."
Doğrudur, insan alver əsnasında özünü xoşbəxt və rahat hiss
edir, amma sonra peşman olur və əsəbiləşir. Bir də bazarlıq
etməyəcəyinə söz verir, amma özünə verilən sözlər qısa müddətdə
yaddan çıxır. Hər gün lazımsız şeyləri almaqda və borclarını
artırmaqda davam edir. BBS-nin məlumatına görə, Avstraliyada
yaşayan Henri Bellokun bu problemə görə ailəsi dağılıb. Henrinin 36
yaşı vardı, Sidneydə yaşayır, sağlam həyat tərzi keçirirdi. Yaxşı
maaşlı işi, xoşbəxt ailəsi vardı. Amma bazarlıq asılılığının
güclənməsi ilə hər şey qurtardı. Lazımsız malları alıb evi
doldurduğuna və ailəsinə baxmadığına görə arvadı günlərin bir günü
5 yaşlı qızlarını da götürüb evdən birdəfəlik getdi. Təbii ki,
Henri peşman oldu, özünü danladı və bir də lazımsız mallar
almayacağına söz verdi. Amma axırı nə oldu? Henrinin artıq 40 yaşı
var, mənzili tamamilə lazımsız mallarla dolu olduğundan kirayədə
yaşayır. Borcları artır, hazırda 50 min dollar civarındadır. O,
nəinki lazımsız malları atmaq, ya satmaq istəmir, əksinə, köhnə
maşın sürür və yeni mallar almaqda davam edir. Henri 2011-ci ildən
bazarlığın yeni mərhələsinə keçib, ayda bir dəfə 16 min kilometr
məsafə qət edir, təyyarə ilə Sidneydən Londona gəlir və keyfiyyətli
alver edir. Hər səfər ona 5-6 min dollara başa gəlir, borclar və
lazımsız mallar isə artmaqda davam edir.
Təcrübə göstərir ki, bazarlıq asılılığı, bir qayda olaraq,
qadınların xəstəliyidir, yəni Henri Bellok kimi "xoşbəxtlər"
tək-tükdür. Aydındır, qadınlar daha çox pal-paltar, qızıl-zinyət
əşyaları, mənzil avadanlığı almağa meyillidir. Böyük Britaniyanın
paytaxtında yaşayan Sidni Rouzun artıq 70 yaşı var. O,
əsil-nəcabətli qadındır, atasından ona böyük adla bərabər, böyük
miras da qalıb. Londonda Sidni xanımın 4 böyük evi var, amma özü
kirayə mənzildə yaşayır. Çünki evlərinin hamısı ağzına kimi
lazımsız mallarla doludur. O isə bu mallardan xilas olmaq fikrində
deyil, onları həyatının mənası hesab edir. Sidni 50 ildir ki,
bazarlıq asılılığından əziyyət çəkir. Artıq borcların içində
itib-batır, kredit borcları 100 min funtu (150 min dollar)
üstələyir. Doğrudur, Sidni Rouz BBS kanalına verdiyi müsahibədə
psixi pozğunluqdan əziyyət çəkdiyini, bazarlıq asılılığının
həyatına hakim kəsildiyini təsdiq edir, amma heç cür bu asılılıqdan
yaxa qurtara bilmir. Ona hətta övladları da kömək edə bilmir.
Yuxarıda deyildiyi kimi, bazarlıq asılılığından ilkin dövrdə
yaxa qurtarmaq mümkündür və lazımdır. Mütəxəssislər bunun üçün
aşağıdakıları etməyi məsləhət görürlər:
- Sizə konkret bir şey lazım deyilsə, mağazalara getməyin, imkan
dərəcəsində mağaza və bazarlardan uzaq gəzin.
- Bir siyahı yazın və o siyahıdakılardan başqa heç nə
almayın.
- Alverə tək çıxmamağa çalışın. Yanınızda sizi dayandıracaq
insanların olması olduqca əhəmiyyətlidir.
- Özünüzü pis hiss etdiyiniz anlarda rahat olmaq üçün
dostlarınızla gəzməyə çıxın və ya idmanla məşğul olun.
- Asılılıqdan qurtarmaq üçün evdəki bütün lazımsız malları
satın, ya da atın.
Yox, əgər siz artıq asılılığın yetkin mərhələsindəsinizsə, yəni
ondan müstəqil can qurtara bilmirsinizsə, vaxt itirməyin, təcili
psixoloqa müraciət edin.