Bu məsələyə bəlkə
toxunmazdıq, əgər o, bir çox telekanllardakı sosial proqramların
daimi mövzusu olmasaydı. Az qala hər gün bundan danışırlar və sualı
da çox eybəcər şəkildə qoyurlar: qadınları kötəkləmək
olarmı?
Sualın qoyuluşu adamı diksindirir. Axı nə qədər olmasa da, bu
ölkə Avropa ilə birgə hallanır, üstəlik, biz 10-cü əsrdə deyil,
21-ci əsrdə yaşayırıq...
Cavablar da adamı qane etmir. Hətta elə olur ki, qadınların
özləri belə "yüngül kötəkləmə"ni məqbul hesab edirlər...
Adam çaşıb qalır: qadın kimdir? Məgər o kiçik uşaqdırmı ki,
yüngül qulaqburması verəsən?.. Dünyada hətta uşaqların kötəklənməsi
belə yasaq olduğu bir halda, belə danışmaq, belə şərh vermək ən azı
gülüş, özü də çox acı gülüş doğurur...
Nə demək olar bu haqda? Bəlkə də əvvəlki filosoflar, etika üzrə
mütəxəssislər də bunu ediblər, amma "əxlaq imperativi"nin müəllifi
kimi biz İmmanuil Kantı tanıyırıq. Nə deyirdi Kant bu haqda? O
yazırdı ki, sən elə hərəkət et ki, hərəkətin ümumi əxlaq qanunu
kimi qəbul edilə bilsin...
Bunu bəzən başqa, bir qədər fərqli modifikasiyalarda da
deyirlər. Bəzən deyirlər ki, özünə qarşı necə rəftar edilməsini
istəyirsənsə, başqaları ilə də elə rəftar et və yaxud da ki, ən
qısası: özünə rəva bilmədiyini başqalarına da rəva görmə...
Elə bu səbəbdən bu cür diskussiyalarda iştirak edənlərə çox sadə
bir sual vermək istərdik. Razı olardınızmı ki, sizin qızınızı və
yaxud da bacınızı kimsə kötəkləsin? Buna razı olardınızmı?
Yoxsa siz də qızınız və yaxud bacınız gəlin köçərkən orta
əsrlərdə olduğu kimi onlara "O evdən yalnız meyitin çıxsın!" deyə
əmr edirsiniz?.. Səhv başa düşməyin, mən heç də adi bir
anlaşılmazlıq ucbatından ailələrin dağılmasının tərəfdarı
deyiləm...
Amma söhbət ailədən getməlidir... Cəmiyyətdəki hər bir özəyi
ailə adlandırmaq da olmur. Elə insanlar var ki, zahiri görkəmləri
ilə Avropaya belə meydan oxusalar da, düşüncələri orta əsr
düşüncəsidir. Halbuki orta əsrlərdə də belə deyildi; o vaxt
cəngavərlik vardı, bir xanıma, bir qadına görə kişilər hansı
məşəqqətlərə qatlaşmırdılar?
Qadını döymək və yaxud da indi deyildiyi kimi, qadını yüngülcə
kötəkləmək əgər mentalitetlə, kişiliklə, adət-ənənələrlə
bağlıdırsa, bəs niyə bizim qədim nağıllarda, böyük eposlarda belə
hallara təsadüf edilmir? Koroğlunun Nigarı döyməsini təsəvvür etmək
olarmı? Və yaxud da "Dədə Qorqud"da belə detala rast gəlinirmi?
Güman etmirik ki, kimsə buna "hə" deyə cavab versin. Əslində, bu
bir qədər geriliklə, nadanlıqla bağlı məsələdir. Bəli, savadsızlıq
bir çox bəlaların mənbəyi olduğu kimi, çox böyük ehtimalla qadına
"dərs" vermək həvəsi də elə buradan qaynaqlanır...
Bəli, Məşədi İbad deyirdi ki, arvad kişidən nə qədər qorxsa, bir
o qədər yaxşıdır. Həmin Məşədi İbad ərz edirdi ki, Gülnaz xanım
sözümə baxmasa kötəklərəm!
Amma heç təsəvvür etmək olardımı ki, Sərvər də Gülnazı
kötəkləmək fikrinə düşsün?
İndi biz bir suala cavab verməliyik. Biz özümüzü kimin
davamçısı, hətta övladı hesab edirik: Məşədi İbadın, yoxsa
Koroğlunun? Təbii ki, zamanın öz məntiqi var - Don Kixot çox gec
cəngavərlik eşqinə düşdü, ona görə də gülüş obyektinə
çevrildi...
Bəli, indi də cəngavərlər dövrü deyil. Amma kim deyir ki, dövr
Məşədi İbadın dövrüdür? Hazırda insanlarda mülkiyyət hissinin
qabardığı məqamdır. Çox adam da evlənməkdən daha çox "arvad almaq"
eşqindədir. Amma Məşədi İbad da elə bu fikirdə idi, hətta düşünürdü
ki, pulu varsa, lap cavan qız da "ala" bilər!..
Qərəz, belə verilişlər də lazımdır, çünki cəmiyyətlərdə həmişə
zorakılıq elementləri olur - insanlar heç də hamısı savadlı,
mütərəqqi olmur, cəmiyyətlər özləri də eyni olmur, insanların
içində tutaq ki, içikiyə meyillisi olur və s. və i..
Elə bu səbəbdən də qadınlara qarşı zorakılıq elementlərinə hətta
normal cəmiyətlərdə də təsadüf etmək olar...
Amma bu verilişlərdə hansı vurğu düzgün qoyulmur? Məsələ
bundadır ki, qadının döyüldüyü və yaxud da ki, həmin verilişlərdə
deyildiyi kimi, kötəklənməsi, anormal ailələr üçün xarakterik
olmalıdır...
lakin nə görürük? Anormal halları normal kimi təqdim edir və
bizdə elə təəssürat yaradırlar ki, elə normal azərbaycanlı ailələri
də belədir... Adamın bu verilişlərə qarşı antipatiyasının artması
da elə bununla bağlıdır - bu insanlar qaş düzəltmək istədikləri
yerdə vurub gözü də çıxarırlar...