Xronologiya həvəskarı
deyiləm. Amma bəzən elə olur ki, adi bir xronologiya adamı hansısa
fikrə yönəldir. Bu baxımdan bu həftə birinci Pyotrun ölümündən 290
il keçməsi haqda xəbər mənə maraqlı göründü.
Bəli, mən başa düşürəm, Pyotru da yaxşı bilirəm, hansı yuvanın
quşu olmasından da xəbərim var, ona qarşı olan münasibəti, onun
türklərə və Türkiyəyə münasibətini də gözəl dərk edirəm...
Amma hər dəfə V.Putindən, bu adamın siyasətindən söhbət düşəndə
yadıma ilk növbədə birinci Pyotr düşür. Putinin siyasəti isə göz
önündədir - Rusiyadakı proseslər, hətta bu ölkədən geri dönən
minlərlə azərbaycanlı bir tərəfə, Azərbaycanın özündə belə böyük
layihələr təxirə salınır, büdcə ilə bağlı narahatlıqlar
yaşanır.
Bəs birinci Pyotrun bura nə dəxli var? A.Puşkin deyirdi ki,
Pyotr Avropaya pəncərə açdı, Avropanı ruslar üçün kəşf etdi...
Mən də soruşuram ki, bəs Putin nə etdi? Bu pəncərəni örtdü,
təkcə öz ölkəsinin deyil, digər ölkərlərin də Avropaya yolunun
üstündə bir sipər oldu...
Artıq biz uşaq deyilik. Bu sətirlərin müəllifinin yaşı əllini
keçib. Bu illər ərzində nə etdiyimi soruşsanız, qısaca cavab
verərdim: demokratiyanı, Qərb dəyərlərini təbliğ etmişəm. Ona görə
də Avropa dəyərlərinə, həyat tərzinə önəm verən istənilən tarixi
şəxsiyyətə simpatiyam var. Onların içində adi siyasi xadimlər də
olub, böyük dövlət başçıları, hətta hökmdarlar da...
"Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil" deyən
rus şairindən fərqli olaraq hökmdar Pyotr Rusiyanı dərk etməyə
çalışdı, hətta o qədər çalışdı ki, əlinə qayçı götürüb rus
boyarlarının saqqalını kəsdi...
Sonradan onu çox qınayacaqdılar. Çox deyəcəkdilər ki, bu adam
Rusiyanı öz kökündən ayırdı. Amma mən təsəvvür belə etmirəm ki,
Pyotrsız Rusiya necə ola bilərdi?
İndi Putin bunu bizə əyani şəkildə göstərmək istəyir. Amma nə
alınır? Rusların öz dililə desək, Rusiya Şimali Koreya kimi bir
dövlətə çevrilir. Bunu da sakit qəbul etmək olardı, əgər Rusiya
digər ölkələrin qarşısnda maneə olmasaydı...
A.Blokun bir şeri var. Şair guya üzünü Avropaya tutaraq deyir
ki, yüz illər ərzində biz sizin üçün sipər olmuşuq, sizi Asiyanın
həmlələrindən, hücumlarından qorumuşuq...
Mən indi böyük rus şairi ilə polemikaya girmək niyyətində
deyiləm. Əvvəllər bu mövzuda – Rusiyada "slavyanofillər"lə
"qərbçi"lərin üç əsrlik mücadiləsindən çox yazmışam. İndi bunu
təkrar etməyə elə bir ehtiyac yox. Bəs onda bunları niyə deyirəm?
Mən Putini başa düşmək istəyirəm, onun hansı ictimai-siyasi
cərəyana yaxın olmasını aydınlaşdırmağa çalışıram... Gəl, bir
nəticə hasil edə bilmirəm...
Birinci Pyotr çar idi. Elə Putin də çardır. Boş söhbətdir,
Rusiyada heç vaxt prezident olmayıb. Hətta belə bir fakt da adamı
çaşdıra bilməz ki, son illərdə bu ölkəni nominal olaraq prezident
adlanan çarlar idarə edib...
Pyotr Avropanın önəmini başa düşdü. O anladı ki, Avropa
dəyərlərinə, Avropa elminə yiyələnməsə, onun patriarxal provaslav
ölkəsi həmişə yerində sayacaq.
V.Putini hərəkətə gətirən psixoloji motivləri isə dərk etmək
iqtidarında deyiləm. Bircə ağlıma gələn odur ki, hələ Z.Freyd
deyirdi ki, insanın davranışı uşaqlıqdakı təcrübəsindən asılıdır.
Bu mənada bəlkə də Putin öz uşaqlıq təəssüratının - SSRİ-də keçən
uşaqlıq təəssüratının təsirindən ayrıla bilmir...
Səmimi şəkildə deyəcəm, bu adamın, bəli, bu siyasətçinin
sosial-psixoloji portreti məni çox maraqlandırır, hətta çalışıram
ki, "Edip kompleksi" baxımından bunu dərk edim. Amma elmi
psixologiyadan uzaq bir adam kimi bu mənim üçün elə də asan iş
deyil, bunu proffesional psixoloqlar edə bilər, mən bunu etməkdə
acizəm.
Amma bir müşahidəmi sizinlə bölüşmək istərdim. Z.Freyd yox,
E.Fromm fərdin və cəmiyyətin daim ana bətninə (cəmiyyət üçün ana
rolunu təbiət oynayır) can atmasından, daim öz uşaqlığına qayıtmaq
istəməsindən yazır... Bu aspektdən yanaşanda V.Putin də öz uşaqlıq
dövrünə - SSRİ-yə can atır.
Ola bilsin ki, o quruluş onun uşaqlıq dövründə digərləri ilə
müqayisədə daha çox rol oynayıb, ola bilsin ki, sovet quruluşunun
təsiri onda güclü uşaqlıq təəssüratı yaradıb...
Əgər bir ehtimal - bu adamın uşaq evində böyüməsi haqda
deyilənlər doğru olsa, bunu başa düşmək müəyyən qədər, qismən
asanlaşar - ola bilsin ki, SSRİ onun həyatında sözün əsl mənasında
"ana" rolunu oynayıb...
Amma biz bilmirik bu ehtimal nə qədər doğrudur... Ona görə də
bizə sadəcə, suala sualla cavab vermək qalır: "Sən bizi hara
sürükləmək istəyirsən, Putin?.."